Yəhyanın yazdığı müjdə
9 İsa yolla gedərkən anadangəlmə bir kor gördü. 2 Şagirdlər ondan soruşdular: «Rabbi*+, bu adam niyə kor doğulub? Bu, onun öz günahına görədir, yoxsa valideynlərinin?» 3 İsa cavab verdi: «Nə öz günahına görədir, nə də valideynlərinin. Bu ondan ötrüdür ki, onun bu halında insanlar Allahın işlərinin şahidi olsunlar.+ 4 Hələ ki, gündüzdür, məni göndərənin işlərini görməliyik.+ Gecə yaxınlaşır. Gecə heç kəs iş görə bilməz. 5 Nə qədər ki dünyadayam, mən dünya üçün nuram».+ 6 Sonra o, yerə tüpürdü, tüpürcəyi ilə torpağı qarışdırıb palçıq düzəltdi və kor adamın gözlərinə yaxdı.+ 7 Sonra ona dedi: «Get Şilam hovuzunda üzünü yu». (Şilam «axar su» deməkdir.) O gedib üz-gözünü yuyan kimi gözləri açıldı və geri qayıtdı.+
8 Onda qonşular və onun bu vaxta qədər dilənçi olduğunu görənlər dedilər: «Bu, əvvəllər oturub dilənçilik edən adam deyil?» 9 Bəziləri deyirdi: «Hə, bu həmin dilənçidir». Digərləri: «Yox, bu o deyil, sadəcə ona oxşayır», — deyirdilər. O isə deyirdi: «Bu mənəm». 10 Ondan soruşdular: «Bəs gözlərin necə açıldı?» 11 O cavab verdi: «İsa adında bir adam palçıq düzəldib gözlərimə yaxdı, sonra da dedi ki, gedib Şilamda üz-gözümü yuyum.+ Mən gedib orada üzümü yudum və gözlərim açıldı». 12 Onlar soruşdular: «O dediyin adam haradadır?» O cavab verdi: «Nə bilim».
13 Onlar əvvəllər kor olmuş adamı fərisilərin yanına gətirdilər. 14 İş orasında idi ki, İsanın palçıq düzəldib bu adamın gözlərini açdığı+ gün şənbə günü idi.+ 15 İndi də fərisilər ondan gözlərinin necə açıldığını soruşmağa başladılar. O cavab verdi: «O adam gözlərimə palçıq yaxdı, mən gözlərimi yudum və görməyə başladım». 16 Fərisilərdən bəziləri dedilər: «O adam Allahdan deyil, çünki o, şənbəni+ pozur». Digərləri isə dedilər: «Günahlı adam bu cür möcüzələri necə göstərə bilər?»+ Bu səbəbdən onların arasında fikirayrılığı yarandı.+ 17 Onlar yenə də kordan soruşdular: «İndi ki o, sənin gözlərini açıb, onun barəsində nə deyə bilərsən?» O cavab verdi: «O adam peyğəmbərdir».
18 Yəhudilər bu adamın valideynlərini çağırtdırmayınca onun əvvəllər kor olduğuna və sonradan sağaldığına inanmadılar. 19 Onlar onun ata-anasından soruşdular: «Bu, sizin oğlunuzdur? O, kor doğulub? Bəs necə oldu ki, indi görür?» 20 Onun valideynləri dedilər: «Bəli, bu bizim oğlumuzdur və o, kor doğulub. 21 Amma gözləri necə açılıb, bunu kim edib, xəbərimiz yoxdur. Özündən soruşun, yekə kişidir. Qoy özü desin». 22 Onun ata-anası yəhudilərdən qorxduqları üçün+ belə dedilər. Çünki yəhudilər söz qoymuşdular ki, İsanı Məsih kimi qəbul edənləri sinaqoqdan qovsunlar.+ 23 Valideynləri buna görə dedilər: «Yekə kişidir, özündən soruşun».
24 Belə olduqda onlar əvvəllər kor olmuş adamı təkrarən çağırıb dedilər: «Allah eşqinə, bizə düzünü söylə. Biz bilirik ki, o adam günah sahibidir». 25 O cavab verdi: «O adamın günah sahibi olub-olmadığı barəsində heç nə deyə bilmərəm. Bir şeyi bilirəm ki, mən kor idim, indi isə görürəm». 26 Onlar soruşdular: «O, sənə nə etdi? Gözlərini necə açdı?» 27 O adam cavab verdi: «Mən sizə dedim, sizsə heç qulaq asmadınız. Niyə yenə soruşursunuz? Bəlkə, siz də onun şagirdi olmaq istəyirsiniz?» 28 Onlar kinayə ilə dedilər: «Özünsən onun şagirdi! Biz Musanın şagirdiyik. 29 Biz bilirik ki, Musa ilə Allah danışıb, bu adamı isə kim göndərib, bilmirik». 30 O dedi: «Elə təəccüblüsü də odur ki, siz onun kim tərəfindən göndərildiyini bilmirsiniz, ancaq o, mənim gözlərimi açıb. 31 Biz bilirik ki, Allah günahlı adamları dinləmir,+ lakin Onun iradəsini yerinə yetirən möminləri dinləyir.+ 32 Ta qədimdən indiyədək eşidilməyib ki, kimsə anadangəlmə korun gözlərini açsın. 33 Əgər bu adamı Allah göndərməsəydi, o, heç nə edə bilməzdi».+ 34 Onlar: «Sən günah içində doğulmusan, indi bizə ağıl öyrədəcəksən?» — deyib onu bayıra atdılar.+
35 İsa yəhudilərin onu bayıra atdığını eşidəndə onu tapıb dedi: «İnsan Oğluna iman edirsən?» 36 O cavab verdi: «O kimdir, ağa? Söylə, ona iman edim». 37 İsa dedi: «Sən onu görmüsən və o, indi səninlə danışır». 38 Onda həmin adam: «Ağa, inanıram», — deyib ona təzim etdi. 39 İsa dedi: «Mən dünyaya bu hökm üçün gəlmişəm: korlar görsünlər,+ görənlər isə kor olsunlar».+ 40 Orada duran fərisilər bunu eşidəndə dedilər: «Yəni biz koruq?» 41 İsa onlara dedi: «Siz kor olsaydınız, günahınız olmazdı. İndi ki: “Biz görürük”, — deyirsiniz, günahınız boynunuzda qalır».+