Yehovanın Kəlamı canlıdır
«İkinci Padşahlar» kitabından diqqətəlayiq fikirlər
MÜQƏDDƏS KİTABA daxil olan «İkinci Padşahlar» kitabı «Birinci Padşahlar» kitabının davamıdır. Bu kitabda 29 padşah haqqında nəql edilir: onlardan 12-si İsrailin şimal padşahlığının, 17-si isə Yəhudanın cənub padşahlığının padşahıdır. «İkinci Padşahlar» kitabında həmçinin İlyas, Elişa və Yeşaya kimi peyğəmbərlərin xidmətindən bəhs edilir. Xronoloji ardıcıllıq tam gözlənilməsə də, bu kitabdakı əhvalatlar Samariyanın və Yerusəlimin dağılmasına qədər baş verənləri özünə daxil edir. Kitabda 340 il ərzində — b. e. ə. 920-ci ildən b. e. ə. 580-ci ilə qədər baş vermiş hadisələr təsvir olunur. «İkinci Padşahlar» kitabını Yeremya peyğəmbər b. e. ə. 580-ci ildə yazıb başa çatdırmışdır.
Bu kitabda bizim üçün hansı dəyərli fikirlər var? Burada Yehova və Onun insanlara münasibəti haqqında nə deyilir? Bu kitabda xatırlanan padşahların, peyğəmbərlərin və başqa insanların fəaliyyətindən hansı ibrət dərslərini ala bilərik? Gəlin görək «İkinci Padşahlar» kitabından nə öyrənə bilərik.
ELİŞA İLYASI ƏVƏZ EDİR
Padşah Axazya evində yıxılaraq yaralanır. O, İlyas peyğəmbərə müraciət edir və öləcəyini öyrənir. Axazya ölür, taxtda onun qardaşı Yehoram oturur. Bu vaxt Yəhudada Yehoşafat padşahlıq edir. İlyas qasırğa ilə göyə qaldırılır, köməkçisi Elişa isə onun yerinə peyğəmbər olur. Xidmət etdiyi 60 il ərzində Elişa bir çox mö’cüzələr göstərir. («Elişanın mö’cüzələri» adlı çərçivəyə baxın.)
Moav padşahı İsrailə qarşı üsyan qaldıranda Yehoram, Yehoşafat və Edom padşahı birləşib, ona qarşı vuruşmağa gedirlər. Onlar Yehoşafatın sadiqliyi sayəsində qələbə qazanırlar. Bir qədər sonra Suriya padşahı İsrailə qəflətən hücum etməyə hazırlaşır, amma Elişa onun planlarını puç edir. Suriya padşahı qəzəblənib, Elişanı əsir götürmək üçün ‘atlar, döyüş arabaları və çoxlu qoşun göndərir’ (2 Padşahlar 6:14). Elişa iki mö’cüzə göstərir və Suriya ordusunu sülh içində geri göndərir. Bir qədər sonra Suriya padşahı Ben-Hadad Samariyanı mühasirəyə alır. Bunun nəticəsində şiddətli aclıq yaranır, ancaq Elişa peyğəmbərlik edir ki, aclıq qurtaracaq.
Bir qədər vaxt keçdikdən sonra Elişa Dəməşqə yola düşür. Padşah Ben-Hadad xəstələnir və şəfa tapıb-tapmayacağını öyrənmək üçün Xazaeli Elişanın yanına göndərir. Elişa Ben-Hadadın öləcəyini və onun yerinə Xazaelin padşah olacağını peyğəmbərlik edir. Ertəsi gün Xazael ‘bir örtük götürüb suya batırır’ və onunla Ben-Hadadı boğub padşahlığı ələ keçirir (2 Padşahlar 8:15). Yəhudada Yehoşafatın oğlu Yehoram, sonra isə onun oğlu Axazya padşahlıq edir. («Yəhuda və İsrail padşahları» adlı çərçivəyə baxın.)
