Yehovanın Kəlamı canlıdır
«Əyyub» kitabından diqqətəlayiq fikirlər
QƏBILƏ başçısı Əyyub, keçmişdə Ərəbistan yarımadasında yerləşən Uz diyarında yaşayırdı. Həmin vaxt israillilər Misirdə köləlikdə idilər. Baxmayaraq ki, Əyyub israilli deyildi, o, Yehova Allaha ibadət edirdi. Müqəddəs Kitabda onun haqqında yazılıb: «Yer üzərində onun kimisi yoxdur. O, kamil, əməlisaleh, Allahdan qorxan və özünü şərdən uzaq saxlayan bir adamdır» (Əyyub 1:8). Ehtimal ki, Əyyub, Yaqubun oğlu Yusifin ölümündən sonrakı, Musanın isə peyğəmbər tə’yin olunmasından əvvəlki dövrdə yaşamışdır.
«Əyyub» kitabını, çox güman ki, Musa yazmışdır. Yəqin o, Əyyub haqqında, 40 il Uz yaxınlığında yerləşən Midyan torpağında yaşayarkən öyrənmişdi. Onun ömrünün son illəri haqqında isə Musa, israillilərin 40 illik səyahətlərinin sonunda, Uz yaxınlığında olarkən eşitmişdi. Əyyubun əhvalatı o qədər gözəl qələmə alınmışdır ki, bədii ədəbiyyatın şah əsərlərindən hesab edilir. Bundan başqa, kitabda aşağıdakı suallara da cavab verilir: nə üçün yaxşı insanlar əzab çəkirlər? Yehova pisliyin mövcud olmasına nə üçün yol verir? Qeyri-kamil insanlar Allah qarşısında öz nöqsansızlıqlarını qoruya bilərlərmi? Allahdan ilham almış Müqəddəs Yazıların bir hissəsi olan «Əyyub» kitabındakı mə’lumat canlı və tə’sirlidir (İbranilərə 4:12)a.
«KAŞ Kİ MƏN DOĞULAN GÜN YOX OLAYDI»
Bir gün Şeytan, Əyyubun Allah qarşında nöqsansızlığını şübhə altına aldı. Yehova Şeytanın irəli sürdüyü iddiaları sübut etməsi üçün, ona icazə verdi ki, Əyyubun üzərinə bəlalar yağdırsın. Bütün bunlara baxmayaraq, Əyyub ‘Allaha lə’nət etməkdən’ imtina etdi (Əyyub 2:9).
Əyyubun üç dostu «onu ovutmaq üçün» yanına gəldi (Əyyub 2:11). Əyyub «kaş ki mən doğulan gün yox olaydı» deyib, sükutu pozanadək onlar dinib-danışmadılar (Əyyub 3:3). O, «işıq üzü görməyən körpə», yə’ni ölü doğulmuş uşağın yerində olmağı arzulayırdı (Əyyub 3:11, 16).
Müqəddəs Kitab suallarına cavablar:
1:4 — Əyyubun övladları ad günlərinimi qeyd edirdilər? Xeyr. Qədim ibrani dilində «gün» mə’nasını verən sözü bir çoxları səhvən ad günü kimi başa düşürlər. Lakin ibrani dilində gün və ad günü mə’nalarını müxtəlif sözlər ifadə edirdi (Yaradılış 40:20). Əyyub 1:4 ayəsində işlədilən «gün» sözü gün çıxandan batanadək olan vaxt müddətini bildirir. Əyyubun yeddi oğlu hər il yeddi gün ərzində bütün ailə ilə birlikdə bir yerə toplaşardılar. Onlar növbələşdiklərindən, hərə öz növbəsi çatanda evində ziyafət qurardı.
1:6; 2:1 — Kimlər Yehovanın hüzuruna gələ bilərdilər? Yehovanın hüzuruna gələnlər arasında Allahın vahid Oğlu Kəlam, sadiq mələklər, o cümlədən, Şeytan İblis də daxil olmaqla Allaha itaət etməyən «ilahi varlıqlar» var idi (Yəhya 1:1, 18). Allahın Padşahlığı 1914-cü ildə göydə tə’sis edildikdən az sonra Şeytan və onun mələkləri göydən qovuldular (Vəhy 12:1-12). Onlara hüzuruna gəlməyə icazə verməklə, Yehova bütün ruhani varlıqlara Şeytanın iddialarını və qaldırdığı mübahisəli sualları agah etdi.
