Yəhyanın yazdığı müjdə
10 İsa sözünə davam etdi: «Bilin və agah olun, qoyun ağılına qapıdan yox, başqa yerdən girən oğru və soyğunçudur.+ 2 Qapıdan girən isə qoyunların çobanıdır.+ 3 Qapıçı onun üçün qapını açır+ və qoyunlar onun səsinə qulaq asır.+ Çoban qoyunlarını adbaad çağırıb çölə çıxarır. 4 O, qoyunlarının hamısını çıxardandan sonra onların qabağınca gedir, qoyunlar da onun dalınca. Çünki onlar çobanın səsini tanıyırlar. 5 Onlar heç vaxt yad adamın dalınca getməzlər, əksinə, ondan qaçarlar, çünki yadların səsini tanımırlar». 6 İsa bu məsəli onlar üçün çəkdi. Ancaq onlar bu sözlərin mənasını başa düşmədilər.
7 İsa sözünə davam etdi: «Bunu bilin, mən qoyunlar üçün qapıyam.+ 8 Əsl çoban adı ilə gələnlər oğru və soyğunçudurlar. Qoyunlar onlara qulaq asmırlar. 9 Mən qapıyam. Məndən keçən xilas olacaq, o, içəri girəcək, çölə çıxacaq və otlaq tapacaq.+ 10 Oğru ancaq çapıb-talamaq, məhv etmək və dağıtmaq məqsədilə gəlir.+ Mən isə gəldim ki, qoyunlar həyata, əbədi həyata qovuşsunlar. 11 Mən yaxşı çobanam.+ Yaxşı çoban qoyunları uğrunda həyatını verir.+ 12 Qoyunların yiyəsi olmayan muzdur, əslində, çoban deyil. O, görəndə ki, canavar gəlir, qoyunları qoyub qaçır. Canavar da onları qapıb pərən-pərən edir. 13 O, muzdla işlədiyi üçün qoyunların qeydinə qalmır. 14 Mən isə yaxşı çobanam və öz qoyunlarımı tanıyıram, qoyunlarım da məni tanıyır.+ 15 Necə ki Atam məni tanıyır, mən də Atamı tanıyıram.+ Mən qoyunlarım uğrunda həyatımı fəda edirəm.+
16 Bu ağıldan olmayan başqa qoyunlarım da var.+ Mən onları da gətirməliyəm. Onlar səsimə qulaq asacaq. Hamısı bir sürüdə birləşəcək. Onların bir çobanı olacaq.+ 17 Atam məni sevir,+ çünki mən həyatımı fəda edirəm,+ sonra onu geri alacağam. 18 Heç kəs həyatımı əlimdən almır, onu özüm verirəm. Onu verməyə və sonra geri almağa haqqım var.+ Atam mənə belə buyurub».
19 Bu sözlərə görə yəhudilərin arasında yenə fikirayrılığı yarandı.+ 20 Onlardan bir çoxu deyirdi: «Onda cin var, onun başına hava gəlib! Nə üçün ona qulaq asırsınız?» 21 Digərləri isə deyirdi: «İçinə cin girmiş adam bu cür danışa bilməz. Heç cin də korun gözünü aça bilər?»
22 O vaxt qış idi, Yerusəlimdə Həsr etmə bayramı* keçirilirdi. 23 İsa məbəddə, Süleyman sütunları adlanan yerdə+ gəzişirdi. 24 Bu zaman yəhudilər onu dövrəyə alıb dedilər: «Sən nə vaxta qədər bizi intizarda qoyacaqsan? Əgər Məsihsənsə, açıq de». 25 İsa cavab verdi: «Mən sizə demişəm, siz isə inanmırsınız. Atamın adı ilə gördüyüm işlər mənim haqqımda şəhadət edir.+ 26 Siz isə inanmırsınız, çünki mənim qoyunlarımdan deyilsiniz.+ 27 Mənim qoyunlarım səsimə qulaq asırlar, mən onları tanıyıram və onlar mənim ardımca gəlirlər.+ 28 Mən onlara əbədi həyat+ verəcəyəm. Onlar heç vaxt məhv olmayacaqlar. Heç kəs onları əlimdən dartıb ala bilməz.+ 29 Atamın mənə verdikləri hər şeydən qiymətlidir və heç kim onları Atamın əlindən ala bilməz.+ 30 Atamla mən vəhdətdəyik».+
31 Yəhudilər yenə də daş götürüb onu daşlamaq istədilər. 32 İsa onlara dedi: «Mən Atamın buyruğu ilə sizə çoxlu yaxşı işlər göstərdim. Bu işlərin hansına görə məni daşlamaq istəyirsiniz?» 33 Yəhudilər cavab verdilər: «Biz səni yaxşı işlərinə görə yox, küfr danışdığın üçün+ daşlamaq istəyirik. Çünki sən insan olduğun halda, özünü Allah yerinə qoyursan». 34 İsa onlara dedi: «Məgər sizin Qanunda yazılmayıb: “Demişəm: “Siz ilahlarsınız*”?+ 35 Əgər Allah məhkum etdiyi adamları Öz kəlamında “ilah”+ adlandırırsa və Müqəddəs Yazılarda yazılan silinə bilməz, 36 nəyə görə siz “Mən Allahın Oğluyam*”+ dediyim üçün mənə, Atanın seçib* dünyaya göndərdiyi adama “sən küfr danışırsan” deyirsiniz? 37 Əgər mən Atamın buyurduğu işləri görmürəmsə, mənə inanmayın. 38 Yox əgər bu işləri görürəmsə, mənə inanmasanız da, gördüyüm işlərə inanın+ ki, Atanın mənimlə, mənim də Ata ilə vəhdətdə olduğumu dərk edib biləsiniz».+ 39 Onlar yenə də İsanı tutmaq istədilər, ancaq İsa onların əlindən qurtuldu.
40 İsa İordan çayının o tayına, Yəhyanın vəftiz etməyə başladığı yerə+ getdi və orada qaldı. 41 Onun yanına çoxlu adam gəldi. Onlar deyirdilər: «Yəhya heç bir möcüzə göstərməsə də, onun bu adam haqqında dediyi hər söz doğru çıxdı».+ 42 Orada bir çoxları İsaya iman gətirdi.