Yehovanın Kəlamı canlıdır
«İkinci Salnamələr» kitabından diqqətəlayiq fikirlər
MÜQƏDDƏS YAZILARIN «İkinci Salnamələr» kitabı Süleymanın bütün İsrail üzərində hökmranlıq etməsindən başlayır və Fars padşahı Kirin Babil əsirliyində olan yəhudilərə müraciət etdiyi sözlərlə başa çatır: «Rəbb... Yəhudanın Yerusəlim şəhərində Öz mə’bədini tikməyi mənə əmr etdi. Aranızda Onun bütün xalqına mənsub olanlara qoy Allahı Rəbb yar olsun və oraya [Yerusəlimə] getsinlər» (2 Salnamələr 36:23). «İkinci Salnamələr» kitabının yazılışını eramızdan əvvəl 460-cı ildə kahin Ezra başa çatdırmışdı və orada, 500 il ərzində — b. e. ə. 1037-ci ildən b. e. ə. 537-ci ilədək baş vermiş hadisələrdən bəhs edilir.
Kirin çıxardığı fərman yəhudilərə Yerusəlimə qayıtmaq və orada Yehovaya ibadəti bərpa etmək imkanını verir. Amma uzun müddət əsarətdə olmaları yəhudilərə öz tə’sirini göstərdi. Sürgündən qayıdanların öz xalqının tarixi haqda bilikləri çox az idi. «İkinci Salnamələr» kitabı onlara Davudun nəslindən olan padşahların hökmranlığı dövründə baş vermiş hadisələri aydın və qısa şəkildə təsvir edir. Bu kitab bizim üçün də böyük maraq kəsb edir, çünki orada həqiqi Allaha itaətkarlığın gətirdiyi xeyir-dualar və itaətsizliyin nəticələri barədə deyilir.
PADŞAH YEHOVAYA MƏ’BƏD TİKİR
Yehova Süleyman padşaha var-dövlət və izzətlə yanaşı, onun ürəyinin arzusu olan hikmət və bilik də verir. Padşah, Yerusəlim şəhərində Yehovaya möhtəşəm bir mə’bəd tikir. Xalqın ürəyi sevinclə dolub pərvazlanır (2 Salnamələr 7:10). «Süleyman var-dövlətdə və hikmətdə yer üzünün bütün padşahlarından üstün» olur (2 Salnamələr 9:22).
İsrail üzərində 40 il hökmranlıq edəndən sonra Süleyman ‘ataları ilə uyudu. Onun yerinə oğlu Rexavam padşah oldu’ (2 Salnamələr 9:31). Ezra Süleymanın həqiqi ibadətdən üz döndərməsini xatırlatmır. Padşah haqqında xatırlatdığı mənfi mə’lumatlar yalnız onun Misirdən çoxlu at alması və fir’onun qızı ilə evlənməsidir. Beləliklə, salnaməçi İsrail xalqının tarixində baş vermiş hadisələri oxucuya müsbət mövqedən çatdırır.
Müqəddəs Kitab suallarına cavablar:
2:14 — 1 Padşahlar 7:14 ayəsi ilə bu ayədə ustanın mənşəyi haqqında verilən mə’lumat nəyə görə fərqlənir? «Birinci Padşahlar» kitabında deyilir ki, ustanın anası «Naftali qəbiləsindən dul bir qadın» idi, çünki o, həmin qəbilədən olan kişiyə ərə getmişdir. Qadının özü isə Dan qəbiləsindən idi. Əri vəfat etdikdən sonra, o, Surlu bir kişiyə ərə getmişdir, usta da onların uşağı idi.
2:18; 8:10 — Bu ayələrdə deyilir ki, Süleymanın işçilərə nəzarət etmək üçün tə’yin etdiyi nəzarətçilərin və nəzarətçi rəislərinin sayı 3 600 və 250 nəfər idi. 1 Padşahlar 5:16; 9:23 ayələrində isə deyilir ki, onların sayı 3 300 və 550 nəfər idi. Bu fərqi nə ilə izah etmək olar? Ehtimal ki, bu fərqi onların müxtəlif cür təsnif edilməsilə izah etmək olar. Ola bilsin, «İkinci Salnamələr» kitabında 3 600 nəfər nəzarətçinin israilli olmadığı, 250 nəfər nəzarətçinin isə israilli olduğu nəzərdə tutulur. «Birinci Padşahlar» kitabında xatırlanan 3 300 nəfər adi nəzarətçi, 550 nəfər isə daha yüksək vəzifə tutan nəzarətçi idi. Hər halda, nəzarətçilərin ümumi sayı 3 850 nəfər idi.
