“Sadiq və ağıllı qul” sınağa tab gətirir!
“Məhkəmənin Allahın ev əhlindən başlanmasının vaxtıdır” (1 PETER 4:17).
1. İsa “qulu” yoxlayarkən hansı vəziyyəti gördü?
ERAMIZIN 33-cü ilinin Pentikost günü İsa “ev xalqına” vaxtlı-vaxtında qida vermək üçün “qulu” tə’yin etdi. İsa 1914-cü ildə Padşah kimi taxta yüksəldildi və qısa bir vaxtdan sonra həmin “qulu” yoxlamaq vaxtı gəldi. Bu sınaq zamanı İsa “qulun” böyük bir hissəsinin “sadiq və ağıllı” olduğunu gördü. Bu səbəbdən onu “bütün malikanəsi üzərinə” tə’yin etdi (Matta 24:45-47, İ–93). Lakin həm sadiq, həm də ağıllı olmayan pis qul da vardı.
“Pis qul”
2, 3. “Pis qul” kimlərin arasından çıxdı və necə inkişaf etdi?
2 İsa “sadiq və ağıllı qul” haqqında danışdıqdan dərhal sonra pis qulu xatırlatdı. O dedi: “Fəqət, əgər o, pis qul olaraq ürəyində deyərsə ki, “Ağam gec gələcək” — və öz yoldaşlarını döyməyə və sərxoşlarla yeyib içməyə başlarsa,— o qulun ağası, onun gözləmədiyi bir gündə və bilmədiyi bir saatda gələcək, və onu iki yerə böləcək və ikiüzlülərlə eyni aqibətə uğradacaq: orada ağlaşma və diş qıcırtısı olacaq” (Matta 24:48-51, İ–93). “Pis qul” ifadəsi diqqətimizi İsanın sadiq və ağıllı qul haqqında söylədiyi əvvəlki sözlərə yönəldir. Bəli, bu “pis qul” sadiq qulun üzvlərinin arasından çıxmışdıa. Bu necə baş verdi?
3 Sadiq qulun üzvlərinin bir çoxu 1914-cü ildə göydə Adaxlı ilə görüşəcəklərinə güclü ümid bəsləyirdilər, lakin onların ümidləri baş tutmadı. Bu və digər hadisələrin nəticəsində bir çoxları ümidlərini itirdilər, bə’ziləri isə hətta qəddarlaşdılar. Bu cür şəxslərdən bə’ziləri öz keçmiş qardaşlarını sözlərlə “döyməyə” və Xristian dünyasının dini qruplarını təmsil edən “sərxoşlarla” əlbir olmağa başladılar (İşaya 28:1-3; 32:6).
4. İsa “pis qul” ilə və onun ruhunu əks etdirən hər bir kəslə necə davrandı?
4 Bu keçmiş məsihçilər özlərini “pis qul” kimi qələmə verdilər, İsa da onları ‘şiddətlə cəzalandırdı’. Necə? İsa onları rədd etdi və onlar səmavi ümidlərini itirdilər. Lakin onlar dərhal məhv edilmədilər. İlk əvvəl onlar məsihçi yığıncağından “çöl qaranlığına” atıldılar və onlar üçün, məcazi mə’nada desək, ağlaşma və diş qıcırtması başlandı (Matta 8:12). Həmin vaxtdan e’tibarən bə’zi məsh edilmişlər pis ruh əks etdirərək özlərini “pis qula” oxşatmağa başladılar. Onların sədaqətsizliyini “başqa qoyunlar”ın bə’ziləri də təqlid etdilər (Yəhya 10:16). Məsihin bu kimi düşmənlərinin hamısının aqibəti birdir: onlar ruhani mə’nada “çöl qaranlığına” atılırlar.
5. “Pis qulun” əksinə olaraq sadiq və ağıllı qul necə davrandı?
