İbranilərə məktub
4 Beləliklə, Allahın istirahətinə qovuşmaq vədi hələ qüvvədə ikən diqqətli olaq ki, ondan məhrum olmayaq.+ 2 Müjdə onlara təbliğ olunduğu kimi, bizə də təbliğ olunub.+ Lakin eşitdikləri sözün onlara xeyri olmadı, çünki onların imanı itaət edənlərin imanı kimi deyildi. 3 İman edən bizlər istirahətə qovuşuruq. Onlar haqda isə O, belə deyib: «Buna görə qəzəblənib and içdim: “Onlar istirahətimə qovuşmayacaqlar”»,+ hərçənd O, işlərini bəşərin təməli qoyulan vaxtdan bitirib.+ 4 Bir yerdə yeddinci gün haqqında belə deyir: «Allah yeddinci gün iş görməyib istirahət etməyə başladı»+ 5 və yenə təkrar edir: «Onlar istirahətimə qovuşmayacaqlar».+
6 Beləliklə, müjdəni ilk eşidənlər itaətsizlik ucbatından istirahətə qovuşmadılar. Ancaq bəziləri hələ istirahətə qovuşmalıdırlar deyə,+ 7 O, xeyli vaxtdan sonra Davudun məzmurunda «bu gün» deyərək yenidən bir gün təyin edir. Necə ki yuxarıda deyilib: «Bu gün Mənə qulaq asın: ürəyinizi inadkar etməyin».+ 8 Yuşə+ onları istirahət yerinə gətirsəydi, Allah artıq başqa bir gün haqqında danışmazdı. 9 Deməli, Allahın xalqını hələ şənbə istirahəti gözləyir.+ 10 Allah iş görməyib istirahət etdiyi kimi, Allahın istirahətinə qovuşmuş adam da iş görməyib istirahət edir.+
11 Buna görə də gəlin var gücümüzlə çalışıb bu istirahətə qovuşaq ki, heç kəs onlar kimi itaətsizlik yoluna düşməsin.+ 12 Çünki Allahın sözü canlı və qüdrətlidir;+ o, hər cür ikiağızlı qılıncdan+ itidir və o qədər dərinə işləyir ki, bədənlə ruhu, oynaqlarla iliyi bir-birindən ayırır, ürəyin düşüncə və niyyətlərini üzə çıxarır. 13 Heç kəs və heç nə Onun gözündən gizli qala bilməz,+ hər şey apaçıq Onun gözü önündədir. Biz Ona cavab verəcəyik.+
14 Beləliklə, göylərə daxil olmuş Allahın Oğlu İsanın+ şəxsində ali baş kahinimiz var deyə, gəlin yorulmadan onun haqda şəhadət verək.+ 15 Çünki o, elə baş kahin deyil ki, zəifliklərimizi anlaya bilməsin,+ halımıza acımasın, axı o da bizim kimi, hər cəhətdən sınanıb, lakin günah etməyib.+ 16 Buna görə də gəlin Allahın lütf taxtına yaxınlaşıb Ona cəsarətlə dua edək+ ki, dara düşəndə Allahdan mərhəmət və lütf görək.