Müqəddəs Kitab suallarına cavablar:
2:9 — Nəyə görə Elişa İlyasın malik olduğu ruhdan «ikiqat artıq» istədi? İsraildə peyğəmbər kimi xidmət etmək üçün Elişaya İlyasın malik olduğu cəsarət və qorxmazlıq ruhu lazım idi. Bunu dərk edərək o, İlyasda olan ruhdan ikiqat artıq istədi. İlyas Elişanı özünün xələfi seçmişdi və Elişa altı il ərzində onu müşayiət edirdi. Buna görə o, İlyası özünün ruhani atası sanırdı. Elişa isə ruhani mə’nada onun ilk oğlu kimi idi (1 Padşahlar 19:19-21; 2 Padşahlar 2:12). Doğma böyük oğul mülk olaraq atasından ikiqat miras aldığı kimi, Elişa da İlyasdan ikiqat artıq ruhani mülk istədi və aldı.
2:11 — «İlyas qasırğa ilə» hansı «göyə qaldırıldı»? Bu göy nə fiziki kainatın bir hissəsi, nə də Allahın və mələklərin olduğu ruhani yerdir (Qanunun təkrarı 4:19; Məzmur 11:4; Matta 6:9; 18:10). İlyasın qaldırıldığı «göy» atmosfer idi (Məzmur 78:26; Matta 6:26). Ehtimal ki, odlu araba Yeri əhatə edən atmosferdən keçib İlyası Yer kürəsinin başqa hissəsinə aparmış, o da bir neçə müddət orada yaşamışdır. Bu ondan bəllidir ki, illər keçdikdən sonra İlyas Yəhudanın padşahı Yehorama məktub yazmışdır (2 Salnamələr 21:1, 12-15).
5:15, 16 — Nəyə görə Elişa Naamanın hədiyyəsini qəbul etmədi? Elişa Naamanın mö’cüzə ilə sağalmasının özünün deyil, Yehovanın qüvvəsi sayəsində olduğunu anladığı üçün hədiyyəni qəbul etmədi. Allaha xidmətindən gəlir əldə etmək onun heç ağlına belə gəlmirdi. Yehovanın xidmətçiləri Ona xidmət etməkdən maddi gəlir güdmürlər. Onlar İsanın «müftə aldınız, müftə verin» nəsihətinə ürəkdən riayət edirlər (Matta 10:8).
5:18, 19 — Naaman dini ayinlərdə iştirak etdiyinə görəmi üzr istədi? Görünür, Suriya padşahı qoca və zəif olduğundan Naamanın köməyinə ehtiyac duyurdu. Padşah Rimmona səcdə qılmaq üçün diz çökəndə, Naaman ibadət etmək məqsədilə deyil, sadəcə olaraq padşahı tutmaq üçün diz çokürdü. Naaman öz vəzifəsini yerinə yetirdiyinə görə Yehovadan üzr istədi. Elişa Naamana inanaraq dedi: «Sağ-salamat get».
Bizim üçün ibrət dərsləri:
1:13. Diqqətli və həlim olmaq insanın həyatını xilas edə bilər.
2:2, 4, 6. Elişa İlyası altı il müşayiət etsə də, ondan ayrılmaq istəmədi. Sadiqliyə və dostluğa dair necə də gözəl nümunədir! (Süleymanın məsəlləri 18:24).
2:23, 24. Ehtimal ki, uşaqlar İlyasın paltarlarını keçəl bir adamın əynində gördükləri üçün Elişanı lağa qoyurdular. Uşaqlar Elişanın Yehovanın nümayəndəsi olduğunu başa düşür, sadəcə olaraq onun onların vilayətində olmasını istəmirdilər. Onlar Elişaya «rədd ol» dedilər. Bu isə ya Bet-Elə get, ya da İlyasın olduğu yerə qalx mə’nasını verə bilərdi. Bu uşaqlar, olsun ki, valideynlərinin düşmənçilik əhval-ruhiyyəsini əks etdirirdilər. Valideynlərin öz uşaqlarına Allahın nümayəndələrinə hörmətlə yanaşmağı öyrətmələri necə də vacibdir!
3:14, 18, 24. Yehovanın sözü həmişə yerinə yetir.
