İkinci Padşahlar
2 Yehovanın İlyası+ qasırğa içində göylərə qaldırmaq vaxtı çatanda+ İlyasla Əlyəsə+ Gilqaldan+ çıxdılar. 2 İlyas Əlyəsəyə dedi: «Sən burada qal, Yehova məni Beytelə göndərir». Amma Əlyəsə dedi: «Yehovaya and olsun, sənin canın üçün səndən ayrılmayacağam». Onlar Beytelə+ getdilər. 3 Beyteldə peyğəmbər oğulları* Əlyəsənin yanına gəlib dedilər: «Bilirsən ki, bu gün Yehova ağanı aparacaq? O daha sənin ustadın olmayacaq».+ Əlyəsə dedi: «Bilirəm. Susun».
4 İlyas Əlyəsəyə dedi: «Əlyəsə, sən burada qal, Yehova məni Ərihaya+ göndərir». O dedi: «Yehovaya and olsun, sənin canın üçün səndən ayrılmayacağam». Onlar Ərihaya getdilər. 5 Ərihada peyğəmbər oğulları Əlyəsənin yanına gəlib dedilər: «Bilirsən ki, bu gün Yehova ağanı aparacaq? O daha sənin ustadın olmayacaq». Əlyəsə dedi: «Bilirəm. Susun».
6 İlyas Əlyəsəyə dedi: «Sən burada qal, Yehova məni İordana göndərir». Əlyəsə cavab verdi: «Yehovaya and olsun, sənin canın üçün səndən ayrılmayacağam». İkisi də bir yerdə getdi. 7 Gəlib İordanın yanında durdular. Peyğəmbər oğullarından əlli nəfər də arxalarınca gəlib uzaqdan onlara baxırdı. 8 İlyas paltarını+ çıxarıb bürmələdi və suya vurdu, sular ortadan ayrıldı. Onlar quru yerdən çayı keçdilər.+
9 Çayı keçən kimi İlyas Əlyəsəyə dedi: «Hələ ki, Allah məni aparmayıb, məndən nə diləyin var söylə». Əlyəsə dedi: «Qoy səndəki ruhdan iki pay+ alım».+ 10 O dedi: «Çətin şey istəyirsən. Əgər Allahın məni apardığını görsən, istəyinə çatacaqsan, əgər görməsən, yox».
11 Onlar söhbət edə-edə gedəndə birdən, sanki, alovdan bir araba və atlar+ peyda olub onları bir-birindən ayırdı. İlyas qasırğanın içində göyə qalxdı.+ 12 Əlyəsə buna baxa-baxa qışqırırdı: «Atam, atam! İsrailin arabası, süvariləri!»+ İlyas gözdən itəndə Əlyəsə paltarını ortadan cırdı,+ 13 İlyasın əynindən düşən paltarı+ götürüb dala qayıtdı və İordanın sahilində durdu. 14 Sonra İlyasın paltarını suya vurub dedi: «İlyasın Allahı Yehova haradadır?» Əlyəsə paltarı suya vuranda sular ortadan ayrıldı və o, çayın dibi ilə o tərəfə keçdi.+
15 Ərihada olan peyğəmbər oğulları uzaqdan onu görüb dedilər: «İlyasın ruhu Əlyəsənin üzərindədir».+ Onlar onun qabağına gəlib yerə qədər təzim etdilər. 16 Ona dedilər: «Bu qullarının yanında əlli diribaş adam var. İzin ver, gedib ağanı axtarsınlar. Yəqin, Yehovanın ruhu onu aparıb dağların, ya da dərələrin birinə qoyub».+ Əlyəsə dedi: «Lazım deyil, göndərməyin». 17 Amma onlar o qədər üz vurdular ki, Əlyəsə naçar qalıb dedi: «Yaxşı, göndərin». Əlli nəfəri göndərdilər. Onlar üç gün İlyası axtardılar, amma heç yerdə tapmayıb 18 Əlyəsənin yanına, Ərihaya+ qayıtdılar. Əlyəsə dedi: «Sizə demədim getməyin?»
19 Şəhərin əhalisi Əlyəsəyə dedi: «Ağa, şəhər yaxşı yerdədir,+ amma ki, suyu pis, torpağı bəhərsizdir*». 20 O dedi: «Bir masquraya duz töküb mənə gətirin». Ona masqura gətirdilər. 21 Əlyəsə gedib duzu bulağa atdı+ və dedi: «Yehova belə deyir: “Mən bu suyu saf edirəm. Artıq su ölüm, sonsuzluq* gətirməyəcək”». 22 Əlyəsənin sözü ilə su saf oldu və bu, indiyə qədər belədir.
23 Əlyəsə oradan Beytelə getdi. Yolda şəhərdən çıxan oğlan uşaqları onu ələ saldılar:+ «Keçəl, get buradan! Keçəl, get buradan!» 24 O çevrilib onlara baxdı və Yehovanın adı ilə onları lənətlədi. Meşədən iki ayı+ çıxıb qırx iki uşağı parçaladı.+ 25 Əlyəsə oradan Karmel dağına+ getdi, oradan da Səməriyyəyə qayıtdı.