4:2-4 — Tökmə hovuzu saxlayan buğalar nəyi təmsil edirdi? Müqəddəs Yazılarda buğa və ya öküz qüvvə rəmzidir (Yezekel 1:10; Vəhy 4:6, 7). Hovuzun çəkisi 30 tona yaxın idi və 66 000 litr su tuturdu. Buna görə, nəhəng hovuzu saxlayan misdən düzəldilmiş 12 buğanın rəmz kimi seçilməsi münasibdir. Onların bu cür istifadə edilməsi ibadət məqsədi ilə surətlərin düzəldilməsini qadağan edən ikinci əmri heç cür pozmur (Çıxış 20:4, 5).
4:5 — Tökmə hovuz ümumi hesabla neçə litr su tuturdu? Tam dolanda o, üç min bat və ya 66 000 litrə yaxın su tuturdu. Ehtimal ki, adətən onu üçdə iki hissəsinə qədər doldururdular. Buna görə də, 1 Padşahlar 7:26 ayəsində deyilir: «O, iki min bat (44 000 litr) su tuturdu».
5:4, 5, 10 —Süleymanın tikdiyi mə’bədə birinci dəfə quraşdırılan Hüzur çadırından hansı əşyalar köçürülmüşdü? İlk Hüzur çadırından Süleymanın tikdiyi mə’bədə yalnız Əhd sandığı köçürülmüşdü. Müqəddəs məskən isə mə’bədin tikintisi qurtarandan sonra Giveondan Yerusəlimə keçirildi və ehtimal ki, orada da quraşdırıldı (2 Salnamələr 1:3, 4).
Bizim üçün ibrət dərsləri:
1:11, 12. Süleymanın xahişindən Yehova gördü ki, bilik və hikməti qazanmaq onun ürəyinin arzusu idi. Bizim dualarımız da ürəyimizdə nəyin olduğunu aşkar edir. Nə haqda dua etməyimizə fikir veririksə, müdrik davranırıq.
6:4. Yehovanın sevgi dolu xeyirxahlığına və lütfünə görə səmimi minnətdarlıq bizi Ona alqış etməyə, yə’ni Ona məhəbbətlə həmd etməyə təşviq edəcək.
6:18-21. Yehova heç bir tikiliyə sığmadığı halda, Yerusəlimdəki mə’bəd Ona ibadət mərkəzi idi. Bu gün də Yehovanın Şahidlərinin Padşahlıq Zalları həqiqi ibadətin mərkəzidir.
6:19, 22, 32. Yehovaya bütün insanlar — padşahdan tutmuş sadə kəndliyə qədər, o cümlədən Onu səmimi qəlbdən axtaran qeyri-yəhudilər də duada müraciət edə bilərdilər (Məzmur 65:2)a.
DAVUDUN NƏSLİNDƏN OLAN PADŞAHLAR BİR-BİRİNİ ƏVƏZ EDİRLƏR
Əvvəllər tək padşahlıq olan İsrail padşahlığı iki hissəyə — onqəbiləli şimal padşahlığına və özünə Yəhuda ilə Binyamin qəbilələrini daxil edən ikiqəbiləli cənub padşahlığına parçalanır. İsrailin hər yerindən olan kahin və levililər başqaları kimi millətçilik hisslərinə qapılmırlar. Padşahlıq əhdinə sadiq qalaraq onlar Süleymanın oğlu Rexavamın tərəfini tuturlar. Tikilişindən təxminən 30 il sonra mə’bədin xəzinəsi qarət edilir.
Rexavamdan sonra 19 padşah idarə edir: onlardan 5-i sadiq qalır, 3–ü isə başlanğıcda sadiq, lakin sonra yollarını azır, biri isə əksinə, pis yolundan dönür. Qalanları Yehovanın gözündə pis olan işləri edirdilərb. Yehovaya güvənən beş sadiq padşahın işləri və xidmətləri xüsusilə qeyd edilir. Xizqiyanın mə’bəddə xidməti bərpa etməsi və Yoşiyanın böyük Pasxa bayramını keçirməsi haqda mə’lumatlar əsarətdən qayıdan yəhudiləri gərək ki, Yerusəlimdə Yehovaya ibadəti bərpa etməyə təşviq etmişdir.
Müqəddəs Kitab suallarına cavablar:
13:5 — «Duzla əhd etmək» ifadəsi nə deməkdir? Konservləşdirmə qüvvəsinə malik olduğu üçün duz dəyişməzlik və sabitlik rəmzi idi. «Duzla əhd etmək» ifadəsi bağlanılan əhdin dəyişməz olaraq qalacağına işarə edir.
