İkinci Salnamələr
1 Davud oğlu Süleymanın hakimiyyəti möhkəmləndi. Allahı Yehova onunla idi və onu çox ucaltdı.+
2 Süleyman İsrailin hər tərəfinə xəbər göndərib minbaşıları, yüzbaşıları, hakimləri, bütün İsrail başçılarını, nəsil başçılarını çağırdı. 3 Süleyman və bütün icma Gibyondakı səcdəgaha* getdi.+ Çünki Allahın Hüzur çadırı, Yehovanın qulu Musanın səhrada düzəltdiyi çadır orada idi. 4 Allahın sandığını isə Davud Kiryat-Yarimdən gətirib+ Yerusəlimdə onun üçün qurduğu çadıra qoymuşdu.+ 5 Xur oğlu Urun oğlu Bəsalilin+ düzəltdiyi mis qurbangahı+ Yehovanın çadırının qarşısına qoymuşdular. Süleyman və bütün icma onun qarşısında dua edirdi. 6 Süleyman Hüzur çadırının qarşısındakı mis qurbangahda, Yehovanın önündə 1000 yandırma qurbanı təqdim etdi.+
7 Həmin gecə Allah Süleymana görünüb dedi: «Məndən nə istəyirsən dilə, sənə verim».+ 8 Süleyman Allaha dedi: «Sən atam Davuda böyük məhəbbət göstərmisən+ və ondan sonra məni taxta çıxartmısan.+ 9 Ey Yehova Allah, atam Davuda verdiyin vədə əməl et,+ çünki məni sayı qum dənələri qədər olan xalqın üzərində padşah qoymusan.+ 10 Mənə hikmət ver, bilik ver ki,+ bu xalqı idarə edim, axı bu boyda xalqa kim hökm edə bilər?»+
11 Allah Süleymana dedi: «Madam ki Məndən bunu dilədin, Məndən var-dövlət, şan-şöhrət, düşmənlərinin ölümünü diləmədin, uzun ömür istəmədin, səni üzərində hökmdar qoyduğum xalqıma hökm etmək üçün bilik, hikmət istədin,+ 12 sənə nəinki hikmət və bilik verəcəyəm, üstəlik, var-dövlət, şan-şöhrət də verəcəyəm. Belə var-dövlət, şan-şöhrət nə səndən əvvəlki padşahlarda olub, nə də sonrakı padşahlarda olacaq».+
13 Süleyman Gibyondakı səcdəgahdan,+ Hüzur çadırının önündən Yerusəlimə gəldi və İsraildə hakimiyyət sürdü. 14 O, çoxlu cəng arabalarına, atlara sahib oldu. Onun 1400 cəng arabası, 12 000 atı* var idi.+ Süleyman onları arabalar üçün ayrılan şəhərlərdə+ və Yerusəlimdə, özünə yaxın yerdə saxlayırdı.+ 15 Padşah Yerusəlimdə qızılı və gümüşü daş qədər,+ sidr ağaclarını Şəfladakı əncir ağacları qədər çoxaltdı.+ 16 Süleymana atları Misirdən gətirirdilər.+ Padşahın tacirləri atları ilxı ilə alırdılar*.+ 17 Misirdən gətirilən bir cəng arabasının qiyməti 600 gümüş, bir atın qiyməti isə 150 gümüş idi. Het və Aram padşahları da onları Süleymanın tacirlərindən alırdı.