3:22. Səhər tezdən günəşin şüalarının əksi elə təəssürat yaradırdı ki, sanki su qana dönmüşdür. Bu, yeni qazılmış arxlardakı torpaqda qırmızı gilin olduğundan belə ola bilərdi. Yehova Öz niyyətlərini yerinə yetirmək üçün təbii hadisələrdən istifadə edə bilər.
4:8-11. Elişanın «müqəddəs bir Allah adamı» olduğunu bilərək, şunamlı qadın ona qonaqpərvərlik göstərdi. Məgər Yehovanın sadiq xidmətçilərinə biz də belə münasibət bəsləməli deyilikmi?
5:3. Balaca israilli qız Allahın mö’cüzələr göstərməyə qadir olduğuna inanırdı. Öz imanı barədə danışmağa onun cəsarəti də vardı. Uşaqlar, bəs siz Allahın və’dlərinə olan imanınızı möhkəmləndirmək və həqiqəti müəllimləriniz və sinif yoldaşlarınızla bölüşmək üçün cəsarətli olmağa çalışırsınızmı?
5:9-19. Naamanın nümunəsi göstərir ki, məğrur adam da dəyişilib təvazökar ola bilər (1 Peter 5:5).
5:20-27. Yalançılıq insana baha başa gəlir. İkili həyat tərzinin gətirdiyi ürək ağrısı və fəlakət üzərində dərindən düşünməklə, bu təhlükədən qaçına bilərik.
İSRAİL VƏ YƏHUDA ƏSİR DÜŞÜR
Yehu İsrailin padşahı tə’yin edilir. O, Axavın nəslini məhv etmək əmrini dərhal yerinə yetirməyə başlayır. Yehu İsrail torpağında Baala ibadətin kökünü kəsir (2 Padşahlar 10:28). O, Axazyanı öldürür. Axazyanın anası Atalya bundan xəbər tutanda, Yəhuda padşahlığının bütün nəslini məhv edir və taxtı ələ keçirir (2 Padşahlar 11:1). Yalnız Axazyanın balaca oğlu Yehoaş sağ qalır; onu altı il ərzində gizlədir, sonra isə Yəhudanın padşahı tə’yin edirlər. Kahin Yehoyadanın öyüd-nəsihəti ilə Yehoaş Yehovanın gözündə məqbul olan işləri etməyə davam edirdi.
Yehudan sonra İsraildə olan padşahların hamısı Yehovanın gözündə pis olan şeyləri edirdilər. Elişa Yehunun nəvəsinin günlərində öz əcəli ilə ölür. Yehoaşdan sonra Yəhudanın dördüncü padşahı olan Ahaz Yehovanın «gözündə doğru olan işlər etmədi» (2 Padşahlar 16:1, 2). Lakin onun oğlu Xizqiya Yehovadan ‘yapışan’ padşah oldu (2 Padşahlar 17:20; 18:6). B. e. ə. 740-cı ildə, Yəhudanı Xizqiya, İsraili isə Huşə idarə edəndə, Aşşur padşahı Şalmaneser Samariyaya hücum edib «israilliləri Aşşur torpağına sürgün etdi» (2 Padşahlar 17:6). Nəticədə, İsrailin ərazisinə əcnəbiləri köçürtdülər və bununla da Samariya dini yarandı.
Xizqiyadan sonra Yəhudada rəhbərlik edən yeddi padşahdan yalnız Yoşiya ölkəni yalan ibadətdən təmizləmək üçün lazımi addımlar atır. B. e. ə. 607-ci ildə babillilər Yerusəlimi ələ keçirir və ‘Yəhuda xalqı öz ölkəsindən sürgün olunur’ (2 Padşahlar 25:21).
Müqəddəs Kitab suallarına cavablar.
13:20, 21 — Bu mö’cüzə müqəddəslərin quru cəsədinə sitayişi dəstəkləyirmi? Xeyr, dəstəkləmir. Müqəddəs Kitabda Elişanın sümüklərinin nə zamansa müqəddəs sayıldığı deyilmir. Elişa sağ ikən etdiyi mö’cüzələr Yehovanın qüvvəsi sayəsində olduğu kimi, bu mö’cüzə də Onun qüvvəsi sayəsində baş verdi.