14:2-5; 15-17 — Padşah Asa ‘səcdəgahların’ hamısınımı dağıtdı? Ehtimal ki, yox. Ola bilsin Asa yalançı allahlara ibadət edilən səcdəgahları məhv etdi, lakin Yehovaya ibadət edilən səcdəgahlara dəymədi. Həmçinin ola bilər ki, Asanın hökmranlıq etdiyi sonrakı illərdə o səcdəgahlar yenidən bərpa olundu. Onları Asanın oğlu Yehoşafat məhv etdi. Göründüyü kimi, səcdəgahlar hətta Yehoşafatın hökmranlıq etdiyi dövrdə belə tamamilə aradan qaldırılmamışdı (2 Salnamələr 17:5, 6; 20:31-33).
15:9; 34:6 — İsrail padşahlığı iki hissəyə bölünəndə Şimeon qəbiləsi kimin tərəfində qaldı? Şimeon qəbiləsi irs olaraq Yəhuda qəbiləsinin payına düşən torpaqlar arasında müxtəlif sahələr almışdı. Coğrafi mövqeyinə görə Şimeon qəbiləsi Yəhuda və Binyamin padşahlığının daxilində yerləşirdi (Yeşua 19:1). Lakin dini və siyasi cəhətdən onlar şimal padşahlığının tərəfində idilər. Bə’zi şimeonlular hətta şimala köçmüşdülər (1 Salnamələr 4:42, 43). Beləliklə, şimeonlular onqəbiləli padşahlığın bir hissəsini təşkil edirdilər.
16:13, 14 — Asanın cəsədi yandırıldımı? Yox, Asanın ‘xatirinə yandırılan böyük bir tonqal’ onun cəsədinin deyil, ədviyyatların yandırılmasına işarə edir.
35:3 — Yoşiya müqəddəs sandığı mə’bədə köçürməzdən əvvəl, o harada yerləşirdi? Müqəddəs Kitabda bu haqda heç bir şey deyilmir. Ola bilsin, ya pis padşahlardan biri, ya da mə’bəddə gedən böyük tə’mir işləri zamanı ona zərər vurulmasın deyə, Yoşiya özü onu harasa köçürmüşdü. Müqəddəs Kitabda Süleymanın günlərindən sonra sandıqdan bəhs olunan yeganə yer Yoşiyanın onu mə’bədə köçürməsi ilə bağlıdır.
Bizim üçün ibrət dərsləri:
13:13-18; 14:11, 12; 32:9-23. Yehovaya güvənmək necə də vacibdir!
16:1-5, 7; 18:1-3, 28-32; 21:4-6; 22:10-12; 28:16-22. İmansızlarla və ya yadellilərlə müqavilə bağlamağın və ya ortaq iş görməyin nəticəsi pis olurdu. İmkan daxilində, bizim məsihçi olmayan insanlarla sıx münasibətlərimiz olmamalıdır (Yəhya 17:14, 16; Yaqub 4:4).
16:7-12; 26:16-21; 32:25, 26. Asanın həyatının son ilində məğrur olması onu pis davranmağa təhrik etdi. Uzziyanın məğrurluğu fəlakətlə nəticələndi. Xizqiya Babil elçilərinə mə’bədin xəzinələrini göstərməklə düşüncəsiz, bəlkə də təkəbbürlü davrandı (Yeşaya 39:1-7). Müqəddəs Kitabda xəbərdarlıq edilir: «Əcəldən əvvəl təkəbbür gələr, fəlakətdən əvvəl lovğalıq ruhu gələr» (Süleymanın məsəlləri 16:18).
16:9. Yehova Ona tam ürəklə sadiq olan insanlara dayaqdır. Onlara kömək etmək üçün O, Öz qüvvəsindən istifadə etməyi ürəkdən arzulayır.
18:12, 13, 23, 24, 27. Yehova və Onun niyyətləri haqqında danışaraq biz də Mikeya kimi cəsarətli olmalıyıq.
19:1-3. Hətta Yehovanı mə’yus edəndə belə, O bizdə yaxşı şey axtarır.
20:1-28. Əgər təvazökarlıqla Yehovanın rəhbərliyini axtarırıqsa, əmin ola bilərik ki, O, hökmən bizə cavab verəcək (Süleymanın məsəlləri 15:29).
