Salonikililərə ikinci məktub
2 Qardaşlar, Ağamız İsa Məsihin hüzuru* məsələsinə+ və bizim onun yanına toplanmağımıza+ gəlincə isə, sizdən xahiş edirik ki, 2 Yehovanın gününün+ artıq gəldiyini iddia edən hər hansı bir vəhyə+, sözə və guya bizdən gəlmiş məktuba görə təşvişə düşməyəsiniz və qoymayasınız ki, bu şayiələr ağlınızı asanlıqla çaşdırsın.
3 Qoy heç kəs sizi aldatmasın, çünki o gün gəlməzdən əvvəl dönüklük baş qaldırmalı,+ qanunsuzluq adamı,+ yəni həlaka məhkum edilmiş şəxs+ zühur etməlidir. 4 Bu düşmən özünü allah deyilən hər kəsdən və pərəstiş edilən hər bir şeydən üstün tutacaq, Allahın məbədində oturub özünü allah kimi qələmə verəcək. 5 Yadınızdadırsa, sizinlə olanda bunlar barədə sizə danışırdım.
6 Siz yaxşı bilirsiniz, bu adamın vaxtından əvvəl zühur etməsinin qarşısını nə alır. 7 Onun qanunsuzluğu bir sirdir və bu sirr artıq fəaliyyətdədir,+ ancaq indi onun qarşısını alan keçib gedənə qədər o, sirr olaraq qalacaq. 8 O vaxt qanunsuz adam üzə çıxacaq, ancaq Ağamız İsa öz ağzının nəfəsi ilə onu məhv edəcək,+ hüzuru aşkar olan vaxt onu yox edəcək.+ 9 Qanunsuz adamın hüzuru Şeytanın sayəsindədir.+ Şeytan ona hər cür qüdrətli işlər, saxta əlamətlər, möcüzələr,+ 10 hər cür yalan+ və günah üçün güc verir ki, məhvə gedənləri aldatsın. Onlar xilas olmaq üçün həqiqəti qəbul edib sevmədilər, buna görə də layiqli haqlarını alaraq məhv olacaqlar. 11 Buna görə də Allah yol verəcək ki, aldadıcı təsir onları azdırsın, onlar yalana inansınlar,+ 12 həqiqətə inanmayıb şərdən həzz aldıqları üçün hamısı məhkum edilsin.
13 Yehovanın sevimliləri, əziz qardaşlar, biz sizdən ötrü Allaha daima şükür etməyi özümüzə borc bilirik, çünki xilasa yetişməyiniz üçün Allah sizi əzəldən seçdi,+ həqiqətə iman etdiyinizə görə+ sizi Öz ruhu ilə müqəddəs etdi. 14 Ağamız İsa Məsihin calalına şərik olasınız deyə, təbliğ etdiyimiz bu müjdə vasitəsilə sizi xilasa dəvət etdi.+ 15 Buna görə də qardaşlar, mətin olun,+ istər sözlə, istərsə də bizdən aldığınız məktub vasitəsilə öyrəndiklərinizə sadiq qalın.+ 16 Bundan əlavə, qoy Ağamız İsa Məsih və bizi sevən,+ lütfü vasitəsilə bizə sonsuz təskinlik verən, gözəl ümid+ bəxş edən Atamız Allah 17 ürəyinizə təsəlli, hər cür xeyirxah sözdə və əməldə dilinizə təpər, qolunuza qüvvət versin.