Fəsil 104
Allahın səsi üçüncü dəfə eşidilir
İSA MƏSİH məbəddədir. Qarşıdakı ölümü ilə bağlı fikirlər onu üzür. Görəsən, onun ölümü Atasının adına necə təsir edəcək? Onu ən çox narahat edən budur. O, Atasına dua edir: «Ata, Öz adını şöhrətləndir».
Bu zaman göydən gurultulu bir səs bəyan edir: «Şöhrətləndirmişəm və yenə də şöhrətləndirəcəyəm».
Onun əhatəsində olan izdiham heyrətdən donub qalır. Bəziləri deyir: «Onunla mələk danışırdı». Başqalarına isə elə gəlir ki, ildırım çaxır. Amma bu səs Yehova Allahın səsidir! Bu, İsanın yerdəki xidməti ərzində Allahın göydən danışdığı yeganə hal deyil.
Üç il yarım bundan əvvəl İsa vəftiz olarkən Vəftizçi Yəhya Allahın səsini eşitmişdi. O vaxt Allah İsa haqqında belə demişdi: «Bu, Mənim sevimli Oğlumdur, Mən ondan çox razıyam». İkinci dəfə Allahın səsi ötənilki Pasxadan bir qədər sonra İsanın görkəmi dəyişəndə eşidilmişdi. Həmin vaxt Allah Yaquba, Yəhyaya və Peterə İsa Məsih barədə demişdi: «Bu, Mənim sevimli Oğlumdur. Mən ondan çox razıyam. Ona qulaq asın». İndi isə nisan ayının 10-u, İsanın ölümünə dörd gün qalmış Allah üçüncü dəfə göylərdən bəyan edir. Amma bu dəfə Onun səsini çoxlu sayda adam eşidir!
İsa deyir: «Bu səs mənim üçün yox, sizin üçün idi». Göydən gələn bu səs İsanın, həqiqətən də, Allahın Oğlu və vəd edilmiş Məsih olduğunu sübut edir. İsa sözünə davam edir: «Bu dünyaya hökm kəsmək vaxtı yetişdi. İndi bu dünyanın hökmdarı devriləcək». İsanın ölümədək Allaha sadiq qalması bu dünyanın hökmdarı olan Şeytan İblisin «devrilməyə», başqa sözlə, məhv edilməyə layiq olduğunu təsdiq edir.
İsa qarşıdakı ölümü sayəsində nələrin mümkün olacağına işarə edərək deyir: «Mən isə yuxarı qaldırılanda hər cür insanı özümə cəlb edəcəyəm». Bəli, İsanın ölümü məğlubiyyət yox, qalibiyyət olacaq! Axı o, ölümü ilə insanları özünə cəlb edib əbədi həyata aparacaq.
İzdiham isə buna etiraz edir: «Biz Qanundan eşitmişik ki, Məsih əbədi qalmalıdır. Necə olur, sən deyirsən ki, insan Oğlu yuxarı qaldırılmalıdır? Axı bu insan Oğlu kimdir?»
Bir belə sübut qarşısında, üstəlik, Allahın səsini eşidəndən sonra da, çoxları İsanın həqiqətən insan Oğlu və vəd edilmiş Məsih olduğuna inanmırlar. İsa altı ay bundan əvvəl Çardaqlar bayramında olduğu kimi, yenə də özünü «nur» adlandırır və onu dinləyən camaata deyir: «Nə qədər ki, nur sizinlədir, nurun övladları olmaq üçün bu nura iman gətirin». Bundan sonra İsa oradan gedir və həyatı təhlükədə olduğu üçün camaatdan gizlənir.
Yəhudilərin İsaya inamsızlıq göstərmələri ilə Yeşaya peyğəmbərin bu sözləri yerinə yetir: «Gözünü kor etdi, ürəyini daşa döndərdi ki, gözləri ilə görməsinlər, ürəkləri ilə dərk etməsinlər və geri dönməsinlər ki, onlara şəfa verim». Yeşaya peyğəmbər görüntüdə Yehova Allahın hüzurunu görmüşdü; İsa Məsih də (yer üzünə insan kimi gəlməmişdən əvvəlki calalında) orada, Yehovanın yanında idi. Yəhudilər isə İsanın onlara vəd edilmiş Xilaskar olduğunu təsdiq edən sübutları inadla rədd edirlər. Beləliklə, Yeşaya peyğəmbərin dediyi sözlər yerinə yetir.
Bununla belə, yəhudi rəhbərlərindən də (görünür, Sinedrion üzvləri) bir çoxları İsaya iman gətirirlər. Misal üçün Nikodimi və arimateyalı Yusifi göstərə bilərik. Ancaq indi bu rəhbərlər sinaqoqdakı mövqelərini itirməmək üçün imanlarını büruzə vermirlər. Görün, onlar nə qədər şey itirirlər!
İsa deyir: «Mənə iman edən yalnız mənə yox, məni göndərənə də iman etmiş olur. Məni görən məni göndərəni də görmüş olur... Mən sözlərimi eşidib onlara əməl etməyəni mühakimə etmirəm. Mən dünyanı mühakimə etməyə yox, xilas etməyə gəlmişəm... Ağzımdan çıxan söz axırıncı gündə onu mühakimə edəcək».
Bəli, Yehova bəşəriyyəti sevdiyi üçün İsanı yer üzünə göndərib ki, ona iman gətirənlər xilas olsunlar. Xilas olmaq istəyən insan Allahın İsa vasitəsilə söylədiklərinə itaət etməlidir. Dünyanın mühakiməsi isə «axırıncı gündə», Məsihin Minillik hökmranlığı zamanı olacaq.
İsa sözlərinə belə yekun vurur: «Mən özümdən danışmamışam, məni göndərən Ata mənə nə haqda danışmağı əmr edib. Mən bilirəm ki, Onun əmri əbədi həyata aparır. Atam mənə necə deyibsə, mən də elə danışıram». Yəhya 12:28—50; 19:38, 39; Matta 3:17; 17:5; Yeşaya 6:1, 8—10.
▪ İsanın yerdəki xidməti zamanı hansı üç halda insanlar Allahın səsini eşitmişlər?
▪ Yeşaya peyğəmbər İsanın calalını harada görmüşdü?
▪ Yəhudi rəhbərlərindən kimlər İsaya iman gətirir? Nəyə görə onlar imanlarını büruzə vermirlər?
▪ «Axırıncı gün» nədir və insanlar həmin vaxt nəyin əsasında mühakimə olunacaqlar?