İkinci Padşahlar
10 Əhəbin+ Səməriyyədə yetmiş oğlu var idi. Yəhu Yizrailin əyanlarına, ağsaqqallarına, Əhəbin övladlarının lələlərinə məktub yazıb Səməriyyəyə göndərdi.+ Məktubda yazılmışdı: 2 «Ağanızın oğulları yanınızdadır. Cəng arabalarınız, atlarınız, qala-şəhəriniz, yaraq-yasağınız da var. Bu məktub sizə çatanda 3 ağanızın ən yaxşı, ən layiqli oğlunu seçib atasının taxtında oturdun və ağanızın evi uğrunda döyüşün».
4 Onlar qorxuya düşüb dedilər: «İki padşah onun qarşısında duruş gətirə bilmədisə,+ biz necə durarıq?» 5 Sarayın eşikağası, şəhər darğası, ağsaqqallar və lələlər Yəhuya xəbər göndərib dedilər: «Biz sənin qullarınıq. Əmrinə müntəzirik. Biz heç kimi padşah qoymayacağıq. Necə lazım bilirsən, elə də et».
6 Yəhu ikinci dəfə məktub yazdı: «Əgər siz mənim tərəfimdəsinizsə, mənə tabe olmağa hazırsınızsa, sabah bu vaxt şahzadələrin başını Yizrailə, mənə gətirin».
Padşahın yetmiş oğlu lələlərinin, şəhərin nüfuzlu adamlarının yanında idi. 7 Məktub gəlib çatan kimi onlar yetmiş şahzadənin hamısını öldürdülər,+ başlarını səbətə qoyub Yizrailə, Yəhuya göndərdilər. 8 Qasid içəri girib dedi: «Şahzadələrin başlarını gətiriblər». Yəhu dedi: «Onlardan şəhər darvazasının girişində iki qalaq düzəldib, səhər açılana qədər saxlayın». 9 Səhər Yəhu çıxıb xalqın qarşısında durdu və dedi: «Sizin heç bir günahınız yoxdur. Mən sui-qəsd qurub ağamı öldürmüşəm.+ Bəs bunları kim öldürüb? 10 İndi bilin və agah olun. Yehovanın Əhəb evi əleyhinə dedikləri icrasız qalmayacaq.+ Yehovanın bir kəlməsi də boşa çıxmayacaq. Yehova qulu İlyas vasitəsilə dediyi sözü yerinə yetirdi».+ 11 Yəhu Yizraildə Əhəb evindən qalanları, onun bütün nüfuzlu adamlarını, dostlarını, kahinlərini öldürdü,+ bir nəfəri də sağ qoymadı.+
12 Yəhu qalxıb Səməriyyəyə yollandı. Yolun üstündə çobanların qoyun qırxdıqları ev var idi. 13 Orada Yəhu Yəhuda padşahı Əhəzyanın+ qardaşları ilə rastlaşdı. «Siz kimsiniz?» — deyə onlardan soruşdu. Onlar cavab verdilər: «Biz Əhəzyanın qardaşlarıyıq. Padşahla məlikə ananın oğullarının əhvalını soruşmağa gedirik». 14 Yəhu dedi: «Onları diri-diri tutun!» Onları tutub qoyun qırxılan evdəki hovuzun yanında öldürdülər. Onlar qırx iki nəfər idilər. Biri də sağ qalmadı.+
15 Yəhu oradan gedəndə onu qarşılamağa gələn Rəhab+ oğlu Yəhunədabla+ rastlaşdı. Onu salamlayıb dedi: «Mənim ürəyim səninlə olduğu kimi sənin də ürəyin mənimlədir?»
Yəhunədab: «Bəli», — dedi.
«Onda əlini mənə ver».
