FƏSİL 13
Allaha məqbul həyat tərzi nəyə görə xoşbəxtlik gətirir?
YEHOVA “xoşbəxt Allah”dır və O istəyir ki, siz də həyatdan sevinc duyasınız (1 Timoteyə 1:11, YD). Onun yolu ilə yeriyərək, siz özünüz üçün fayda əldə edəcək və sonsuz axan çay kimi dərin və uzunsürən sakitliyə nail olacaqsınız. Allahın yolu ilə yerimək insanı bir-birinin ardınca gələn “dəniz dalğaları kimi” düzgün əməllər etməyə təşviq edir. Bu isə həqiqi xoşbəxtlik gətirir (İşaya 48:17, 18).
2 Bə’ziləri e’tiraz edə bilərlər ki, hərdən insanlar yaxşı əməllərinə görə də əzab çəkirlər. Bu doğrudan da belədir. Eyni şey İsanın həvarilərinin də başına gəlirdi. Tə’qib olunsalar da, onlar yenə də öz sevinclərini itirmir və ‘İsanın Məsih olduğunu müjdələməyə’ davam edirdilər (Həvarilərin işləri 5:40-42). Buradan biz vacib ibrət dərsləri götürə bilərik. Bunlardan biri odur ki, bizim Allaha məqbul həyat yaşamağımız başqalarının bizə həmişə yaxşı yanaşacaqlarına zəmanət vermir. Həvari Pavel yazmışdır: “Allah yolunda Məsih İsaya bağlı olaraq yaşamaq istəyənlərin hamısı da tə’qibə mə’ruz qalacaqdır” (2 Timoteyə 3:12). Bu, Şeytan və onun dünyasının Allaha məqbul həyat yaşayanlara müqavimət göstərdikləri üçün baş verir (Yəhya 15:18, 19; 1 Peter 5:8). Lakin əsl xoşbəxtlik ətraf şəraitdən asılı deyil. Əslində bu, əməllərimizin düzgünlüyünə və Allahın bizi buna görə bəyəndiyinə əmin olmağımızdan irəli gəlir (Matta 5:10-12; Yaqub 1:2, 3; 1 Peter 4:13, 14).
3 Bə’zi insanlar elə düşünürlər ki, Allahın iltifatını qazanmaq üçün hərdənbir Ona məqbul olan işləri görmək kifayətdir, qalan vaxtlarda isə Onu heç yada salmamaq da olar. Lakin Yehova Allaha edilən həqiqi ibadət belə deyil. Bu ibadət, insanın davranış tərzinə oyaq olduğu bütün saatlarda — gündən-günə, ildən-ilə tə’sir edir. Buna görə də bu cür ibadət həmçinin “yol” adlanır (Həvarilərin işləri 19:9; İşaya 30:21). Allahın Kəlamına müvafiq danışmaq və davranmaq məs’uliyyətini üzərimizə qoyan da məhz Allaha məqbul həyat tərzidir.
4 Müqəddəs Kitabı öyrənməyə başlayan insanlar Yehovanın onlardan müəyyən dəyişikliklər gözlədiyini gördükdə özlərindən soruşa bilərlər: “Doğrudanmı Allaha məqbul həyat tərzi sürməyə dəyər?” Şübhəsiz ki, dəyər. Nə üçün? Çünki “Allah məhəbbətdir” və Onun yolları bizim rifahımıza xidmət edir (1 Yəhya 4:8). Allah həmçinin müdrikdir və bizim üçün nəyin daha yaxşı olduğunu bilir. Yehova hər şeyə Qadir Allah olduğundan, O, bizə pis vərdişlərimizi tərgitmək və Onu məmnun etmək istəyimizi həyata keçirməkdə güc verə bilər (Filipililərə 4:13). Gəlin, Allaha məqbul həyat tərzi ilə bağlı olan bə’zi prinsipləri müzakirə edək və onları həyata keçirməyin necə xoşbəxtlik gətirdiyini nəzərdən keçirək.