5 Axı sadiq və ağıllı qul da həmin “pis qul” kimi eyni sınaqlara mə’ruz qalmışdı. Lakin onlar qəddarlaşmaq əvəzinə, yollarını düzəltdilər (2 Korinflilərə 13:11). Onların Yehovaya və qardaşlarına olan məhəbbətləri möhkəmləndi. Bunun sayəsində onlar bu narahat “axır günlərdə” “həqiqətin dirəyi və əsası” oldular (2 Timoteyə 3:1; 1 Timoteyə 3:15).
Ağıllı və ağılsız qızlar
6. a) İsa özünün sadiq qulunun ağıllı olduğunu necə təsvir etdi? b) Məsh edilmiş məsihçilər 1914-cü ilə qədər hansı xəbəri təbliğ edirdilər?
6 “Pis qulu” təsvir etdikdən sonra, İsa məsh edilmiş bə’zi məsihçilərin nəyə görə sadiq və ağıllı, digərlərinin isə pis olacaqlarını izah etmək üçün iki məsəl söylədib. O, ağıllılığı təsvir edərək dedi: “Səmavi Səltənət [Padşahlıq], çıraqlarını götürüb adaxlının qarşısına çıxan on qıza bənzəyəcəkdir. Onlardan beşi ağıllı, beşi ağılsız idi. Ağılsızlar özləri ilə çıraqları götürmüşdülər, amma yağ götürməmişdilər. Ağıllılar isə çıraqları ilə bərabər öz qablarında yağ da götürmüşdülər” (Matta 25:1-4). On qız bizə, 1914-cü ilə qədər olan məsh edilmiş məsihçiləri xatırladır. Onların hesablamalarına görə adaxlının — İsa Məsihin peyda olmaq vaxtı idi. Buna görə də onlar, “digər xalqların vaxtı”nın 1914-cü ildə bitəcəyini cəsarətlə təbliğ edərək, onu qarşılamağa çıxdılar (Luka 21:24).
7. Məsh edilmişlər nə zaman və nəyə görə “yatdılar”?
7 Onlar haqlı idilər. Digər xalqların vaxtı həqiqətən də 1914-cü ildə başa çatdı və Allahın Padşahlığı İsa Məsihin rəhbərliyi altında hökmranlıq etməyə başladı. Lakin bu hadisə gözə görünməyən göylərdə baş verdi. Yer üzündəki insanlar qabaqcadan xəbər verilən “vay” ucbatından iztirab çəkməyə başladılar (Vəhy 12:10, 12). Bunun ardınca sınaq dövrü başlandı. Aydın anlayışları olmadan məsh edilmiş məsihçilər düşünürdülər ki, ‘adaxlı gecikir’. Çaşqınlığa düşərək və dünyanın düşmənçiliyi ilə üzləşərək, ümumilikdə onlar ruhdan düşdülər və təşkil edilmiş təbliğ fəaliyyəti, demək olar ki, dayandırıldı. Məsihçi olduqlarını iddia edən sədaqətsiz kəslər həvarilərin ölümündən sonra yuxuya daldıqları kimi, məsəldəki qızlara bənzər tərzdə, məsh edilmiş məsihçiləri də ruhani mə’nada “yuxu basdı və onlar yatdılar” (Matta 25:5; Vəhy 11:7, 8; 12:17).
8. “Budur adaxlı gəlir” deyə eşidilən qışqırığa hansı hadisələr səbəb oldu və o zaman məsh edilmişlər üçün nəyin vaxtı gəlib çatmışdı?