1:7; 2:2 — Yehova Şeytan ilə bilavasitəmi danışırdı? Müqəddəs Kitabda Yehovanın ruhani varlıqlarla necə ünsiyyətə girməsi barədə ətraflı mə’lumat verilmir. Buna baxmayaraq, Mikayanın gördüyü görüntüdə mələk Yehova ilə bilavasitə ünsiyyət etmişdi (1 Padşahlar 22:14, 19-23). Çox güman ki, Yehova Şeytan ilə vasitəçi olmadan danışırdı.
1:21, KM — Əyyub hansı mə’nada ‘anasının bağrına [bətninə]’ qayıda bilərdi? Yehova Allah insanı «yerin torpağından» yaratdığı üçün «ana» sözü burada məcazi mə’nada yeri bildirmək üçün işlədilmişdi (Yaradılış 2:7).
2:9 — Ərinə Allahı lə’nətləyib ölməyi söyləyən Əyyubun arvadı hansı emosional vəziyyətdə idi? Əyyubun arvadı onun kimi eyni itkilərə mə’ruz qalmışdı. Bir zamanlar sağlam ərinin indi iyrənc xəstəlikdən əziyyət çəkməsi ona əzab verirdi. O öz sevimli övladlarını itirmişdi. Bütün bunlara görə o qədər ağlını itirmişdi ki, həqiqətən də vacib olanı — Allahla münasibətlərini nəzərdən qaçırmışdı.
Bizim üçün ibrət dərsləri:
1:8-11; 2:3-5. Əyyubun hadisəsindən göründüyü kimi, ‘nöqsansızlıq’ (YD), düzgün hərəkət və sözlərlə bərabər, düzgün motivlərdən irəli gələrək Yehovaya xidmət etmək deməkdir.
1:21, 22. Yehovaya həm xoş günümüzdə, həm də çətin şəraitdə sadiq qalmaqla Şeytanın yalançı olduğunu sübut etmiş olarıq (Süleymanın məsəlləri 27:11).
2:9, 10. Ailəmiz imanımıza şərik olmasa da, imanımıza zidd davranmağımız və ya dönməyimiz üçün bizə təzyiq göstərsə də, biz Əyyub kimi imanda möhkəm olmalıyıq.
2:13. Dostları Əyyuba təsəlli vermək üçün Allah və Onun və’dləri haqqında bir söz deyə bilmirdilər, çünki ruhani cəhətdən zəif idilər.
«SON NƏFƏSİMƏ QƏDƏR [NÖQSANSIZLIĞIMDAN] ƏL ÇƏKMƏYƏCƏYƏM»
Dostları Əyyubun çox pis bir şey etdiyi üçün Allahdan belə ağır cəza aldığını öz sözlərində vurğulayırdılar. Elifaz söhbətə birinci başladı. Sözləri tikan tək sancan Bildad söhbəti davam etdirdi. Sofar isə ondan da betər acı sözlər söylədi.
Əyyub onu görməyə gələnlərin yürütdükləri səhv fikirləri rədd edirdi. Allahın nə üçün onun əzab çəkməsinə yol verdiyini anlaya bilməyən Əyyubun başı özünə haqq qazandırmağa qarışmışdı. Buna baxmayaraq, Əyyub hələ də Allahı sevir və bəyan edirdi: «Son nəfəsimə qədər [nöqsansızlığımdan] əl çəkməyəcəyəm» (Əyyub 27:5).
Müqəddəs Kitab suallarına cavablar:
7:1; 14:14 — «Ağır xidmət» [«icbari əmək», YD] və «əzab» [«icbari xidmət», YD] hansı mə’nanı daşıyır? Əyyuba elə böyük fəlakət üz vermişdi ki, onun üçün həyat çətin, üzücü icbari əməyə bənzəyirdi. İnsanın öləndən dirilənə kimi ölülər aləmində keçirdiyi vaxt məcburi dövr olduğu üçün Əyyub onu icbari xidmətə bənzədirdi.
7:9, 10; 10:21; 16:22 — Əyyubun bu sözləri onun dirilməyə inanmadığınımı göstərir? Bu sözlər Əyyubun yaxın gələcəyinə aid idi. Bəs belə olduqda o, nəyi nəzərdə tuturdu? Mümkün olan variantlardan biri odur ki, əgər o ölsə idi, müasirlərindən heç biri onu görməyəcəkdi. Onların nöqteyi-nəzərincə o, Allahın tə’yin etdiyi vaxt çatınca nə öz evinə qayıdacaqdı, nə də onu tanıyacaqdılar. Əyyub həm də ola bilsin nəzərdə tuturdu ki, kömək olmadan heç kim Şeoldan qayıda bilməz. Əyyubun gələcəkdə olacaq dirilməyə ümid etməsi 14:13-15 ayələrindən aydındır.