DÜZGÜNLÜK XOŞBƏXTLİK GƏTİRİR
5 Yehova “həqiqət Allahı”dır (Məzmur 31:5). Siz, yəqin ki, Onun nümunəsini təqlid etmək və doğru insanların sırasında olmaq istəyərdiniz. Düzgünlük insana şəxsi ləyaqət hissi və əmin-amanlıq bəxş edir. Bununla belə, bu günahlı dünyada saxtakarlıq çox geniş yayıldığından, məsihçilər növbəti xəbərdarlığa diqqət yetirməlidirlər: “Hər biriniz öz qonşusuna həqiqəti söyləsin... Oğurluq edən artıq oğurlamasın; əksinə, öz əllərinin əməyi ilə yaxşı iş görsün ki, ehtiyacı olanlarla bölüşdürməyə bir şeyi olsun” (Efeslilərə 4:25, 28). Məsihçilər gündəlik işlərini vicdanla yerinə yetirirlər. Onlar müdirin icazəsi olmadan ona məxsus olan şeyləri götürmürlər. Yehovanın xidmətçisi özünü istər işdə, istər məktəbdə, istərsə də evdə ‘hər cəhətcə yaxşı aparmalıdır’ (İbranilərə 13:18). Yalan danışan və ya oğurluq edən insan isə Allahın ondan razı qalacağına ümid edə bilməz (Təsniyə 5:19; Vəhy 21:8).
6 Düzgünlük çoxlu xeyir-dualar gətirir. Afrikada yaşayan Selina adlı yoxsul dul qadın Yehova Allahı və Onun ədalətli prinsiplərini sevir. Bir dəfə həmin qadın içində əmanət kitabçası və böyük məbləğdə pul olan çanta tapdı. O, telefon kitabçası vasitəsilə çantanın sahibini axtarıb tapdı. Bu adam yenicə yarılmış mağazanın sahibi idi. Selina çox xəstə olmasına baxmayaraq, hər şeyi olduğu kimi gətirib geri qaytaranda, həmin adam gözlərinə inanmadı. “Bu cür düzgünlüyü mükafatlandırmaq lazımdır” deyərək, ona müəyyən miqdarda pul verdi. Ən vacibi isə, o, Selinanın dinini tə’riflədi. Bəli, düzgünlük Müqəddəs Kitab tə’limlərinin bəzəyidir, Yehova Allahı izzətləndirir və Onun düzgün davranan xidmətçilərinə xoşbəxtlik gətirir (Titusa 2:10; 1 Peter 2:12).
ƏLİAÇIQLIQ XOŞBƏXTLİK GƏTİRİR
7 Əliaçıqlıq insana xoşbəxtlik gətirdiyi halda, tamahkarlar “Allahın Padşahlığını miras almayacaqlar” (1 Korinflilərə 6:10, İ–93). Tamahkarlığın geniş yayılmış formalarından biri — başqalarının uduzmasından qazanc əldə edilən qumar oyunlarıdır. Yehova “biabırçı qazanca həris” olan insanları bəyənmir (1 Timoteyə 3:8). Qumar oyunlarının hətta qanuni sayıldığı və insanların əyləncə xatirinə oynadıqları yerlərdə belə, insan özündə, çoxlarının həyatını tələf edən həvəs inkişaf etdirə bilər. Qumar oyunları çox vaxt oyunçunun ailəsinə bir sıra çətinliklər gətirir, belə ki, ailənin ən zəruri şeylərə — ərzaq və paltara pulu olmaya bilər (1 Timoteyə 6:10).
