Fəsil 131
Sonuncu görüşlər və Əllinci gün bayramı
GÜNLƏRİN birində İsa 11 həvarisi ilə Qalileyada bir dağda görüşür. Görünür, digər şagirdlərə də bu haqda xəbər verilir və dağda 500 nəfərdən çox adam toplaşır. Bu çox ruhlandırıcı görüşdür — İsa peyda olur və şagirdlərə təlim verir.
İsa burada toplaşmış şagirdlərinə həmçinin bəyan edir ki, Allah həm göydə, həm yerdə bütün hakimiyyəti ona verib. O, şagirdlərinə belə bir tapşırıq verir: «Buna görə də gedin və bütün millətlərin içində şagird hazırlayın, onları Ata, Oğul və müqəddəs ruh naminə vəftiz edin, sizə əmr etdiyim hər şeyə riayət etməyi onlara öyrədin».
Təsəvvür edin: kişilər, qadınlar, uşaqlar, bir sözlə, hər kəs şagird hazırlamaq işində iştirak edə bilər. Düzdür, əleyhdarlar təbliğ və təlim işinə mane olmağa çalışacaqlar, bununla belə, İsa şagirdlərə toxtaqlıq verir: «Mən bu dövrün yekununa kimi həmişə sizinləyəm». İsa müqəddəs ruh vasitəsilə davamçıları ilə olacaqdı və onlara təbliğ işində kömək edəcəkdi.
İsa diriləndən sonra 40 gün ərzində şagirdlərinə görünür. Göründüyü vaxtlarda o, onlara Allahın Padşahlığı haqqında öyrədir və onun şagirdi olmaqla üzərlərinə düşən məsuliyyətlər barədə danışır. Bir dəfə də İsa əvvəllər ona iman gətirməyən anabir qardaşı Yaquba görünür və onu özünün Məsih olduğuna inandırır.
Həvarilər hələ Qalileyadadırlar. Ola bilsin, İsa onlara Yerusəlimə qayıtmağı tapşırır və orada onlarla görüşəndə deyir: «Yerusəlimdən uzaqlaşmayın, Atamın verdiyi və məndən eşitdiyiniz vədin həyata keçməsini gözləyin. Çünki Yəhya su ilə vəftiz edib, siz isə bir neçə gündən sonra müqəddəs ruhla vəftiz ediləcəksiniz».
Daha sonra İsa həvariləri ilə görüşüb onları Zeytun dağının şərqində yerləşən Betaniya kəndinə gətirir. Qəribədir ki, İsa həvarilərinə dəfələrlə göyə gedəcəyi barədə danışsa da, onlar hələ də Padşahlığın yerdə qurulacağını düşünürlər. Buna görə də onlar soruşurlar: «Ağa, İsraildə padşahlığı indi bərpa edəcəksən?»
Yenə də onların yanlış təsəvvürlərini düzəltmək əvəzinə, İsa sadəcə deyir: «Zaman və ya müddətləri bilmək sizin işiniz deyil, bu ixtiyar Atama məxsusdur». Sonra o, yenidən onlara hansı işlə məşğul olacaqlarını vurğulayır: «Müqəddəs ruh üzərinizə gələndə siz qüvvət alacaqsınız və Yerusəlimdə, bütün Yəhudeya və Samariyada, hətta yerin ucqarlarınadək mənim şahidim olacaqsınız».
Bunları deyəndən sonra İsa həvarilərin gözü qarşısında göyə qalxmağa başlayır və bulud onu örtüb gizlədir. İsa cismani bədənini tərk edib ruhani varlıq kimi göyə qalxır. Həvarilər hələ də gözlərini göyə dikib baxarkən yanlarında cismani bədən almış iki ağ libaslı mələk peyda olur. Onlar deyirlər: «Ey qalileyalılar! Niyə durub göyə baxırsınız? Sizdən göyə götürülən bu İsa, göyə getdiyini gördüyünüz kimi, eyni tərzdə geri gələcək».
İsa yer kürəsini təmtəraqlı surətdə yox, sakitcə, yalnız sadiq davamçılarının müşayiəti ilə tərk edir. Eynilə, onun gəlişi də təmtəraqlı şəkildə olmayacaqdı. Onun geri qayıtdığını və Padşah kimi iştirakını yalnız sadiq davamçıları dərk edəcəkdi.
İndi həvarilər Zeytun dağından enir, Kidron vadisini keçib Yerusəlimə qayıdırlar. İsanın tapşırdığı kimi, orada qalırlar. On gün sonra, eramızın 33-cü ilinin Əllinci gün bayramını qeyd etmək üçün 120 şagird bir evin üst mərtəbəsində toplaşır. Qəflətən güclü bir külək əsirmiş kimi, göydən bir səs gəlir və oturduqları evin hər tərəfinə yayılır. Alovun dillərinə bənzəyən bir şey onlara görünüb, parçalanaraq hər birinin üzərinə qonur və şagirdlər başqa-başqa dillərdə danışmağa başlayırlar. Bəli, İsa vəd etdiyi kimi müqəddəs ruhu onların üzərinə tökür. Matta 28:16—20; Luka 24:49—52; 1 Korinflilərə 15:5—7; Həvarilərin işləri 1:3—15; 2:1—4.
▪ İsa Qalileyada yerləşən bir dağda son göstərişlərini kimlərə verir?
▪ İsa şagirdlərinə necə toxtaqlıq verir? İsa hansı mənada onlarla olacaqdı?
▪ İsa dirildikdən sonra şagirdlərinə neçə gün ərzində görünür və onlara nə öyrədir?
▪ İsa əvvəllər şagirdi olmayan kimə görünür?
▪ İsa həvariləri ilə hansı son iki görüşü keçirir və bu görüşlərdə nələr olur?
▪ Hansı mənada İsa getdiyi kimi geri qayıdacaqdı?
▪ Eramızın 33-cü ilinin Əllinci gün bayramında nə baş verir?