Yunus
3 Yehovanın sözü ikinci dəfə Yunusa nazil oldu+: 2 «Dur, Neynəvaya+, o böyük şəhərə get. Sənə deyəcəyim sözləri car çəkib onlara söylə».
3 Yunus Yehovaya itaət etdi+ və durub Neynəvaya+ getdi. Neynəva şəhəri Allahın gözündə böyük bir şəhər idi, onu üç günə dolaşmaq olardı. 4 Yunus şəhərə girdi. O: «Cəmi-cümlətanı qırx gündən sonra Neynəva dağılacaq!» — deyə car çəkə-çəkə bir günlük yol getdi.
5 Neynəva əhli Allaha iman gətirdi.+ Onlar oruc elan etdilər və böyükdən kiçiyə qədər hamı çul geyindi. 6 Bu söz Neynəva padşahına çatanda o, taxtından durub padşah libasını əynindən çıxartdı və çula bürünüb külün içində oturdu. 7 Həmçinin o buyurdu ki, Neynəvada car çəkilsin:
«Padşahın və əyanlarının fərmanı: “Nə bir insan, nə bir heyvan, nə mal-qara, nə də qoyun-keçi ağzına heç nə almasın. Onlar heç nə yeməsin, su da içməsin. 8 İnsan da, heyvan da çula bürünsün. Qoy hər kəs Allaha yalvar-yaxar etsin, pis yolundan dönsün, zorakılıqdan əl çəksin. 9 Kim bilir, bəlkə, Allah fikrindən döndü, qəzəbini geri qaytardı ki, biz məhv olmayaq?!”»
10 Allah onların bu hərəkətini, pis yoldan əl çəkdiyini görəndə+ fikrindən daşındı və dediyi bəlanı onların başına gətirmədi.+