8 Məhəbbətə əsaslanan əliaçıqlığın sayəsində, məsihçilər başqalarına, xüsusilə də ehtiyac içində olan ruhani bacı-qardaşlarına kömək etməkdən sevinc duyurlar (Yaqub 2:15, 16). İsa yer üzünə gəlməzdən əvvəl Allahın insanlara nə qədər əliaçıqlıq göstərdiyini müşahidə etmişdir (Həvarilərin işləri 14:16, 17). İsa özü də bəşəriyyət uğrunda nəinki vaxtını və bacarığını, hətta həyatını belə qurban vermişdir. Buna görə də, o, bu cür əminliklə deyirdi ki: “Vermək almaqdan daha böyük bəxtiyarlıq gətirir” (Həvarilərin işləri 20:35). İsa həmçinin mə’bədin xəzinəsinə səmimi qəlbdən iki sikkəni atan kasıb dul qadını tə’riflədi, çünki həmin qadın “dolanmaq üçün əlində olan bütün pulunu” verdi (Mark 12:41-44). Qədim israillilər və birinci əsrin məsihçiləri, yığıncağı və Allahın Padşahlıq işini əliaçıqlıqla və sevinclə dəstəkləməyə dair gözəl nümunədirlər (1 Tarixlər 29:9; 2 Korinflilərə 9:11-14). Bugünkü məsihçilər Allahı yalnız maddi ianələrlə deyil, həm də həyatlarını Ona xidmətə həsr etməklə də sevinclə izzətləndirirlər (Romalılara 12:1; İbranilərə 13:15). Onlar həqiqi ibadəti və Padşahlıq haqqındakı xoş xəbərin ümumdünya təbliğ işini dəstəkləmək üçün öz vaxtlarını, qüvvələrini və hər cür vəsaitlərini sərf etdiklərinə görə Yehova onlara xeyir-dua verir (Süleymanın məsəlləri 3:9, 10).
XOŞBƏXTLİK GƏTİRƏN DİGƏR AMİLLƏR
9 Xoşbəxtliyə nail olmaq üçün məsihçilər ‘dərrakəyə bağlanmalıdırlar’ (Süleymanın məsəlləri 5:1, 2, MKŞ). Bunun üçün onlar Allahın Kəlamını və ona əsaslanan faydalı ədəbiyyatları oxumalı və onların üzərində dərindən düşünməlidirlər. Lakin qaçınmalı olduğumuz şeylər də var. Məsələn, həddindən artıq spirtli içki qəbul etmək, insanın öz düşüncəsini idarə etməsinə mane ola bilər. Belə hallarda bir çoxları əxlaqsızlığa qapılır, zorakılıq edir və hətta kiminsə ölümünə bais olurlar. Təəccüblü deyil ki, Müqəddəs Kitabda sərxoşların Allahın Padşahlığını miras almayacaqları deyilir! (1 Korinflilərə 6:10). Məsihçilər “təmkinli”, yə’ni sağlam düşüncəli olmağa can ataraq, sərxoşluqdan qaçınırlar, bu isə onların arasında hökm sürən xoşbəxtliyə gətirib çıxarır (Titusa 2:2-6).
10 Bədənin təmizliyi də xoşbəxtlik gətirir. Bununla belə, çoxlarında zərərli maddələrə meyl oyanır. Misal üçün tütünü götürək. Ümumdünya Səhiyyə Təşkilatının verdiyi xəbərə görə, siqaret çəkmək “hər il üç milyon insanın həyatını tələf edir”. Bu vərdişi tərk etmək tərgitmənin müvəqqəti simptomlarına görə çətin ola bilər. Lakin əvvəllər siqaret çəkənlərin bir çoxu görürlər ki, onların sağlamlığı yaxşılaşır və ailələri üçün daha çox pul qalır. Bəli, tütün və digər zərərli maddələri qəbul etmək vərdişini və ya meylini aradan qaldırmaqla, insan öz orqanizmini təmizləyir, vicdanını sakitləşdirir və həqiqi xoşbəxtlik əldə edir (2 Korinflilərə 7:1).
