Hizqiyal
5 Ey bəni-adəm, özünə bir iti qılınc götür. Ondan dəllək ülgücü kimi istifadə edəcəksən. Saçını, saqqalını qırx. Sonra isə tərəzi götür və tükləri çəkib üç hissəyə böl. 2 Mühasirə günlərinin axırında tüklərin bir hissəsini şəhərin içində yandır.+ Sonra o biri hissəni götür və şəhərin ətrafında qılıncla kəsib-doğra,+ axırıncı hissəni isə küləyə ver, Mən də qılıncımı qınından çıxarıb onların arxasınca göndərəcəyəm.+
3 Həmçinin axırıncı hissədən bir az tük götürüb paltarının ətəyinə bük. 4 Bir az da götür, oda atıb yandır. Bu odun alovu bütün İsrail evinə yayılacaq.+
5 Külli-İxtiyar Yehova belə deyir: “Bu, Yerusəlimdir. Onu xalqların arasında, ölkələrin əhatəsində yerləşdirdim. 6 O isə Mənim hökmlərimə, qanunlarıma qarşı üsyan etdi, başqa xalqlardan, çevrəsindəki ölkələrdən beşbetər hərəkət etdi.+ Onlar Mənim hökmlərimi rədd etdilər, qanunlarıma əməl etmədilər”.
7 Buna görə də Külli-İxtiyar Yehova deyir: “Sən ki bütün xalqlardan daha çox azğınlıq edib qanunlarımla getmədin, hökmlərimə əməl etmədin, əksinə, ətrafındakı xalqların hökmlərini yerinə yetirdin,+ 8 indi eşit Külli-İxtiyar Yehova nə deyir: “Budur, əlim sənə qarşı qalxıb, ey şəhər!+ Xalqların gözü qarşısında sənin əleyhinə çıxardığım hökmü icra edəcəyəm.+ 9 Bütün iyrənc əməllərinə görə səni elə günə qoyacağam ki, belə şeyi nə əvvəllər etmişəm, nə də bundan sonra edəcəyəm.+
10 Atalar oğullarını, oğullar atalarını yeyəcək.+ Sənin üzərində hökmümü icra edəcəyəm, sağ qalanlarını isə dörd bir yana səpələyəcəyəm”.+
11 “Buna görə də Külli-İxtiyar Yehova belə deyir: “İyrənc bütlərinizlə, murdar əməllərinizlə müqəddəs məkanımı ləkələdiyiniz üçün,+ and olsun varlığıma, Mən də sizi rədd edəcəyəm, sizə yazığım gəlməyəcək, rəhm etməyəcəyəm.+ 12 Bir qisminiz xəstəlikdən və aclıqdan qırılacaq. Digər qisminiz şəhərdən kənarda qılıncdan keçiriləcək.+ Yerdə qalanları isə dörd bir yana səpələyəcəyəm, qılıncımı qınından çıxarıb arxalarınca göndərəcəyəm.+ 13 Onda hirsim yatacaq, onda qəzəbim soyuyacaq, onda Mən sakitləşəcəyəm.+ Qeyzimi onların üstünə töküb qurtaranda biləcəklər ki, Mən Yehova tam sədaqət tələb edirdim.+
14 Səni xarabazara çevirəcəyəm, ətraf xalqların, ötüb keçənlərin gözündə xar edəcəyəm.+ 15 Qeyz-qəzəbimi üstünə tökəndə, sənə şiddətli cəza verib üzərində hökmümü icra edəndə ətraf xalqların içində rüsvay olub nifrət hədəfinə çevriləcəksən,+ onlar sənə baxıb dəhşətə gələcək, başına gələnlərdən ibrət dərsi götürəcək. Bunu Mən Yehova deyirəm.
16 Onların üstünə aclığın öldürücü oxlarını yağdıracağam. Yağdırdığım oxlar axırınıza çıxacaq.+ Ərzaq ehtiyatınızı məhv edib aclığı daha da şiddətləndirəcəyəm.+ 17 Aclığın dalınca vəhşi heyvanlar göndərəcəyəm,+ onlar sizi uşaqsız qoyacaqlar. Xəstəlik canınızı üzəcək, qan su yerinə axacaq, sizi qılınca yem edəcəyəm.+ Bunu Mən Yehova deyirəm”».