Hamının ehtiyac duyduğu xoş xəbər
«[Xoş xəbər] imanı olan hər kəsin... xilasa yetişə bilməsi üçün Allahın əlində güclü bir vasitədir» (ROM. 1:16).
1, 2. Nəyə görə sən «Allahın padşahlığı haqqında xoş xəbəri» təbliğ edirsən və çox vaxt onun hansı yönlərindən danışırsan?
«XOŞ XƏBƏRİ hər gün insanlarla bölüşmək, həqiqətən də, sevindiricidir!» Ola bilsin, sən də ürəyində nə vaxtsa belə fikirləşmisən və ya bu sözləri demisən. Yəqin ki, Yehovanın sadiq xidmətçisi kimi, «Padşahlıq haqqındakı bu xoş xəbər»i insanlara çatdırmağın nə qədər vacib olduğunu dərk edirsən. Bəlkə də, İsa Məsihin bu barədə söylədiyi peyğəmbərliyi əzbər bilirsən (Mat. 24:14).
2 «Allahın padşahlığı haqqında xoş xəbəri» təbliğ etməklə sən İsanın başladığı işi davam etdirirsən. (Luka 4:43 ayəsini oxu.) Yəqin, çox vaxt təbliğdə Allahın tezliklə bəşəriyyətin işlərinə qarışacağı, yəni «böyük müsibət» zamanı yalan dini məhv edəcəyi və pisliyi tamamilə yer üzündən siləcəyi haqda danışırsan (Mat. 24:21). Ola bilsin, sən Allahın Padşahlığının yer üzündə Cənnəti bərpa edəcəyini və insanların sülh və xoşbəxtlik içində yaşayacaqlarını da deyirsən. Əslinə qalsa, «Allahın padşahlığı haqqında» xoş xəbər qədimdə İbrahimə bəyan edilmiş xoş xəbərin bir hissəsidir. Allah ona demişdi: «Bütün xalqlar sənin vasitənlə xeyir-dua alacaq» (Qalat. 3:8).
3. Həvari Pavelin romalılara ünvanladığı məktubda «xoş xəbər» ifadəsini xüsusilə qeyd etdiyi nədən görünür?
3 Amma hərdən elə olur ki, insanların ehtiyac duyduğu xoş xəbəri təbliğ edərkən onun əsas hissəsinə az diqqət yetiririk. Həvari Pavel Romadakı məsihçilərə ünvanladığı məktubda «padşahlıq» sözünü bir dəfə istifadə etdiyi halda, «xoş xəbər» ifadəsini 12 dəfə işlədir. (Romalılara 14:17 ayəsini oxu.) Pavel bu məktubda xoş xəbərin hansı hissəsinə tez-tez istinad edir? Nəyə görə xoş xəbərin bu hissəsi böyük əhəmiyyət kəsb edir? «Allahın xoş xəbərini» başqaları ilə bölüşərkən nəyə görə bunu yadda saxlamalıyıq? (Mark 1:14; Rom. 15:16; 1 Salon. 2:2).
Romadakı məsihçilər nəyi bilməli idilər?
4. İlk dəfə Romada həbsdə olarkən Pavel nələr barədə təbliğ edirdi?
4 Pavel ilk dəfə Romada həbsdə olarkən əsasən nə barədə təbliğ etməsindən biz çox şey öyrənə bilərik. Biz oxuyuruq ki, yəhudilər Pavelə baş çəkməyə gələndə o, 1) «Allahın padşahlığı haqqında ətraflı şəhadət verdi» və 2) «İsa haqqında danılmaz sübutlar gətirib... hər şeyi onlara izah etdi». Pavelin sözləri onlara necə təsir etdi? «Bəziləri deyilənlərə inandı, bəziləri isə inanmadı». Pavel bundan sonra da «yanına gələnləri səmimi qəlbdən qəbul edir, onlara [1] Allahın padşahlığı haqqında danışır, [2] Ağamız İsa Məsih haqqında... təlim verirdi» (Həv. iş. 28:17, 23—31). Tamamilə aydındır ki, Pavel Allahın Padşahlığı mövzusuna böyük önəm verirdi. Lakin bundan başqa, o, bu mövzunun əsas hissəsi olan İsanın Allahın niyyətindəki rolunu vurğulayırdı.