10:10 — Yehova hansı mə’nada ‘Əyyubu süd kimi töküb, pendir kimi bərkitdi?’ Bu, Əyyubun anasının bətnində formalaşmasının bədii dillə təsviridir.
19:20, KM — ‘Dişlərimin dərisi ilə qurtuldum’ ifadəsi ilə Əyyub nə demək istəyirdi? Dərisi olmayan bir şeyin dərisi ilə qaçıb qurtulduğunu söyləməklə Əyyub, ola bilsin ki, heç nəsiz qaldığını söyləmək istəyirdi.
Bizim üçün ibrət dərsləri:
4:7, 8; 8:5, 6; 11:13-15. Biz dərhal belə qənaətə gəlməli deyilik ki, çətinliyə düşən insan əkdiyini biçir və Allahın lütfünü itirib.
4:18, 19; 22:2, 3. Verdiyimiz məsləhətlər şəxsi fikrimizə deyil, Allahın Kəlamına əsaslanmalıdır (2 Timoteyə 3:16).
10:1. Qəm-qüssə Əyyubu o dərəcədə kor etmişdi ki, o, əzablarının başqa səbəblər üzündən olduğunu nəzərə almırdı. Biz də əzablara mə’ruz qalarkən qəzəblənməməliyik, xüsusilə də, vacib mübahisəli məsələləri bildiyimiz üçün.
14:7, 13-15; 19:25; 33:24. Dirilməyə olan ümid Şeytanın üzərimizə yağdırdığı sınaqlar qarşısında bizi möhkəmləndirə bilər.
16:5; 19:2. Bizim sözlərimiz başqalarını əsəbiləşdirməməli, əksinə, ruhlandırmalı və möhkəmləndirməlidir (Süleymanın məsəlləri 18:21).
22:5-7. Əsassız ittihamlardan irəli gələrək verilən məsləhət dəyərsiz və zərərlidir.
27:2; 30:20, 21. Nöqsansızlığı qorumaq üçün kamillik tələb olunmur. Əyyub Allahı səhvən qınayırdı.
27:5. Nöqsansızlığını qoruyub-qorumayacağı yalnız Əyyubun özündən asılı idi, çünki nöqsansızlığı qorumaq insanın Allaha məhəbbətindən irəli gəlir. Buna görə də ürəyimizdə Yehovaya qarşı güclü məhəbbət inkişaf etdirməliyik.
28:1-28. İnsanlar yeraltı xəzinələrin harada yerləşdiyini bilirlər. Xəzinə axtararkən insanın bacarığı onu heç bir uzaqgörən yırtıcı quşun görə bilmədiyi yeraltı yollara aparıb çıxarır. Lakin Allahın müdrikliyinə sahib olmaq üçün Yehovadan qorxmaq gərəkdir.
29:12-15. Biz ehtiyacı olanlardan məhəbbət və xeyirxahlığı əsirgəməməliyik.
31:1, 9-28. Əyyub eşqbazlıqdan, zinadan, başqaları ilə ədalətsiz və mərhəmətsiz davranmaqdan, maddi mənfəət güdməkdən və bütpərəstlikdən qaçınmaqda bizə gözəl nümunə qoymuşdu.
«TORPAĞIN, KÜLÜN İÇİNDƏ TÖVBƏ EDİRƏM»
Gənc Elihu onların söhbətini səbirlə dinləyirdi. İndi o danışmağa başlayır, Əyyubun və sözləri ilə ona əzab verən üç dostunun səhvlərini düzəldir.
Elihu susan kimi Yehova qasırğanın içindən cavab verir. O, Əyyubun əzablarının səbəbini açıqlamır. Lakin Əyyuba bir sıra suallar verməklə Külli-İxtiyar Özünün vahiməli gücündən və böyük müdrikliyindən onu agah edir. Əyyub başa düşmədən danışdığını boynuna alaraq deyir: «Ona görə özümdən zəhləm gedir, torpağın, külün içində tövbə edirəm» (Əyyub 42:6). Sınaqları sona çatanda, Əyyubun nöqsansızlığı mükafatlandırılır.
Müqəddəs Kitab suallarına cavablar:
32:1-3 — Elihu Əyyubun yanına nə zaman gəlmişdi? Elihu onların bütün söhbətini eşitmişdi. Buna görə belə nəticə çıxarmaq olar ki, o, üç dostun yeddi günlük sükutundan sonra, Əyyubun isə danışmağa başlamasından bir az qabaq gəlib, eşidə biləcəyi qədər aralı məsafədə oturmuşdu (Əyyub 3:1, 2).
