Qanunun təkrarı
28 Əgər bu gün sizə verdiyim əmrlərin hamısına dəqiqliklə əməl edib Allahınız Yehovanın sözünə qulaq assanız, Allahınız Yehova sizi bütün xalqlardan üstün edəcək.+ 2 Allahınız Yehovanın sözünə həmişə qulaq assanız, bütün bu nemətlər başınızdan töküləcək:+
3 Şəhərdə də, tarlada da xeyir-bərəkətiniz aşıb-daşacaq.+
4 Övladlarınız çox,+ torpağınızın bəhrəsi bol olacaq, heyvanlarınızın balaları, buzovlarınız, quzularınız saya gəlməyəcək.+
5 Səbətləriniz, xəmir təknələriniz bərəkətli olacaq.+
6 Hər işiniz avand olacaq.
7 Yehova üstünüzə qalxan düşmənlərinizi qarşınızda darmadağın edəcək.+ Onlar bir istiqamətdən hücum çəkəcək, yeddi istiqamətdə qaçacaqlar.+ 8 Yehova anbarlarınızı bərəkətli,+ əl atdığınız hər işi xeyirli edəcək. Allahınız Yehova sizə verdiyi diyarda üstünüzə bolluca xeyir-bərəkət yağdıracaq. 9 Allahınız Yehovanın əmrlərinə riayət edib Onun yolu ilə getsəniz, Yehova söz verdiyi kimi,+ sizi Özünə məxsus müqəddəs xalq edəcək.+ 10 Yer üzündəki bütün xalqlar Yehovanın adı ilə adlandığınızı+ görüb sizdən qorxacaqlar.+
11 Yehova ata-babalarınıza and içib sizə verməyi vəd etdiyi diyarda sizi çoxlu oğul-uşaq sahibi edəcək.+ Yehova mal-heyvanınızı birə-beş artıracaq, torpağınızı məhsuldar edəcək.+ 12 Yehova Öz ruzi-bərəkət anbarının, göylərin qapısını açıb torpağınıza vaxtlı-vaxtında yağış yağdıracaq,+ əlinizin hər işinə bərəkət verəcək. Siz bir çox xalqlara borc verəcəksiniz, özünüz isə borc üçün heç kimə ağız açmayacaqsınız.+ 13 Əgər Allahınız Yehovanın əmrlərinə, sizə tapşırdığım əmrlərə həmişə boyun əysəniz, Yehova sizi quyruq deyil, baş edəcək, siz aşağıda deyil, yuxarıda olacaqsınız.+ 14 Bu gün sizə əmr etdiyim heç bir sözdən nə sağa, nə də sola bir addım belə, atmayın,+ başqa allahların dalınca gedib onlara qulluq etməyin.+
15 Yox əgər Allahınız Yehovanın sözünə qulaq asmasanız, bu gün sizə verdiyim bütün əmrlərinə və qanunlarına dəqiqliklə əməl etməsəniz, bu lənətlər sizi qarabaqara izləyib yaxanızdan yapışacaq:+
16 Şəhərdə də, tarlada da lənətli olacaqsınız.+
17 Səbətləriniz+, xəmir təknələriniz lənətli olacaq.+
18 Övladlarınız da, torpağınızın bəhəri də, mal-heyvanınızın balaları da lənətli olacaq.+
