Çıxış
32 Camaat görəndə ki, Musa dağdan enmək bilmir,+ tökülüşüb Harunun yanına gəldilər və dedilər: «Qalx, bizim üçün bir allah düzəlt ki, önümüzdə getsin.+ Çünki bizi Misirdən çıxaran bu Musa hara yoxa çıxıb, bilmirik». 2 Harun onlara dedi: «Arvadlarınızın, oğul və qızlarınızın qulaqlarından qızıl sırğaları çıxarıb gətirin».+ 3 Hamı qulağından qızıl sırğasını çıxardı və gətirib Haruna verdi. 4 O, qızılları aldı, oymaçı alətilə ona şəkil verib dana düzəltdi.+ Onda camaat bir ağızdan dedi: «Budur səni Misirdən çıxaran Allahın, ey İsrail!»+
5 İşi belə görən Harun dananın qabağında bir qurbangah da düzəltdi və camaatı yığıb dedi: «Sabah Yehovaya həsr olunmuş bayramdır». 6 Beləliklə, səhərisi günü hamı tezdən durub yandırma və ünsiyyət qurbanlarını təqdim etməyə başladı. Qurtarandan sonra yeyib-içdilər və qalxıb şənlənməyə başladılar.+
7 Yehova Musaya dedi: «Get, aşağı en. Misirdən çıxardığın bu xalq rəzillik edir.+ 8 Buyurduğum yoldan yaman tez döndülər.+ Odur, özləri üçün dana bütü düzəldiblər. Qarşısında səcdə edir, qurbanlar gətirib deyirlər: “Budur səni Misirdən çıxaran Allahın, ey İsrail”». 9 Yehova sözünə davam edib Musaya dedi: «Görürəm, bu xalq dikbaş xalqdır.+ 10 Burax, qoy od püskürən qəzəbimlə onları yox edim, əvəzində səndən böyük bir xalq yaradım».+
11 Onda Musa Yehovaya yalvarıb dedi:+ «Yehova, axı onları böyük gücünlə, qüdrətli əlinlə Misirdən çıxarmısan. İndi niyə onları Öz qəzəbinə düçar edəsən?+ 12 Nəyə görə misirlilər: “Hə, xalqı bəd niyyətlə buradan çıxarmışdı. Çıxarmışdı ki, aparıb hamısını dağlarda qırsın, köklərini yer üzündən silsin!” — desinlər?+ Qoyma qəzəbin alovlansın. Rəhmin gəlsin, onların başına bu fəlakəti gətirmə. 13 Qulların İbrahimi, İshaqı və İsraili yadına sal. Varlığına and içib onlara demişdin ki, övladlarını* göydəki ulduzlar qədər çoxaldacaqsan,+ vəd etdiyin bu torpağı həmişəlik onlara verəcəksən».+
14 Yehova xalqının başına fəlakət gətirmək fikrindən daşındı.+
15 Bundan sonra Musa əlində iki Şəhadət lövhəsi dağdan endi.+ Lövhələrin hər iki üzü — qabaq tərəfi də, arxa tərəfi də yazılı idi. 16 Onları Allah düzəltmiş, yazıları da üstünə O həkk etmişdi.+ 17 Yuşə xalqın səs-küyünü eşidəndə Musaya dedi: «Düşərgədən döyüş səsi gəlir». 18 Musa isə dedi:
«Bu nə zəfər nəğməsidir,
Nə də məğlubların fəryad səsi.
Qulağıma gələn şərqi başqa şeydən xəbər verir».
19 Musa düşərgəyə yaxınlaşanda dananı+ və rəqs edənləri gördü. Hirs başına vurdu. Dağın ətəyində əlindəki lövhələri yerə çırpıb parça-parça elədi.+ 20 Düzəltdikləri dananı isə götürüb yandırdı və əzib toza döndərdi.+ Sonra tozu suya töküb israillilərə içirtdi.+ 21 Musa Haruna dedi: «Bu camaat sənə neyləyib ki, onları belə böyük günaha sürüklədin?» 22 Harun dedi: «Ağa, acığın tutmasın. Özün yaxşı bilirsən ki, şər iş görmək bu camaatın qanındadır.+ 23 Onlar mənə dedilər: “Bizim üçün bir allah düzəlt ki, önümüzdə getsin. Çünki bizi Misirdən çıxaran bu Musa hara yoxa çıxıb, bilmirik”.+ 24 Mən də dedim, kimin nə qızılı var, çıxarıb gətirsin. Sonra qızılı oda atdım, oddan bu dana çıxdı».
25 Musa gördü ki, xalq əməlli-başlı azğınlaşıb. Harun onları o dərəcəyə çatdırıb ki, düşmənlərin önündə xar olublar. 26 Onda o, düşərgənin girəcəyində durub dedi: «Kim Yehovanın tərəfindədir yanıma gəlsin!»+ Bütün lavililər onun ətrafına toplaşdı. 27 Musa onlara dedi: «İsrailin Allahı Yehova belə deyir: “Qoy hər kəs qılıncını qurşasın, düşərgəni başdan-başa dolanıb qardaşını, qonşusunu, dostunu qətlə yetirsin”».+ 28 Lavililər Musanın dediyi kimi etdilər. Beləliklə, həmin gün üç minə yaxın adam qətlə yetirildi. 29 Sonra Musa dedi: «Bu gün siz özünüzü Yehovanın qulluğuna verdiniz, hər biriniz öz oğluna, öz qardaşına qarşı çıxdı.+ Bu gün Allah sizi mübarək qılacaq».+
30 Səhərisi gün Musa xalqa dedi: «Siz çox böyük günaha batmısınız. İndi Yehovanın yanına gedirəm. Gedim Ona yalvarım, bəlkə, günahınızdan keçdi».+ 31 Musa Yehovanın yanına gedib dedi: «Xalqın günahı çox böyükdür. Özləri üçün qızıldan allah düzəldiblər.+ 32 Amma yalvarıram, onları əfv elə.+ Eləmirsənsə, onda, nə olar, adımı yazdığın kitabdan sil».+ 33 Ancaq Yehova Musaya dedi: «Kim Mənə qarşı günah edibsə, onun adını kitabımdan siləcəyəm. 34 İndi get, xalqı sənə dediyim yerə apar. Göndərdiyim mələk qarşınızda gedəcək.+ Vaxtı çatanda onlardan etdikləri günaha görə cavab tələb edib cəzalarını verəcəyəm». 35 Haruna düzəltdirdikləri qızıl danaya görə Yehova xalqın üstünə bəla göndərdi.