Birinci İşmuil
17 Filiştlilər+ müharibə üçün qoşunlarını toplayıb Yəhudaya məxsus olan Soqoda+ cəmləşdilər, Soqo ilə Əzqa+ arasında yerləşən Efeş-Dammimdə+ ordugah qurdular. 2 Talut və İsrail kişiləri də toplaşıb İlah dərəsində+ ordugah qurdular və filiştlilərlə döyüşmək üçün düzüldülər. 3 Filiştlilər bir dağın yamacında, israillilər qarşı tərəfdəki dağın yamacında qərarlaşmışdılar. Aralarında dərə var idi.
4 Filişt ordugahından Calut adlı catlı+ bir pəhləvan irəli çıxdı.+ Onun boyu altı qulac bir qarış* idi. 5 Başında mis dəbilqə, əynində misdən 5000 şekel* ağırlığında pulcuqlu zireh+ var idi. 6 O, baldırlarına mis dizlik taxmış, kürəyindən mis mizraq+ asmışdı. 7 Nizəsinin sapı toxucu ağacı boyda,+ dəmir ucluğu isə 600 şekel* ağırlığında idi. Qalxanını daşıyan silahdarı onun önündə gedirdi. 8 O, israillilərin qurduğu səfin qarşısında durub qışqırmağa başladı:+ «Nə səf qurub düzülmüsünüz? Mən filiştli, siz Talutun nökərləri deyilsiniz? Aranızdan bir kişi seçin, qoy qabağıma çıxsın. 9 Əgər mənimlə döyüşüb məni öldürsə, biz sizə qul olacağıq, yox əgər mən qalib gəlib onu öldürsəm, onda siz bizə qul olub köləlik edəcəksiniz». 10 Filiştli sonra belə dedi: «Bu gün mən İsrail alaylarını meydana səsləyirəm.+ Mənimlə təkbətək döyüşməyə qarşıma adam çıxarın».
11 Talut və israillilər filiştlinin bu sözlərini eşidəndə qorxudan dəhşətə gəldilər.
12 Davud Yəhudanın Beytləhm+ şəhərindən olan Yəssə+ adlı bir əfratlının+ oğlu idi. Yəssənin səkkiz oğlu var idi.+ Talutun dövründə o, artıq qocalıb yaşa dolmuşdu. 13 Yəssənin üç böyük oğlu Talutun ardınca müharibəyə getmişdi.+ Döyüşə gedən bu üç oğlundan böyüyünün adı Əlyab+, ortancılının Əbunədəb+, üçüncüsünün adı isə Şamah+ idi. 14 Davud onun sonbeşiyi idi.+ Üç böyük oğlu Talutun ardınca getmişdi.
15 Talutun yanında qulluq edən Davud atasının sürüsünü otarmaq+ üçün Beytləhmə gedib-gəlirdi. 16 Bu arada filiştli qırx gün səhər-axşam meydana çıxırdı.
17 Bir gün Yəssə Davuda dedi: «Dur, bu bir efa* qovurğanı, on kömbə çörəyi götür, tez qardaşların üçün ordugaha apar. 18 Bu on parça pendiri də minbaşıya apar. Qardaşlarından hal-əhval tut, mənə onlardan bir xəbər gətir». 19 Həmin vaxt onun qardaşları Talut və israillilərlə birgə İlah dərəsində+ filiştlilərlə müharibədə idilər.+
20 Davud sübh tezdən qalxıb sürünü bir nəfərə tapşırdı və Yəssənin buyurduğu kimi, azuqəni götürüb yola düşdü. O, ordugaha çatanda qoşun nərə çəkərək düzülməyə gedirdi. 21 İsraillilər və filiştlilər qarşı-qarşıya səf qurub düzüldülər. 22 Davud tez boğçasını tədarük keşikçisinə verib səflərə tərəf qaçdı. Oraya çatanda qardaşlarından hal-əhval tutdu.+
23 Davud onlarla danışan vaxt Cat şəhərindən olan Filişt pəhləvanı Calut+ filiştlilərin qurduğu səfdən qabağa çıxdı və əvvəlki sözlərini təkrarladı.+ Davud bunu eşitdi. 24 İsraillilər onu görəndə qorxub qaçdılar.+ 25 Onlar bir-birinə deyirdilər: «Qabağa çıxıb İsrailə meydan oxuyan bu adamı gördünüz?+ Kim onu öldürsə, padşah həmin adamı dünya malından qəni edəcək, qızını ona verəcək,+ üstəlik, atasının evini İsraildə vergidən azad edəcək».
