ON ALTINCI FƏSİL
O, ağılla, cəsarətlə və fədakarcasına davrandı
1—3. a) Əstər şahın taxtına yaxınlaşdıqca hansı hissləri keçirir? b) Şah Əstərin dəvətsiz gəlişinə necə yanaşır?
ƏSTƏR ürəyi döyünə-döyünə şah taxtına yaxınlaşır. Şuş sarayındakı böyük otaq sükuta qərq olub. Elə sakitlikdir ki, Əstər hətta asta-asta atdığı addımların səsini, məlikə paltarının xışıltısını eşidir. Nə sarayın əzəməti, nə gözəl sütunlar, nə də Livan sidrlərindən düzəlmiş naxışlı tavan onun diqqətini çəkmir. Onun bütün diqqəti taxtda oturan şəxsə cəmlənib. Məlikənin həyatı bu şəxsin əlindədir.
2 Əstər yaxınlaşdıqca şah ona baxır və qızıl əsasını ona tərəf uzadır. Bu adi jest Əstər üçün həyat deməkdir. Bu jest göstərir ki, dəvətsiz gəldiyinə baxmayaraq, şah Əstəri əfv edir. Əstər taxta yaxınlaşır və minnətdarlıq əlaməti olaraq əsanın ucuna toxunur (Əst. 5:1, 2).
3 Hər şey şah Ahaşveroşun çox zəngin və qüdrətli olduğundan xəbər verir. O dövrdə Fars hökmdarının libası müasir pulla yüz minlərlə dollara bərabər idi. Əstər ərinin gözlərində, az da olsa, bir istilik duyur. Əri onu sevir. O, Əstərə deyir: «Ey məlikə Əstər, nə isə olub? Nə diləyin var? Hətta səltənətimin yarısını istəsən, sənə veriləcək!» (Əst. 5:3).
4. Əstəri qarşıda hansı çətinliklər gözləyir?
4 Xalqını məhvdən qurtarmaq üçün Əstərin şahın hüzuruna gəlməyi artıq onun imanlı və cəsarətli olduğunu göstərir. Amma ən böyük çətinliklər hələ qabaqdadır. Əstər qürurlu şahı inandırmalıdır ki, onun ən etibarlı məsləhətçisi mənfur adamdır, onun məlikəsinin xalqını qırmaq üçün şaha yalan danışıb. Görəsən, Əstər bunu necə edəcək? Biz onun imanından nə öyrənirik?
O, ağılla davrandı
5, 6. a) Əstər Vaiz 3:1, 7 ayələrində yazıldığı kimi, nə edir? b) Əstərin ağıllı qadın olduğu nədən görünür?
5 Əstər məsələni hamının yanında şaha açıb danışacaq? Belə etsə, Əstər şahı alçaltmış olar, məsləhətçisi Həmana isə bütün iddiaları təkzib etmək üçün vaxt qazandırar. Gəlin görək Əstər necə davranır. Əstərdən əsrlər əvvəl yaşamış Süleyman peyğəmbər yazmışdı: «Hər şeyin öz vaxtı var,.. susmağın öz vaxtı, danışmağın öz vaxtı» (Vaiz 3:1, 7). Sözsüz ki, atalığı Mərdəhay uşaqlıqdan Əstərə bu kimi gözəl şeyləri aşılamışdı. Buna görə də Əstər başa düşür ki, danışmaq üçün münasib bir vaxt seçmək lazımdır.
6 Əstər şaha deyir: «Əgər şaha xoşdursa, bu gün buyurub Həmanla birgə şahın şəninə hazırladığım ziyafətə gəlsin» (Əst. 5:4). Şah razılaşır və Həmanın dalınca adam göndərir. Görürsünüz, Əstər necə ağılla davranır? Əstər ərinin ləyaqətinə hörmət edir və məsələni şaha danışmaq üçün münasib yer, münasib vaxt seçir. (Məsəllər 10:19 ayəsini oxu.)
7, 8. Əstərin birinci ziyafəti necə keçir və nəyə görə o, məsələni şaha açıb danışmağa tələsmir?