8 Sonra 1919-cu ildə gözlənilməz bir şey baş verdi. Biz oxuyuruq: “Gecə yarısı... bir qışqırıq qopdu: “Budur adaxlı gəlir, onu qarşılamağa çıxın!” O zaman qızların hamısı durub öz çıraqlarını düzəltdilər” (Matta 25:6, 7). Ən ümidsiz kimi görünən bir anda, fəaliyyətə çağırış səsi eşidildi! “Əhd mələyi” olan İsa, 1918-ci ildə Allahın yığıncağını yoxlamaq və təmizləmək üçün Yehovanın ruhani mə’bədinə gəldi (Malaki 3:1). Məsh edilmiş məsihçilər bu mə’bədin yer üzündəki həyətlərinə çıxıb onu qarşılamalı idilər. Onlar üçün “aydınlan”maq, yə’ni işıq saçmaq vaxtı gəlmişdir (İşaya 60:1; Filipililərə 2:14, 15).
9, 10. Nəyə görə 1919-cu ildə bə’zi məsihçilər “ağıllı”, digərləri isə “ağılsız” oldular?
9 Lakin gözləyin! Məsəldəki bə’zi qızların çətinlikləri yaranmışdır. İsa davam etdi: “Ağılsızlar ağıllılara dedilər: “Yağınızdan bizə də verin, çünki çıraqlarımız sönür” (Matta 25:8). Yağ olmasa, çıraqlar işıq saça bilməz. Beləliklə, çıraq yağı bizə, Allahın həqiqi xidmətçilərinə ruhani mə’nada işıq saçmaq imkanı verən, Allahın həqiqət Kəlamını və Allahın müqəddəs ruhunu xatırladır (Məzmur 119:130; Daniel 5:14). 1919-cu ilə qədər məsh edilmiş ağıllı məsihçilər, müvəqqəti olaraq zəifləmələrinə baxmayaraq, Allahın onlar üçün olan iradəsinin nədən ibarət olduğunu dərk etmək üçün sə’ylə çalışırdılar. Buna görə də, işıq saçmaq çağırışı səslənəndə, onlar hazır idilər (2 Timoteyə 4:2; İbranilərə 10:24, 25).
10 Lakin bə’zi məsh edilmiş məsihçilər Adaxlı ilə birlikdə olmağı ürəkdən arzulasalar da, fədakarlıq etməyə və sə’y göstərməyə hazır deyildilər. Buna görə də xoş xəbəri fəal surətdə təbliğ etmək vaxtı gəlib çatanda, onlar bunu etməyə hazır deyildilər (Matta 24:14). Onlar hətta yoldaşlarından yağ istəyərək, onların sə’yini zəiflətməyə çalışırdılar. İsanın məsəlindəki ağıllı qızlar necə cavab verdilər? Onlar dedilər: “Belə olmasın ki, yağ nə bizə çatsın, nə sizə. Yaxşısı budur ki, gedib satıcılardan alasınız” (Matta 25:9). Buna bənzər tərzdə 1919-cu ildə məsh edilmiş sadiq məsihçilər, onların işıq saçmaq qabiliyyətlərinə pis tə’sir göstərə bilən nə isə etməkdən imtina etdilər. Bu yolla onlar sınağa tab gətirdilər.
11. Ağılsız qızlarla nə baş verdi?
11 İsa söhbətinin sonunda dedi: “Onlar [ağılsız qızlar] yağ satın almağa getdikləri zaman adaxlı gəldi; və hazır olanlar onunla kəbin məclisinə girdilər və qapı bağlandı. O biri qızlar da sonradan gəlib: “Ağa! Ağa! Qapını bizə aç!” — dedilər. O isə cavab verib dedi: “Sizə doğrusunu deyirəm: sizi tanımıram” (Matta 25:10-12). Gördüyümüz kimi, bə’ziləri Adaxlının gəlişinə hazır deyildilər. Buna görə də onlar sınağa tab gətirmədilər və göydəki kəbin məclisində iştirak etmək imkanını itirdilər. Bu doğrudan da çox faciəli idi!
Talantlar haqqında məsəl
12. a) İsa sadiqliyi hansı nümunənin əsasında izah etdi? b) ‘Yad bir ölkəyə gedən’ “adam” kim idi?