NİKAHDA XOŞBƏXTLİK
11 Ər-arvad kimi yaşayan qadın və kişi nikahlarının dövlət tərəfindən rəsmi qeydiyyata alınmasının qayğısına qalmalıdırlar (Mark 12:17). Onlar həmçinin nikaha olduqca məs’uliyyətlə yanaşmalıdırlar. Düzdür, əgər məsələ ailənin qeydinə qalmaqdan imtina etməyə, olduqca kobud rəftara və ruhani sağlamlığa tam təcavüz edilməsinə gəlib çıxırsa, onda ər və arvadın ayrı yaşaması zəruri ola bilər (1 Timoteyə 5:8; Qalatiyalılara 5:19-21). Lakin həvari Pavelin 1 Korinflilərə 7:10-17 ayələrindəki sözləri ərlə arvadı birgə yaşamağa təşviq edir. Və əlbəttə ki, həqiqi xoşbəxtlik üçün onlar bir-birlərinə olan sədaqətlərini qorumalıdırlar. Pavel yazırdı: “Qoy hər kəs nikaha hörmət etsin və kəbin yatağı ləkəsiz olsun; çünki Allah, əxlaqsızları və zinakarları məhkum edəcəkdir” (İbranilərə 13:4). “Kəbin yatağı” sözü qanuni nikahda olan qadınla kişi arasındakı cinsi əlaqəni nəzərdə tutur. Başqa heç bir cinsi əlaqə, məsələn, nikahda bir və ya daha çox qadınla əlaqədə olmaq “nikaha hörmət” sayıla bilməz. Bundan əlavə, Müqəddəs Kitab nikahaqədərki cinsi əlaqəni və homoseksualizmi mühakimə edir (Romalılara 1:26, 27; 1 Korinflilərə 6:18).
12 Əxlaqsızlıq bir neçə dəqiqəlik fiziki həzz verə bilər, lakin əsl xoşbəxtlik gətirə bilməz. Bu, Allahın narazılığına səbəb olur, sonra isə belə adamı vicdan əzabı narahat edə bilər (1 Saloniklilərə 4:3-5). Nikahdan kənar cinsi əlaqənin pis nəticələrindən biri QİÇS və cinsi yolla ötürülən digər xəstəliklər ola bilər. Bir tibbi mə’lumatda deyilir: “Hər il bütün dünyada 250 milyondan artıq insanın süzənək və 50 milyona yaxın insanın isə sifilis xəstəliyinə tutulduğu güman edilir”. Həmçinin arzuedilməz hamiləlik problemi də ortaya çıxır. Valideynlik layihəsi üzrə beynəlxalq federasiyanın mə’lumatına görə, bütün dünyada hər il 15 yaşından 19 yaşınadək 15 milyondan artıq qız hamilə qalır və onların üçdə bir hissəsi abort etdirir. Aparılan tədqiqatlar göstərir ki, Afrika ölkələrinin birində ölən yeniyetmə qızların 72 faizi abortdan yaranan ağırlaşma nəticəsində ölür. Əxlaqsızlıqla məşğul olanların hamısı xəstələnib və ya hamilə qalmasalar da, onlar mə’nəvi sarsıntıdan qaçına bilmirlər. Çoxları özünəhörmət hissini itirir və hətta özlərinə nifrət edirlər.
13 Zinanı bağışlamaq mümkün olsa da, günahsız olan ər və ya arvad Müqəddəs Kitaba əsaslanan boşanmaq hüququna malikdir. (Matta 5:32; Hoşea 3:1-5 ayələri ilə müqayisə edin.) Əgər bu cür əxlaqsızlıq ucbatından ailə dağılarsa, günahsız ərin və ya arvadın, eləcə də uşaqların qəlbində dərin emosional yara qala bilər. Ailənin qayğısına qalaraq Allahın Kəlamında deyilir ki, tövbə etməyən əxlaqsızlar və zinakarlar sərt hökmə mə’ruz qalacaqlar. Bundan əlavə, Müqəddəs Kitab aydın şəkildə göstərir ki, əxlaqi cəhətdən natəmiz insanlar “Allahın Padşahlığını miras almayacaqlar” (Qalatiyalılara 5:19, 21, İ–93).
“DÜNYADAN DEYİLLƏR”
14 Yehovanı razı salmaq və Padşahlığın xeyir-dualarından faydalanmaq istəyənlər bütpərəstliyin hər cür növündən qaçınırlar. Müqəddəs Kitab göstərir ki, İsa Məsihin və ya onun anası Məryəmin şəkli də daxil olmaqla, surətlər düzəltmək və onlara ibadət etmək düzgün deyil (Çıxış 20:4, 5; 1 Yəhya 5:21). Buna görə də, məsihçilər bütlərə, xaça və ikonalara sitayiş etmirlər. Onlar həmçinin bütpərəstliyin gizli formalarından — bayrağa tə’zim etməkdən və hansısa bir xalqı izzətləndirən nəğmələri oxumaqdan qaçınırlar. Onları bu cür işlərə məcbur etdikdə, İsanın Şeytana dediyi sözləri xatırlayırlar: “Allahın olan Rəbbə səcdə qıl və yalnız Ona qulluq et” (Matta 4:8-10). İsa demişdir ki, onun davamçıları “dünyadan deyillər” (Yəhya 17:14). Bu o deməkdir ki, onlar siyasi işlərə qarışmır və İşaya 2:4 ayəsindəki sözlərə riayət edərək sülh içində yaşayırlar. Orada deyilir: “[Yehova Allah] millətlər arasında hökm edəcək və çox xalqlar haqqında qərar verəcək və qılınclarını kotan dəmirləri və mizraqlarını bağça bıçaqları edəcəklər; millət millətə qarşı qılınc qaldırmayacaq və artıq cəng etməyi öyrənməyəcəklər”.
