Mərsiyələr
א [Alef]*
1 Ah, bir vaxtlar insanla dolu bu şəhər indi tək-tənha oturub.+
Xalqlar içində qələbəlik şəhər idi,+ indi dul qadına bənzəyir.
Vilayətlər içində məlikə idi, indi köləlik edir.+
ב [Bet]
2 Gecələr acı-acı ağlayır,+ yanaqlarından yaş süzülür,
Aşiqlərindən biri də yanında deyil ki, onu ovutsun.+
Dost-aşnaları ona xəyanət edib,+ ona düşmən kəsilib.
ג [Qimel]
3 Yəhudanı qul kimi zülm-zillət içində sürgünə apardılar.+
Yəhuda xalqlar arasında yaşayacaq.+ Onun dincliyi yoxdur.
Təqibçiləri dar günündə onu yaxaladılar.
ד [Dalet]
4 Siona gedən yollar yaslıdır, bayrama gələn yoxdur.+
Şəhər darvazaları sınıb,+ kahinlər fəğan edir.
Qızları qüssə içindədir, özü dərd-ələm çəkir.
ה [He]
5 İndi düşmənləri ona ağalıq edir, yağıları qayğısız yaşayır.+
Etdiyi çoxlu günahlara görə Yehova ona möhnət çəkdirib.+
Övladları düşmən önündə əsirliyə gedib.+
ו [Vav]
6 Sion qızının cah-calalı yox olub.+
Əmirləri otluq tapmayan maral kimidir,
Düşmən önündə taqətsiz yeriyirlər.
ז [Zayn]
7 Qara günə düşən, yurdundan didərgin Yerusəlim
Qədimdəki sərvətini yada salır.+
Xalqı düşmən əlinə düşəndə, dadına yetişən olmayanda+
Düşmənləri gördülər, bədbəxtliyindən kam aldılar.+
ח [Xet]
8 Yerusəlim böyük günah etdi,+
Buna görə murdar bir şeyə çevrildi,
Vaxtilə ona hörmət qoyanlar indi onu ucuz tuturlar, çünki eyib yerlərini gördülər,+
O özü də inildəyir,+ xəcalətlə üzünü yana çevirir.
ט [Tet]
9 Murdarlığı paltarının ətəyinə hopub.
O, sabahını fikirləşmədi,+
Süqutu müdhiş oldu, təsəlli verəni olmadı.
Ah, Yehova, çəkdiyim iztirabı gör, bax, düşmənim qürrələnir.+
י [Yud]
10 Düşmənlər onun sərvətinə əl uzatdı.+
O, müqəddəs məkanına xalqların necə girdiyini gördü,+
Halbuki Sən bu xalqlara icmana daxil olmağı qadağan etmişdin.
כ [Kaf]
11 Bütün xalq inildəyir, çörək axtarır.+
Bir tikə çörəkdən ötrü camaat varını-yoxunu verir ki, təki ölməsin.
Halımı gör, ey Yehova, sanki, düşkün qadınam*.
ל [Lamed]
12 Ey yoldan ötənlər, sizin vecinizə deyil?
Baxın, görün!
Yehova qəzəb günündə mənə sitəm elədi.
Payıma düşən bu dərdi kimsə çəkibmi?+
מ [Mem]
13 Yuxarıdan sümüklərimə od yağdırdı,+ hər birini ram etdi,
Ayaqlarımın altına tor sərdi, məni geri çəkilməyə məcbur etdi.
Məni tənha qoydu,
Günüm azar-bezar içində keçir.
נ [Nun]
14 Günahlarımı mənə boyunduruq etdi, onları əlilə bir-birinə hördü.
Onları boynuma keçirdi, taqətim kəsildi.
Yehova məni gücüm çatmayan insanların əlinə verdi.+
ס [Samex]
15 Yehova mənim igidlərimi kənara atdı,+
Cavanlarımı qırmaq üçün mənə qarşı ordu topladı.+
Yehova Yəhuda qızını üzümsıxanda tapdaladı.+
ע [Ayn]
16 Buna görə ağlayıram,+ göz yaşım sel kimi axır,
Məni ovudanlar, mənə təskinlik verənlər uzaqlardadır.
Oğullarım çar-naçar qalıb, çünki düşmən qələbə çalıb.
פ [Pe]
17 Sion əllərini açıb,+ ona təsəlli verən yoxdur.
Yehova Yaqubun ətrafında olanlara ona düşmən kəsilməyi əmr edib.+
Yerusəlim onlar üçün iyrənc bir şeyə çevrilib.+
צ [Tsade]
18 Yehova adildir,+ mən Onun əmrlərinə asi olmuşam.+
Ey ümmətlər, dinləyin, çəkdiyim dərd-sitəmi görün.
Qızlarım, oğullarım əsirliyə getdi.+
ק [Kof]
19 Aşiqlərimi çağırdım, onlarsa mənə xəyanət etdilər,+
Kahinlərim, ağsaqqallarım ölməmək üçün çörək axtararkən+
Şəhərdə tələf oldular.
ר [Reyş]
20 Ey Yehova, bax, yaman dardayam,
Könlüm viran qalıb,
Bağrım qan olub, çünki asilik etmişəm.+
Bayırda qılınc cövlan edir,+ evdə ölüm.
ש [Şin]
21 Camaat ah-naləmi eşidir, amma təsəlli verən yoxdur.
Düşmənlərim müsibətimi eşidib.
Məni bu hala saldığın üçün sevinirlər,+
Amma gün gələcək, dediyini edəcəksən,+ onlar da mənim günümə düşəcək.+
ת [Tav]
22 Qoy mənfur əməlləri Sənin önündə düzülsün, onlara qarşı amansız ol,+
Necə ki günahlarıma görə mənə qarşı amansız oldun.
Ah-zarım kəsilmir, ürəyim xəstə düşüb.