Əyyub
1 Uz diyarında Əyyub*+ adlı bir kişi yaşayırdı. O, dürüst, kamil* insan idi.+ Allahdan qorxur, şərdən uzaq dururdu.+ 2 Əyyub yeddi oğul, üç qız atası idi. 3 Onun yeddi min baş qoyunu, üç min baş dəvəsi, min baş qaramalı, beş yüz ulağı vardı. Həmçinin çoxlu nökəri vardı. Bu kişi Şərqdə ən nüfuzlu adam idi.
4 Oğulları hərəsi öz günündə evlərində ziyafət qurar və bacılarının üçünü də özləri ilə yeyib-içməyə dəvət edərdi. 5 Ziyafətlər başa çatanda Əyyub oğullarını paklamaq üçün onları yanına çağırardı. O, səhər tezdən durar və «bəlkə, oğullarım günah edib, ürəyində Allaha küfr söyləyiblər» deyərək hər biri üçün yandırma qurbanı təqdim edərdi.+ Əyyub həmişə belə edərdi.+
6 Bir gün Allah oğulları*+ Yehovanın hüzuruna gəldi.+ Şeytan+ da onların arasında idi.+
7 Yehova Şeytandan soruşdu: «Haradan gəlirsən?» «Dünyanı gəzib-dolaşırdım»,+ — deyə Şeytan Yehovaya cavab verdi. 8 Yehova ona dedi: «Qulum Əyyuba fikir verdin? Dünyada onun kimi dürüst, kamil+, Allahdan qorxan, şərdən uzaq duran ikinci adam yoxdur». 9 Şeytan Yehovaya cavab verdi: «Məgər Əyyub Allahdan elə-belə qorxur?+ 10 Canını, evini, mal-mülkünü qoruyan* Sən deyilsən?+ Əlinin zəhmətinə bərəkət vermisən,+ sürüləri hər yana yayılıb. 11 Amma əlini uzadıb onun varına, yoxuna toxun, o, düz Sənin üzünə lənət edəcək». 12 Yehova Şeytana dedi: «Budur, onun hər şeyini sənin ixtiyarına verirəm. Təkcə özünə dəymə!» Beləliklə, Şeytan Yehovanın hüzurundan çıxıb getdi.+
13 Günlərin bir günü Əyyubun oğulları və qızları böyük qardaşlarının evində yeyib-içirdi.+ 14 Bu zaman nökərlərindən biri Əyyubun yanına gəlib dedi: «Öküzlər cüt sürürdü, ulaqlar da onların yanında otlayırdı. 15 Birdən səbalılar hücum çəkib onları apardı, nökərləri isə qılıncdan keçirdi. Bircə mən qaçıb qurtuldum, gəldim sənə xəbər verim».
16 O, sözünü qurtarmamış başqa bir nökər gəlib dedi: «Allah göydən od yağdırdı*, alov qoyunları və çobanları uddu. Bircə mən qaçıb qurtuldum, gəldim sənə xəbər verim».
17 O, sözünü qurtarmamış başqa bir nökər gəlib dedi: «Kəldanilər+ üç dəstəyə bölünüb, basqın etdilər, dəvələri götürüb apardılar, nökərləri isə qılıncdan keçirdilər. Bircə mən qaçıb qurtuldum, gəldim sənə xəbər verim».
18 O, sözünü qurtarmamış başqa bir nökər gəlib dedi: «Oğullarınla qızların böyük qardaşlarının evində yeyib-içirdilər. 19 Qəflətən çöllükdən tufan gəldi, evi hər tərəfdən ağuşuna aldı. Ev cavanların üstünə uçdu, onlar tələf oldular. Bircə mən qaçıb qurtuldum, gəldim sənə xəbər verim».
20 Əyyub durub yaxasını cırdı, saçını qırxdı və yerə döşənib 21 dedi:
«Anamın bətnindən çılpaq çıxmışam,
Çılpaq da gedəcəyəm.+
Verən də Yehovadır,+ alan da Yehovadır.
Yehovanın adına alqış olsun».
22 Bütün bunların müqabilində, Əyyub nə günah etdi, nə də Allahı təqsirləndirdi.