Lavililər
22 Yehova yenə Musa ilə danışıb dedi: 2 «Harunla oğullarına de ki, israillilərin gətirdikləri müqəddəs təqdimələrlə ehtiyatlı olsunlar, Mənim üçün ayrılan təqdimələrə+ namünasib tərzdə yanaşaraq müqəddəs adıma ləkə gətirməsinlər.+ Mən Yehovayam. 3 Onlara belə de: “Nəsilləriniz boyunca, övladlarınızdan kim israillilərin Yehova üçün ayırdığı müqəddəs təqdimələrə murdar halda yaxınlaşsa, həmin adam öldürülməlidir.+ Mən Yehovayam. 4 Harunun nəslindən cüzamlı+, yaxud ifrazatı+ olan adam paklanmayınca müqəddəs təqdimələrdən yeyə bilməz.+ Bu qayda meyitə toxunub murdar olan adama dəyən,+ toxum axıdan,+ 5 qaynaşan napak məxluqa+ və ya hansısa səbəbdən murdar olan adama toxunan kəsə də aiddir.+ 6 Bunlardan hansısa birinə toxunan adam axşama qədər murdar olacaq. O, müqəddəs təqdimələrdən yeyə bilməz. Belə adam yuyunmalıdır.+ 7 Gün batandan sonra o pak sayılacaq, onda müqəddəs təqdimələrdən yeyə bilər, çünki bu, onun yeməyidir.+ 8 Bundan başqa, onlardan heç kim ölmüş, yaxud parçalanmış heyvanın ətini yeyib özünü murdarlamamalıdır.+ Mən Yehovayam.
9 Onlar Mənim qarşımda məsuliyyətlərini yerinə yetirməlidirlər, yoxsa üzərlərinə düşən məsuliyyətləri icra etmədikləri və müqəddəs təqdimələri murdarladıqları üçün günaha batıb öləcəklər. Mən Yehovayam, onları müqəddəs edən Allah.
10 Nə kənar adam*, nə kahinin yadelli qonağı, nə də muzdur müqəddəs şeylərdən yeməməlidir.+ 11 Kahinin öz pulu ilə aldığı və ya onun evində doğulan qul isə ondan yeyə bilər.+ 12 Kahinin qızı kənar adama ərə gedərsə, müqəddəs paydan yeyə bilməz. 13 Lakin övladı olmadan dul qalar və ya boşanarsa və qayıdıb gəncliyindəki kimi atasının yanında yaşayarsa, atasının yeməyindən yeyə bilər.+ Kənar adam isə ondan yeməməlidir.
14 Kimsə səhvən müqəddəs təqdimələrdən yeyərsə, dəyərinin beşdə birini də üstünə əlavə edib onu kahinə verməlidir.+ 15 Beləliklə, kahinlər İsrail oğullarının Yehovaya verdikləri müqəddəs təqdimələri murdarlamamalı+ 16 və xalqın müqəddəs təqdimələrdən yeyərək işlədiyi günaha görə cəza qazanmasına bais olmamalıdırlar. Çünki Mən Yehovayam, onları müqəddəs edən Allah”».
17 Yehova sözünə davam edib Musaya dedi: 18 «Haruna, onun oğullarına və bütün israillilərə belə söylə: “İsrailli, yaxud İsraildə yaşayan yadelli dediyi nəzirləri yerinə yetirmək və ya könüllü təqdimə+ gətirmək üçün Yehovaya yandırma qurbanı+ təqdim etmək istəsə, 19 qurbanı qəbul olunsun deyə, mal-qaradan, qoyundan və ya keçidən sağlam bir erkək heyvan+ gətirməlidir. 20 Qüsurlu heç nə gətirməməlisiniz,+ yoxsa qurbanınız qəbul olunmayacaq.
21 Nəzirini yerinə yetirmək və ya könüllü təqdimə gətirmək üçün Yehovaya ünsiyyət qurbanı+ təqdim etmək istəyən adam qurbanı qəbul olunsun deyə, mal-qaradan və ya qoyun-keçidən sağlam heyvan gətirməlidir. Heyvanda heç bir qüsur olmamalıdır. 22 Yehovaya kor, sınığı olan, yaralı, ziyilli, qotur və ya dəmrovlu heyvan gətirməyin, belə heyvanı qurbangahda Yehovaya təqdim etməyin. 23 Könüllü təqdimə gətirmək istəyən bir ayağı uzun və ya qısa olan buğanı, yaxud qoyunu qurban gətirə bilər. Lakin bu cür heyvan nəzir qurbanı üçün məqbul deyil. 24 Burulmuş, xayası zədələnmiş və ya əzilmiş heyvanı Yehovaya gətirməməlisiniz. Ölkənizdə belə heyvan təqdim edilməməlidir. 25 Belə bir heyvanı yadellidən götürüb Allahınızın çörəyi kimi təqdim etməyin. Bu heyvan nöqsanlı və qüsurlu olduğu üçün qəbul olunmayacaq”».
26 Yehova sözünə davam edib Musaya dedi: 27 «Təzə doğulan buzov, quzu və ya oğlaq yeddi gün anasının yanında qalmalıdır,+ lakin səkkizinci gündən etibarən, Yehova üçün odda yandırılan təqdimə kimi qurban gətirilməyə yararlı olacaq. 28 Nə malı, nə də qoyunu balası ilə eyni gündə kəsmək olmaz.+
29 Yehovaya şükran qurbanı+ gətirəndə elə gətirin ki, O, sizdən razı qalsın. 30 Qurbanın əti kəsilən gün yeyilməlidir. Ondan səhərə saxlamaq olmaz.+ Mən Yehovayam.
31 Əmrlərimə riayət edin.+ Mən Yehovayam. 32 Müqəddəs adıma ləkə gətirməyin.+ Mən israillilər arasında müqəddəs tutulmalıyam.+ Mən Yehovayam, sizi müqəddəs edən,+ 33 Allahınız olmaq üçün sizi Misirdən çıxaran Allah.+ Mən Yehovayam».