Bölmə 7
Allahın niyyəti tezliklə yerinə yetəcək
1 İnsan nöqteyi-nəzərindən, Allahın qeyri-kamilliyə və iztirablara yol verdiyi müddət çox uzun olsa da, O, bu pis şəraitlərin sonsuz olaraq davam etməsinə izin verməyəcək. Müqəddəs Kitab bildirir ki, Allah bu şeylərin olması üçün müəyyən vaxt ayırmışdır.
2 “Hər şeyin... vaxtı var” (Vaiz 3:1). Allahın pislik və iztirablar üçün ayırdığı vaxt sona çatdıqda, O, insanların işlərinə müdaxilə edəcəkdir. Allah, pislik və iztirablara son qoyub, özünün ilk niyyətini yerinə yetirəcək; yer üzünü Cənnət şəraitində, tam sülh və iqtisadi təhlükəsizlik içində yaşayacaq kamil və xoşbəxt insan ailəsi ilə dolduracaq.
Allahın hökmləri
3 Allahın müdaxiləsinin, yə’ni hökmlərinin nəticəsinin yaxın gələcəkdə bəşər ailəsi üçün nə mə’na kəsb edəcəyini xəbər verən Müqəddəs Kitab peyğəmbərliklərinin bə’zilərinə diqqət yetirək:
4 “Məmləkətdə [yer üzündə] doğru adamlar yaşayacaqlar və kamillər orada qalacaqlar. Fəqət pis adamlar məmləkətdən atılacaqlar və xainlər ondan yox ediləcəklər” (Süleymanın məsəlləri 2:21, 22).
5 “Şərirlər [pislər] kəsilib atılacaq; fəqət Rəbbi gözləyənlər dünyanı miras alacaqlar. Bir az gözlə və pis yox olacaqdır... Fəqət həlimlər dünyanı miras alacaqlar və sülh bolluğunda ləzzət tapacaqlar” (Məzmur 37:9-11).
6 “Rəbbi gözlə və onun yolunu tut, yeri miras almaq üçün səni yüksəldəcəkdir; pislərin kəsilib atılacağı zaman bunu görəcəksən. Kamil insana göz qoy və doğru adama bax; çünki aqibət sülh əhlinindir. Fəqət qanunsuzlar birlikdə yox olacaqlar; pislərin sonu kəsiləcəkdir” (Məzmur 37:34, 37, 38).
7 Buna görə də, Qadir Yaradanın bizə hökmranlıq etməyə haqqı olduğunu qəbul edənləri belə gözəl gələcək gözlədiyini nəzərə alaraq, də’vət olunuruq: “Ürəyin əmrlərimi tutsun; çünki onlar sənə ömür uzunluğunu və yaşama illərini və əmin-amanlığı artırar”. Həqiqətən də, Allahın iradəsini yerinə yetirməyi seçən insanlara əbədi həyat artırılacaqdır! Buna görə də, Allahın Kəlamı bizə məsləhət verir: “Bütün ürəyinlə Rəbbə güvən və öz anlayışına arxalanma; bütün yollarında Onu tanı, O da sənin yollarını doğruldar” (Süleymanın məsəlləri 3:1, 2, 5, 6).
Allahın göydən rəhbərliyi
8 Allah, yer üzünün təmizlənməsini, bəşəriyyətin malik ola biləcəyi ən yaxşı hakimiyyətin vasitəsi ilə həyata keçirəcək. Bu hakimiyyət səmavi müdrikliyi təmsil edir, çünki bu hakimiyyət Allahın nəzarəti altında göydən idarə edir. Və bu səmavi Padşahlıq, insan hakimiyyətinin bütün formalarını yer üzündən yox edəcək. İnsanların Allahdan asılı olmadan hökmranlıq etmələrinə bir daha yol verilməyəcək.
