Salonikililərə ikinci məktub
3 Nəhayət, qardaşlar, bizim üçün daima dua edin+ ki, Yehovanın sözü sürətlə yayılsın+ və sizdə olduğu kimi, hər yerdə hörmətlə qarşılansın. 2 Həmçinin diləyin ki, O, bizi pis və yaramaz adamların+ əlindən qurtarsın, axı hamı iman sahibi deyil.+ 3 Ancaq Ağa vəfalıdır. O, sizi möhkəmləndirəcək və Şərirdən qoruyacaq. 4 Bundan əlavə, Ağanın davamçıları olan bizlər əminik ki, göstərişlərimizə əməl edirsiniz və gələcəkdə də belə edəcəksiniz. 5 Qoy Ağa bundan sonra da ürəyinizi yönəltsin ki, siz Allahı sevəsiniz+ və Məsihin izləri ilə getmək üçün dözümlü olasınız.+
6 Qardaşlar, sizə Ağamız İsa Məsihin adı ilə əmr edirik ki, nizam-intizamı pozan+ və bizdən aldığınız* göstərişlərə əsasən davranmayan qardaşlardan uzaq gəzəsiniz.+ 7 Siz yaxşı bilirsiniz ki, bizdən necə nümunə götürməlisiniz,+ çünki biz sizinlə olarkən nizam-intizamı pozmamışıq. 8 Heç kəsin çörəyini havayı yeməmişik.+ Əksinə, gecə-gündüz tər töküb zəhmət çəkmişik ki, heç birinizin boynunda ağır yük olmayaq.+ 9 Elə bilməyin ki, buna haqqımız yoxdur,+ xeyr, biz sizə örnək olmaq istəyirdik.+ 10 Sizin yanınızda olanda belə göstəriş vermişdik: «İşləmək istəməyən yemək də yeməsin».+ 11 Bizə xəbər çatıb ki, aranızda bəziləri nizam-intizamı pozur,+ işləmək istəmir, onlara aid olmayan işlərə qarışır.+ 12 Belələrinə Ağamız İsa Məsihin adı ilə əmr edib tövsiyə edirik ki, başlarını aşağı salıb öz işləri ilə məşğul olsunlar və öz zəhmətləri ilə qazandıqlarını yesinlər.+
13 Qardaşlar, siz isə düzgün iş görməkdən yorulmayın. 14 Lakin kimsə bu məktubda dediklərimizə itaət etmirsə, onu nəzərdə saxlayın və onunla yoldaşlıq etməyin.+ Qoy o, hərəkətinə görə xəcalət çəksin. 15 Bununla belə, onu düşmən yox, qardaş sayıb öyüd-nəsihət verin.+
16 Qoy sülh mənbəyi olan Ağa daima sizə hər sahədə sülh versin.+ Qoy Ağa sizinlə olsun.
17 Mən Bulus salamımı öz əlimlə yazıram.+ Bu, bütün məktublarımda bir nişanədir. Bu, mənim xəttimdir.
18 Ağamız İsa Məsihin lütfü hamınıza yar olsun!