12 İsa ağıllı davranışın nə demək olduğunu göstərdikdən sonra, sadiqliyə dair nümunə gətirdi. O belə dedi: “O, yad bir ölkəyə gedərkən, qullarını çağırıb öz malikanəsini onlara tapşıran bir adam kimi hərəkət edəcəkdir. Birinə beş, birinə iki, birinə də bir talant verdi. Hər birinə öz qabiliyyətinə görə verdi və dərhal yola düşdü” (Matta 25:14, 15). Məsəldəki “adam”, eramızın 33-cü ilində göyə qalxarkən ‘yad bir ölkəyə gedən’ İsanın özüdür. Lakin göyə qalxmazdan əvvəl o, “öz malikanəsini” sadiq şagirdlərinə tapşırdı. Hansı tərzdə?
13. İsa hansı üsulla böyük bir fəaliyyət sahəsi hazırladı və “qullarına” onun “malikanəsini” artırmağı tapşırdı?
13 Yer üzündəki xidməti zamanı İsa Padşahlıq haqqındakı xoş xəbəri bütün İsrail torpaqlarında təbliğ edərək, böyük fəaliyyət sahəsi hazırlamağa başladı (Matta 9:35-38). O, ‘yad bir ölkəyə getməzdən’ əvvəl, bu sahəni sadiq xidmətçilərinə əmanət edib dedi: “Beləliklə, gedin, bütün xalqları şagirdim edin, onları Ata, Oğul və Müqəddəs Ruh naminə vəftiz edin; Sizə əmr etdiyim hər şeyə riayət etməyi onlara öyrədin” (Matta 28:18-20). İsa bu sözlərlə, özü qayıdana qədər “qullarına”, hər birinə “öz qabiliyyətinə görə” onun “malikanəsini” artırmaq tapşırığı verdi.
14. Ağanın “malikanəsini” hamının eyni dərəcədə artıracağını nəyə görə gözləmək olmazdı?
14 “Öz qabiliyyətinə görə” ifadəsi göstərir ki, I əsrin bütün məsihçiləri eyni şəraitlərə və imkanlara malik deyildilər. Pavel və Timotey kimi bə’ziləri təbliğ və tə’lim işində daha çox iştirak etmək imkanına malik idilər. Başqalarının sərbəst fəaliyyət göstərmək imkanları isə, çox məhdud idi. Məsələn, məsihçilərdən kimisi qul idi, kimisi zəif sağlamlığa və ya ailə məs’uliyyətlərinə malik idi, kimisi isə artıq yaşlaşmışdı. Əlbəttə, yığıncaqdakı məs’uliyyətlər şagirdlərdən hər birinə müyəssər deyildi. Məsh edilmiş bacılar və bə’zi qardaşlar yığıncaqda öyrətmirdilər (1 Korinflilərə 14:34; Yaqub 3:1; 1 Timoteyə 3:1). Bununla yanaşı, vəziyyətlərindən asılı olmayaraq, Məsihin məsh edilmiş şagirdlərinin hamısı — həm kişilər, həm də qadınlar — Ağanın “malikanəsini” artırmaq məs’uliyyətinə malik idilər; onların hamısı məsihçi xidmətinin maraqlarında iştirak etmək kimi imkanlarından və şəraitlərindən istifadə etməli idilər. Müasir məsihçilər də bu cür davranırlar.
Sınaq zamanı başlanır!
15, 16. a) Qullardan hesabat tələb etmək vaxtı nə zaman başlandı? b) Məsh edilmiş sadiq məsihçilərə İsanın “malikanəsini” artırmaq üçün hansı yeni imkanlar verilmişdir?