5. Pavel romalılara məktubunda nəyin vacibliyini vurğulayır?
5 Bütün insanlar İsa haqqında bilməli və ona iman gətirməlidirlər. Bunun vacibliyini Pavel romalılara yazdığı məktubda vurğulayır. Məktubun əvvəlində o, «Oğul haqqındakı xoş xəbər uğrunda canla-başla çalışaraq» ibadət etdiyi Allah haqqında yazır və sonra əlavə edir: «Mən xoş xəbəri bəyan etməkdən utanmıram. Çünki o, imanı olan hər kəsin... xilasa yetişə bilməsi üçün Allahın əlində güclü bir vasitədir». Bunda sonra o, təbliğ etdiyi xoş xəbərə əsasən, Allahın «insanların gizli işlərini Məsih İsa vasitəsilə» mühakimə edəcəyi vaxtdan danışır və deyir: «Mən Məsih haqqındakı xoş xəbəri Yerusəlimdən ta İllirikə qədər olan bütün ərazidə təbliğ etdim»a (Rom. 1:9, 16; 2:16; 15:19). Səncə, nəyə görə Pavel Romadakı məsihçilərə yazdığı məktubda əsas fikri İsa Məsihə yönəldir?
6, 7. Romada yığıncağın yaranması və onun üzvləri barədə hansı məlumatımız var?
6 Romadakı yığıncağın necə yarandığını biz dəqiq bilmirik. Lakin bu barədə bir neçə ehtimal var. Ola bilsin, xoş xəbəri Romaya eramızın 33-cü ilində Əllinci gün bayramında iştirak edən yəhudilər, yaxud prozelitlər gətirmişdilər (Həv. iş. 2:10). Ya da bu, ticarətlə məşğul olan və ya səyahət edən məsihçilər ola bilərdi. Hər necə olursa-olsun, Pavel təxminən eramızın 56-cı ilində bu məktubu yazanda artıq uzun müddət idi ki, Romada məsihçi yığıncağı fəaliyyət göstərirdi (Rom. 1:8). Bu yığıncağın üzvləri hansı millətlərə mənsub idilər?
7 Onların bəziləri yəhudi idi. Məsələn, Pavel Androniklə Yuniası salamlayarkən onları «qohum» adlandırdı. Görünür, Pavel onların da yəhudi olduğunu demək istəyirdi. Çadır düzəltməklə məşğul olan Akila və onun həyat yoldaşı Priskilla da yəhudi idilər (Rom. 4:1; 9:3, 4; 16:3, 7; Həv. iş. 18:2). Amma görünür, Pavelin salam göndərdiyi bacı-qardaşların əksəriyyəti başqa millətlərin nümayəndələri idi. Ola bilsin, bəziləri «imperatorun ev əhli»nə mənsub idi, yəni imperatorun qulları və ya adi məmurlar idi (Filip. 4:22; Rom. 1:6; 11:13).
8. Romadakı məsihçilər hansı acınacaqlı vəziyyətdə idilər?
8 Milliyyətindən asılı olmayaraq, Romadakı bütün məsihçilər, elə bizim kimi, acınacaqlı vəziyyətdə idilər. Pavel bunu belə izah edir: «Hamı günah işlədi və Allahın şöhrətini əks etdirə bilmədi» (Rom. 3:23). Aydın məsələdir ki, Pavelin məktubunu oxuyan hər kəsdən nəsə etmək tələb olunurdu. Onlar günahlı olduqlarını qəbul etməli və Allahın onları bu vəziyyətdən qurtarmaq üçün gördüyü tədbirə iman gətirməli idilər.
Günahlı olduğumuzu qəbul etməliyik
9. Pavelin sözlərinə əsasən, xoş xəbərə iman edənlər nəyə nail ola bilərlər?
9 Məktubunun əvvəlində Pavel haqqında dönə-dönə danışdığı xoş xəbərin gətirdiyi gözəl nəticədən söz açır. O deyir: «Mən xoş xəbəri bəyan etməkdən utanmıram. Çünki o, imanı olan hər kəsin, əvvəlcə yəhudinin, sonra yunanın xilasa yetişə bilməsi üçün Allahın əlində güclü bir vasitədir». Bəli, xilasa yetişmək mümkün idi. Lakin bunun üçün iman tələb olunurdu. İmanın nə qədər vacib olduğunu Pavelin Habaqquq 2:4 ayəsindən sitat gətirdiyi sözlərdən görürük: «Saleh imanı sayəsində yaşayacaq» (Rom. 1:16, 17; Qalat. 3:11; İbr. 10:38). Bəs xilasa aparan xoş xəbərlə hamının günahlı olması arasında hansı əlaqə var?
