İkinci işmuil
15 Bütün bunlardan sonra Absalam özü üçün cəng arabası və atlar hazırladı, həmçinin qabağında qaçmağa əlli adam qoydu.+ 2 Absalam səhər tezdən qalxıb şəhər darvazasına gedən yolun kənarında dururdu.+ İşini padşah divanına gətirən adam+ görən kimi, onu çağırıb soruşurdu: «Hansı şəhərdənsən?» O da: «Bu qulun İsrailin filan qəbiləsindəndir», — deyə cavab verirdi. 3 Absalam ona deyirdi: «Sən haqlısan. Amma padşahın adamları arasında sənin işinə baxacaq kəs yoxdur». 4 Sonra deyirdi: «Kaş məni bu ölkədə hakim qoyardılar. Onda kimin nə işi, nə şikayəti olardısa, yanıma gələrdi, mən də onun işinə ədalətlə baxardım».
5 Kimsə yaxınlaşıb ona təzim etmək istəyəndə Absalam əlini uzadıb onu tutur və öpürdü.+ 6 İşini padşah divanına gətirən bütün israillilərlə Absalam belə edirdi. Bu yolla Absalam israillilərin ürəyini ələ alırdı.+
7 Dörd ilin* sonunda Absalam padşahdan xahiş etdi: «İzin ver, Həbruna+ gedim, Yehovaya dediyim nəziri yerinə yetirim. 8 Mən Aram Qəşurunda yaşayanda+ nəzir edib demişdim:+ “Əgər Yehova məni Yerusəlimə qaytarsa, Yehovaya qurban kəsəcəyəm”». 9 Padşah ona dedi: «Get, yolun avand olsun». O durub Həbruna getdi.
10 Absalam bütün İsrail qəbilələrinə casuslar göndərib dedi: «Şeypur səsini eşidən kimi: “Absalam Həbrunda+ padşah oldu!” — deyə car çəkin». 11 Yerusəlimdən dəvət etdiyi 200 nəfər də Absalamla birlikdə ora getmişdi, amma onlar ora təmiz niyyətlə getmişdilər, heç nədən xəbərləri yox idi. 12 Absalam qurban təqdim edəndə Giloya+, Davudun məsləhətçisi+ gilolu Əxtufilin+ dalınca adam göndərdi. Sui-qəsd quranlar get-gedə güclənirdi. Absalamın tərəfdarlarının sayı çoxalırdı.+
13 Bir qasid Davudun yanına gəlib dedi: «İsraillilər Absalama meyil salıb». 14 Onda Davud Yerusəlimdə olan bütün əyan-əşrəfinə dedi: «Durun qaçaq,+ yoxsa heç birimiz Absalamın əlindən sağ çıxmayacağıq! Cəld olun, yoxsa o, qəfildən üstümüzü kəsdirib başımıza bəla açar, şəhəri qılıncdan keçirər!»+ 15 Onda əyanları dedilər: «Ey padşah, nə əmr etsən, qulluğunda hazırıq».+ 16 Padşah bütün ev əhli ilə çıxdı, təkcə on cariyəsini+ evə baxmaq üçün saxladı. 17 Padşah bütün adamları ilə birlikdə getdi. Onlar Beyt-Mərhaqda dayandılar.
18 Padşahla gedən bütün əyanlar, kəritilər, fələslilər,+ Catdan+ onunla birlikdə gəlmiş 600 catlı+ keçib gedirdi, padşah da onları nəzərdən keçirirdi. 19 Padşah catlı İttaya+ dedi: «Sən niyə bizimlə gedirsən? Qayıt təzə padşahın yanında qal. Sən yadellisən, onsuz da yurd-yuvandan didərgin düşmüsən. 20 Dünən gəlmisən, bu gün səni özümlə sərgərdan edim? Başımı götürüb gedəcəyim yerlərə özümlə sürükləyim? Soydaşlarını* da götür, qayıt. Qoy Yehova Öz məhəbbətini, vəfasını səndən əsirgəməsin!»+ 21 Amma İttay padşaha dedi: «Yehovaya and olsun, padşahın canı haqqı, ölmək də varsa, qalmaq da varsa, səninlə gedəcəyəm!»+ 22 Davud İttaya+ dedi: «Onda gəl keç». Catlı İttay bütün adamları və uşaqları ilə birlikdə o taya keçdi.
23 Camaat o taya keçərkən əhali hönkür-hönkür ağlayırdı. Padşah Qidron vadisinin+ yanında durmuşdu. Hamı o taya keçib səhra yoluna çıxdı. 24 Sadıq+ da orada idi, Allahın Əhd sandığını+ daşıyan lavililər+ onun yanında idi.+ Onlar Allahın sandığını yerə qoydular. Bütün camaat şəhərdən çıxıb vadini keçənədək Əbyatar+ orada durdu. 25 Padşah Sadığa dedi: «Allahın sandığını şəhərə qaytar.+ Əgər Yehovanın gözündə lütf tapsam, O, məni geri qaytarıb sandığı, onun məskənini görməyimə izin verəcək.+ 26 Yox əgər lütf tapmasam, qoy mənimlə necə istəyir, elə də rəftar eləsin». 27 Padşah kahin Sadığa dedi: «Sən ki görücüsən.+ Əbyatarla birlikdə şəhərə qayıdın, oğlun Əximası və Əbyatarın oğlu Yonatanı da özünüzlə götürün.+ Salamat gedin. 28 Sizdən bir xəbər gələnədək mən çöllüyün keçidlərində gözləyəcəyəm».+ 29 Sadıqla Əbyatar Allahın sandığını götürüb Yerusəlimə qayıtdılar və orada qaldılar.
30 Davud başıörtülü, ayaqyalın ağlaya-ağlaya Zeytun dağına+ qalxırdı. Onun yanındakılar da başlarını örtüb ağlaya-ağlaya gedirdilər. 31 Davuda xəbər gətirdilər: «Əxtufil Absalamın+ yanında, qiyamçıların arasındadır».+ Davud dedi: «Ey Yehova, Əxtufilin məsləhətini axmaqlığa çevir!»+
32 Davud Allaha səcdə edilən zirvəyə çatanda arklı+ Xuşay+ yaxası cırıq, başı toz-torpaq içində onun qabağına çıxdı. 33 Davud ona dedi: «Əgər mənimlə getsən, mənə yük olacaqsan. 34 Yaxşısı budur, şəhərə gedib Absalama belə deyəsən: “Ey padşah, mən sənin qulunam. Əvvəllər atanın qulu olmuşam, indi isə sənin qulunam”.+ Onda Əxtufilin məsləhətini pozub mənə kömək etmiş olarsan.+ 35 Kahinlər, Sadıqla Əbyatar da səninlə olacaq. Padşahın evindən nə eşitsən, kahinlərə, Sadıqla Əbyatara deyərsən.+ 36 Sadığın oğlu Əximas+ və Əbyatarın oğlu Yonatan+ da onlarladır. Nə eşitsəniz, onlarla mənə xəbər göndərərsiniz». 37 Absalam Yerusəlimə daxil olan zaman Davudun dostu Xuşay+ da şəhərə girdi.