20:17. ‘Rəbbin xilasını görmək’ üçün biz gərək Allahın Padşahlığını fəal surətdə dəstəkləyək. Hər şeyi öz öhdəmizə götürmək əvəzinə, ümidimizi tamamilə Yehovaya bağlayaraq ‘durmalıyıq’.
24:17-19; 25:14. Bütpərəstlik Yoaş və onun oğlu Amasya üçün tələ oldu. O bu gün də belə tələyə çevrilə bilər, xüsusən tamahkarlıq və millətçilik kimi çətin sezilən formaları ilə daha da təhlükəlidir (Koloslulara 3:5; Vəhy 13:4).
32:6, 7. Ruhani müharibədə iştirak edərkən və ‘Allahın bütün zirehlərini geyinərkən’ biz də cəsarətli və möhkəm olmalıyıq (Efeslilərə 6:11-18).
33:2-9, 12, 13, 15, 16. Ürəkdən tövbə edən adam pis həyat tərzini buraxır və var qüvvəsi ilə Allahın gözündə yaxşı olan şeyləri etməyə can atır. Hətta Menaşşe kimi pislik edən insan səmimi qəlbdən tövbə etsə, Yehova ona mərhəmət göstərəcək.
34:1-3. Uşaq ikən qarşılaşdığımız pis rəftar bizi Allahı tanımaqdan və Ona xidmət etməkdən çəkindirməli deyil. Ola bilsin, uşaq ikən Yoşiyaya onun tövbə etmiş babası Menaşşe müsbət tə’sir göstərmişdir. Onu əhatə edən insanların əksəriyyətinin pis olmasına baxmayaraq, babasının müsbət tə’siri gözəl bəhrələr gətirdi. Kiminsə yaxşı tə’siri bizim də həyatımızda belə rol oynaya bilər.
36:15-17. Yehova şəfqətli və səbirli olsa da, O bu xüsusiyyətləri müəyyən həddə qədər təzahür etdirir. Yehovanın bu pis dünyaya son qoyacağı vaxt sağ qalmaq istəyənlər, Padşahlıq haqqında təbliğ olunan xəbərə hay verməlidirlər.
36:17, 22, 23. Yehovanın sözləri həmişə yerinə yetir (1 Padşahlar 9:7, 8; Yeremya 25:9-11).
Kitab Yoşiyanı hərəkətə təşviq etdi
2 Salnamələr 34:33 ayəsində deyilir ki, «Yoşiya İsraillilərin bütün torpaqlarında iyrənc şeylərin hamısını aradan qaldırdı və İsraildə olanların hamısına özlərinin Allahı Rəbbə qulluq etməyi əmr etdi». Yoşiyanı bunları etməyə nə təşviq etdi? Mirzə Şafan Yehovanın təzəcə tapılmış Qanun kitabını padşaha gətirəndə, Yoşiya onu ucadan oxutdurdu. Bu ona o dərəcədə güclü tə’sir göstərdi ki, o həyatı boyu həqiqi ibadəti dəstəkləyirdi.
Allahın Kəlamını oxumaq və öyrəndiklərimizin üzərində düşünmək bizə güclü tə’sir bağışlaya bilər. Davudun nəslindən olan padşahların nümunəsi üzərində düşünməyimiz məgər bizi Yehovaya güvənənlərin nümunəsini təqlid etməyə və güvənməyənlərin davranış tərzindən qaçınmağa təşviq etmirmi? «İkinci Salnamələr» kitabı bizi həqiqi Allah olan Yehovaya tam sadiq olmağa çağırır. Orada oxuduğumuz mə’lumat həqiqətən də «canlı və tə’sirli»dir (İbranilərə 4:12).
[Haşiyələr]
a Mə’bədin həsr edilməsi ilə bağlı sualların cavablarını və Süleymanın duasından əldə etdiyimiz ibrət dərslərini «Gözətçi Gülləsi»nin 2005-ci ilin 1 avqust sayının 13-16 səhifələrində tapmaq olar.
b Yəhudada rəhbərlik edən padşahların xronoloji siyahısı «Gözətçi Gülləsi»nin 2005-ci ilin 1 avqust sayının 30-cu səhifəsində gətirilir.
[8-ci səhifədəki şəkil]
Tökmə hovuzun altında duran buğaların nəyi təmsil etdiyini bilirsinizmi?
[11-ci səhifədəki şəkillər]
Baxmayaraq ki, uşaqlıqda Yoşiyaya müsbət tə’sir edənlərin sayı az idi, o, böyüyəndə Yehovanın sadiq xidmətçisi oldu.