19 Hər işiniz nəhs gətirəcək.
20 Bəd əməllərinizə, Yehovanı atdığınıza görə gördüyünüz hər işdən lənət, çaşqınlıq, cəza biçəcəksiniz, tez bir zamanda məhv olub yer üzündən yox olacaqsınız.+ 21 Tutmağa getdiyiniz diyardan kökünüz tamamilə kəsilənəcən Yehova canınıza azar salıb sizi qıracaq.+ 22 Axırınıza çıxana qədər Yehova canınıza vərəm, titrətmə, iltihab, qızdırma salacaq, üstünüzə qılınc göndərəcək.+ Səmum yelindən məhsulunuz yanacaq, onu kif basacaq.+ 23 Başınızın üstündəki göylər misə, ayağınızın altındakı torpaq dəmirə dönəcək.+ 24 Yehova başınıza yağış əvəzinə toz-torpaq yağdıracaq, siz məhv oluncaya qədər ölkənizdə belə olacaq. 25 Yehova sizi düşmənlərinizə məğlub edəcək.+ Onlara bir istiqamətdən hücum çəkəcək, yeddi istiqamətdə qaçacaqsınız. Yer üzündəki bütün məmləkətlər üçün dəhşət rəmzi olacaqsınız.+ 26 Meyitinizi göydəki quşlar didəcək, yerdəki heyvanlar parçalayacaq, onları ürküdüb qovan olmayacaq.+
27 Yehova sizi Misirdəki çibanlarla, babasillə, sövda* ilə cəzalandıracaq, bədəninizə yara salacaq, dərdinizə dərman tapılmayacaq. 28 Yehova ağlınızı alacaq, gözünüzü kor edəcək,+ sizi çaşqınlığa salacaq. 29 Günün günorta çağı, zülmət məhbusu olan kor kimi,+ əllərinizi sürtə-sürtə gəzəcəksiniz. Bütün işləriniz tərs gətirəcək. Daim sizə fırıldaq gələcək, soyacaqlar, qahmar çıxanınız olmayacaq.+ 30 Nişanlandığınız qızı gəlib başqa kişi zorlayacaq. Ev tikəcəksiniz, içində yaşamayacaqsınız.+ Üzümlük salacaqsınız, bəhrəsindən dadmayacaqsınız.+ 31 Öküzünüzü gözünüzün qabağında kəsəcəklər, amma ətindən bir tikə də yeməyəcəksiniz. Gözünüz görə-görə eşşəyinizi oğurlayacaqlar, geri qaytaran olmayacaq. Qoyun-quzunuzu düşmənlər aparacaq, hayınıza gələn olmayacaq. 32 Gözünüz baxa-baxa oğlunuzu, qızınızı yadellilər aparacaq.+ Onların həsrəti sizi üzəcək, amma əliniz heç yana çatmayacaq. 33 Torpağınızın bəhrəsini, yığdığınız bütün məhsulu yadlar yeyəcək.+ Daim aldanacaq və sıxışdırılacaqsınız. 34 Gördüklərinizdən başınıza hava gələcək.
35 Yehova dizlərinizdə, ayaqlarınızda, təpədən dırnağadək bütün bədəninizdə ağrılı, sağalmaz çibanlar çıxaracaq. 36 Yehova sizi də, üzərinizdə qoyduğunuz padşahı da, nə özünüzün, nə də ata-babalarınızın tanımadığı xalqın torpağına sürgün edəcək.+ Orada ağacdan, daşdan düzəldilmiş allahlara qulluq edəcəksiniz.+ 37 Siz dəhşət rəmzi olacaq, dillərdə zərbi-məsələ dönəcəksiniz, Yehovanın sizi sürgün etdiyi ölkələrin camaatı içində məsxərəyə qoyulacaqsınız.+
38 Çox səpib, az biçəcəksiniz.+ Məhsulunuzu çəyirtkələr yeyəcək. 39 Üzümlüklər salıb becərəcəksiniz, şərabındansa içməyəcəksiniz, barından bir gilə belə, dərməyəcəksiniz.+ Qurdlar onun axırına çıxacaq. 40 Torpağınızın hər yerində zeytun ağacları olsa da, bədəninizə sürtməyə yağ tapmayacaqsınız, çünki bütün zeytunlar töküləcək. 41 Oğullarınız, qızlarınız olacaq, amma onları gözüdolusu görməyəcəksiniz, çünki əsir aparılacaqlar.+ 42 Ağaclarınıza, torpağınızın bəhərinə həşəratlar daraşacaq. 43 Aranızda yaşayan yadelli yüksəldikcə yüksələcək, sizsə alçala-alçala gedəcəksiniz. 44 Siz ona yox, o, sizə borc verəcək.+ O, baş olacaq, siz isə quyruq.+
45 Allahınız Yehovanın sözünə qulaq asmadığınız, sizə buyurduğu qayda və qanunlara riayət etmədiyiniz üçün bütün bu lənətlər+ yaxanızdan yapışıb sizə zərbələr endirəcək, ta o vaxta qədər ki, tam məhv olasınız.+ 46 Bu lənətlər sizin də, övladlarınızın da üstündə bir nişan, bir əlamət olacaq.+ 47 Ona görə ki, bolluqda yaşayanda Allahınız Yehovaya sevinclə, könül xoşluğu ilə qulluq etmədiniz.+ 48 Yehova düşmənlərinizi üstünüzə göndərəcək. Ac-susuz+, yarıçılpaq, hər şeydən korluq çəkə-çəkə onlara qulluq edəcəksiniz.+ O, boynunuza dəmir boyunduruq salacaq. Siz məhv olmayınca bu boyunduruq boynunuzdan çıxmayacaq.
