Lavililər
20 Yehova sözünə davam edib Musaya dedi: 2 «İsraillilərə belə söylə: “İstər israilli olsun, istər İsraildə yaşayan yadelli, kim övladını Molekə verərsə, hökmən öldürülməlidir.+ Qoy ölkənin camaatı onu daşqalaq eləsin. 3 Belə adama Mən Özüm qənim kəsiləcəyəm, onu xalqın arasından yox edəcəyəm, çünki övladını Molekə verməklə o, Mənim müqəddəs məkanımı murdarlayıb,+ müqəddəs adıma ləkə gətirib. 4 Ölkənin camaatı övladını Molekə verənin hərəkətinə göz yumar, onu öldürməzsə,+ 5 onda Mən Özüm ona və ailəsinə qənim kəsiləcəyəm.+ Onu da, onunla birlikdə Moleklə zina edənləri də xalqın arasından yox edəcəyəm*.
6 Cindara+ üz tutub, baxıcı+ yanına gedib Mənə xəyanət edən* adama qənim kəsiləcək, onu xalqın arasından yox edəcəyəm.+
7 Özünüzü pak saxlayıb müqəddəs olun,+ çünki Mən sizin Allahınız Yehovayam. 8 Mənim qanunlarıma riayət edin.+ Mən Yehovayam, sizi müqəddəs xalq edən Allah.+
9 Atasına və ya anasına lənət edən hökmən öldürülməlidir.+ Ata-anasını lənətlədiyinə görə onun qanı öz boynunadır.
10 Başqasının arvadı ilə zina edənlərə dair qanun belədir: başqasının arvadı ilə zina edən hökmən öldürülməlidir. Hər ikisi, həm kişi, həm də qadın öldürülməlidir.+ 11 Atasının arvadı ilə yaxınlıq edən atasının namusuna toxunmuş olur.+ Zinakarların ikisi də hökmən öldürülməlidir. Qanları da öz boyunlarınadır. 12 Qayınata gəlini ilə yaxınlıq edərsə, ikisi də hökmən öldürülməlidir. Onlar azğınlıq ediblər*. Qanları da öz boyunlarınadır.+
13 Kişi qadınla yaxınlıq etdiyi kimi, kişi ilə yaxınlıq edərsə, hər ikisi iyrənclik etmiş olarlar.+ Onların ikisi də hökmən öldürülməlidir. Qanları da öz boyunlarınadır.
14 Kimsə aldığı qızın anası ilə yaxınlıq edərsə, bu, rəzillikdir.+ Kişi də, qadınlar da yandırılmalıdırlar ki,+ aranızda rəzillik baş alıb getməsin.
15 Hansısa kişi heyvanla əlaqəyə girərsə, hökmən öldürülməlidir. Heyvanı da öldürmək lazımdır.+ 16 Əgər hansısa qadın heyvanla əlaqəyə girmək istəyərsə,+ qadın da, heyvan da öldürülməlidir. Onlar hökmən öldürülməlidirlər. Qanları da öz boyunlarınadır.
17 Kiminsə, istər atabir olsun, istər anabir, öz bacısını alıb onunla yaxınlıq etməsi rüsvayçılıqdır.+ Onlar xalqın gözü qarşısında öldürülməlidirlər. Belə adam bacısının namusuna toxunmuş olur. O, öz günahına görə cavab verməlidir.
18 Kimsə aybaşı olan qadınla yaxınlıq edərsə, ikisi də qana hörmətsizlik göstərmiş olarlar.+ Onların heç birinə xalqın arasında yer yoxdur, onlar ölməlidir.
19 Xala ilə, yaxud bibi ilə yaxınlıq etmək olmaz, çünki bu, qan qohumunun namusuna toxunmaq deməkdir.+ Onlar günahlarına görə cavab verməlidirlər. 20 Əmidostusu ilə yaxınlıq edən əmisinin namusuna toxunmuş olur.+ Onlar günahlarına görə cavab verməlidirlər. Onlar uşaqsız öləcəklər. 21 Qardaşının arvadını alan mənfur iş tutur.+ O, qardaşının namusuna toxunmuş olur. Onların uşaqları olmayacaq.
22 Mənim bütün qanunlarıma və hökmlərimə riayət etməlisiniz ki,+ sizi yaşamaq üçün apardığım torpaqdan dərbədər olmayasınız.+ 23 Qarşınızdan qovduğum xalqların qayda-qanunları ilə getməyin,+ çünki onlar bütün bu əməlləri özlərinə peşə ediblər, odur ki, Mən onlardan ikrah edirəm.+ 24 Elə buna görə də sizə demişdim: “Onların torpağına sahib olacaqsınız, süd-bal axan o diyarı sizə mülk olaraq verəcəyəm.+ Mən sizi başqa xalqlardan ayıran Allahınız Yehovayam”.+ 25 Siz pak heyvanla napak heyvanı, pak quşla napak quşu bir-birindən ayırd eləməlisiniz.+ Sizin üçün napak buyurduğum heyvanı, quşu və ya yerdə sürünən canlını yeyib özünüzü iyrənc hala salmayın.+ 26 Mənə məxsus olanlar kimi müqəddəs olun, çünki Mən Yehova müqəddəsəm.+ Mən sizi başqa xalqlardan ayırıram ki, Mənim olasınız.+
27 Cindarlıq, yaxud baxıcılıq edən kişi və ya qadın hökmən öldürülməlidir.+ Onları daşqalaq etmək lazımdır. Qanları da öz boyunlarına olacaq”».