7 Şübhəsiz ki, Əstər bu ziyafətə çox yaxşı hazırlıq görüb. İstəyir ki, hər şey ərinin ürəyincə olsun. Süfrəyə əhval-ruhiyyəni qaldırmaq üçün əla şərab qoyulub (Zəb. 104:15). Ziyafət Ahaşveroşun çox xoşuna gəlir və o, yenə də Əstərdən nə dilədiyini soruşur. Deyəsən, indi danışmağın vaxtıdır.
8 Əstər isə belə fikirləşmir. O, şahla Həmanı sabah quracağı ziyafətə dəvət edir (Əst. 5:7, 8). Nəyə görə Əstər günü günə satır? Qeyd etdiyimiz kimi, Əstərin xalqı ölümlə üz-üzə idi. Həman şahdan səlahiyyət alıb bütün yəhudiləri qırmaq barədə fərman çıxarmışdı. Buna görə də Əstər şahla danışmaq üçün münasib vaxt seçməlidir, axı məsələ ölüm-dirim məsələsidir. O səbir edib gözləyir və ərinə nə qədər hörmət etdiyini bir daha göstərmək istəyir.
9. Nəyə görə səbir gözəl xüsusiyyətdir və biz səbirli olmaqda Əstərdən necə örnək ala bilərik?
9 Səbir gözəl xüsusiyyətdir, amma hər adamda olmur. Əstər xalqı üçün çox narahat idi, sözsüz ki, məsələni şaha tez bir zamanda açıb danışmaq istəyirdi, lakin o səbir edib məqamını gözlədi. Biz ondan çox şey öyrənə bilərik. Vaxtaşırı biz də müəyyən problemlərin şahidi oluruq. Əgər problemin həlli üçün səlahiyyət sahibinə müraciət etmək istəyiriksə, Əstərdən örnək alaraq səbirli olmalıyıq. Məsəllər 25:15 ayəsində yazılıb: «Səbirlə sərkərdə fəth edilər. Həlim dil daşı da yumşaldar». Əstərin əhvalatından gördüyümüz kimi, əgər biz də səbirlə məqamı gözləsək və mülayim danışsaq, hətta daş qədər sərt adamı da yumşalda bilərik. Görəsən, Yehova Allah Əstərin səbirli və ağıllı hərəkətinə bərəkət verdi?
Səbir ədalətə aparan yoldur
10, 11. a) Ziyafətdən çıxandan sonra Həmanın kefini nə pozur? b) Arvadı və dostları Həmana nə məsləhət görürlər?
10 Əstərin səbri gözəl hadisələrə yol açır. Həman ziyafətdən kefi kök, damağı çağ çıxır. O düşünür ki, şahla məlikə ondan çox razıdır. Həman saray darvazasından çıxanda Mərdəhayı görür. O, hələ də ona baş əymir. Ötən fəsildən gördüyümüz kimi, Mərdəhayın Həmana baş əyməməsi hörmətsizlikdən irəli gəlmir, o, öz vicdanına və Yehova Allahla münasibətinə görə belə edir. Həman isə hirsindən alışıb-yanır (Əst. 5:9).
11 Həman arvadına və dostlarına Mərdəhayın ona hörmətsizlik etdiyini danışır. Onlar da məsləhət görürlər ki, 22 metr hündürlüyündə dirək qoydursun və sonra şahdan rüsxət alıb Mərdəhayı oradan asdırsın. Bu fikir Həmanın ağlına batır, o, dərhal əmr edib dirək qoydurur (Əst. 5:12—14).
12. Nəyə görə şah dövlət sənədlərini oxumağı buyurur və o, nədən xəbər tutur?
12 Bu gecə şahın həyatında qeyri-adi gecə olur. Müqəddəs Kitabda yazılana görə, şahın yuxusu qaçır. Şah əmr edir ki, dövlət sənədlərini gətirib hüzurunda oxusunlar. Sənədlər oxunan zaman vaxtilə şaha qarşı hazırlanmış sui-qəsd barədə məlumat da oxunur. Həmin hadisə, sui-qəsdçilərin yaxalanıb edam edilməsi şahın yadına düşür. Birdən şahın xatirinə bu sui-qəsdi aşkara çıxaran adam, Mərdəhay gəlir. «Bu işinə görə Mərdəhay hansı şərəfə və şana layiq görülüb?» — deyə xəbər alır. Cavab belə olur: «Ona heç nə verilməyib». (Əstər 6:1—3 ayələrini oxu.)