49 Yehova uzaqdan, dünyanın o tayından sizə qarşı bir xalq+, dilini bilmədiyiniz bir xalq qaldıracaq.+ Onlar qartal kimi üstünüzə şığıyacaq.+ 50 Bu xalq vəhşi görkəmli, qocaya hörmət qoymayan, uşağa rəhmi gəlməyən bir xalqdır.+ 51 Onlar sizin axırınıza çıxanadək mal-heyvanınızın balalarını, torpağınızın bəhərini yeyəcəklər. Onların əlindən nə taxıl, nə şərab, nə yağ, nə bir buzov, nə də bir quzu qalacaq.+ Axırda məhv olub gedəcəksiniz. 52 Onlar ölkənizin bütün şəhərlərini mühasirəyə alıb sizi orada dustaq edəcək, axırda güvəndiyiniz hündür, möhkəm divarlarınızı yerlə yeksan edəcəklər. Bəli, Allahınız Yehovanın sizə verdiyi ölkədəki bütün şəhərləri mühasirəyə alacaqlar.+ 53 Düşmən mühasirəsində ikən çəkdiyiniz zillətə görə Allahınız Yehovanın sizə verdiyi övladlarınızı, oğul və qızlarınızı yeyəcəksiniz.+
54 Hətta aranızdakı ən ürəyiyumşaq, ən həssas kişinin belə, qardaşına, qoynundakı arvadına, sağ qalan övladlarına rəhmi gəlməyəcək, 55 yediyi övladlarının ətindən onlara verməyəcək, çünki düşmən mühasirəsində olan şəhərdəki ağır vəziyyətə görə yeməyə başqa heç nəyi olmayacaq.+ 56 Həmçinin aranızdakı ən zərif+, ən həssas, ədasından yalın ayağını yerə basmayan qadının belə, sevgili ərinə, oğluna, qızına rəhmi gəlməyəcək, 57 düşmən mühasirəsində çəkdikləri zillət elə güclü olacaq ki, dünyaya gətirdiyi övladının ətindən, hətta bətnindən çıxan ciftdən belə, onlara verməyəcək, özü xəlvətcə yeyəcək.
58 Əgər bu kitabda yazılan Qanunun sözlərinə dəqiqliklə əməl etməsəniz,+ Allahınız Yehovanın+ əzəmətli, zəhmli adından+ qorxmasanız, 59 Yehova sizi və övladlarınızı dəhşətli bəlalara, böyük və sonsuz müsibətlərə,+ sağalmaz, əzablı xəstəliklərə mübtəla edəcək. 60 O, Misirin qorxduğunuz bütün xəstəliklərini təzədən başınıza gətirəcək, onlardan yaxa qurtara bilməyəcəksiniz. 61 Üstəlik, Yehova bu kitabda adı çəkilməyən xəstəlik və bəlaları da canınıza salıb sizi qıracaq. 62 Göydəki ulduzlar qədər çox+ olsanız da, cəmi-cümlətanı bir neçə nəfər qalacaqsınız,+ çünki Allahınız Yehovanın sözünə qulaq asmadınız.
63 Bir zamanlar Yehova sizi firavanlığa çatdırmaqdan, sayınızı artırmaqdan necə zövq alırdısa, sizi məhv edib adınızı yer üzündən silməkdən də Yehova elə zövq alacaq. Alacağınız torpaqdan köklü-köməcli qoparılıb atılacaqsınız.
64 Yehova sizi yerin bir ucundan o biri ucunadək yaşayan xalqların arasına səpələyəcək.+ Orada nə özünüzün, nə də ata-babalarınızın tanıdığı, ağacdan, daşdan düzəldilən allahlara qulluq edəcəksiniz.+ 65 O xalqlar arasında yaşayarkən dinclik tapmayacaqsınız,+ ayağınızı uzadıb dincəlməyə yeriniz olmayacaq. Yehova orada ürəyinizi həyəcanla dolduracaq,+ gözlərinizin nurunu alacaq, sizi çarəsizliyə düçar edəcək.+ 66 Həyatınız tükdən asılı olacaq, gecəniz-gündüzünüz səksəkə içində keçəcək, bu gündən sabaha ümidiniz olmayacaq. 67 Qorxu ürəyinizi elə yeyib-parçalayacaq, gözləriniz elə şeylər görəcək ki, səhər açılanda “kaş axşam olaydı”, axşam düşəndə isə “kaş səhər olaydı” deyəcəksiniz. 68 Sizə “bu yolu bir də getməyəcəksiniz” dediyim yolla Yehova sizi gəmilərdə Misirə geri qaytaracaq. Orada özünüzü qul-qarabaş kimi düşmənlərinizə satacaqsınız, amma alan olmayacaq».