10, 11. Nəyə görə Romalılara 3:23 ayəsində yazılan sözlər bəzilərinə adi, bəzilərinə isə qəribə gəlir?
10 Həyatını xilas edə biləcək iman inkişaf etdirməzdən öncə insan günahlı olduğunu qəbul etməlidir. Uşaqlıqdan Allaha inanan və Müqəddəs Kitab haqda azdan-çoxdan məlumatı olanlar üçün bu, qeyri-adi fikir deyil. (Vaiz 7:20 ayəsini oxu.) Onlar razı olsalar da, olmasalar da, ən azından, Pavelin «hamı günah işlədi» deyərkən nəyi nəzərdə tutduğunu başa düşürlər (Rom. 3:23). Ancaq hərdən xidmətdə biz bu sözlərin mənasını anlamayan insanlarla da qarşılaşırıq.
11 Bəzi ölkələrdə insanlar günahlı doğulduqlarından, yəni günahı miras aldıqlarından bixəbərdirlər. Ola bilsin, onlar bəzən səhvlərə yol verdiklərini, xasiyyətlərində hansısa xoşagəlməz cəhətlərin olduğunu və nə vaxtsa pis iş gördüklərini boyunlarına alırlar. Onlar başqalarının da belə vəziyyətdə olduğunu görürlər. Bununla belə, böyüdükləri mühit ucbatından onlar həm özlərinin, həm də başqalarının nəyə görə belə vəziyyətdə olduqlarını başa düşə bilmirlər. Hətta bəzi dillərdə «günahlı» sözü altında insanın cinayətkar olduğu və ya ən azı, onun hansısa qaydanı pozduğu nəzərdə tutulur. Aydın məsələdir ki, belə şəraitdə tərbiyə almış insan üçün Pavelin nəzərdə tutduğu mənada özünü günahlı hesab etmək çətin ola bilər.
12. Nəyə görə çoxları hamının günahlı olduğuna inanmır?
12 Hətta Xristian ölkələrində yaşayan bir çox insanlar belə günahlı olduqlarını qəbul etmirlər. Nəyə görə? Onlar vaxtaşırı olaraq kilsəyə getsələr də, Müqəddəs Kitabda Adəmlə Həvva barədə yazılanları nağıl və əfsanə hesab edirlər. Digərləri isə insanların Allahın varlığına inanmadığı və ya buna şübhə ilə yanaşdığı mühitdə böyümüşlər. Bu səbəbdən onlar Allahın insanlar üçün əxlaq normaları təsis etdiyini və bu normaları pozmağın günah olduğunu başa düşmürlər. Müəyyən mənada onlar, Pavelin birinci əsrdə yaşayan bəzi insanlar haqda dediyi kimi, «bu dünyada ümidsiz və Allahsız»dırlar (Efes. 2:12).
13, 14. a) Allahın mövcudluğuna inanmayan və günahlı olduqlarını qəbul etməyən insanlara nəyə görə «haqq qazandırmaq» mümkün deyil? b) İmansızlıq çoxlarını nəyə təhrik edib?
13 Lakin insanların böyüdüyü mühit, bu gün olduğu kimi, o vaxt da onlara haqq qazandırmırdı. Nəyə görə? Pavel bunun iki səbəbini açıqlayır. Birincisi, xilqət Yaradanın mövcudluğuna şahidlik edir. (Romalılara 1:19, 20 ayələrini oxu.) Bu, Pavelin Romada olarkən ibranilərə yazdığı sözlərə uyğun gəlir: «Hər bir ev kimsə tərəfindən tikilir, hər şeyi tikən isə Allahdır» (İbr. 3:4). Pavelin yürütdüyü mülahizə Kainatın bir Şəxs tərəfindən yaradıldığına işarə edir.