13, 14. a) Hadisələr necə cərəyan edir? b) Həmanın arvadı ilə dostları ona nə deyirlər?
13 Şah bu işi yoluna qoymaq istəyir. Buna görə də soruşur ki, həyətdə əyanlardan kimsə var, ya yox. Sən bir işə bax, həyətdə Həman durub. Görünür, hövsələsi çatmayıb, səhər tezdən gəlib ki, Mərdəhayı edam etdirmək üçün şahdan izin alsın. Amma Həman ağzını açmağa macal tapmamış şah ondan soruşur: «Şahın hörmət göstərmək istədiyi adam üçün nə edilməlidir?» Həman elə bilir ki, şah onu nəzərdə tutur. Buna görə də ürəyindən keçən ən gözəl şeyləri sadalayır: əyninə şah libası geyindirsinlər, şahın mindiyi atın üstündə bütün Şuşu gəzdirsinlər və şəninə ucadan təriflər söyləsinlər. Amma şah Mərdəhayı şərəfləndirmək istədiyini deyəndə Həmanın üzündəki ifadəni gözünüzün qabağına gətirin. Bəs Mərdəhayın şəninə tərifləri kim söyləyəcək? Elə Həmanın özü! (Əst. 6:4—10).
14 Bu, Həman üçün rüsvayçılıqdır. Amma o, könülsüz də olsa, şahın əmrini yerinə yetirir və dilxor halda evinə tələsir. Arvadı ilə dostları baş verənləri eşidəndə ona deyirlər ki, bu, pis əlamətdir, bu gedişlə o, Mərdəhaya bata bilməyəcək (Əst. 6:12, 13).
15. a) Əstərin səbri nəyə yol açdı? b) Nəyə görə səbirlə Yehova Allahı gözləməliyik?
15 Əstərin səbir edib daha bir gün gözləməsi Həmanın məhvinə yol açdı. Sizcə, şahın yuxusunun qaçmasına Yehova Allah səbəb ola bilməzdi? (Məs. 21:1). Müqəddəs Kitab bizi Allahı səbirlə gözləməyə çağırır. (Mikə 7:7 ayəsini oxu.) Əgər biz Yehova Allaha güvənib Onu gözləyəriksə, onda Allah problemlərimizi bizdən qat-qat yaxşı həll edəcək.
O, cəsarətlə danışır
16, 17. a) Əstər şahla nə zaman danışmaq qərarına gəlir? b) Əstər Vaştidən nə ilə fərqlənir?
16 Əstər daha şahın səbrini tarıma çəkmək istəmir. İkinci dəfə qurduğu ziyafətdə hər şeyi açıb şaha danışmaq qərarına gəlir. Bəs nə vaxt danışsa, yaxşı olar? Ziyafət zamanı şah yenə də Əstərdən nə dilədiyini soruşur (Əst. 7:2). İndi danışmaq olar.
17 Yəqin Əstər əvvəlcə ürəyində Yehova Allaha dua edir və sonra şaha deyir: «Əgər mən şahın iltifatını qazanmışamsa və şaha xoşdursa, xahişim budur ki, şah mənə həyat bəxş etsin, diləyim budur ki, xalqıma qıymasın» (Əst. 7:3). Əstər bu sözlərlə göstərir ki, şahın çıxardığı hər bir hökmə hörmətlə yanaşır. O, əvvəlki məlikə Vaşti kimi ərini hörmətdən salmır (Əst. 1:10—12). Üstəlik, şahı Həman kimi adama inandığı üçün tənqid etmir. Əksinə, şaha yalvarır ki, onu ölümdən qurtarsın.
18. Əstər narahatçılığını şaha necə bildirir?
18 Bu sözləri eşidəndə şahı, sanki, ildırım vurur. Görəsən, kim cürət edib onun məlikəsinin həyatına qəsd etmək istəyir? Əstər deyir: «Çünki biz, mən və xalqım qırğına, ölümə, məhvə satılmışıq. Əgər köləliyə satılsaydıq, susardım. Bu fəlakətə yol verilsə, şah ziyan çəkəcək» (Əst. 7:4). Fikir verin ki, Əstər şaha hər şeyi açıb danışır, həmçinin şaha deyir ki, onları qul-qarabaş kimi satsaydılar, susub danışmazdı. Əstər yəhudilərin qırğını barədə susa bilməz, çünki bu qırğının hətta şaha zərəri olacaq.
