Yaradılış
8 Allah Nuha və onunla gəmidə olan bütün vəhşi heyvanlara və ev heyvanlarına nəzər saldı*.+ Allah yer üzünə külək göndərdi və su azalmağa başladı. 2 Əngin suların qaynaqları və göyün bəndləri bağlandı, göydən yağan leysan yağış dayandı.+ 3 Su çəkilməyə başladı, yüz əlli gündən sonra isə su xeyli azaldı. 4 Yeddinci ay, ayın on yeddinci günündə gəmi Ararat* dağlarında dayandı. 5 Sular onuncu aya qədər azalmağa davam etdi. Onuncu ayın birinci günü dağların zirvəsi göründü.+
6 Qırx gün keçəndən sonra Nuh gəmidə düzəltdiyi pəncərəni+ açıb 7 bir quzğun buraxdı. Yer üzündə su quruyana qədər quzğun uçub geri qayıdırdı.
8 Sonra o, suyun yer üzündən çəkilib-çəkilmədiyini öyrənmək üçün bir göyərçin buraxdı. 9 Göyərçin qonmağa yer tapmayıb gəmiyə qayıtdı, çünki yer üzü hələ də su idi.+ Nuh əlini uzadıb göyərçini içəri saldı. 10 O, daha yeddi gün gözləyib göyərçini bir də buraxdı. 11 Göyərçin axşam uçub gələndə dimdiyində təzəcə qoparılmış zeytun yarpağı gətirdi. Bundan Nuh bildi ki, su yer üzündən çəkilib.+ 12 Yeddi gün də gözləyib göyərçini bir də buraxdı, göyərçin daha onun yanına qayıtmadı.
13 Nuhun ömrünün altı yüz birinci ilində,+ birinci ayın birinci günündə su artıq çəkilmişdi. Nuh gəminin damındakı qapağı qaldırdı və baxıb gördü ki, torpaq quruyur. 14 İkinci ayın iyirmi yeddinci gününə kimi isə torpaq tamamilə qurudu.
15 Allah Nuha dedi: 16 «Arvadın, oğulların və gəlinlərinlə birlikdə gəmidən çıx.+ 17 Bütün canlıları: qanadlı məxluqları, ev heyvanlarını və yerdəki sürünən heyvanları da çıxart.+ Qoy onlar törəyib artsınlar, yer üzündə çoxalsınlar».+
18 Onda Nuh oğulları,+ arvadı və gəlinləri ilə birlikdə gəmidən çıxdı. 19 Bütün canlılar — sürünən heyvanlar, qanadlı məxluqlar, yerin bütün heyvanları dəstə-dəstə gəmidən çıxdı.+ 20 Nuh Yehovanın adına bir qurbangah düzəltdi,+ bütün pak heyvanlardan və bütün qanadlı pak məxluqlardan+ götürüb qurbangahda yandırma qurbanı kimi təqdim etdi.+ 21 Yehova xoş ətri duydu. Buna görə də Yehova ürəyində dedi: «Bir də heç vaxt insana görə torpağı lənətləməyəcəyəm,+ çünki ağlı kəsəndən insanın ürəyi pisliyə meyilli olur.+ İndi elədiyim kimi bir də canlıların hamısını məhv etməyəcəyəm.+ 22 Bundan sonra yer üzündə heç vaxt əkinin-biçinin, istinin-soyuğun, yayın-qışın, gecənin-gündüzün sonu olmayacaq».+