9 Bu haqda Daniel 2:44 ayəsindəki peyğəmbərlikdə deyilir: “O padşahların [bugünkü hakimiyyətlərin] günlərində göylərin Allahı [göydə] əbədiyyən dağılmayacaq bir padşahlıq quracaq və onun hakimiyyəti başqa bir xalqa verilməyəcək [insanların Allahdan asılı olmadan hökmranlıq etmələrinə bir daha yol verilməyəcək]; ancaq bu padşahlıqların [indi mövcud olan] hamısını o parçalayacaq və məhv edəcək, özü isə əbədiyyən duracaq”. (Həmçinin Vəhy 19:11-21; 20:4-6 ayələrinə də baxın.)
10 Beləliklə, bəşəriyyəti bir daha ədalətsiz hakimiyyətlər idarə etməyəcək: Allah bu sistemə son qoyacaq və Allahdan asılı olmayan insan hakimiyyətləri artıq mövcud olmayacaq. Göydən rəhbərlik edən Padşahlıq isə ədalətli olacaq, çünki onun Banisi və Qoruyucusu Allahdır. Əksinə, bu Padşahlıq öz vətəndaşlarının xeyrinə fəaliyyət göstərəcək. Göydə olduğu kimi, bütün yer üzündə də Allahın iradəsi yerinə yetiriləcəkdir. Elə buna görə də, İsa öz şagirdlərinə Allaha belə dua etməyi öyrədirdi: “Padşahlığın gəlsin. Göydə olduğu kimi, yerdə də Sənin iradən olsun” (Matta 6:10, İ–93).
Həmin vaxta nə qədər yaxınıq?
11 Bəs bu qeyri-mükəmməl dünya sisteminin sonu və Allahın yeni dünyasının başlanğıcı nə qədər yaxındır? Müqəddəs Kitabın peyğəmbərlikləri açıq cavab verir. Məsələn, şəxsən İsa özü qabaqcadan xəbər vermişdi ki, Müqəddəs Kitabın “dövrün sonu” adlandırdığı vaxta nə qədər yaxın olduğumuzu müəyyən etmək üçün hansı əlaməti gözləmək lazımdır. Bu barədə Matta 24 və 25, Mark 13 və Luka 21-ci fəsillərdə mə’lumat verilir. Həmçinin, Timoteyə olan ikinci məktubun üçüncü fəslində olduğu kimi, həvari Pavel qabaqcadan demişdir ki, zaman axını içində olduğumuz vəziyyəti təsdiq edən müxtəlif hadisələrin baş verəcəyi “axır günlər” adlanan bir zəmanə gələcəkdir.
12 İsa xəbər vermişdi ki, həmin zəmanə növbəti hadisələrlə başlanacaq: “Millət millətə, padşahlıq padşahlığa qarşı qalxacaq; bə’zi yerlərdə qıtlıqlar və zəlzələlər olacaqdır” (Matta 24:7, İ–93). Luka 21:11 ayəsi göstərir ki, İsa “bə’zi yerlərdə... qırğınlar”ın olacağını da qeyd etmişdir. O, ‘qanunsuzluğun’ artacağı barədə də xəbərdarlıq etmişdir (Matta 24:12).
13 Həvari Pavel qabaqcadan xəbər vermişdir: “Bunu bil ki, axır günlərdə çətin anlar gələcəkdir. Çünki insanlar xudbin, pulpərəst, lovğa, təkəbbürlü, küfr danışan, valideynlərinə itaət etməyən, nankor, qüdsiyyətdən məhrum, şəfqətsiz, barışmaz, böhtançı, nəfsini saxlamayan, azğın, rəhmsiz, yaxşılığın düşməni, xain, ehtiyatsız, məğrur olacaq, zövqü Allahdan çox sevəcək. Allah yolunda imiş kimi görünəcək, amma o yolun qüdrətini inkar edəcəklər... Pis adamlar və saxtakarlar isə, aldadıb aldanaraq, pislikdə inkişaf edəcəklər” (2 Timoteyə 3:1-5, 13).