19. Biz Əstərdən nə öyrənirik?
19 Biz Əstərdən vacib bir şey öyrənirik. Əgər yaxın adamımızla, yaxud səlahiyyət sahibi ilə ciddi problem barədə danışmaq istəyiriksə, onda səbirli, hörmətcil olmalı və açıq danışmalıyıq (Məs. 16:21, 23).
20, 21. a) Əstər Həmanın paxırını necə üzə çıxarır və bu, şaha necə təsir edir? b) Həmanın paxırı üzə çıxanda o, qorxusundan nə edir?
20 Şah soruşur: «Buna kim cürət edib?! Kimdir o adam? Hanı o?» Əstər barmağını tuşlayıb deyir: «Həmin adam, həmin yağı düşmən, bu zalım Həmandır!» Ortalığa ölüm sükutu çökür. Həmanın canına vəlvələ düşür. Şahın qəzəbdən pörtmüş sifətini gözünüzün qabağına gətirin. Etibarlı məsləhətçisi onu aldadaraq onun öz əli ilə sevimli arvadının ölümünə hökm çıxarıb. Şah qeyzlə yerindən qalxıb sakitləşmək üçün saray bağçasına çıxır (Əst. 7:5—7).
21 Paxırı üzə çıxan Həman qorxusundan məlikənin ayaqlarına düşür. Şah qayıdıb otağa girəndə görür ki, Həman Əstərin uzandığı taxta döşənib ona yalvarır. Şah qəzəblənib qışqırır: «Bu, hələ bir məlikəni zorlayacaq, özü də mənim öz evimdə?!» Bu sözlər Həmana oxunmuş ölüm hökmüdür. Dərhal onun üzünü örtüb aparırlar. Əyanlardan biri şaha deyir ki, Həman Mərdəhayı asmaq üçün dirək qoydurub. Onda şah əmr edir ki, həmin dirəkdən Həmanın özünü assınlar (Əst. 7:8—10).
22. Əstərdən nədə örnək alırıq?
22 Bizə elə gələ bilər ki, yaşadığımız bu ədalətsiz dünyada haqq-ədalət tapmaq qeyri-mümkündür. Bəlkə, sizdə də hərdən belə fikir yaranır. Əstər heç vaxt ruhdan düşmürdü, heç vaxt ümidini üzmürdü, inamını itirmirdi. Vaxtı çatanda o, cəsarətlə haqqın müdafiəsinə qalxdı və qalan işi Yehova Allahın öhdəsinə buraxdı. Gəlin biz də belə edək! Allah bu gün də həmin Allahdır. O, indi də Həman kimi pis və hiyləgər adamları özlərinin qazdığı quyuya salmağa qadirdir. (Zəbur 7:11—16 ayələrini oxu.)
O, Yehova Allah və xalqı uğrunda fədakarlıq etdi
23. a) Şah Mərdəhayla Əstəri necə mükafatlandırır? b) Yaqubun ölüm ayağında Binyaminlə bağlı dediyi sözlər necə yerinə yetdi? («Peyğəmbərlik yerinə yetdi» adlı çərçivəyə bax.)
23 Nəhayət şah Mərdəhayın kim olduğunu öyrənir. Mərdəhay yalnız onun həyatını ölümdən qurtarmış adam deyil, o həm də Əstərin atalığıdır. Ahaşveroş Mərdəhayı Həmanın yerinə baş vəzir qoyur. Həmanın evini, var-dövlətini Əstərə verir, Əstər də evə nəzarəti Mərdəhaya tapşırır (Əst. 8:1, 2).
24, 25. a) Nəyə görə Əstərin ürəyi hələ də narahatdır? b) Əstər ikinci dəfə həyatını necə təhlükəyə atır?
24 Mərdəhayla Əstərin başının üstünü alan təhlükə artıq sovuşub. Yəqin indi Əstər rahat nəfəs ala bilər. Amma xeyr! O, təkcə özünü fikirləşmir. Həmanın yəhudiləri qırmaq haqda verdiyi fərman imperiyanın dörd bir tərəfinə göndərilib. Həman bu niyyətini həyata keçirmək üçün münasib vaxt təyin etmək məqsədilə Pur, yəni püşk atmışdı. Yəqin ki, bu, falçılığın bir növü idi (Əst. 9:24—26). Fərmanın icrasına hələ bir neçə ay var, amma yenə də tələsmək lazımdır. Bəs bu təhlükənin qabağını almaq mümkündür?