15 ‘Dünyadan olmamaq’, həmçinin yalan dinlərin dünya imperiyası olan “Böyük Babil” ilə bütün əlaqələri kəsmək deməkdir. Natəmiz ibadətin pis ruhani tə’siri qədim Babildən başlayaraq, dünya xalqları üzərində indiyədək hökmranlıq edir. “Böyük Babilə” — tə’lim və əməlləri Allah haqqındakı biliyə zidd gedən bütün dinlər daxildir (Vəhy 17:1, 5, 15). Yehovanın heç bir sadiq xidmətçisi, müxtəlif dinlərlə birləşərək və ya Böyük Babilin hər hansı hissəsi ilə dostluq edərək dinlərarası fəaliyyətlə məşğul olmayacaq (Saylar 25:1-9; 2 Korinflilərə 6:14). Bu səbəbdən, Müqəddəs Kitabı öyrənməyə başlayanların əksəriyyəti məxsus olduqları dini təşkilatdan çıxdıqları barədə ərizə yazırlar. Bu onları, növbəti və’di verən həqiqi Allahla yaxınlaşdırır: “[Onların] arasından çıxın və onlardan ayrılın; murdar bir şeyə toxunmayın, Mən də sizi qəbul edəcəyəm” (2 Korinflilərə 6:17; Vəhy 18:4, 5). Məgər siz səmavi Atamızın sizi qəbul etməsini bütün ürəkdən arzu etmirsinizmi?
İLLİK BAYRAMLARA NECƏ YANAŞMALI?
16 Allaha məqbul həyat tərzi bizi, çox vaxt əlavə yük olan dünyəvi bayramlardan azad edir. Misal üçün, Müqəddəs Kitabda İsanın doğulduğu gün dəqiq deyilmir. Bə’ziləri deyə bilərlər: “Mən elə fikirləşirdim ki, İsa dekabrın 25-də anadan olub!” Lakin bu mümkün deyil, çünki İsa b. e. 33-cü ilinin yazında, 33 yaş yarımında ölmüşdür. Bundan əlavə, o doğulan zaman “ölkədə çobanlar var idi. Onlar gecə çöldə öz sürülərinin keşiyini çəkirdilər” (Luka 2:8). İsraildə dekabrın sonu — soyuq, ilin yağışlı vaxtıdır və qoyunları qışın soyuğundan qorumaq üçün adətən gecələr onları ağıla salırdılar. Əslində isə dekabrın 25-də romalılar günəş ilahisinin ad gününü qeyd edirdilər. İsanın yer üzündə yaşadığı vaxtdan əsrlər ötdü və dönük məsihçilər bu tarixi Məsihin doğum günü kimi qəbul etdilər. Bu səbəbdən İsanın həqiqi davamçıları Milad bayramını və ya yalan dini təsəvvürlərə əsaslanan digər bayramları qeyd etmirlər. Onlar Yehovaya tam sədaqətli olduqlarına görə, qeyri-kamil insanları və xalqları ilahiləşdirən bayramları da qeyd etmirlər.
