İkinci Salnamələr
20 Bundan sonra muabilər+, əmunilər+ və əmmunlardan* bəziləri birləşib Yəhuşafatla müharibə etməyə gəldilər. 2 Yəhuşafata xəbər verdilər: «Dəniz* tərəfdən, Ədumdan+ sənin üstünə böyük bir izdiham gəlir. Onlar Hasun-Tamarda, yəni Eyn-Gedidədirlər+». 3 Yəhuşafat bunu eşidəndə qorxuya düşdü. O, Yehovaya üz tutdu+ və bütün Yəhudada oruc elan etdi. 4 Yəhudalılar Yehovaya müraciət etmək+ üçün bir yerə toplaşdılar. Onlar Yəhudanın bütün şəhərlərindən gəldilər ki, Yehova onlara bir yol göstərsin.
5 Yəhuşafat Yehovanın məbədində, yeni həyətdə duran Yəhuda və Yerusəlim camaatının önündə dayanıb 6 dedi:
«Ey ata-babalarımızın Allahı Yehova! Ey göylərdə yaşayan Allah!+ Sən bütün xalqların səltənətləri üzərində hökmranlıq edirsən.+ Güc, qüvvət Səndədir. Kim Sənə qarşı dura bilər?+ 7 Məgər Sən, ey Allahımız, bu ölkənin sakinlərini İsrailin qarşısından qovub ölkəni həmişəlik dostun İbrahimin övladlarına vermədin?+ 8 Onlar da burada məskən salıb Sənin adına müqəddəs məkan düzəltdilər+ və dedilər: 9 “Əgər bizə fəlakət — qılınc, hökm, xəstəlik, aclıq üz verərsə, bu evin qarşısında, Sənin hüzurunda durub (çünki bu ev Sənin adını daşıyır)+ dar günümüzdə Səndən imdad diləyərik, Sən də eşidib bizim dadımıza yetişərsən”.+ 10 Amma indi gör əmunilər, muabilər və Sair dağının+ sakinləri nə edirlər. Misirdən çıxıb gələndə Sən israillilərə izin verməmişdin ki, onlara hücum etsinlər. İsraillilər də onlardan yan keçib onları məhv etməmişdi.+ 11 İndi onun əvəzini bizə gör necə verirlər, Sənin verdiyin mirasdan bizi qovmaq istəyirlər.+ 12 Ey Allahımız, onları cəzalandırmayacaqsan?+ Axı üstümüzə gələn bu böyük izdihamın qarşısında acizik, bilmirik nə edək,+ gözümüzü Sənə dikmişik+».
13 Bu arada qadınlı, uşaqlı, körpəli bütün Yəhuda xalqı Yehovanın önündə durmuşdu.
14 O vaxt Yehovanın ruhu camaatın arasında olan Yahəzilin üzərinə endi. (Asəf övladlarından lavili Yahəzil Zəkəriyyənin, Zəkəriyyə Bənayinin, Bənayi Yaəlin, Yaəl Mətənyahın oğlu idi.) 15 O dedi: «Ey Yəhuda, Yerusəlim sakinləri, Yəhuşafat padşah, eşidin! Yehovanın sizə sözü budur: “Bu böyük qoşundan qorxmayın, dəhşətə gəlməyin. Bu döyüş sizin deyil, Allahındır.+ 16 Sabah onların üstünə gedin. Onlar Sis keçidi ilə yuxarı qalxacaqlar. Onları vadinin qurtaracağında, Yəruil çöllüyünün önündə görəcəksiniz. 17 Bu dəfə siz döyüşməyəcəksiniz. Səf qurun, durub gözləyin+, görün Yehova sizi necə xilas edir.+ Ey Yəhuda və Yerusəlim, qorxmayın, dəhşətə gəlməyin!+ Sabah onların üstünə gedin, Yehova sizinlə olacaq”».+
18 Onda Yəhuşafat yerədək təzim etdi, bütün Yəhuda və Yerusəlim sakinləri Yehovaya səcdə qıldılar, Yehovanın hüzurunda yerə döşəndilər. 19 Sonra Kəhat+ və Qarun oğullarından olan lavililər qalxıb var gücləri ilə İsrailin Allahı Yehovaya həmd oxudular.+
20 Onlar ertəsi gün səhər tezdən qalxıb Təquh+ çöllüyünə getdilər. Gedəndə Yəhuşafat onların qarşısında durub dedi: «Ey Yəhuda və Yerusəlim sakinləri, məni dinləyin. Allahınız Yehovaya inanın, onda möhkəm dura biləcəksiniz. Onun peyğəmbərlərinə inanın,+ onda uğur qazanacaqsınız».