26 Davud yanındakı adamlardan soruşdu: «O filiştlini öldürüb İsraili xəcalətdən qurtarana nə verəcəklər? Axı bu sünnətsiz filiştli kimdir ki, var olan Allahın alaylarına meydan oxuyur?!»+ 27 Adamlar deyilənləri təkrarladılar: «Onu öldürənə bunu-bunu verəcəklər». 28 Davudun böyük qardaşı Əlyab+ onun adamlarla danışdığını eşidəndə hirslənib dedi: «Burada nə işin var? O bir-iki qoyunu çöldə kimə tapşırıb gəlmisən?+ Sənin özbaşına, bədniyyət olduğunu bilirəm, sən döyüşə tamaşa etməyə gəlmisən». 29 Davud dedi: «Nə eləmişəm ki? Bir söz soruşdum da!» 30 O, bunu deyib başqasına tərəf çevrildi və eyni şeyi soruşdu.+ Yenə eyni cavabı verdilər.+
31 Davudun sözlərini eşitdilər və gedib Taluta çatdırdılar. Talut onu çağırtdırdı. 32 Davud Taluta dedi: «Qoy heç kim ondan qorxmasın. Sənin qulun özü gedib o filiştli ilə vuruşacaq».+ 33 Talut isə Davuda dedi: «Sən bu filiştli ilə bacara bilməzsən, sən hələ uşaqsan,+ o isə gəncliyindən döyüş meydanındadır». 34 Davud Taluta dedi: «Bu qulun atasının sürüsünə çobanlıq edir. Vaxt olub ki, şir+, yaxud ayı gəlib sürüdən qoyun aparıb. 35 Onda mən onun dalınca düşüb onu vurmuşam, qoyunu ağzından almışam. Üstümə atılanda çənəsindən yapışaraq yerə vurub öldürmüşəm. 36 Bu qulun şir də öldürüb, ayı da! İndi bu sünnətsiz filiştli də onların gününə düşəcək, çünki var olan Allahın alaylarına meydan oxuyur».+ 37 Davud sözünə davam etdi: «Məni şirin, ayının pəncəsindən qurtaran Yehova bu filiştlinin də əlindən qurtaracaq».+ Talut Davuda dedi: «Get, qoy Yehova sənə yar olsun!»
38 Talut öz paltarını Davuda geyindirdi, başına mis dəbilqə qoydu, əyninə zireh taxdı. 39 Davud paltarın üstündən qılıncını bağlayıb yerimək istədi, amma bacarmadı, çünki bunlara öyrəşməmişdi. Onda Davud Taluta dedi: «Bunlarla yeriyə bilmirəm, öyrəşməmişəm». Davud onları əynindən çıxartdı. 40 O, dəyənəyini götürdü, çaylaqdan beş hamar daş seçib çoban dağarcığına qoydu, əlində sapand+ filiştliyə tərəf getdi.
41 Filiştli də Davuda yaxınlaşmağa başladı. Qalxanını daşıyan silahdarı önündə yeriyirdi. 42 Filiştli qarşısında Davudu — alyanaq, qəşəng bir oğlanı+ görəndə həqarətlə güldü. 43 Filiştli Davuda: «Məgər mən itəm+ ki, üstümə dəyənəklə gəlirsən?» — deyib öz allahları ilə onu lənətlədi. 44 Sonra dedi: «Yaxın gəl. Sənin meyitini göyün quşlarına və çöl heyvanlarına yem edəcəyəm».
45 Davud filiştliyə cavab verdi: «Sən mənim üstümə qılınc, nizə və mizraqla+ gəlirsən, mən isə sənin üstünə meydan oxuduğun+ İsrail alaylarının Allahı, ordular Allahı Yehovanın adı ilə gəlirəm.+ 46 Bu gün Yehova səni mənə təslim edəcək.+ Mən səni öldürüb başını bədənindən ayıracağam. Bu gün ordugahdakı filiştlilərin cəsədlərini göyün quşlarına və vəhşi heyvanlara yem edəcəyəm. Onda bütün xalqlar biləcək ki, İsraildə Allah var.+ 47 Burada toplaşanların hamısına bəlli olacaq ki, Yehova qılınc və nizə ilə xilas etmir,+ çünki bu döyüş Yehovanındır+ və O, hamınızı bizə təslim edəcək».+
48 Filiştli qəti addımlarla Davuda sarı getməyə başladı, Davud da filiştlinin qabağına çıxmaq üçün cəld meydana qaçdı. 49 Əlini dağarcığına apardı və bir daş götürüb atdı. O, filiştlini düz alnından vurdu, daş onun alnına batdı, filiştli üzüstə yerə sərildi.+ 50 Beləcə, Davud filiştlini sapand və daşla məğlub etdi, əlində qılınc olmaya-olmaya filiştlini vurub öldürdü.+ 51 Davud qaça-qaça gəlib Calutun üstünə çıxdı. Filiştlinin qılıncını+ qınından sıyırdı və arxayın olmaq üçün onun başını kəsdi. Filiştlilər pəhləvanlarının öldüyünü görəndə qaçdılar.+
52 Onda İsrail və Yəhuda nərə çəkərək filiştliləri vadidən+ ta Ekron+ darvazasına qədər qovdu. Şəraimdən+ Cata və Ekrona qədər yer filiştlilərin cəsədi ilə dolu idi. 53 İsraillilər aman vermədən filiştliləri qovdular, sonra geri qayıdıb onların ordugahını qarət etdilər.
54 Davud filiştlinin başını götürüb Yerusəlimə gətirdi, silahlarını isə öz çadırına apardı.+
55 Davud filiştlinin üstünə gedəndə Talut onu görüb ordu başçısı Abnurdan+ soruşmuşdu: «Abnur, bu kimin oğludur?»+ Abnur cavab vermişdi: «Ey padşah, canın haqqı, bilmirəm». 56 Padşah demişdi: «Öyrən gör bu gənc kimin oğludur». 57 Davud filiştlini öldürüb qayıdanda Abnur onu götürüb Talutun hüzuruna gətirdi. Filiştlinin başı+ Davudun əlində idi. 58 Talut ondan soruşdu: «Kimin oğlusan?» Davud: «Qulun beytləhmli+ Yəssənin oğluyam»,+ — dedi.