Yehovanın Kəlamı canlıdır
“Levililər” kitabından diqqətəlayiq fikirlər
İSRAİLLİLƏRİN Misir əsarətindən azad olunduqları vaxtdan hələ bir il keçməyib. Yeni xalq kimi təşkil olunmuş israillilər indi Kən’an diyarına sarı yola düşüblər. Yehovanın niyyətinə görə həmin diyarda müqəddəs xalq yaşamalıdır. Lakin kən’anlıların həyat tərzi və dini ən’ənələri bu xalqın həddindən artıq günaha batdığına şəhadət edir. Buna görə də, həqiqi Allah israillilərin yığıncağına bə’zi göstərişlər verir ki, onların icrası israilliləri Allaha xidmət etmək üçün başqalarından fərqləndirir. Bu göstərişlər Sina səhrasında Musa peyğəmbər tərəfindən, ehtimal ki, b. e. ə. 1512-ci ildə yazılan “Levililər” kitabında qeyd edilmişdir. Kitabdakı hadisələr bir qəməri aydan artıq olmayan müddəti əhatə edir (Çıxış 40:17; Saylar 1:1-3). Yehova Öz xidmətçilərini dəfələrlə müqəddəsliyi qorumağa çağırır (Levililər 11:44; 19:2; 20:7, 26).
Yehovanın müasir Şahidləri Allahın Musanın vasitəsilə verdiyi Qanunun altında deyillər. Həmin Qanun İsa Məsihin ölümü ilə ləğv olundu (Romalılara 6:14; Efeslilərə 2:11-16). Lakin “Levililər” kitabına daxil edilən göstərişlər Allahımız Yehovaya ibadət etməyə dair bizə çox şey öyrədə bilər.
KÖNÜLLÜ VƏ MƏCBURİ GƏTİRİLƏN MÜQƏDDƏS TƏQDİMƏLƏR
Qanunda xatırlanan təqdimə və qurbanların bə’ziləri könüllü, digərləri isə məcburi idi. Məsələn, yaxılan təqdimə Allaha bütöv şəkildə gətirilən könüllü qurban idi. Buna bənzər şəkildə, İsa Məsih özünü bütöv şəkildə könüllü olaraq fidiyə qurbanı kimi verdi. Könüllü olaraq gətirilən əmin-amanlıq qurbanı hissələrə bölünürdü. Qurbanın bir hissəsini qurbangahda Allah üçün yandırırdılar, qalan iki hissəsini isə kahin və qurbanı gətirən yeyirdi. Bu, məsh edilmiş məsihçilərin Məsihin ölümünün Xatirə Gecəsində simvollardan qəbul etmələrini xatırladır (1 Korinflilərə 10:16-22).
Günah və təqsirkarlıq təqdiməsi məcburi təqdimələr idi. Günah təqdiməsi Allaha qarşı qəsdən işlədilməyən günahların yuyulması üçün gətirilirdi. İnsan təqsirkarlıq təqdiməsini kiminsə haqqını pozduğuna görə gətirirdi, bu təqdimə həmçinin tövbə edən günahkarın müəyyən haqlarını bərpa edə bilərdi. Bu təqdimə sadalanan hər iki funksiyanı dərhal yerinə yetirə bilərdi. Çörək təqdiməsi Yehovanın səxavətli olduğunu e’tiraf etməyə xidmət edirdi. Bütün bunlar bizim üçün maraq kəsb edir, çünki Qanun əhdinə görə tələb olunan qurbanlar İsa Məsihə və onun qurbanlığına, həmçinin bu qurbanlıq sayəsində mümkün olan xeyir-dualara işarə edirdi (İbranilərə 8:3-6; 9:9-14; 10:5-10).
Müqəddəs Kitab suallarına cavablar:
2:11, 12 — Nəyə görə israillilər Yehovaya qurban olaraq bal yandırmalı deyildilər? Söhbət burada arı balından gedə bilməzdi. Balı qurban kimi yandırmağa icazə verilməsə də, bal “tarla məhsulunun novbarlarına” daxil idi (2 Tarixlər 31:5). Görünür, burada “bal” sözü altında meyvə şirəsi, yaxud meyvə siropu nəzərdə tutulurdu. Bal isə qıcqıra bildiyi üçün, onu qurbangaha qoyulan qurban kimi gətirmək olmazdı.
