Əstər
4 Mərdəhay+ bu işdən xəbər tutanda+ yaxasını cırdı, çula bürünüb başına kül tökdü. O, ucadan nalə çəkib fəryad edə-edə şəhərin ortasına getdi. 2 O, şah darvazasına kimi getdi, amma içəri girmədi, çünki çula bürünmüş adam şah darvazasından içəri girə bilməzdi. 3 Bütün əyalətlərdə,+ şahın əmri və fərmanı yetişən hər yerdə yəhudilər böyük yas qurmuşdular, oruc tutub+ ahu-fəğan edirdilər. Çoxları çul içində, kül içində oturmuşdu.+ 4 Əstərin kənizləri və xacələri gəlib bu barədə ona xəbər verdilər. Məlikə çox pis oldu. Mərdəhaya paltar göndərdi ki, çulu çıxarıb onları geysin. Lakin Mərdəhay qəbul etmədi. 5 Onda Əstər şah xacələrindən onun qulluğuna verilmiş Hətaqı çağırıb tapşırdı ki, Mərdəhayın yanına getsin və nə baş verdiyini öyrənsin.
6 Hətaq Mərdəhayın yanına, şah darvazasının qarşısındakı meydana çıxdı. 7 Mərdəhay başına gələn hal-qəziyyəni, Həmanın yəhudiləri məhv etmək üçün şah xəzinəsinə nə qədər pul boyun olduğunu+ ona danışdı.+ 8 Sonra Mərdəhay bu qırğın haqda Şuşda+ verilmiş qanunun surətini ona verdi ki, Əstərə göstərib izah etsin. Həmçinin Əstərə desin ki,+ şahın hüzuruna getsin, ondan aman diləyib xalqı üçün yalvarsın.
9 Hətaq gəlib Mərdəhayın sözlərini Əstərə çatdırdı. 10 Əstər də Hətaqa tapşırıb dedi ki, Mərdəhaya+ bunları yetirsin: 11 «Şahın bütün qulluqçuları və onun əyalətlərində yaşayan camaat bilir ki, kim çağırılmadan şahın içəri həyətinə girərsə,+ istər kişi olsun, istər qadın, qanun birdir: həmin adam ölməlidir. Yalnız şah qızıl əsasını ona uzadarsa,+ sağ qala bilər. Mən isə otuz gündür ki, şahın yanına çağırılmıram».
12 Əstərin sözlərini Mərdəhaya çatdırdılar. 13 Mərdəhay Əstərə belə cavab göndərdi: «Elə düşünmə ki, şah evində olduğun üçün yəhudilərin arasından sən sağ qala biləcəksən. 14 Əgər belə bir vaxtda sussan, yəhudilərə qurtuluş və nicat başqa yerdən gələr,+ sən və atanın nəsli isə yox olarsınız. Kim bilir, bəlkə, sən elə bu gün üçün məlikə olmusan».+
15 Əstər Mərdəhaya belə cavab göndərdi: 16 «Get Şuşda olan bütün yəhudiləri topla. Məndən ötrü oruc tutun,+ üç gün-üç gecə nə yeməyin, nə içməyin.+ Mən də kənizlərimlə oruc tutaram, sonra isə şahın yanına gedərəm, hərçənd bu, qanuna ziddir. Ölməliyəmsə, qoy ölüm». 17 Mərdəhay gedib Əstərin tapşırdığı kimi etdi.