17 Müqəddəs Kitabın özündə ad gününün qeyd edilməsi cəmi iki dəfə xatırlanır və hər iki halda da Allaha xidmət etməyən kəslər iştirak etmişdir (Təkvin 40:20-22; Matta 14:6-11). Müqəddəs Yazılar kamil insan olan İsa Məsihin ad gününü göstərmirsə, onda qeyri-kamil insanların ad günlərinə xüsusi diqqət yetirməyə dəyərmi? (Vaiz 7:1). Sözsüz ki, Allah qorxusuna malik olan valideynlər öz övladlarına məhəbbət göstərmək üçün hansısa xüsusi bir günü gözləmirlər. 13 yaşlı məsihçi bir qız qeyd etmişdir: “Bizim ailəmiz çox şən ailədir... mən valideynlərimlə çox yaxınam və başqa uşaqlar müxtəlif bayramları qeyd etməməyimin səbəbini soruşanda, mənim üçün hər günün bayram olduğunu deyirəm”. 17 yaşlı başqa bir məsihçi oğlan isə belə deyir: “Biz ailədə bir-birimizə il boyu hədiyyələr bağışlayırıq”. Gözlənilməz hədiyyələr daha çox sevinc gətirir.
18 Allaha məqbul həyat sürən kəslərin hər il qeyd etməli olduqları yalnız bir gün mövcuddur. Bu, çox vaxt Məsihin ölümünün Xatirə Gecəsi adlandırılan, Rəbbin Axşam yeməyidir. Bu bayramı tə’sis edərkən İsa davamçılarına buyurdu: “Bunu Məni anmaq üçün edin” (Luka 22:19, 20; 1 Korinflilərə 11:23-25). İsa bu bayramı b. e. 33-cü ilinin 14 nisan axşamında tə’sis edərkən, onun günahsız insan bədənini və kamil qanını təmsil edən mayasız çörəkdən və qırmızı şərabdan istifadə etmişdir (Matta 26:26-29). Bu simvollardan Allahın müqəddəs ruhu ilə məsh edilmiş məsihçilər qəbul edirlər. Onlar yeni əhdə və Padşahlıq əhdinə daxil olduqları üçün səmavi ümidə malikdirlər (Luka 12:32; 22:20, 28-30; Romalılara 8:16, 17; Vəhy 14:1-5). Bununla belə, qədim yəhudi təqviminə əsasən 14 nisana düşən bu gecədə iştirak edənlərin hamısı fayda əldə edir. Bu bayram, Allahın iltifat göstərdiyi kəslərə əbədi yaşamaq ümidini verən, günahlar üçün gətirilən fidiyə qurbanlığının vasitəsilə Yehova Allahın və İsa Məsihin göstərdiyi məhəbbəti xatırladır (Matta 20:28; Yəhya 3:16).
İŞ VƏ ƏYLƏNCƏ
19 Məsihçilər vicdanla işləməyə və özlərini tə’min etməyə borcludurlar. Bu, ailənin başçısına məmnunluq gətirir (1 Saloniklilərə 4:11, 12). Deməli, əgər məsihçinin işi Müqəddəs Kitaba zidd gedirsə, o, xoşbəxt ola bilməz. Lakin hərdən məsihçiyə, Müqəddəs Kitabın normalarına müvafiq iş tapmaq çətin olur. Misal üçün, bə’zi işçilərdən alıcıları aldatmaq tələb olunur. Eyni zamanda da bir çox müdirlər e’tibarlı işçini itirməmək xatirinə, onun vicdanını nəzərə alaraq güzəştə gedirlər. Hər necə olsa da, siz əmin ola bilərsiniz ki, Allah təmiz vicdanla yerinə yetirə biləcəyiniz işi tapmaq sə’yinizə xeyir-dua verəcəkdir (2 Korinflilərə 4:2).
20 Allah Öz xidmətçilərinin xoşbəxt olmalarını istəyir, buna görə də, biz ağır işi təravətləndirici istirahət və əyləncə ilə tarazlaşdırmalıyıq (Mark 6:31; Vaiz 3:12, 13). Şeytanın dünyası Allaha xoş gəlməyən əyləncələrə təşviq edir. Amma Allahı razı salmaq üçün biz kitablar, radio proqramları, musiqi, həmçinin konsertlər, filmlər, pyeslər, televiziya verilişləri və video filmləri seçərkən diqqətli olmalıyıq. Əgər əvvəllər seçdiyimiz əyləncələr Təsniyə 18:10-12, Məzmur 11:5 və Efeslilərə 5:3-5 ayələrində yazılmış xəbərdarlıqlara zidd gedirsə, dəyişiklik etməklə Yehovanı razı salar və xoşbəxt olarıq.