15 Məsəldə sonra deyilir: “Uzun bir zaman keçdikdən sonra, həmin qulların ağası gəldi və onlardan hesabat tələb etdi” (Matta 25:19). 1914-cü ildə — həqiqətən də eramızın 33-cü ilindən uzun bir müddət sonra — Məsih İsanın Padşah kimi iştirakı dövrü başlandı. O, üç il yarımdan sonra, 1918-ci ildə Allahın ruhani mə’bədinə gəldi və bununla da Peterin dediyi sözlər yerinə yetdi: “Məhkəmənin Allahın ev əhlindən başlanmasının vaxtıdır” (1 Peter 4:17; Malaki 3:1). Onlardan hesabat tələb etmək vaxtı gəlib çatmışdır.
16 Bəs “qullar”, İsanın məsh edilmiş qardaşları Padşahın ‘talantları’ ilə nə etdilər? Eramızın 33-cü ilindən və 1914-cü ildən əvvəlki vaxtı da daxil etməklə, bir çoxları ürəkdən çalışaraq, İsanın talantları ilə “ticarət” etdilər (Matta 25:16). Hətta Birinci Dünya müharibəsi zamanı onların öz Ağalarına xidmət etməyə güclü istəkləri vardı. Artıq məsh edilmiş sadiq məsihçilərə İsanın “malikanəsini” artırmaq üçün yeni imkanlar vermək münasib idi. Həmin sistemin axır günlərinin vaxtı gəlmişdi. Bütün dünyada xoş xəbəri təbliğ etmək lazım idi. “Yer üzünün biçini”ni toplamaq lazım idi (Vəhy 14:6, 7, 14-16). Simvolik “buğdaların” sonuncu nümayəndələrini tapmaq və başqa qoyunların “böyük izdiham”ını toplamaq lazım idi (Matta 13:24-30; Vəhy 7:9).
17. Məsh edilmiş sadiq məsihçilər ağalarının sevincinə necə şərik oldular?
17 Biçin vaxtı sevincli vaxtdır (Məzmur 126:6). Buna görə də 1919-cu ildə İsanın öz məsh edilmiş sadiq qardaşlarına daha böyük məs’uliyyət verərkən növbəti sözləri deməsi münasib idi: “Sən xırda işlərdə sadiq oldun, səni böyük işlər üzərinə qoyacağam; ağanın sevincinə şərik ol!” (Matta 25:21, 23). Bundan əlavə, Ağa Allahın Padşahlığının Padşahı olanda, onun duyduğu sevinc hissini təsəvvür etmək bizim üçün çətindir (Məzmur 45:1, 2, 6, 7). Məsh edilmiş sadiq məsihçilər Padşahın nümayəndələri kimi xidmət edərək və onun yerdəki malikanəsini artıraraq bu sevincə şərik olurlar (2 Korinflilərə 5:20). Onların sevinci, İşaya 61:10 ayəsindəki peyğəmbərlik sözlərindən görünür: “Rəbb ilə çox məsrur olacağam, canım Allahımla sevinib coşacaq; çünki... mənə qurtuluş geyimi geydirdi”.
18. Bə’ziləri nəyə görə sınaqlara tab gətirmədilər və onlarla nə baş verdi?
18 Əfsuslar olsun ki, bə’ziləri sınağa tab gətirmədi. Biz oxuyuruq: “Bir talant almış olan... gəlib dedi: “Ağa, sənin sərt bir adam olduğunu bilirdim; əkmədiyin yerdən biçərsən, səpmədiyin yerdən yığarsan. Qorxdum, gedib sənin talantını torpaqda gizlətdim; buyur, öz malını geri götür!” (Matta 25:24, 25). Buna bənzər tərzdə, bə’zi məsh edilmiş məsihçilər Məsihdən aldıqları talantla “ticarət” etmədilər. Onlar malik olduqları sevincli xəbəri 1914-cü ilə qədər də başqaları ilə bölüşmürdülər, onlar bunu 1919-cu ildə də etmək istəmədilər. İsa onların hörmətsizliklərinə necə münasibət göstərdi? O, onların bütün imtiyazlarını əllərindən aldı. Onlar ‘çöl qaranlığına atıldılar; orada ağlaşma və diş qıcırtma olacaqdır’ (Matta 25:28, 30).
