Əstər
5 Üçüncü gün+ Əstər məlikə libasını geyinib şah sarayının həyətində, sarayın qarşısında durdu. Şah sarayda, sarayın girişi ilə üzbəüz, taxtında əyləşmişdi. 2 O, həyətdə durmuş məlikə Əstəri görəndə üzü güldü və əlindəki qızıl əsanı ona uzatdı.+ Əstər yaxınlaşıb əsanın ucuna toxundu.
3 Şah Əstərə dedi: «Ey məlikə Əstər, nə isə olub? Nə diləyin var? Hətta səltənətimin yarısını istəsən, sənə veriləcək!» 4 Əstər dedi: «Əgər şaha xoşdursa, bu gün buyurub Həmanla+ birgə şahın şəninə hazırladığım ziyafətə gəlsin». 5 Şah buyruq verdi: «Həmana deyin, qoy tez gəlsin. Əstərin istəyi yerinə yetirilsin». Beləcə, şah və Həman Əstərin qurduğu ziyafətə təşrif buyurdular.
6 Şərab məclisində şah Əstərdən soruşdu: «Xahişin nədir? De, sənə veriləcək! Nədir diləyin? Hətta səltənətimin yarısını istəsən, sənə veriləcək!»+ 7 Əstər cavab verdi: «Xahişim, diləyim budur: 8 əgər mən şahın iltifatını qazanmışamsa və xahişimi, diləyimi çin etmək şaha xoşdursa, qoy şah Həmanla sabah onlar üçün hazırladığım ziyafətə gəlsin. Diləyimi sabah bildirəcəyəm».
9 O gün Həman oradan kefi kök, damağı çağ çıxdı. Amma şah darvazasında oturan Mərdəhayın onun hüzurunda ayağa qalxmadığını, ondan qorxmadığını görəndə hirsindən alışıb-yandı.+ 10 O, hirsini boğub evinə getdi. Sonra dostlarını və arvadı Zərəşi+ çağırtdırdı. 11 Həman onlara aşıb-daşan var-dövlətindən, çoxlu oğullarından,+ şahın onu digər əyan və qulluqçulardan daha uca mənsəbə qaldırmasından+ danışıb öyünməyə başladı.
12 Həman sonra dedi: «Üstəlik, məlikə Əstər qurduğu ziyafətə şahla bərabər heç kimi yox, yalnız məni çağırıb.+ Sabah da şahla bərabər onun qonağıyam.+ 13 Lakin bu yəhudi Mərdəhayın şah darvazasında oturduğunu görəndə hər şey gözümdən düşür». 14 Onda arvadı Zərəş və dostları ona məsləhət gördülər: «Əlli qulac* hündürlüyündə bir dirək qoydur. Sabah səhər şaha deyərsən, Mərdəhayı bu dirəkdən asdırsın.+ Sonra şahla ziyafətə gedib kef edərsən». Bu fikir Həmanın xoşuna gəldi və o, bir dirək qoydurdu.