14 İsanın və Pavelin qabaqcadan xəbər verdikləri bu hadisələr bizim zəmanədəmi baş verir? Əlbəttə. Birinci Dünya müharibəsi, özündən əvvəlki müharibələrdən daha faciəli oldu. O ilk dünya müharibəsi və müasir tarixin dönüş nöqtəsi oldu. Bu müharibə ilə birlikdə ərzaq qıtlığı, epidemiyalar və başqa fəlakətlər yarandı. 1914-cü ildən bəri başlanmış bu hadisələr, İsanın dediyi kimi, “ağrıların başlanğıcıdır” (Matta 24:8). Onlar “axır günlər” adlanan dövrün başlanmasına işarə edir və bu müddət ərzində Allah pisliyə və zülmə yol verəcək.
15 Yəqin ki, XX əsrin hadisələri sizə mə’lumdur. Yaranan qarma-qarışıqlıq barədə də bilirsiniz. Təxminən 100 milyon adam müharibələrdə həlak oldu. Digər yüz milyonlarla insanlar aclıq və xəstəliklərdən öldülər. Zəlzələlər saysız-hesabsız həyatın məhvinə səbəb oldu. Getdikcə həyata və başqasının mülkiyyətinə daha az qiymət verilir. Cinayət qarşısında qorxu hissləri gündəlik həyatın bir hissəsi olmuşdur. Əxlaq normaları tapdalanır. Əhalinin artımı, həlledilməz problemlərə səbəb olur. Ətraf mühitin çirklənməsi həyatı nəinki zəhərləyir, hətta təhlükə altına salır. Doğrudan da biz, 1914-cü ildən bəri axır günlərdə yaşayırıq və zəmanəmizə aid Müqəddəs Kitabın peyğəmbərliklərinin son nöqtəsinə yaxınlaşırıq.
16 Bu axır günlər nə qədər davam edəcək? 1914-cü ildən bəri “ağrıların başlanğıcı”na mə’ruz qalan bu əlamətdar dövr haqqında İsa demişdir: “Bütün bu şeylər baş verincəyə qədər, bu nəsil keçib getməyəcəkdir” (Matta 24:8, 34-36). Beləliklə, axır günlərin bütün əlamətləri qısa vaxt ərzində həyata keçməlidir. Vəhy 12:12 ayəsində deyilir ki, Şeytan yer üzünə atıldıqdan sonra, çox az vaxta sahibdir.
17 Bu sistemin axırının yaxınlaşdığını göstərən digər peyğəmbərlikləri həvari Pavel vermişdi: “Çünki siz özünüz dəqiq bilirsiniz ki, Rəbbin Günü oğru gecə gələn kimi gələcək. İnsanlar: “Sülh və təhlükəsizlik”, — deyəndə, qəflətən... onlar da həlaka uğrayacaq və qətiyyən xilas olmayacaqlar” (1 Saloniklilərə 5:2, 3; həmçinin Luka 21:34, 35 ayələrinə baxın).
18 Soyuq müharibə başa çatdı və sanki dövlətlər arasındakı bu təhlükə artıq görünmür. Buna görə də, müxtəlif ölkələrin xalqları, ola bilsin ki, yeni bir dünya idarə üsulu yolunda durduqlarını düşünürlər. Lakin onlar göstərdikləri cəhdlərin müvəffəqiyyətli olduğunu düşündükləri zaman, bu, onların fikirlərinin tam əksini göstərəcək; bu, indiki sistemin Allah tərəfindən məhv ediləcəyinin yaxınlaşdığını göstərən son əlamət olacaqdır. Yaddan çıxarmayaq ki, siyasi danışıqlar və razılaşmalar insanlarda vacib dəyişikliklər etmir. Bunlar, insanların bir-birlərini sevməsinə kömək etmir. Siyasi rəhbərlər nə cinayətkarlığa son qoymağı bacarır, nə xəstəliyi, nə də ölümü aradan qaldıra bilirlər. Buna görə də, insanların sülh və təhlükəsizlik haqqında təşkil etdiyi hər hansı bir proqrama ümid bağlamayın və bu dünyanın, problemləri həlletmə yolunda olduğunu düşünməyin (Məzmur 146:3). Əslində, bu barədə edilən e’lan, bu dünyanın çox yaxında sona çatacağı mə’nasını verəcəkdir.
