Romalılara
3 Belə isə, yəhudi olmağın hansı üstünlüyü, yaxud sünnətin hansı faydası var? 2 Hər cəhətdən böyük üstünlüyü və faydası var. Əvvəla, ona görə ki, yəhudilərə Allahın müqəddəs sözləri əmanət edilmişdir.+ 3 Bəs bu, necə olur? Axı bəzi yəhudilər iman etmədilər. Onda elə çıxır ki, daha Allaha etibar etmək olmaz? 4 Əsla! Hər kəs yalançı çıxsa+ da, Allah doğrudur.+ Necə ki yazılıb: «Odur ki, Sənin sözlərin haqdır və Sən məhkəmədə qələbə qazanacaqsan».+ 5 Bəs bizim haqsızlığımız Allahın doğruluğunu təsdiq edirsə, onda nə deyək? Məgər Allah qəzəbini yağdıranda ədalətsizlik edir? (Bunu bir insan kimi deyirəm.) 6 Əsla! Allah ədalətsiz olsa, dünyanı necə mühakimə edə bilər?+
7 Bir də ki əgər mənim yalanım Allahın həqiqətini daha aydın büruzə verib Ona şərəf gətirirsə, onda mən niyə günahkar kimi mühakimə olunmalıyam? 8 Nə üçün belə deməyək: «Gəlin pislik edək ki, axırı yaxşı olsun»? Bəziləri bizə şər atır ki, guya biz belə deyirik. O adamlara kəsilən hökm ədalətlidir.+
9 Belə isə, nə deyək? Bizim nədə isə üstünlüyümüz varmı? Xeyr! Yuxarıda dediyimiz kimi, hamı: yəhudilər də, yunanlar da günahın əsarəti altındadır.+ 10 Necə ki yazılıb: «Bir nəfər də olsun saleh adam yoxdur.+ 11 Dərk edən, Allahı axtaran bir kimsə yoxdur. 12 Hamı yolunu azıb, heç kimdən bir xeyir gəlmir. Bir nəfər də olsun yaxşılıq edən yoxdur».+ 13 «Boğazları açıq qəbirdir, dillərində doğru söz yoxdur».+ «Ağızlarında gürzə zəhəri var».+ 14 «Onlar acıdildirlər, ağızları lənətlə doludur».+ 15 «Ayaqları qan tökməyə tələsir».+ 16 «Yollarında ancaq viranəlik, dərd-bəla var, 17 onlar sülh yolunu tanımırlar».+ 18 «Allah qorxusu bilmirlər».+
19 Bildiyimiz kimi, Qanunda deyilən hər şey Qanunun tabeliyində olanlara ünvanlanır. Belə ki, hər dil susdurulsun, bütün dünya Allahın qarşısında təqsirkar çıxsın.+ 20 Buna görə də Qanunun tələblərini icra edən heç bir adam Allahın qarşısında saleh bilinməyəcək,+ çünki qanun günahın nə olduğunu tam açıqlayır.+
21 Lakin indi aydın oldu ki, qanuna riayət etmədən də Allahın nəzərində saleh sayılmaq mümkündür.+ Bu barədə Tövratda* və Peyğəmbərlərin kitabında da deyilir.+ 22 Bəli, İsa Məsihə iman gətirməklə hər kəs Allahın nəzərində saleh sayıla bilər. Çünki insanlar arasında heç bir fərq yoxdur.+ 23 Hamı günah işləyib, heç kəs Allahın calalını əks etdirə bilmir.+ 24 Lakin onlar Məsih İsanın ödədiyi fidyə vasitəsilə+ qurtulub saleh sayılırlar.+ Bu, Allahın Öz lütfü sayəsində verdiyi bir ənamdır.+ 25 Allah Oğlunu qurban verdi ki, onun axıdılmış qanına+ gətirilən iman sayəsində insanları Özü ilə barışdırsın.+ Allah bunu Öz ədalətini nümayiş etdirmək üçün etdi, çünki Allah səbir göstərib keçmişdə işlənmiş günahları bağışlayırdı. 26 Bu, həm də onun üçün idi ki, İsaya iman gətirən adamı saleh+ sayarkən bu dövrdə də Öz ədalətini nümayiş etdirsin.+
27 Beləliklə, öyünməyə əsasımız varmı? Yoxdur! Hansı qanuna əsasən yoxdur? Əməllərin icrasını tələb edən qanuna görə?+ Xeyr, iman tələb edən qanuna görə. 28 Biz belə qənaətə gəldik ki, insan qanunun tələb etdiyi əməllərdən asılı olmayaraq, imana əsasən saleh sayılır.+ 29 Məgər Allah yalnız yəhudilərin Allahıdır?+ Məgər O, digər xalqların da Allahı deyil?+ Bəli, digər xalqların da Allahıdır.+ 30 Əlbəttə, Allah təkdir+ və O, sünnətliləri imana əsasən,+ sünnətsizləri imanları sayəsində+ saleh sayacaq. 31 Onda elə çıxır ki, biz imanımızla qanunu ləğv edirik? Əsla! Əksinə, biz qanunu təsdiq edirik.+