Fəsil 130
Qalileya gölündə
HƏVARİLƏR, İsanın tapşırdığı kimi, Qalileyaya qayıdırlar. Amma onlar nə edəcəklərini bilmirlər. Bir qədər sonra Peter Tomasa, Natanaelə, Yaqub və Yəhya qardaşlarına və daha iki həvariyə deyir:
— Gedirəm balıq tutmağa.
— Biz də səninlə gedirik, — deyərək onlar da ona qoşulurlar.
Onlar bütün gecəni əlləşirlər, amma heç nə tuta bilmirlər. Dan yeri söküləndə İsa sahildə peyda olur, həvarilər isə onu tanımırlar. O, onları çağırır:
— Balalar, yeməyə bir şeyiniz var?
— Yoxdur, — deyə onlar qayığın içindən cavab verirlər.
— Toru qayığın sağ tərəfindən atın, tutacaqsınız. Onlar da İsanın dediyi kimi edirlər və tora o qədər balıq düşür ki, dartıb çıxara bilmirlər.
— Bu Ağadır! — Yəhya sevincək qışqırır.
Peter bunu eşidəndə yarıçılpaq olduğundan əbasını əyninə keçirib suya tullanır. O, sahilə sarı təxminən 90 metr üzür. O biri həvarilər isə toru çəkə-çəkə balaca qayıqda gəlirlər.
Onlar sahilə çatanda görürlər ki, tonqal qalanıb, üzərində balıq və yanında çörək var. İsa deyir: «Tutduğunuz balıqdan bir neçəsini gətirin». Peter qayığa girir və toru dartıb sahilə çıxarır. Tora 153 balıq düşüb.
İsa: «Gəlin səhər yeməyinizi yeyin», — deyə onları dəvət edir.
Həvarilərdən heç biri: «Sən kimsən?» — soruşmağa cürət etmir, çünki hamısı onun İsa olduğunu bilir. Bu, İsanın diriləndən sonra insanlara göründüyü 7-ci haldır. O, 4 dəfə ayrı-ayrı adamlara, 3 dəfə isə bir qrup şəklində həvarilərə görünmüşdür. İsa həvarilərini balıq və çörəyə qonaq edir.
Onlar yeyib qurtarandan sonra İsa, ehtimal ki, balıqlara işarə edərək Peterdən soruşur: «Yəhya oğlu Şimon, məni çox istəyirsən, bunları?» Şübhəsiz, o bilmək istəyir ki, Peter balıqçılığa çox bağlıdır, yoxsa onu hazırladığı işə.
— Ağa, yaxşı bilirsən ki, səni çox istəyirəm, — Peter cavab verir.
— Quzularımı bəslə.
O, ikinci dəfə soruşur: «Yəhya oğlu Şimon, məni çox istəyirsən?»
— Bəli, Ağa, sən bilirsən ki, səni çox istəyirəm, — deyə Peter ürəkdən cavab verir.
— Quzularımı otar, — İsa tapşırır.
İsa üçüncü dəfə soruşur: «Yəhya oğlu Şimon, məni çox istəyirsən?»
Peter məyus olur. Ola bilsin, o fikirləşir ki, İsa artıq ona tam etibar etmir. Axı bir neçə gün bundan əvvəl, İsaya ölüm hökmü çıxarılan zaman Peter onu tanıdığını 3 dəfə danmışdı. O deyir: «Ağa, sən hər şeyi bilirsən. Sən yaxşı bilirsən ki, səni necə çox istəyirəm».
İsa üçüncü dəfə ona tapşırır: «Quzularımı bəslə».
İsa bir azdan göyə qalxacaqdı. O, Peterə verdiyi tapşırığı təkrar etməklə başqalarına da bu işin vacibliyini vurğulayır. O istəyir ki, həvarilər Allahın ağılına gətiriləcək «quzulara», yəni həlim insanlara xidmət işinə rəhbərlik etsinlər.
İsa Allahın ona tapşırdığı işi yerinə yetirdiyi üçün həbs olunub edam edilmişdi. İndi o, Peteri də belə bir sınaq gözlədiyini açıqlayır: «Cavanlığında özün qurşanıb istədiyin yerə gedirdin, amma qocalanda əllərini uzadacaqsan, başqası səni qurşayıb istəmədiyin yerə aparacaq». Peteri gələcəkdə işgəncəli ölüm gözləməsinə baxmayaraq, İsa ona deyir: «Bundan sonra da ardımca gəl».
Peter arxaya dönüb Yəhyanı görür və İsadan soruşur: — Ağa, bəs bu necə olacaq?
— Əgər mən gələnəcən onun qalmasını istəyirəmsə, bundan sənə nə? Sən ardımca gəl, — İsa cavab verir. Bu sözləri səhv başa düşən şagirdlərin çoxu elə düşünürdü ki, həvari Yəhya heç vaxt ölməyəcək. Lakin sonralar həvari Yəhya özü yazmışdı ki, İsa bunu nəzərdə tutmurdu. O, sadəcə: «Əgər mən gələnəcən onun qalmasını istəyirəmsə, bundan sənə nə?» — demişdi.
Sonda həvari Yəhya çox vacib bir şeyi qeyd edir: «Sözsüz, İsa çox iş görüb, lakin onların hamısı bir-bir yazılsaydı, elə düşünürəm ki, yazılan tumarlar dünyaya belə sığmazdı». Yəhya 21:1—25; Matta 26:32; 28:7, 10.
▪ Həvarilərin Qalileyada nə edəcəklərini bilmədikləri nədən görünür?
▪ Həvarilər İsanı Qalileya gölündə necə tanıyırlar?
▪ Diriləndən sonra İsa insanlar qarşısında neçə dəfə peyda olur?
▪ İsa həvarilərindən nə gözlədiyini necə vurğulayır?
▪ İsanın dediyinə görə, Peter hansı ölümlə öləcək?
▪ Həvari Yəhya haqqında İsanın dediyi hansı sözləri şagirdlər səhv başa düşürlər?