Xoş xəbərin təbliğ edilməsi
19 İsanın söylədiyi başqa bir peyğəmbərlik də 1914-cü ildən bəri axır günlərdə yaşadığımızı göstərir: “Əvvəlcə bütün xalqlara Müjdə təbliğ edilməlidir” (Mark 13:10). Yaxud, Matta 24:14 (İ–93) ayəsində: “Padşahlıq haqqında olan bu Müjdə millətlərin hamısına şəhadət olaraq bütün dünyada təbliğ olunacaqdır; və son o zaman gələcəkdir”.
20 Bu gün, bu dünyanın sonu və Allahın Padşahlığı altında yeni Cənnət dünyasının gəlməsi barədə olan xoş xəbər, tarixdə görünməmiş miqyasda dünyanın hər yerində təbliğ olunur. Kimlər tərəfindən? Yehovanın milyonlarla Şahidləri tərəfindən. Onlar dünyanın bütün ölkələrində təbliğ edirlər.
21 Yehovanın Şahidləri, Allahın Padşahlığı haqqında təbliğ etməkdən əlavə, öz davranışları ilə Məsihin həqiqi davamçıları kimi tanınırlar: “Əgər bir-birinizə qarşı məhəbbətiniz olsa, bundan hər kəs Mənim şagirdlərim olduğunuzu biləcək”. Yehovanın Şahidləri, qırılmaz məhəbbət telləri ilə ümumdünya qardaşlığında birləşiblər. (Yəhya 13:35; həmçinin İşaya 2:2-4; Koloslulara 3:14; Yəhya 15:12-14; 1 Yəhya 3:10-12; 4:20, 21; Vəhy 7:9, 10 ayələrinə də baxın.)
22 Yehovanın Şahidləri, Müqəddəs Kitabda deyilən bu sözlərə inanırlar: “Allah insanların kimliyinə baxmaz, amma hər xalqdan olub, Ondan qorxan və haqq iş görən Ona məqbuldur” (Həvarilərin işləri 10:34, 35). Onlar, irqinə və dərisinin rənginə baxmayaraq, bütün ölkələrdə olan Şahidləri özlərinin ruhani qardaş və bacıları hesab edirlər (Matta 23:8). Bu gün dünyada belə ümumdünya qardaşlığın mövcud olması, Allahın niyyətinin tezliklə yerinə yetəcəyinə daha bir sübutdur.
[Oyrənilmə üçün olan suallar]
1, 2. Allahın pislik və iztirablara son qoyacağına biz nə üçün əmin ola bilərik?
3, 4. “Süleymanın məsəlləri” kitabı, Allahın müdaxiləsinin nəticələrini necə təsvir edir?
5, 6. Məzmurun 37-ci fəsli Allahın müdaxilə etdiyi zaman olacaq işləri necə göstərir?
7. Allahın Kəlamı bizə hansı müdrik məsləhəti verir?
8, 9. Allah yer üzünü nəyin vasitəsilə təmizləyəcək?
10. Biz nə üçün əmin ola bilərik ki, Allahın səmavi Padşahlığı hökmranlıq etdiyi dövr ədalətli olacaq?
11. Bu sistemin sonunun nə qədər yaxın olduğunu müəyyən etməkdə bizə kömək edən peyğəmbərliklər Müqəddəs Kitabın hansı hissələrində yerləşir?
12, 13. İsa və Pavel axır günlər haqqında nə demişdilər?
14, 15. İyirminci əsrin hadisələri, həqiqətən də axır günlərdə yaşadığımızı necə təsdiq edir?
16. Axır günlərin sonuna nə qədər qalıb?
17, 18. Hansı peyğəmbərlik, bu dünyanın sonuna çox yaxın olduğumuzu göstərir?
19, 20. Axır günlərdə təbliğlə bağlı olan hansı peyğəmbərliyin yerinə yetdiyini görürük?
21, 22. Yehovanın Şahidlərini həqiqi məsihçilər kimi xüsusilə fərqləndirən nədir?
[26-cı səhifədə olan şəkil]
Allahın mükəmməl səmavi Padşahlığı, yeni dünyada bəşəriyyətin yeganə hakimiyyəti olacaq.