21 Xalqla məsləhətləşdikdən sonra Yəhuşafat müqəddəs libasda Yehovaya məzmur oxuyan+, Onu mədh edən kişilər təyin etdi. Onlar qoşunun önündə gedib: «Yehovaya şükür edin, Onun məhəbbəti əbədidir»,+ — deyə oxuyurdular.
22 Onlar sevinclə mədh oxumağa başladı. Onda Yehova Yəhudaya hücum edən əmunilərə, muabilərə və Sair dağının sakinlərinə qarşı pusqu düzəltdi. Onlar bir-birini qırmağa başladılar.+ 23 Əmunilərlə muabilər Sair dağının+ sakinlərinə hücum edib onları qırdılar. Sair sakinlərini qırıb qurtarandan sonra bir-birilərini öldürdülər.+
24 Yəhudalılar çöllükdəki+ gözətçi qülləsinə çatdılar. Onlar düşmən qoşunlarına tərəf baxanda gördülər ki, hər yer meyitlə doludur,+ bir nəfər də sağ adam yoxdur. 25 Yəhuşafatla adamları meyitləri soymağa getdilər. Çoxlu mal, paltar, qiymətli şeylər tapdılar. O qədər şey götürdülər ki, daşımağa gücləri çatmadı.+ Qənimət çox olduğundan onu üç günə daşıdılar. 26 Dördüncü gün Bərəkət dərəsində yığışıb Yehovaya alqış etdilər. Beləliklə, həmin yerin adını Bərəkət dərəsi qoydular+ və ora bu günədək belə adlanır.
27 Sonra bütün yəhudalılar və yerusəlimlilər Yəhuşafatın başçılığı altında şənlik içində Yerusəlimə qayıtdılar. Yehova düşmənlərini məğlub edib onlara qələbə sevinci bəxş etmişdi.+ 28 Onlar telli alətlər, çəng+, kərənay+ çala-çala Yerusəlimə daxil oldular və Yehovanın məbədinə gəldilər.+ 29 Yehovanın İsrailin düşmənlərinə qarşı döyüşdüyünü eşidəndə bütün səltənətləri Allahın xofu bürüdü.+ 30 Beləliklə, Yəhuşafatın səltənətində əmin-amanlıq oldu. Allahı ona hər tərəfdən dinclik verdi.+
31 Yəhuşafat bundan sonra da Yəhuda üzərində hakimiyyət sürdü. O, taxta çıxanda otuz beş yaşında idi və iyirmi beş il Yerusəlimdə hakimiyyət sürdü. Onun anası Şilhi qızı Əzubə idi.+ 32 Yəhuşafat atası Asanın yolu ilə getdi,+ o yoldan dönmədi. O, Yehovanın bəyəndiyi işləri görürdü.+ 33 Lakin səcdəgahlar yox edilmədi.+ Xalqın ürəyi hələ də ata-babalarının Allahına tərəf meyillənməmişdi.+
34 Yəhuşafatın qalan işləri, ilk işlərindən son işlərinə qədər hamısı İsrail padşahlarının kitabına daxil edilən Hənani+ oğlu Yəhunun+ yazılarında qeydə alınıb. 35 Bu hadisədən sonra Yəhuda padşahı Yəhuşafat pis işlər görən İsrail padşahı Əhəzya ilə ittifaq bağladı.+ 36 Onlar birlikdə Tarşişə gedən gəmilər+ düzəltmək qərarına gəldilər və gəmiləri Əzyun-Qəbərdə düzəltdilər.+ 37 Amma Meraş oğlu Dudəvahın oğlu Əlyəzər Yəhuşafatın əleyhinə peyğəmbərlik edib dedi: «Əhəzya ilə ittifaq bağladığın üçün Yehova sənin işini pozacaq».+ Beləliklə, gəmilər qəzaya uğradı,+ Tarşişə gedib çıxmadı.