Sınaq davam edir
19. Sınaq prosesi hansı mə’nada davam edir və məsh edilmiş bütün məsihçilər nəyə qəti qərarlıdırlar?
19 Sonun vaxtı zamanı Məsihin məsh edilmiş qulları olacaq insanların əksəriyyəti 1918-ci ildə İsa sınağa başladığı zaman, hələ Yehovaya xidmət etmirdilər. Bu o deməkdirmi ki, onlar heç cür sınanmırlar? Əsla yox. Sınaq prosesi 1918-1919-cu illərdə başladı və bu prosesdə sadiq və ağıllı qul bir sinif kimi bu sınağa tab gətirdi. Hər bir məsh edilmiş məsihçinin sınağı, onun birdəfəlik möhürlənəcəyi vaxta kimi davam edir (Vəhy 7:1-3). Bunu dərk edərək, Məsihin məsh edilmiş qardaşları Ağalarının “malikanəsini” artırmağa sədaqətlə davam etməyə qəti qərarlıdırlar. Onlar ağıllı olmağa — işıqları daima parıldasın deyə bol ruhani yağa malik olmağa da qəti qərarlıdırlar. Onlardan hər biri bilir ki, həyatının sonuna qədər sadiq qaldığı təqdirdə İsa onu səmavi məskənə qəbul edir (Matta 24:13; Yəhya 14:2-4; 1 Korinflilərə 15:50, 51).
20. a) Böyük izdiham bu gün nəyə qəti qərarlıdır? b) Məsh edilmiş məsihçilər nəyi dərk edirlər?
20 Başqa qoyunların böyük izdihamı məsh edilmiş qardaşlarını təqlid edir. Onlar başa düşürlər ki, Allahın iradəsini bilmək onların üzərinə böyük məs’uliyyət qoyur (Hezekiel 3:17-21). Buna görə də, Yehovanın Kəlamının və müqəddəs ruhunun köməyindən istifadə edərək, onlar öyrənmə yolu ilə və bir-birləri ilə ünsiyyət vasitəsilə daima ruhani yağ ehtiyatlarını tədarük edirlər. Onlar məsh edilmiş qardaşları ilə birlikdə xoş xəbəri yayma və tə’lim vermə işi ilə məşğul olaraq və bununla da Ağalarının “malikanəsini” artıraraq işıqlarına parıldamağa imkan verirlər. Buna baxmayaraq, məsh edilmişlər aydın başa düşürlər ki, talantlar onlara həvalə edilmişdir. Onlar, Ağanın yer üzündəki malikanəsi ilə əlaqədar işlərə görə hesabat verməlidirlər. Onlar sayca az olsalar da, öz məs’uliyyətlərini böyük izdihamın üzərinə qoya bilməzlər. Bunu yadda saxlayaraq, sadiq və ağıllı qul böyük izdihamın sadiq üzvlərinin yardımına minnətdar olmaqla yanaşı, Ağanın “malikanəsinin” artırılması üçün olan rəhbərliyi öz üzərinə götürməyə davam edir. Böyük izdihamın üzvləri isə məsh edilmiş qardaşlarının daşıdığı məs’uliyyəti başa düşür və onların rəhbərliyi altında çalışmaq imkanını şərəf sayırlar.
21. Hansı öyüd bizim günümüzə qədər bütün məsihçilərə aiddir?
21 Beləliklə, bu iki məsəl 1919-cu ildə və ya ona yaxın tarixlərdə baş verən hadisələrə aydınlıq gətirsə də, prinsip e’tibarı ilə onlar son günlərdə yaşayan Məsihin bütün həqiqi davamçılarına tətbiq ediləndir. Buna görə də, İsanın on qızla əlaqədar məsəlinin sonunda verdiyi öyüd, ilk növbədə 1919-cu ilə qədərki məsh edilmiş məsihçilərə aid olduğuna baxmayaraq, ondan hər bir məsihçi faydalana bilər. Belə isə, gəlin hamımız İsanın növbəti sözlərinə diqqət yetirək: “Beləliklə, oyaq durun, çünki siz nə... günü və nə də saatı bilirsiniz” (Matta 25:13).
