Hizqiyal
36 «Sən isə, ey bəni-adəm, İsrail dağları barədə peyğəmbərlik edib de: “Ey İsrail dağları, Yehovanı dinləyin. 2 Külli-İxtiyar Yehovanın sözü budur: “Düşmənlər əleyhinizə deyir: “Hə, qədim zirvələri ələ keçirtdik!”+
3 Peyğəmbərlik edib söylə ki, Külli-İxtiyar Yehova belə deyir: “Sizi viranə qoyub hər tərəfdən üstünüzə hücum çəkdilər ki, başqa xalqlar sizə sahib olsun. Dilə-dişə düşmüsünüz, şərlənirsiniz.+ 4 Odur ki, ey İsrail dağları, Külli-İxtiyar Yehovanın sözünü dinləyin. Külli-İxtiyar Yehovanın dağlara, təpələrə, çaylara, dərələrə, viranəliklərə+, ətraf xalqlar tərəfindən qarət olunmuş, gülüş hədəfinə çevrilmiş boş şəhərlərə sözü budur.+ 5 Külli-İxtiyar Yehova onlara deyir: “Başqa xalqlara və Əduma qızğın qəzəbimlə+ sözümü deyəcəyəm. Onlar Mənim torpağıma gülə-gülə, kinayə edərək+ sahib çıxdılar, örüşlərini ələ keçirmək, məmləkəti talan etmək istədilər”.+
6 İsrail ölkəsi barədə peyğəmbərlik edib dağlara, təpələrə, çaylara, dərələrə söylə ki, Külli-İxtiyar Yehova belə deyir: “Xalqlar sizi alçaltdığı üçün qızğın qəzəbimlə danışacağam”.+
7 Külli-İxtiyar Yehova belə deyir: “Əlimi qaldırıb and içirəm ki, ətraf xalqlar rüsvay olacaq.+ 8 Sizsə, İsrail dağları, qol-budaq atacaqsınız, xalqım İsrail üçün bar-bəhər gətirəcəksiniz,+ çünki onlar tezliklə qayıdacaqlar. 9 Mən sizinləyəm, üzümü sizə sarı çevirəcəyəm. Torpağınız şumlanıb əkiləcək. 10 Xalqınızı artıracağam, bütün İsrail əhlini çoxaldacağam. Şəhərlər məskunlaşacaq,+ xarabalıqlar abad ediləcək.+ 11 Bəli, Mən sizin xalqınızı, mal-heyvanınızı çoxaldacağam.+ Onlar artdıqca artacaq. Keçmişdə olduğu kimi, sizi məskun edəcəyəm,+ əvvəlkindən də firavan olacaqsınız.+ Onda biləcəksiniz ki, Mən Yehovayam.+ 12 Ey İsrail dağları, xalqım İsraili sizdə məskun edəcəyəm, onların mülkü, onların mirası olacaqsınız.+ Bir də onları övladsız qoymayacaqsınız”».+
13 «Külli-İxtiyar Yehova deyir: “Onlar sizi “insanların başını yeyən, xalqlarını övladsız qoyan torpaq” adlandırırlar. 14 Amma indən belə insanların başını yeməyəcəksiniz, xalqlarınızı övladsız qoymayacaqsınız, — bəyan edir Külli-İxtiyar Yehova. — 15 Artıq sizi xalqların təhqirinə mübtəla etməyəcəyəm, insanların tənə hədəfi olmayacaqsınız,+ bir də xalqlarınızı büdrətməyəcəksiniz”, — Külli-İxtiyar Yehova bəyan edir».
