Birinci İşmuil
16 Axırda Yehova İşmuilə dedi: «Nə vaxtadək Taluta görə yas tutacaqsan?+ Mən onu İsrailin padşahı kimi rədd etmişəm.+ Buynuzu yağla doldur,+ yola düş. Səni beytləhmli Yəssənin+ yanına göndərirəm. Onun oğullarından birini padşah seçmişəm».+ 2 İşmuil dedi: «Necə gedim? Talut eşitsə, məni öldürər».+ Yehova dedi: «Özünlə bir düyə götürərsən və deyərsən ki, Yehovaya qurban kəsməyə gəlmisən. 3 Yəssəni də qurban mərasiminə çağırarsan. Sonra nə etməli olduğunu sənə deyəcəyəm. Göstərdiyim adamı məsh edərsən».+
4 İşmuil Yehovanın dediyi kimi etdi. O, Beytləhmə gəldi,+ şəhərin ağsaqqalları onu görəndə qorxudan titrəyərək soruşdular: «Gəlişin xeyirdir?» 5 O: «Xeyirdir, — dedi. — Yehovaya qurban gətirməyə gəlmişəm. Paklanıb mənimlə qurban mərasiminə gəlin». Sonra İşmuil Yəssə ilə oğullarını pak etdi və qurban mərasiminə çağırdı. 6 Onlar içəri girəndə o, Əlyabı+ görüb dedi: «Bax bu, Yehovanın məsh olunmuşudur ki, var». 7 Yehova isə İşmuilə dedi: «Onun görkəminə, boy-buxununa baxma,+ çünki onu rədd etmişəm. Allah insan kimi baxmır. İnsan zahiri görür, Yehova isə ürəyi».+ 8 Sonra Yəssə Əbunədəbi+ çağırıb İşmuilin önünə çıxardı, amma o dedi: «Bu da Yehovanın seçdiyi deyil». 9 Bundan sonra Yəssə Şamahı+ göstərdi, amma bu dəfə də İşmuil: «Yehova bunu da seçməyib», — dedi. 10 Yəssə bu minvalla yeddi oğlunu İşmuilin qarşısına çıxardı, amma İşmuil Yəssəyə dedi: «Yehova bunların heç birini seçməyib».
11 Axırda İşmuil Yəssədən soruşdu: «Oğulların elə bunlardır?» Yəssə isə: «Ən kiçiyi+ qalıb, o, çöldə qoyun otarır»,+ — dedi. İşmuil Yəssəyə dedi: «Onun dalınca adam göndər, o gəlməyincə süfrəyə oturmayacağıq». 12 Yəssə onun dalınca adam göndərdi, onu gətirdilər. O, alyanaq, gözləri gözəl, qəşəng oğlan idi.+ Yehova dedi: «Dur onu məsh elə, bu, odur!»+ 13 İşmuil yağ buynuzunu götürüb+ onu qardaşlarının qarşısında məsh etdi. Həmin gündən başlayaraq Yehovanın ruhu Davudun üzərinə endi.+ Sonra İşmuil qalxıb Ramaya qayıtdı.+
14 Yehovanın ruhu Talutu tərk etmişdi.+ Yehovanın izni ilə şər ruh Taluta əzab verirdi.+ 15 Talutun əyanları ona dedilər: «Allahın izni ilə şər ruh sənə əzab verir. 16 Ya hökmdar, qullarına əmr et, yaxşı çəng çalan adam tapsınlar.+ Şər ruh Allahın izni ilə səni narahat edəndə o, çəng çalar, sən də özünü yaxşı hiss edərsən». 17 Talut əyanlarına dedi: «Yaxşı çəng çalan tapıb hüzuruma gətirin».
18 Qulluqçulardan biri dedi: «Beytləhmli Yəssənin bir oğlunu çəng çalanda görmüşəm, çox yaxşı çalır. Özü də cəsur, igid döyüşçüdür;+ sözünün yerini bilən, yaraşıqlı oğlandır.+ Yehova onunladır».+ 19 Talut Yəssənin yanına qasid göndərib dedi: «Qoyunlarını otaran oğlun Davudu yanıma göndər».+ 20 Yəssə ulağa çörək, bir tuluq şərab və çəpiş yükləyib oğlu Davudla Taluta göndərdi. 21 Davud Talutun yanına gəlib ona xidmət etməyə başladı.+ Talutun ondan çox xoşu gəldi və onu özünün silahdarı etdi. 22 Talut Yəssəyə xəbər göndərdi: «İcazə ver, Davud yanımda qalıb mənə xidmət etsin, ondan çox xoşum gəlir». 23 Elə ki Allahın izni ilə şər ruh Talutu narahat edirdi, Davud əlinə çəng alıb çalırdı. Onda şər ruh Talutdan uzaqlaşırdı, o sakitləşib özünə gəlirdi.+