Lukanın yazdığı müjdə
13 Həmin vaxt oradakılardan bəziləri Cəlilə sakinlərinin başına gəlmiş müsibəti İsaya danışdılar. Pilat onların qanını gətirdikləri qurbanların qanına qatmışdı. 2 İsa onlara dedi: «Elə bilirsiniz ki, Cəlilənin bu sakinləri onun digər sakinlərindən daha günahlı olduqları üçün başlarına belə müsibət gəldi? 3 Xeyr! Bilin və agah olun, əgər tövbə etməsəniz, hamınız onlar kimi məhv olacaqsınız.+ 4 Yaxud Şilam qülləsinin altında qalıb ölmüş on səkkiz nəfər Yerusəlimin bütün digər sakinlərindən daha günahlı idi? 5 Xeyr! Bilin və agah olun, əgər tövbə etməsəniz, hamınız beləcə məhv olacaqsınız».
6 Sonra onlara bir məsəl çəkdi: «Bir adamın üzümlüyündə əncir ağacı var idi. Bir gün o, ağacdan əncir dərməyə gəldi, amma üstündə heç nə tapmadı.+ 7 Onda bağbana dedi: “Düz üç ildir gəlirəm, lakin bu ağacda bir dənə də olsun əncir tapmamışam. Kəs onu getsin! Nə üçün torpağı boş yerə tutur?” 8 Bağban dedi: “Ağa, qoy bir il də qalsın. Dibini belləyərəm, peyinləyərəm. 9 Gələn il bar verər, lap yaxşı, verməz, onda kəsərsən”».+
10 İsa bir şənbə günü sinaqoqların birində vəz edirdi. 11 Orada içinə cin girmiş bir qadın var idi. O, düz on səkkiz il idi ki, naxoş idi. Onun beli tamam bükülmüşdü və dikəlmirdi. 12 İsa ona baxıb dedi: «Bacım, xəstəliyindən qurtuldun».+ 13 İsa əllərini onun üzərinə qoydu. Qadın həmin andaca dikəldi və Allaha alqış oxumağa başladı. 14 Lakin sinaqoq rəisi İsanın şənbə günündə adam sağaltdığına hirslənib xalqa dedi: «İşləmək üçün altı gün var,+ həmin günlərdə gəlib sağalın, daha şənbə günü yox».+ 15 Ağa ona dedi: «İkiüzlülər!+ Məgər şənbə günü siz öz öküzünüzü və ya eşşəyinizi tövlədən açıb suvarmağa aparmırsınız?+ 16 Bəs düz on səkkiz ildir ki, Şeytanın bağlı saxladığı bu qadını, İbrahimin qızını şənbə günü bu buxovdan azad etmək lazım deyildi?» 17 İsanın bu sözlərindən sonra onun əleyhdarları utandılar, camaat isə onun möhtəşəm işlərinə şadlandı.+
18 İsa sözünə davam etdi: «Allahın Padşahlığını nəyə bənzətmək olar? Onu nə ilə müqayisə edim? 19 O, xardal toxumuna bənzəyir. Bir adam bu toxumu götürüb öz bağında əkdi. O böyüyüb ağac oldu və göy quşları onun budaqlarında yuva saldılar».+
20 O, təkrarən dedi: «Allahın Padşahlığını nə ilə müqayisə edim? 21 O, mayaya bənzəyir. Qadın onu üç iri qab* una qatdı və bütün xəmir acıdı».+
22 İsa şəhərlərdə, kəndlərdə vəz edə-edə Yerusəlimə gedirdi. 23 Bir nəfər ondan soruşdu: «Ağa, doğrudan da, az adam xilas olacaq?» İsa belə cavab verdi: 24 «Dar qapıdan girmək üçün var gücünüzlə çalışın,+ çünki çoxları bu qapıdan girməyə çalışacaq, lakin bacarmayacaq. 25 Ev yiyəsi durub qapını bağlayanda siz bayırda qalacaqsınız və qapını döyüb: “Ağa, bizə qapını aç”, — deyəcəksiniz.+ O isə cavab verəcək: “Mən sizi tanımıram”. 26 Onda siz deyəcəksiniz: “Biz səninlə bir yerdə çörək kəsmişik, sən şəhərimizin baş küçələrində vəz etmisən”.+ 27 Amma ev yiyəsi sizə deyəcək: “Mən sizi tanımıram. Rədd olun, bədəməllər!” 28 Siz İbrahimi, İshaqı, Yaqubu və bütün peyğəmbərləri Allahın Padşahlığında, özünüzün isə bayırda qaldığını görəndə dişlərinizi qıcayacaqsınız, hönkür-hönkür ağlayacaqsınız.+ 29 İnsanlar şərqdən və qərbdən, şimaldan və cənubdan gəlib Allahın Padşahlığında süfrəyə əyləşəcəklər. 30 Axırıncılardan kimisi birinci, birincilərdən kimisi axırıncı olacaq».+
31 Bu dəm bir neçə fərisi İsanın yanına gəlib dedi: «Buradan çıx get, Hirod səni öldürmək istəyir». 32 O dedi: «Gedin, o tülküyə deyin ki, bu gün və sabah cinləri qovacağam, insanlara şəfa verəcəyəm, üçüncü gün işimi başa çatdıracağam. 33 Amma mən bu gün, sabah və birigün yoluma davam etməliyəm. Çünki ola bilməz ki, peyğəmbər Yerusəlimdən kənarda qətlə yetirilsin.+ 34 Eh, Yerusəlim, Yerusəlim! Peyğəmbərləri qətlə yetirən, sənə göndərilənləri daşa basan Yerusəlim!+ Toyuq cücələrini qanadının altına topladığı kimi, mən də dəfələrlə sənin övladlarını bir yerə yığmaq istədim. Amma siz istəmədiniz!+ 35 Allah bu məbədi tərk edəcək.+ Baxın, sizə deyirəm, siz: “Yehovanın adı ilə gələnə eşq olsun!” — deyənə qədər məni görməyəcəksiniz».+