16 Yenə mənə Yehovanın sözü nazil oldu: 17 «Ey bəni-adəm, İsrail evi öz torpağında yaşayanda öz yolları, əməlləri ilə torpağı murdarladı.+ Mənim gözümdə onların yolları aybaşı murdarlığı kimi idi.+ 18 Onlar ölkəni qana bələmişdilər,+ iyrənc bütləri ilə ölkəni murdar etmişdilər.+ Buna görə qəzəbimi onların üstünə tökdüm. 19 Onları xalqlar arasına səpələdim, ölkələrə pərən-pərən saldım,+ yollarına, əməllərinə görə hökm çıxardım. 20 Lakin onlar o xalqların yanına gedəndə xalqlar: “Baxın, bu, Yehovanın xalqıdır! Onlar yurd-yuvalarından didərgin düşüb” — deyərək müqəddəs adıma ləkə vurdular.+ 21 Buna görə İsrail evinin getdiyi hər yerdə onun xalqlar arasında ləkələdiyi müqəddəs adımın müdafiəsinə qalxacağam».+
22 «Buna görə də İsrail evinə söylə ki, Külli-İxtiyar Yehova belə deyir: “Ey İsrail evi, bunu sizə görə yox, getdiyiniz yerlərdə ləkələdiyiniz müqəddəs adıma görə edirəm.+ 23 Xalqlar içində ləkələnən, ləkə yaxdığınız ulu adımın müqəddəsliyini göstərəcəyəm.+ Xalqların gözü qarşısında, sizin aranızda müqəddəsliyimi göstərəndə biləcəklər ki, Mən Yehovayam,+ — Külli-İxtiyar Yehova bəyan edir. — 24 Sizi xalqlar arasından, ölkələr içindən yığıb məmləkətinizə qaytaracağam.+ 25 Üstünüzə təmiz su çiləyəcəyəm, təmiz olacaqsınız.+ Sizi natəmizliyinizdən+, iyrənc bütlərinizdən+ təmizləyəcəyəm. 26 Sizə yeni ürək verəcəyəm,+ daxilinizə yeni ruh üfürəcəyəm.+ Köksünüzdən daş ürəyi+ çıxarıb, ətdən bir ürək* qoyacağam. 27 Daxilinizə ruhumu üfürəcəyəm, elə edəcəyəm ki, qanunlarımla yaşayasınız.+ Siz də Mənim hökmlərimə tabe olacaqsınız. 28 Onda ata-babalarınıza verdiyim ölkədə yaşayacaq, Mənim xalqım olacaqsınız. Mən isə sizin Allahınız olacağam.+
29 Mən sizi bütün murdarlıqlardan təmizləyəcəyəm. Taxıla əmr edib onu çoxaldacağam, üstünüzə qıtlıq göndərməyəcəyəm.+ 30 Ağacların bəhrəsini, tarlaların məhsulunu bol edəcəyəm ki, bir də heç vaxt aclıq çəkib xalqlar arasında rüsvay olmayasınız.+ 31 Onda pis əməllərinizi, mənfur işlərinizi yada salıb təqsirinizə, iyrənc əməllərinizə görə özünüzdən iyrənəcəksiniz.+ 32 Amma bilin və agah olun: bunu sizə görə etmirəm,+ — deyə Külli-İxtiyar Yehova bəyan edir. — Əslində, siz əməllərinizə görə utanıb, yerə girməlisiniz, ey İsrail əhli”.
33 Külli-İxtiyar Yehova belə deyir: “Sizi bütün günahlarınızdan təmizlədiyim gün şəhərlərinizi adamlarla dolduracağam,+ xaraba yerlərinizi abad edəcəyəm.+ 34 Gəlib-gedənlərin xaraba gördüyü torpaq becəriləcək. 35 Hamı deyəcək: “Xarabalıqlar Ədən bağına+ çevrilib, viranə, kimsəsiz qalmış, tar-mar edilmiş şəhərlər qala-şəhər olub, orada adamlar sakin olub”.+ 36 Ətrafınızdakı xalqlar biləcəklər ki, tar-mar olmuş yeri Mən Yehova bərpa etmişəm, xaraba yeri Mən becərmişəm. Mən Yehova dedim, dediyimi də etdim”.+
37 Külli-İxtiyar Yehova belə deyir: “İsrail evinin Məndən bunu təvəqqe etməsinə izin verəcəyəm: əhalisini sürü kimi çoxaldacağam. 38 Bayram vaxtı+ Yerusəlimin küçələrini camaat*, müqəddəslər izdihamı necə doldurursa, xaraba qalmış şəhərlər də insanlarla elə dolacaq.+ Onda biləcəklər ki, Mən Yehovayam”».