Birinci İşmuil
24 Talut filiştliləri qovub qayıdandan sonra ona xəbər verdilər: «Davud Eyn-Gedi çöllüyündədir».+
2 Talut bütün İsraildən 3000 seçmə adam götürüb Davudla dəstəsini axtarmaq üçün dağ keçiləri məskunlaşan qayalığa getdi. 3 O, yolun üstündəki qoyun ağıllarına gəldi. Orada mağara var idi. Talut ayaqyoluna getmək üçün mağaraya girdi. Davud dəstəsilə mağaranın lap dərinliyində oturmuşdu.+ 4 Adamları Davuda dedilər: «Bu gün, Yehovanın “düşmənlərini sənə təslim edəcəyəm,+ onlarla ürəyin istədiyi kimi rəftar edə bilərsən” dediyi gündür». Davud qalxıb xəlvətcə Talutun xələtinin ətəyindən kəsdi. 5 Amma sonra Talutun ətəyindən kəsdiyinə görə ürəyi Davudu qınamağa başladı.+ 6 O, adamlarına dedi: «Hökmdara, Yehovanın məsh edilmişinə əl qaldırım? Axı bu, Yehovaya ağır gedər. O, Yehovanın məsh edilmişidir».+ 7 Bu sözlərlə Davud adamlarını saxladı*, Talutun üstünə getməyə qoymadı. Talut isə mağaradan çıxıb yolu ilə getdi.
8 Davud mağaradan çıxıb Talutu səslədi: «Ya hökmdar!»+ Talut arxaya boylandı. Davud diz çöküb ona təzim etdi. 9 Davud Taluta dedi: «Nə üçün: “Davud sənə yamanlıq etmək istəyir” deyənlərə qulaq asırsan?+ 10 Bu gün öz gözünlə gördün ki, Yehova mağarada səni mənə təslim etmişdi. Mənə dedilər, səni öldürüm,+ amma mən sənə qıymadım, dedim: “Hökmdarıma əl qaldırmaram, o, Yehovanın məsh edilmişidir”.+ 11 Ata, bax, xələtinin ətəyi əlimdədir. Ətəyindən kəsəndə səni öldürmədim. Bil və agah ol, sənə yamanlıq etmək, sənə qarşı qiyam qaldırmaq fikrim yoxdur. Sənin qarşında heç bir günah etməmişəm,+ sənsə canıma qəsd etmək istəyirsən.+ 12 Qoy Yehova Özü səninlə mənim aramda hakim olsun.+ Qoy mənim qisasımı Yehova Özü səndən alsın.+ Mən isə sənə əl qaldırmayacağam.+ 13 Qədimdən belə bir məsəl var: “Yamanlıq yaman kəsdən çıxar”. Mən isə heç vaxt sənə əl qaldırmaram. 14 Gör İsrailin padşahı kimin dalınca düşüb! Axı, ey padşah, sən kimi təqib edirsən?! Ölü köpəyi? Birəni?+ 15 Qoy hakimimiz Yehova olsun. O, bizi mühakimə edəcək. O, Özü mənim çəkişməmi aparıb+ mənə haqq qazandıracaq, sənin əlindən qurtaracaq».
16 Davud sözünü qurtaranda Talut: «Oğlum, Davud, bu sənin səsindir?»+ — deyərək hönkür-hönkür ağladı. 17 Davuda dedi: «Sən məndən qat-qat haqlısan. Sən mənə yaxşılıq etdin, mən isə yaxşılığının əvəzində sənə yamanlıq etdim.+ 18 Bu gün mənə göstərdin ki, mənə münasibətin yaxşıdır. Yehova məni sənə təslim etdi, sən isə məni öldürmədin.+ 19 Kim əlinə keçən düşmənini sağ buraxar? Bu gün mənə etdiyin yaxşılığın əvəzini Yehova sənə verəcək.+ 20 Mən bilirəm, sən mütləq padşah olacaqsan,+ İsraildə hakimiyyət sənin əlində qərar tutacaq. 21 İndi Yehovaya and iç ki,+ məndən sonra nəslimin kökünü kəsməyəcəksən, atamın evindən adımı silməyəcəksən».+ 22 Davud Taluta and içdi. Sonra Talut evinə qayıtdı,+ Davud isə dəstəsilə qalaya çəkildi.+