2:13 — Nəyə görə “bütün təqdimələrin üzərində” duz gətirmək lazım idi? Bu, qurbanın dadını yaxşılaşdırmaq məqsədilə edilmirdi. Bütün dünyada duzdan qoruyucu maddə kimi istifadə edilir. Görünür, duzu qurbanla bərabər ona görə gətirirdilər ki, o nöqsansızlığı və çürüməyə qarşı sabitliyi simvollaşdırır.
Bizim üçün ibrət dərsləri:
3:17. İsraillilərə heyvanın ən yaxşı və ən qiymətli hissəsi sayılan piydən yemək qadağan edilmişdi. Bu qadağa, görünür, heyvanın ən yaxşı hissəsinin Yehovaya məxsus olduğunu aydın surətdə başa düşməkdə xalqa kömək edirdi (Təkvin 45:18). Bu bizə onu xatırladır ki, biz malik olduğumuz şeylərin ən yaxşısını Yehovaya verməliyik (Süleymanın məsəlləri 3:9, 10; Koloslulara 3:23, 24).
7:26, 27. İsraillilərə qan yemək qadağan idi. Allahın nöqteyi-nəzərindən qan həyatı təmsil edir. Levililər 17:11 ayəsində yazılıb: “Ətin canı [həyatı] qandadır”. Qandan çəkinmək tələbi Allahın müasir xidmətçiləri üçün də qüvvədədir (Həvarilərin işləri 15:28, 29).
MÜQƏDDƏS KAHİNLİK TƏ’SİS EDİLİR
Qurban gətirməklə bağlı olan bütün işlərin qayğısına qalmaq kimlərə həvalə olunurdu? Bu vəzifələr kahinlərin üzərinə qoyulmuşdu. Musa Allahın əmrinə riayət edərək, Harunu baş kahin, onun dörd oğlunu isə kahinlər edərək həsretmə mərasimini keçirdi. Görünür, bu mərasim, 7 gün davam etmişdir. Bundan sonra kahinlər öz vəzifələrini yerinə yetirməyə başladılar.
Müqəddəs Kitab suallarına cavablar:
9:9—Nə üçün qanı qurbangahın dibinə tökmək və müxtəlif əşyalara ‘sürtmək’ lazım idi? Bu, onu göstərirdi ki, qan — Yehova üçün təmizləmə üsuludur. Bütün təmizləmə mərasimi qana əsaslanırdı. Həvari Pavel yazmışdı: “Müqəddəs Qanuna görə, təqribən hər şey qanla təmizlənir və qan tökülmədən bağışlanma olmur” (İbranilərə 9:22).
10:1, 2 — Harunun oğulları Nadabla Abihunun günahı nədə ola bilərdi? Kahin Nadabla Abihu vəzifələrinə daxil olmayan şeyi etməyi özlərinə rəva gördükdən tez sonra, Yehova bütün kahinlərə çadırda xidmət zamanı şərab və spirtli içkilər içməyi qadağan etdi (Levililər 10:9). Buradan elə qənaətə gəlmək olar ki, təsvir olunan hadisə zamanı Harunun bu iki oğlu, ehtimal ki, sərxoş vəziyyətdə olmuşlar. Lakin onların ölümünə əsas səbəb, “Rəbbin önünə onlara əmr etməmiş olduğu yabançı bir atəş ərz etdikləri” olmuşdur.
Bizim üçün ibrət dərsləri:
10:1, 2. Məsihçi yığıncağında üzərlərinə məs’uliyyət qoyulan Yehovanın müasir xidmətçiləri Allahın tələblərinə tabe olmalıdırlar. Bundan əlavə, öz vəzifələrini yerinə yetirərkən onlar özlərindən çox razı olmaq kimi xüsusiyyət təzahür etdirməli deyillər.
10:9. Əgər spirtli içki qəbul etmişiksə, Allahın verdiyi vəzifələri yerinə yetirməyə girişməli deyilik.
MÜQƏDDƏS İBADƏT TƏMİZLİK TƏLƏB EDİR
Qida olaraq istifadə etmək üçün hansı heyvanları təmiz, hansıları isə natəmiz hesab etməyə dair göstərişlər israillilərə ikiqat fayda gətirirdi. Bu göstərişlər onları xəstəlik törədən orqanizmlərdən qoruyur, habelə israillilərlə onları əhatə edən xalqlar arasındakı fərqi vurğulayırdı. Digər göstərişlər ölü cəsədə toxunmaqla, doğuşdan sonra qadının təmizlənməsilə, cüzam xəstəliyi zamanı aparılan proseduralarla, kişi və qadının cinsiyyət orqanlarından gələn axıntılar ilə bağlı natəmizliyə aid idi. Natəmiz kəslərin qeydinə qalmaq məs’uliyyəti kahinlərin üzərinə düşürdü.