Yəhunədab əlini ona uzatdı. Yəhu onu dartıb arabaya mindirdi. 16 O dedi: «Mənimlə gedək, gör Yehovanın qeyrətini necə çəkirəm».+ Beləcə, Yəhunədabı Yəhunun arabasına mindirib apardılar. 17 Yəhu Səməriyyəyə gəldi və orada Əhəb evindən qalanların hamısını qırdı. Yehovanın İlyas vasitəsilə dediyi kimi, bir nəfəri də sağ qoymadı.+
18 Yəhu xalqı bir yerə yığıb dedi: «Əhəb Baala az ibadət edirdi.+ Yəhu ondan da çox qulluq edəcək. 19 Buna görə də Baalın bütün peyğəmbərlərini,+ kahinlərini,+ ona ibadət edən hər kəsi çağırın. Hamı bir nəfər kimi yanıma gəlsin, çünki Baala böyük qurbanım var. Kim gəlməsə, öləcək». Yəhu Baala ibadət edənləri öldürmək üçün belə fənd qurmuşdu.
20 Yəhu dedi: «Baalın şərəfinə toplantı çağırın». Toplantı elan edildi. 21 Yəhu İsrailin hər tərəfinə xəbər göndərdi. Baala ibadət edənlərin hamısı bir nəfər kimi gəldi. Onlar Baalın bütxanasına+ girdilər. Bütxana ağzınacan doldu. 22 Yəhu paltarlara baxan adama dedi: «Baala ibadət edənlərin hamısı üçün paltar gətir». O, onlar üçün paltar gətirdi. 23 Yəhu Rəhab oğlu Yəhunədabla+ Baalın bütxanasına girdi. O, Baala ibadət edənlərə dedi: «Baxın ki, burada Yehovaya ibadət edənlərdən bir kimsə olmasın, yalnız Baal ibadətçiləri olsun». 24 Axırda onlar yandırma qurbanı və başqa qurbanlar gətirmək üçün içəri girdilər. Yəhu adamlarından səksən nəfəri bayırda qoyub demişdi: «Kim sizə təslim etdiyim bu adamlardan birini əldən buraxsa, əvəzində öz canını verəcək».
25 Yəhu yandırma qurbanını təqdim edib qurtaran kimi keşikçilərə və yavərlərinə dedi: «Gəlin, onları qırın! Bir nəfəri də buraxmayın!»+ Keşikçilərlə yavərlər onları qılıncdan keçirib meyitlərini bayıra tulladılar. Onlar Baal bütxanasının içəri otağına qədər gedib çıxdılar. 26 Sonra Baal bütxanasındakı dik daşları*+ çıxarıb yandırdılar.+ 27 Baal dik daşını+ və Baalın bütxanasını+ darmadağın etdilər. Oranı ayaqyoluna çevirdilər və bu, indiyədək belədir.
28 Beləliklə, Yəhu Baalı İsraildən yox etdi. 29 Ancaq o, Nəbat oğlu Ərubamın İsraili sürüklədiyi günahlardan dönmədi. Onun Beyteldə və Danda qoyduğu qızıl danaları+ saxladı. 30 Yehova Yəhuya dedi: «Düzgün hərəkət edib bəyəndiyim işlər gördüyün üçün, Əhəb evinə qarşı niyyətimi yerinə yetirdiyin üçün+ dörd nəsil övladların İsrail taxtında oturacaq».+ 31 Yəhu İsrailin Allahı Yehovanın Qanununa ürəkdən tabe olmağa çalışmadı.+ O, Ərubamın İsraili sürüklədiyi günahlardan dönmədi.+
32 Həmin vaxt Yehova İsrail torpağından parça-parça kəsib məmləkəti kiçiltməyə başladı. Həzail bütün İsrail torpaqlarına, 33 İordandan şərqə doğru Cad, Rubən, Mənəssə qəbiləsinin yaşadığı+ bütün Gilada, Ərnun vadisi yaxınlığında yerləşən Aruirdən Gilada və Başana qədər+ hər yana hücumlar edirdi.+
34 Yəhunun qalan işləri, bütün etdikləri və qüdrəti İsrail padşahlarının tarixi kitabında yazılmışdır. 35 Yəhu ata-babalarına qovuşdu. Onu Səməriyyədə dəfn etdilər. Oğlu Yəhəz+ onun yerinə taxta çıxdı. 36 Yəhu iyirmi səkkiz il Səməriyyədə hakimiyyət sürüb İsrailin hökmdarı oldu.