34:7 — Əyyub hansı mə’nada ‘kinayəni su kimi içən’ adama bənzəyirdi? Bu çətin vəziyyətində Əyyub fikirləşirdi ki, ona baş çəkən üç dostunun istehzaları onun özünə qarşı yönəlib, halbuki, əslində onlar Allaha qarşı danışırdılar (Əyyub 42:7). Beləliklə, o, suyu həzz alaraq içən insan kimi, kinayəni canına çəkirdi.
Bizim üçün ibrət dərsləri:
32:8, 9. Müdriklik insanın yaşından asılı deyil. Ona sahib olmaq üçün Allahın Kəlamını dərk etmək, həmçinin Onun ruhunun rəhbərliyini qəbul etmək lazımdır.
34:36. Nöqsansızlıq yalnız ‘axıradək sınaqda olmaqla’ sübut edilir.
35:2. Elihu danışmazdan əvvəl diqqətlə dinlədi və məsələnin nə yerdə olduğunu dəqiq müəyyən etdi (Əyyub 10:7; 16:7; 34:5). Məsləhət verməzdən əvvəl məsihçi ağsaqqalları da insanı diqqətlə dinləməli, faktları toplamalı və işə aid olan məsələləri aydın başa düşməlidirlər (Süleymanın məsəlləri 18:13).
37:14; 38:1-39:30. Yehovanın gücünün və müdrikliyinin ifadəsi olan mö’cüzəli işləri haqqında düşünmək bizdə təvazökarlıq kimi xüsusiyyət yaradır, Onun hökmranlıq hüququna bəraət qazandırmağın şəxsi maraqlarımızdan daha vacib olduğunu dərk etməyə kömək edir (Matta 6:9, 10).
40:1-4. Külli-İxtiyar Allahdan şikayətlənmək istəyimiz yarananda, ‘ağzımızı əlimizlə tutmalıyıq’.
40:15–41:34. Begemot və Livyatan (timsah) necə də valehedici gücə malikdirlər! Xidmətimizi təhəmmüllə həyata keçirmək üçün bu güclü heyvanları yaradanın bizi möhkəmlətməsinə ehtiyacımız vardır (Filipililərə 4:13).
42:1-6. Əyyuba ‘Allahı görməyə’, yə’ni Onun haqqında həqiqəti bilməyə, Yehovanın sözünü eşitməsi və Onun gücünün təzahürü olan işlərin xatırladılması kömək etdi (Əyyub 19:26). Bu onun düşüncə tərzini dəyişdirdi. Bizə səhvimiz Müqəddəs Kitab əsasında göstərildikdə, onu e’tiraf etməli və lazımi dəyişiklikləri etməyə hazır olmalıyıq.
Özünüzdə ‘Əyyubun təhəmmülünü’ inkişaf etdirin
«Əyyub» kitabı aydın şəkildə göstərir ki, Allah bəşəriyyətin əzabları üçün məs’uliyyət daşımır. Onların səbəbkarı Şeytandır. Allahın pisliyə yol verməsi sayəsində, Yehovanın hökmranlığı və nöqsansızlığımız məsələlərində hansı mövqeni tutduduğumuzu göstərə bilərik.
Əyyub kimi, Yehovanı sevənlərin hər biri imtahan olunacaq. Əyyubun hadisəsi bizi əmin edir ki, imtahanlara tab gətirmək mümkündür. Bu bizə problemlərimizin əbədiyyən mövcud olmayacağını xatırladır. Yaqub 5:11 ayəsində deyilir: «Əyyubun təhəmmülü barəsində eşitmisiniz və Rəbbin axırda nə etdiyini də gördünüz». Yehova Əyyubu nöqsansızlığından dönmədiyi üçün mükafatlandırdı (Əyyub 42:10-17). Bizim də gələcəyə gözəl ümidimiz vardır — yer üzündə olacaq Cənnətdə əbədi həyat! Gəlin biz də, Əyyub kimi, nöqsansızlığımızı qorumaqda qətiyyətli olaq (İbranilərə 11:6).
[Haşiyə]
a «Əyyub» kitabı b. e. ə. 1657-1473-ci illər arasındakı 140 ildən artıq dövrü əhatə edir.
[16-cı səhifədəki şəkillər]
Əyyubun təhəmmülündən biz nə öyrənə bilərik?