25 Əstər yenə də həyatını təhlükəyə ataraq şahın çağırışı olmadan onun hüzuruna gedir. O ağlaya-ağlaya ərinə yalvarır ki, bu ağır hökmü ləğv etsin. Amma Fars hökmdarının adı ilə verilən fərman ləğv edilə bilməz (Dən. 6:12, 15). Bu səbəbdən şah Əstərlə Mərdəhaya izin verir ki, yeni fərman tərtib etsinlər. Bu fərmana görə, yəhudilər özlərini müdafiə edə bilərlər. Çaparlar imperiyanın hər tərəfində yaşayan yəhudilərə bu xoş xəbəri çatdırırlar. Beləcə, yəhudilər üçün ümid şəfəqi parlayır (Əst. 8:3—16). Təsəvvür edin: Fars imperiyasında yaşayan bütün yəhudilər yeni fərmanı eşidib döyüşə hazırlaşırlar. Bəs ordular Allahı Yehova Öz xalqına kömək edəcək? (1 İşm. 17:45).
26, 27. a) Allah xalqına düşmənləri üzərində necə zəfər qazandırır? b) Həmanın oğullarının qətlə yetirilməsi ilə hansı peyğəmbərlik yerinə yetdi?
26 Yəhudiləri qırmaq üçün təyin olunan gün çatanda onlar hazır dayanırlar. Hətta bir çox fars məmurları Mərdəhayın baş vəzir olduğunu eşidəndə yəhudilərin müdafiəsinə qalxır. Yehova Allah xalqına böyük zəfər qazandırır. Allah bütün düşmənləri israillilərə təslim edir ki, onlar daha Onun xalqına heç nə edə bilməsinləra (Əst. 9:1—6).
27 Həmanın mənfur oğulları yaşaya-yaşaya Mərdəhaya onun evini idarə etmək asan olmazdı. Odur ki, Həmanın on oğlunun hamısı qətlə yetirilir (Əst. 9:7—10). Bununla da Müqəddəs Kitabda yazılmış peyğəmbərlik yerinə yetir. Allah uzun illər qabaq demişdi ki, xalqına düşmən kəsilən əmaliqələr tamamilə məhv ediləcək (Qan. 25:17—19). Yəqin ki, Həmanın oğulları bu mənfur xalqın son nümayəndələrindən idi.
28, 29. a) Nəyə görə demək olar ki, israillilərin savaşması Allahın niyyəti idi? b) Nəyə görə Əstər bizim üçün gözəl örnəkdir?
28 Gənc Əstərin üzərinə böyük məsuliyyət düşmüşdü. Məsələn, o, müharibə və edamla bağlı fərmanlar verməli olmuşdu. Bu, heç də asan deyildi. Lakin Yehova Allahın niyyətinin yerinə yetməsi üçün Onun xalqını məhvdən qurtarmaq lazım idi. Bütün bəşərin ümidi olan vəd edilmiş Məsih məhz İsrail xalqından törəyəcəkdi (Yar. 22:18). Bu gün Allaha ibadət edən insanlar bilirlər ki, İsa Məsih yer üzündə olanda davamçılarına döyüşməyi qadağan etmişdi (Mət. 26:52).
29 Bununla belə, biz məsihilər bu gün ruhani müharibədə döyüşürük. Düşmənimiz Şeytan imanımızı məhv etmək üçün əlindən gələni edir. (2 Korinflilərə 10:3, 4 ayələrini oxu.) Nə yaxşı ki, Əstər kimi örnəyimiz var. Gəlin onun kimi, biz də ağıllı, səbirli, cəsarətli olaq, fədakarcasına Allahın xalqının müdafiəsinə qalxaq. Və bu yolla imanımızı sübut edək.
a Şah yəhudilərə izin vermişdi ki, daha bir gün döyüşüb düşmənlərini qırsınlar (Əst. 9:12—14). Yəhudilər indi də adar ayında (fevralın axırı və martın əvvəli) bu qələbəni bayram edirlər. Bu bayramın adı Purimdir. Həman israilliləri qırmaq üçün püşk atdığına görə bayram belə adlanır.