14 Buna görə də Pavel əsaslı olaraq bildirir ki, qədimdə yaşayan israillilər də daxil olmaqla, cansız bütlərə səcdə edən insanların heç birinə «haqq qazandırmaq» mümkün deyil. Bunu qeyri-təbii cinsi əlaqəyə girənlərə də şamil etmək olar (Rom. 1:22—27). Buna görə də Pavel tamamilə haqlı olaraq belə bir nəticəyə gəlmişdi ki, «yəhudilər də, yunanlar da günahın əsarəti altındadır»lar (Rom. 3:9).
Şahidlik edən vicdan
15. Bütün insanlarda nə var və o, necə fəaliyyət göstərir?
15 İnsanlar günahlı olduqlarını və bu acınacaqlı vəziyyətdən çıxış yoluna ehtiyac duyduqlarını nəyə görə qəbul etməlidirlər? «Romalılara məktub»da bunun ikinci səbəbi açıqlanır. Pavel Allahın qədim İsrail xalqına verdiyi qanunlar barədə yazır: «Qanunun tabeliyində olub günah işləyənlərin hamısı Qanun vasitəsilə məhkum ediləcəklər» (Rom. 2:12). Sözünə davam edərək o qeyd edir ki, Allahın bu qanunlarından xəbəri olmayan başqa millətlərdən və xalqlardan olan insanlar çox vaxt «Qanunun tələblərinə sövqi-təbii» əməl edirlər. Nəyə görə belə xalqlarda ümumilikdə yaxın qohumlar arasında cinsi əlaqə, qatillik və oğurluq qadağan olunub? Çünki Pavelin yazdığı kimi, onlarda vicdan var. (Romalılara 2:14, 15 ayələrini oxu.)
16. Nəyə görə vicdanın olması insanın onun səsinə qulaq asacağına zəmanət vermir?
16 Bununla belə, yəqin, fikir vermisən ki, daxili şahid kimi fəaliyyət göstərən vicdanın olması insanın onun səsinə qulaq asacağına zəmanət vermir. Qədim İsrail xalqı buna bir sübutdur. Allah onlara həm vicdan, həm də oğurluğu və əxlaqsızlığı qadağan edən konkret qanunlar vermişdi. Ancaq israillilər dəfələrlə həm vicdanlarına qarşı çıxmış, həm də Yehovanın Qanununu pozmuşdular (Rom. 2:21—23). Onlar ikiqat günahlı idilər, buna görə də Allahın normalarına və iradəsinə müvafiq deyildilər. Bu, onların Yaradanları ilə münasibətlərinə ciddi zərər vurmuşdu (Lev. 19:11; 20:10; Rom. 3:20).
17. «Romalılara məktub» bizə necə təsəlli verir?
17 «Romalılara məktub»da yazılanları araşdırdıqdan sonra bizdə elə təəssürat yarana bilər ki, biz də daxil olmaqla, bütün bəşəriyyətin Külli-İxtiyar Allah qarşısındakı vəziyyəti çıxılmazdır. Amma Pavel sözünü bu yerdə bitirmir. O, Məzmur 32:1, 2 ayələrində yazılan Davudun sözlərini sitat gətirir: «Təqsirləri bağışlanmış və günahları əfv edilmiş adamlar nə xoşbəxtdirlər! Günahı Yehova tərəfindən hesaba alınmayan insan nə xoşbəxtdir!» (Rom. 4:7, 8). Bəli, günahlarımızın bağışlanması üçün Allah qanuni əsas təqdim edib.
Xoş xəbərin əsas hissəsi — İsa Məsih
18, 19. a) Pavel Romadakı məsihçilərə yazdığı məktubda xoş xəbərin hansı hissəsini vurğulayır? b) Padşahlığın gətirəcəyi xeyir-duaları dadmaq üçün biz nəyi qəbul etməliyik?
18 Bizi xilas etmək üçün Yehovanın gördüyü tədbir haqda düşünəndə, yəqin ki, ürəyimizdən: «Bu, həqiqətən də, xoş xəbərdir!» — sözlərini demək keçir. İndi isə gəlin Pavelin bu məktubda dəfələrlə qeyd etdiyi xoş xəbərin vacib hissəsinə yenidən nəzər salaq. Yuxarıda qeyd olunduğu kimi, Pavel yazmışdı: «Mən xoş xəbəri bəyan etməkdən utanmıram. Çünki o, imanı olan hər kəsin... xilasa yetişə bilməsi üçün Allahın əlində güclü bir vasitədir» (Rom. 1:15, 16).