15:1-6 — Yehova nəyə görə Azaryanı (Uzziyanı) cüzam xəstəliyinə düçar etdi? «Uzziya qüvvətlənəndə... onun ürəyi qürurlandı. Allahı Rəbbə qarşı xainlik edərək buxur qurbangahı üzərində buxur yandırmaq üçün Rəbbin mə’bədinə daxil oldu». Kahinlər «Uzziyaya qarşı durdular» və ona «müqəddəs məkandan çıx» deyəndə Uzziya onlara qəzəbləndi və cüzam xəstəliyinə düçar edildi (2 Salnamələr 26:16-20).
18:19-21, 25 — Xizqiya Misir ilə müqavilə bağlamışdımı? Yox. Baş vəzir Yehovanın iradəsini yerinə yetirdiyini yalandan söylədiyi kimi, onun bu ittihamı da yalan idi. Sadiq padşah Xizqiya yalnız və yalnız Yehovaya güvənirdi.
Bizim üçün ibrət dərsləri:
9:7, 26. Axavın evinə kəsilən sərt hökm yalan ibadətin və günahsız qan tökməyin Yehova üçün iyrənc olduğunu göstərir.
9:20. Yehunun döyüş arabasını hiddətlə sürməsi, ona həvalə olunan tapşırığı yerinə yetirmək üçün sə’ylə yanaşdığını sübut edir. Sən Padşahlığın sə’yli təbliğçisi kimi tanınırsanmı? (2 Timoteyə 4:2).
9:36, 37; 10:17; 13:18, 19, 25; 14:25; 19:20, 32-36; 20:16, 17; 24:13. Biz əmin ola bilərik ki, Yehovanın ağzından çıxan hər bir söz həmişə həyata keçir (Yeşaya 55:10, 11).
10:15. Yehonadav Yehunun arabasına minmək də’vətini ürəkdən qəbul etdiyi kimi, «böyük izdiham» da müasir Yehu olan İsa Məsihi və onun məsh edilmiş davamçılarını könüllü surətdə dəstəkləyir (Vəhy 7:9).
10:30, 31. Yehu nöqsansız olmasa da, Yehova onun bütün yaxşı işlərini qiymətləndirirdi. Doğrudan da ‘Allah haqsız deyildir ki, bizim işimizi unutsun’ (İbranilərə 6:10).
13:14-19. Yehunun nəvəsi Yehoaş sə’y göstərməyib oxları yerə yalnız üç dəfə vurduğu üçün suriyalılarla müharibədə böyük nailiyyətlər qazanmadı. Yehova gözləyir ki, Onun bizə tapşırdığı işi sə’ylə və bütün ürəkdən yerinə yetirək.
20:2-6. Yehova «duaları eşidən» Allahdır (Məzmur 65:2).
24:3, 4. Yehova Menaşşenin günahsız qan tökdüyünü nəzərə alaraq Yəhudanı «bağışlamaq istəmədi». Allah günahsız qana hörmətlə yanaşır. Biz əmin ola bilərik ki, Yehova günahsız qanın tökülməsində cavabdeh olanları məhv etməklə qisas alacaq (Məzmur 37:9-11; 145:20).
Bu kitabın bizim üçün dəyəri
«İkinci Padşahlar» kitabı Yehovanı və’dlərin İcraçısı kimi təsvir edir. İki padşahlığın sakinlərinin əvvəlcə İsrailin, sonra isə Yəhudanın sürgün edilməsi, Qanunun təkrarı 28:15–29:28 ayələrində yazılan peyğəmbərlik hökmünün yerinə yetdiyini açıq-aydın göstərir. «İkinci Padşahlar» kitabında Elişa Yehovanın adını və həqiqi ibadəti sə’ylə müdafiə edən peyğəmbər kimi təsvir edilir. Xizqiya və Yoşiyadan Allahın Qanununa hörmət edən həlim padşahlar kimi bəhs edilir.
