Məttanın yazdığı müjdə
25 Səmavi Padşahlıq çıraqlarını+ götürüb bəyi qarşılamağa çıxan on qıza bənzəyir.+ 2 Onlardan beşi ağılsız, beşi isə ağıllı idi.+ 3 Ağılsız qızlar çıraqlarını götürmüşdülər, amma yağ götürməmişdilər. 4 Ağıllı qızlar isə çıraqlarla birgə yağ qablarını da doldurub özləri ilə götürmüşdülər. 5 Bəy yubandığı üçün qızlar mürgüləyib yuxuya getdilər. 6 Birdən gecə yarısı kimsə qışqırdı: “Bəy gəlir! Bəyin qabağına çıxın”. 7 Onda qızların hamısı durub çıraqlarını qaydaya saldı.+ 8 Ağılsız qızlar ağıllılara dedilər: “Çıraqlarımız sönür, yağınızdan bir az bizə də verin”. 9 Ağıllı qızlar belə cavab verdilər: “Birdən yağ nə sizə çatar, nə bizə. Yaxşısı budur gedin, yağ satanlardan alın”. 10 Onlar yağ almağa getdikləri vaxt bəy gəlib çıxdı. O qızlar ki hazır idi, bəylə toy məclisinə+ girdilər və qapı bağlandı. 11 Bir qədər sonra o biri qızlar da gəlib: “Ağa, ağa, bizik, qapını aç!”+ — deyə çağırdılar. 12 Bəy onlara dedi: “Mən sizi tanımıram”.
13 Buna görə də oyaq qalın,+ çünki o günü və o saatı bilmirsiniz.+
14 Padşahlıq həmçinin başqa ölkəyə getməyə hazırlaşan bir adama bənzəyir. O adam nökərlərini yanına çağırıb əmlakının idarəsini onlara həvalə etdi.+ 15 O, nökərlərin bacarığını nəzərə alaraq, birinə beş, o birisinə iki, digərinə isə bir talant* verib yola çıxdı. 16 Beş talant almış nökər dərhal gedib pulu dövriyyəyə buraxdı və daha beş talant qazandı. 17 Eynilə, iki talant almış nökər də daha iki talant qazandı. 18 Bir talant almış nökər isə gedib ağasının verdiyi gümüş pulu torpağa basdırdı.
19 Xeyli vaxt keçəndən sonra ağa geri qayıtdı və nökərlərdən hesabat tələb etdi.+ 20 Beş talant almış nökər qazandığı beş talantı da özü ilə gətirib dedi: “Ağa, sən mənə beş talant əmanət etmişdin. Bax, mən beş talant da qazanmışam”.+ 21 Ağası ona dedi: “Afərin, mənim qoçaq, sadiq nökərim! Sən xırda işdə sədaqətini göstərdin, buna görə sənə çox şey həvalə edəcəyəm.+ Gəl, sən də ağanla birgə sevin!”+ 22 Sonra iki talant almış nökər irəli çıxıb dedi: “Ağa, sən mənə iki talant əmanət etmişdin. Bax, mən iki talant da qazanmışam”.+ 23 Ağası ona dedi: “Afərin, mənim qoçaq, sadiq nökərim! Sən xırda işdə sədaqətini göstərdin, buna görə sənə çox şey həvalə edəcəyəm. Gəl, sən də ağanla birgə sevin!
24 Axırda bir talant almış nökər irəli çıxıb dedi: “Ağa, mən bilirdim ki, sən tələbkar adamsan. Əkmədiyin yerdən biçirsən, səpmədiyin yerdən yığırsan.+ 25 Buna görə də səndən qorxdum və gedib verdiyin talantı torpaqda gizlətdim. Al, bu da sənin pulun”. 26 Ağası ona dedi: “Ay yaramaz, tənbəl nökər! Axı sən bilirdin ki, mən əkmədiyim yerdən biçən, səpmədiyim yerdən yığan adamam. 27 Onda nəyə görə pulumu dövriyyəyə buraxmadın ki, mən gələndə pulumu faizlə götürüm?”
28 Sonra ağa nökərlərinə dedi: “Pulu bundan alın, on talantı olana verin.+ 29 Çünki kimdə varsa, ona daha çox veriləcək və o adamda bolluq olacaq. Ancaq kimdə yoxdursa, əlindəki də alınacaq.+ 30 Bu yaramaz nökəri isə bayıra, zülmətə atın. O, orada hönkür-hönkür ağlayıb dişlərini qıcayacaq”.
31 İnsan Oğlu+ bütün mələklərlə birgə öz calalında gəlib+ şanlı taxtına əyləşəcək. 32 Bütün xalqlar onun önündə yığışacaq və o, insanları çoban qoyunları keçilərdən ayırdığı kimi, bir-birindən ayıracaq. 33 Qoyunları+ sağ tərəfinə, keçiləri isə sol tərəfinə qoyacaq.+
34 Onda Padşah sağındakılara deyəcək: “Ey Atamın mübarək bəndələri! Gəlin, bəşərin təməli qoyulandan bəri sizin üçün hazırlanmış Padşahlığı miras alın. 35 Çünki acmışdım, mənə yemək verdiniz; susamışdım, mənə su verdiniz; qərib idim, mənə qonaqpərvərlik göstərdiniz;+ 36 çılpaq idim, məni geyindirdiniz;+ naxoşlamışdım, mənə baxdınız; dustaq idim, yanıma gəldiniz”.+ 37 Onda salehlər ona deyəcəklər: “Ağa, biz səni nə vaxt ac görüb yedizdirmişik və ya susuz görüb su vermişik?+ 38 Haçan qərib olduğunu görüb sənə qonaqpərvərlik göstərmişik, ya da səni çılpaq görüb geyindirmişik? 39 Səni nə vaxt xəstə və ya dustaq görüb yanına gəlmişik?” 40 Padşah onlara cavab verəcək: “Bunu bu qardaşlarımdan ən kiçiyi üçün etdiyinizə görə, elə hesab edirəm ki, mənim üçün etmisiniz”.+
41 Sonra o, solundakılara deyəcək: “Rədd olun buradan,+ lənətə gəlmişlər! İblis və onun mələkləri+ üçün hazırlanmış əbədi alova+ gedin! 42 Çünki acmışdım, mənə yemək vermədiniz; susamışdım, mənə su vermədiniz; 43 qərib idim, mənə qonaqpərvərlik göstərmədiniz; çılpaq idim, məni geyindirmədiniz; naxoşlamışdım və dustaq idim, amma mənə baxmadınız”. 44 Onlar soruşacaqlar: “Ağa, biz səni nə vaxt ac, susuz, qərib, çılpaq, xəstə və ya dustaq görüb sənə qulluq etmədik?” 45 Onda padşah onlara deyəcək: “Madam ki bunu bu kiçiklərdən birinə etmədiniz, deməli, mənə də etməmisiniz”.+ 46 Bunlar əbədilik məhv ediləcəklər,+ salehlər isə əbədi həyata qovuşacaqlar».+