Müqəddəs Kitab suallarına cavablar:
12:2, 5 — Nəyə görə qadın doğuşdan sonra “murdar” hesab olunurdu? Çoxalma orqanları kamil insan həyatına başlanğıc vermək üçün yaradılmışdı. Lakin miras alınmış günahın nəticəsində bəşər ailəsi qeyri-kamilliyi və günahlı həyatı miras aldı. Doğuşdan, aybaşıdan və toxum tökülməsindən sonra yaranan müvəqqəti “murdar” vəziyyət, israillilərə miras alınmış günahı xatırladırdı (Levililər 15:16-24; Məzmur 51:5; Romalılara 5:12). Təmizlənmə mərasimi ilə bağlı tələblər israillilərə, günahın nəticələrini aradan qaldıracaq və bəşəriyyəti kamilliyə qaytaracaq fidiyə qurbanlığına ehtiyac duyduqlarını dərk etməkdə kömək edirdi. Bu fidiyə günahın nəticələrini aradan qaldırıb, bəşəriyyəti kamilliyə qaytara bilərdi. Beləliklə, Qanun onlar üçün “Məsihə yol göstərən mürəbbi” oldu (Qalatiyalılara 3:24).
15:16-18 — Bu ayələrdə deyilən ‘toxum tökülməsi’ nə deməkdir? Burada söhbət, görünür, gecələr baş verən axıntılardan, habelə nikahda olan cinsi əlaqədən gedir.
Bizim üçün ibrət dərsləri:
11:45. Yehova Allah müqəddəsdir və Ona müqəddəs xidməti icra edənlərdən də müqəddəslik tələb edir. Onun xidmətçiləri müqəddəsliyə və həm fiziki, həm də ruhani cəhətdən təmiz qalmağa can atmalıdırlar (2 Korinflilərə 7:1; 1 Peter 1:15, 16).
12:8. Yehova kasıblara qurban olaraq bahalı qoyun deyil, quş gətirməyə icazə vermişdi. O, kasıblara anlayışla yanaşır.
MÜQƏDDƏSLİYİ QORUMAQ TƏLƏBİ
Günah üçün gətirilən əsas qurbanlar hər il keçirilən Kəffarə günündə gətirilirdi. Kahinlər və Levi nəsli üçün öküz, İsrailin kahin olmayan nəsli üçün isə keçi qurban gətirilirdi. Kahin daha bir keçinin üzərində xalqın günahını e’lan etdikdən sonra, həmin keçini səhraya buraxırdılar. Bu iki keçi günah üçün bir qurbanı təşkil edirdi. Bu, İsa Məsihin qurban kimi gətiriləcəyinə və həmçinin günahları aradan qaldıracağına işarə edirdi.
Müxtəlif suallara, məsələn, qida olaraq ətdən istifadə etməyə dair göstərişlər, Yehovaya xidmət edərkən müqəddəsliyi qoruyub saxlamağımızın vacibliyini vurğulayır. Kahinlərdən müqəddəsliyi qoruyub saxlamaq tələb olunurdu. Hər il qeyd olunan üç bayram böyük sevinc və Yaradana minnətdarlıq etmək vaxtı idi. Yehova Öz xalqına, həmçinin Allahın müqəddəs adına hörmətsiz münasibətə, şənbə gününə və Yubileyə riayət etməyə, habelə kasıb və qullarla necə rəftar etməyə dair göstərişlər vermişdi. Allaha itaətkarlığın gətirəcəyi xeyir-dualar, Ona itaət etməyənlərin alacaqları lə’nətlə qarşı-qarşıya qoyulur. Həm də və’dlərlə və qiymət verilməsi ilə bağlı iribuynuzlu heyvanın ilk doğulanına, həmçinin “Rəbbə müqəddəs” kimi ondalığın ödənilməsinə dair göstərişlər verilir.
Müqəddəs Kitab suallarına cavablar:
16:29 — Hansı mə’nada israillilər ‘[öz] canlarını alçaltmalı’ idilər? Kəffarə günü icra edilən bu mərasim günahların bağışlanması üçün edilən xahişlə bağlı idi. Həmin vaxtda tutulan oruc, görünür, xalqın öz günahlı vəziyyətini e’tiraf etdiyini göstərirdi. Buna görə də, bu ayədə söhbətin orucdan getdiyinə ehtimal daha çoxdur.