Bu kitabda xatırlanan padşahların, peyğəmbərlərin və başqa insanların əhval-ruhiyyəsi, həmçinin işləri üzərində dərindən düşünməklə biz nəyə can atmağa və nədən qaçınmağa dair qiymətli ibrət dərsləri alırıq (Romalılara 15:4; 1 Korinflilərə 10:11). Bəli, «Allahın kəlamı canlı və tə’sirli»dir (İbranilərə 4:12).
[32-ci səhifədəki çərçivə/şəkil]
ELİŞANİN MÖ’CÜZƏLƏRİ
1. İordanın suları iki yerə ayrılır (2 Padşahlar 2:14).
2. Yerixodakı pis su saflaşdırılır (2 Padşahlar 2:19-22).
3. Dişi ayı uşaqları parçalayır (2 Padşahlar 2:23, 24).
4. Orduya su verilir (2 Padşahlar 3:16-26).
5. Dul qadına yağ verilir (2 Padşahlar 4:1-7).
6. Sonsuz şunamlı qadının uşağı olur (2 Padşahlar 4:8-17).
7. Ölən uşaq dirildilir (2 Padşahlar 4:18-37).
8. Zəhərli şorba yeməli olur (2 Padşahlar 4:38-41).
9. Yüz adam 20 çörəklə yedizdirilir (2 Padşahlar 4:42-44).
10. Naaman cüzamından şəfa tapır (2 Padşahlar 5:1-14).
11. Gehazi Naamanın cüzamına düçar olur (2 Padşahlar 5:24-27).
12. Balta sudan çıxarılır (2 Padşahlar 6:5-7).
13. Qulluqçu mələklərin döyüş arabalarını görür (2 Padşahlar 6:15-17).
14. Suriya ordusu kor edilir (2 Padşahlar 6:18).
15. Suriya ordusunun gözləri açılır (2 Padşahlar 6:19-23).
16. Ölən adam dirildilir (2 Padşahlar 13:20, 21).
[30-cu səhifədəki cədvəl/şəkillər]
YƏHUDA VƏ İSRAİL PADŞAHLARI
Şaul/Davud/Süleyman: 1117/1077/1037 b. e. ə.a
YƏHUDA PADŞAHLIĞI TARİX (b. e. ə.) İSRAİL PADŞAHLIĞI
Rexavam ․ 997․ Yarovam
Aviya/Asa ․ 980/978․
976/975/952 ․ Nadav/Baaşa/Ela
․ 951/951/951 ․ Zimri/Omri/Tivni
․ 940 ․ Axav
Yehoşafat ․ 937 ․
․ 920/917 ․ Axazya/Yehoram
Yehoram ․ 913 ․
Axazya ․ 906 ․
(Atalya) ․ 905 ․ Yehu
Yoaş ․ 898 ․
․ 876/859 ․ Yehoaxaz/Yoaş
Amasya ․ 858 ․
․ 844 ․ II Yarovam
Azarya (Uzziya) ․ 829 ․
․ 803/791/791 ․ Zəkəriyyə/Şallum/Menaxem
․ 780/778 ․ Peqahya/Peqah
Yotam/Axaz ․ 777/762 ․
․ 758 ․ Huşə
Xizqiya ․ 746 ․
․ 740 ․ Samariya zəbt edilir
Menaşşe/Amon/Yoşiya 716/661/659 ․
Yehoaxaz/Yehoyaqim ․ 628/628
Yehoyakin/Sidqiya ․ 618/617 ․
Yerusəlimin dağıdılması ․ 607 ․
[Haşiyə]
a Padşahların taxta çıxmalarına dair bə’zi tarixlər təxminidir.
[28 və 29-cu səhifələrdəki şəkil]
Naaman həlimlik təzahür etdirdi və Yehovanın qüvvəsi ilə şəfa tapdı.
[28 və 29-cu səhifələrdəki şəkil]
Qasırğa ilə göyə qaldırılanda İlyasla nə baş verdi?