19 İsanın Allahın niyyətindəki rolu bu xoş xəbərin əsasını təşkil edir. Pavel yazır ki, təbliğ etdiyi xoş xəbərə əsasən, Allahın «insanların gizli işlərini Məsih İsa vasitəsilə» mühakimə edəcəyi vaxtı səbirsizliklə gözləyir (Rom. 2:16). Bununla o, «Məsihin və Allahın» Padşahlığının və ya Allahın bu Padşahlıq vasitəsilə edəcəyi işlərin vacibliyini azaltmaq istəmirdi (Efes. 5:5). O sadəcə göstərdi ki, əbədi yaşamaq və Allahın Padşahlığının gətirəcəyi xeyir-duaları dadmaq üçün biz, birincisi, Allahın gözündə günahlı olduğumuzu, ikincisi, günahlarımızın bağışlanması üçün İsa Məsihə iman etməyin vacibliyini qəbul etməliyik. İnsan Allahın niyyətinin bu yönlərini başa düşüb onları qəbul edəndə, o cümlədən bunun ona hansı ümidi verdiyini anlayanda tam əsaslı olaraq: «Bax, bu, həqiqətən də, xoş xəbərdir!» — deyə nida edəcək.
20, 21. Nəyə görə təbliğ edərkən «Romalılara məktub»da xoş xəbərin tez-tez vurğulandığı hissəni yadda saxlamalıyıq və bu, hansı xeyir-duaları gətirir?
20 Təbliğ edərkən biz xoş xəbərin bu hissəsini yadda saxlamalıyıq. İsanı nəzərdə tutaraq Pavel Yeşayanın növbəti sözlərini sitat gətirir: «İmanını onun üzərində quran heç vaxt peşman olmayacaq» (Rom. 10:11; Yeşaya 28:16). Müqəddəs Kitabda günah haqqında deyilənlər barədə az da olsa məlumatı olan insanlara, ola bilsin, İsa haqqında olan vacib xəbər tanışdır. Digərləri üçün isə bu xəbər yeni ola bilər; ola bilsin, onların mədəniyyətində bu məlum deyil və ya insanların çoxu buna inanmır. Belə insanlar Allaha inanmağa və Müqəddəs Yazılara etibar etməyə başlayanda biz gərək İsanın rolunu onlara izah edək. Növbəti məqalədə «Romalılara məktub»un 5-ci fəslinin xoş xəbərin bu hissəsini necə açıqladığını araşdıracağıq. Oradakı fikirlər xidmətin üçün faydalı ola bilər.
21 «Romalılara məktub»da tez-tez xatırlanan xoş xəbərin «imanı olan hər kəsin... xilasa yetişə bilməsi üçün» Allahın əlində güclü bir vasitə olduğunu səmimi-qəlbli insanlara başa düşməyə kömək etmək necə də böyük xeyir-dualar gətirir! (Rom. 1:16). Həmçinin biz Pavelin Romalılara 10:15 ayəsində sitat gətirdiyi sözlərə başqalarının da şərik olduğunu görəcəyik: «Yaxşı şeylər haqqında xoş xəbəri bəyan edənlərin ayaqları nə gözəldir!» (Yeşaya 52:7).
[Haşiyə]
a Eyni ifadələrə Müqəddəs Yazıların digər kitablarında da rast gəlmək olar. Mark 1:1; Həv. iş. 5:42; 1 Kor. 9:12; Filip. 1:27 ayələrinə bax.
Yadınızdadırmı?
• «Romalılara məktub»da xoş xəbərin hansı hissəsi vurğulanır?
• Biz insanlara nələri başa düşməyə kömək etməliyik?
• «Məsih haqqındakı xoş xəbər»in bizə və başqalarına xeyir-dua gətirməsi üçün nə etməliyik?
[8 səhifədəki şəkil]
«Romalılara məktub»da haqqında danışılan xoş xəbər İsanın Allahın niyyətindəki vacib rolunu vurğulayır
[9 səhifədəki şəkil]
Biz hamımız ölümlə nəticələnən qüsuru — günahı miras almışıq!