19:27 — “Saçınızı yuvarlaq kəsməyəcəksiniz [“gicgahlarınızı qısa qırxdırmayın”, YD]; və saqqalın kənarlarını pozmayacaqsan” tələbi nə demək idi? Hər şeydən göründüyü kimi, bu qanun yəhudilərə ona görə verilmişdi ki, saqqallarını və saçlarını bütpərəstlər kimi qırxdırmasınlar (Yeremya 9:25, 26; 25:23; 49:32). Lakin bu o demək deyildi ki, yəhudilərə ümumiyyətlə saqqalı və üzlərindəki tükü qırxmaq olmazdı (2 Samuel 19:24).
25:35-37 — İsraillilər üçün pulu faizlə vermək həmişəmi düzgün deyildi? Əgər kim isə pulu ticarət məqsədilə götürərdisə, onda borc verən onu faizlə verə bilərdi. Lakin Qanuna görə, əgər pul ehtiyacı olanların vəziyyətini yüngülləşdirmək üçün verilərdisə, onda pulu faizlə vermək qadağan idi. İqtisadi cəhətdən pis vəziyyətə düşən yaxın adamın sayəsində mənfəət əldə etmək düzgün deyildi (Çıxış 22:25).
26:19 — Səma dəmir kimi, yer isə mis kimi necə ola bilər? Yağış yağmadığından Kən’an torpağı üzərindəki səma möhkəm dəmirə bənzəyirdi. Qurumuş torpaq isə açıq mis rəngini alırdı.
26:26 — Hansı mə’nada ‘on qadın bir sobada çörək bişirəcək’? Lazım olan hər şeyi bişirmək üçün hər qadına adətən ayrıca soba tələb olunurdu. Amma bu ayə onu göstərir ki, güclü ərzaq çatışmazlığından on qadına cəmi bir soba kifayət edəcəkdi. Xalqın müqəddəsliyi qorumamasının əvvəlcədən deyilmiş nəticələrindən biri də bu idi.
Bizim üçün ibrət dərsləri:
20:9. Yehovanın gözündə nifrət və kin qatilliyə bərabərdir. Bu səbəbdən, valideynlərə qarşı nifrətə görə, onları öldürməyə bərabər olan cəza nəzərdə tutulurdu. Bu bizi həmimanlılarımıza qarşı məhəbbət göstərməyə təşviq etməli deyilmi? (1 Yəhya 3:14, 15).
22:32; 24:10-16, 23. Yehovanın adına küfr etmək olmaz. Əksinə, biz Onun adını tərənnüm etməli və müqəddəs olması üçün dua etməliyik (Məzmur 7:17; Matta 6:9).
“LEVİLİLƏR” KİTABI ALLAHA ETDİYİMİZ İBADƏTƏ NECƏ TƏ’SİR GÖSTƏRİR?
Yehovanın Şahidləri bu gün Musanın qanunu altında deyillər (Qalatiyalılara 3:23-25). Lakin “Levililər” kitabında yazılanlar Allaha etdiyimiz ibadətə tə’sir göstərə bilər, çünki müxtəlif suallara dair Yehovanın nöqteyi-nəzərini başa düşməyimizə kömək edir.
Hər həftə Teokratik Xidmət Məktəbinə hazırlaşaraq Müqəddəs Kitabı oxuyanda, Allahın Öz xidmətçilərindən müqəddəslik tələb etməsi, şübhəsiz ki, sizə təəssürat bağışlayacaqdır. Müqəddəs Yazıların bu kitabı sizi həmçinin təşviq edəcəkdir ki, müqəddəsliyi — daima Uca Olanın şərəfinə qoruyaraq, malik olduğunuz şeylərin ən yaxşısını Ona verəsiniz.
[29-cu səhifədəki şəkil]
Qanun əsasında gətirilən qurbanlar İsa Məsihə və onun qurbanlığına işarə edirdi.
[30-cu səhifədəki şəkil]
Mayasız çörək bayramı böyük sevinc vaxtı idi.
[31-ci səhifədəki şəkil]
Hər il qeyd olunan bayramlar, məsələn, Çardaqlar bayramı Yehovaya minnətdarlıq etməyin vaxtı idi.