[Haşiyələr]
a Buna bənzər tərzdə, həvarilərin ölümündən sonra, “azğın qurdlar” da məsh edilmiş ağsaqqalların arasından çıxmışdı (Həvarilərin işləri 20:29, 30).
b İsanın bu məsəli, Yehovanın Şahidləri tərəfindən dərc edilmiş “Sülh Rəisi”nin rəhbərliyi altında ümumdünya təhlükəsizliyi” adlı kitabın 5-ci, 6-cı fəsillərində də müzakirə olunur (ing.).
İzah edə bilərsinizmi?
• İsa öz davamçılarını nə zaman yoxladı və nə gördü?
• Nəyə görə bə’zi məsh edilmiş məsihçilər “pis qulun” ruhunu əks etdirməyə başladılar?
• Ruhani mə’nada ağıllı olduğumuzu necə göstərə bilərik?
• İsanın məsh edilmiş sadiq qardaşlarını təqlid edərək, biz Ağanın “malikanəsini” necə artıra bilərik?
[24-cü səhifədəki çərçivə]
İsa nə zaman gəlir?
“Matta” kitabının 24-cü və 25-ci fəsillərində İsanın müxtəlif ‘gəlişi’ barədə deyilir. ‘Gəlmək’ üçün ona fəzada yerini dəyişmək lazım deyil. Əksinə, o, çox vaxt hökm kəsmək, diqqətini bəşəriyyətə və ya öz davamçılarına yönəltmək üçün ‘gəlir’. Beləliklə, taxta yüksəldilmiş Padşah kimi zühuru başladığı zaman o, 1914-cü ildə ‘gəldi’ (Matta 16:28; 17:1; Həvarilərin işləri 1:11). 1918-ci ildə o, “əhd mələyi” kimi ‘gəldi’ və Yehovaya xidmət etdiklərini iddia edən kəsləri mühakimə etməyə başladı (Malaki 3:1-3; 1 Peter 4:17). Har-Megidonda isə, o, Yehovanın düşmənləri üzərindəki hökmü həyata keçirmək üçün ‘gələcəkdir’ (Vəhy 19:11-16).
Matta 24:29-44 və 25:31-46 ayələrində bir neçə dəfə xatırlanan ‘gəliş’ “böyük məşəqqət” zamanı olacaqdır (Vəhy 7:14). Digər tərəfdən isə, Matta 24:45-25:30 ayələrində dəfələrlə xatırlanan ‘gəliş’, 1918-ci ildən başlayaraq, İsanın şagirdləri olduğunu söyləyənlər üzərindəki məhkəməyə aiddir. Məsələn, sadiq qulun mükafat almasının, ağılsız qızların mühakimə olunmasının və Ağasının talantını gizlədən tənbəl qulun cəzalanmasının, İsanın böyük məşəqqətdə ‘gələcəyi’ zamana aid olacağını söyləmək ağılsızlıq olardı. Bu onu göstərərdi ki, o zaman məsh edilmişlərdən əksəriyyəti sədaqətsiz tapılacaqlar və onlar əvəz olunacaq. Lakin Vəhy 7:3 ayəsi göstərir ki, Məsihin bütün məsh edilmiş qulları həmin vaxt üçün həmişəlik möhürlənəcəklər.
[23-cü səhifədəki şəkil]
Adaxlı gəldiyi zaman ağıllı qızlar hazır idilər.
[25-ci səhifədəki şəkil]
Sadiq qullar “malikanəni” artırırdılar...
tənbəl qul isə yox.