Həvarilərin işləri
18 Bundan sonra Bulus Afinadan çıxıb Korinfə gəldi. 2 O, burada Akvilas+ adında bir yəhudi tapdı. Əslən Pont şəhərindən olan Akvilas arvadı Priskilla ilə təzəlikcə İtaliyadan gəlmişdi, çünki Klavdi bütün yəhudilərə Romadan çıxmağı əmr etmişdi. Bulus onların yanına getdi. 3 Peşələri eyni olduğundan onların evində qaldı və bir yerdə işlədilər.+ Peşələri çadır tikmək idi. 4 Bununla yanaşı, Bulus hər şənbə+ sinaqoqda+ çıxış edir, yəhudiləri və yunanları həqiqətə inandırmağa müvəffəq olurdu.
5 Sila+ və Timuti+ Makedoniyadan gələndən sonra Bulus bütün vaxtını Allahın sözünü yaymağa həsr etdi. O, yəhudilərə İsa haqqında şəhadət verir, onun Məsih olduğunu sübut edirdi.+ 6 Lakin onlar heç cürə razılaşmır və onu təhqir edirdilər. Onda Bulus paltarını silkələyib+ dedi: «Qoy qanınız öz boynunuzda qalsın.+ Mən təmizəm.+ Bundan sonra başqa xalqların yanına gedəcəyəm».+ 7 Sonra oradan çıxıb Tit Yust adlı mömin bir adamın evinə getdi. Onun evi sinaqoqa bitişik idi. 8 Sinaqoq rəisi Krisp+ və onun ev əhli Ağaya iman gətirdi. Allahın sözünü eşidən xeyli korinfli də inanıb vəftiz olundu. 9 Gecə vaxtı Ağa röyada Bulusa dedi: «Qorxma, danış, susma, 10 çünki mən səninləyəm.+ Heç kəs sənə hücum edib xələl yetirməyəcək. Bu şəhərdə hələ çox adam mənə inanacaq». 11 Bulus orada il yarım qalıb insanlara Allahın sözünü öyrətdi.
12 O vaxt Qallio Axayyada* prokonsul* idi. Yəhudilər birləşib Bulusun əleyhinə qalxdılar və onu hakim kürsüsü qarşısına gətirib 13 dedilər: «Bu adam insanları qanuna zidd gedən başqa ibadət yoluna yönəldir». 14 Bulus ağzını açmağa macal tapmamış Qallio dedi: «Ey yəhudilər! Əgər şikayətiniz hər hansı bir qanun pozuntusu və ya ağır cinayət barəsində olsaydı, sizi dinləyərdim. 15 Lakin mübahisəniz söz, ad və ya öz qanununuz üstündədirsə,+ özünüz həll edin. Mən belə işlərə hakimlik etmək istəmirəm». 16 Sonra onları hakim kürsüsü qarşısından qovdu. 17 Belə olduqda onlar sinaqoq rəisi Sosteni+ tutub hakim kürsüsü qarşısında döydülər. Qallio isə buna heç məhəl qoymadı.
18 Bulus orada bir müddət də qaldıqdan sonra qardaşlarla vidalaşdı. Kenxreyada+ saçını vurdurdu, çünki əhd etmişdi, sonra Priskilla və Akvilas ilə birlikdə gəmiyə minib Suriyaya yola düşdü. 19 Onlar Efesə gəldilər. Bulus yoldaşlarını orada qoyub sinaqoqa girdi və yəhudilərlə söhbət etdi.+ 20 Ondan bir az da qalmağı xahiş etsələr də, o razı olmadı. 21 Onlarla sağollaşıb dedi: «Yehova məsləhət bilsə, yanınıza qayıdaram». Efesdən dənizə çıxıb 22 Qeysəriyyəyə gəldi. Sonra yığıncağı görməyə getdi* və oradan da Antakyaya+ endi.
23 Bulus orada bir müddət qalandan sonra yola çıxdı. O, Qalatiya və Frigiya+ torpaqlarını şəhərbəşəhər gəzib bütün şagirdləri möhkəmləndirirdi+.
24 Bu zaman Apollos+ adlı isgəndəriyyəli bir yəhudi Efesə gəldi. O, çox gözəl natiq idi və Müqəddəs Yazıları yaxşı bilirdi. 25 Bu adam Yehovanın yolu barədə şifahi təlim almışdı. O, müqəddəs ruhun təsirilə İsa haqqında şövqlə və dəqiqliklə danışıb öyrədirdi, halbuki yalnız Yəhyanın vəftizi ilə tanış idi. 26 O, sinaqoqda cəsarətlə danışmağa başladı. Priskilla ilə Akvilas+ Apollosu eşidəndə onu yanlarına aldılar və Allahın yolunu daha dəqiqliklə ona izah etdilər. 27 O, Axayyaya getmək istədiyi üçün qardaşlar şagirdlərə məktub yazıb xahiş etdilər ki, onu mehribanlıqla qarşılasınlar. Apollos oraya gəlib Allahın lütfü ilə iman gətirmiş adamlara çox kömək etdi. 28 O, yəhudilərin yanıldığını hamının gözü qarşısında böyük şövqlə dəlillər gətirərək sübut edir, Müqəddəs Yazılara istinad edərək İsanın Məsih olduğunu göstərirdi.+