HƏYATA VƏ QANA HÖRMƏT
21 Həqiqi xoşbəxtliyə malik olmaq istəyiriksə, Yehova kimi, biz də insan həyatına müqəddəs bir şey kimi baxmalıyıq. Onun Kəlamı öldürməyi qadağan edir (Matta 19:16-18). Əslində İsrail xalqına verilmiş qanun göstərir ki, hətta doğulmamış körpənin həyatı da Allahın gözündə dəyərlidir və onu məhv etmək olmaz (Çıxış 21:22, 23). Bu səbəbdən, biz orqanizmimizi tütünlə, narkotik maddələrlə və spirtli içkilərlə zəhərləyərək, yaxud lazımsız risklərə gedərək həyata əhəmiyyətsiz bir şey kimi baxmalı deyilik. Həmçinin biz həyatımız üçün təhlükə yaradan işlərə baş qoşmamalı və ya təhlükəsizlik qaydalarına e’tinasız yanaşmamalıyıq, çünki bu kimi hərəkətlər qan tökülməsində təqsirkar olmamıza gətirib çıxara bilər (Təsniyə 22:8).
22 Yehova Nuha və onun ailəsinə demişdir ki, qan canı, yə’ni həyatı təmsil edir. Buna görə də, Allah onlara qadağan etmişdir ki, ümumiyyətlə heç bir qandan qida kimi istifadə etməsinlər (Təkvin 9:3, 4). Biz onların nəsli olduğumuz üçün bu qanun bizə də aiddir. Yehova israillilərə qanı torpağa axıtmağı və şəxsi məqsədlərdə istifadə etməməyi buyurmuşdu (Təsniyə 12:15, 16). Və birinci əsrin məsihçilərinə “qandan... çəkinin” deyilən zaman, qan haqqındakı qanun yenidən təkrar edilmiş oldu (Həvarilərin işləri 15:28, 29). Başqaları qanköçürmənin həyatı xilas edəcəyini iddia etsələr də, Allah qorxusuna malik olan insanlar həyatın müqəddəsliyinə hörmət etdikləri üçün, bu üsuldan imtina edirlər. Yehovanın Şahidləri üçün münasib olan bir çox müalicə üsulları daha effektlidir və insanın həyatını qanköçürmə zamanı yaranan təhlükə altına atmır. Məsihçilər bilirlər ki, həqiqi xilası ancaq İsanın tökülən qanı verə bilər. Ona iman etmək günahların bağışlanmasını tə’min edir və əbədi həyata ümid verir (Efeslilərə 1:7).
23 Tamamilə aydındır ki, Allaha məqbul həyat tərzi sə’y tələb edir. Bu cür həyat tərzi doğmaların və tanışların istehzasına səbəb ola bilər (Matta 10:32-39; 1 Peter 4:4). Lakin mükafat hər cür sınaqlardan üstündür. Allaha məqbul həyat tərzi təmiz vicdan və Yehovanın digər xidmətçiləri ilə gözəl ünsiyyət bəxş edir (Matta 19:27, 29). Bundan başqa, Allahın ədalətli yeni dünyasında əbədi həyatı da təsəvvür edin (İşaya 65:17, 18). Bəs Müqəddəs Kitabın məsləhətlərini həyata keçirmək, bununla da Yehovanın ürəyini sevindirmək nə qədər xoşdur! (Süleymanın məsəlləri 27:11). Təəccüblü deyil ki, Allaha məqbul həyat tərzi xoşbəxtlik gətirir! (Məzmur 128:1, 2).
BİLİYİNİZİ YOXLAYIN
• Allaha məqbul həyat tərzi hansı səbəblərə görə xoşbəxtlik gətirir?
• Allaha məqbul həyat tərzi hansı dəyişiklikləri tələb edə bilər?
• Siz nəyə görə Allaha məqbul həyat sürmək istəyirsiniz?
[Öyrənilmə üçün olan suallar]
1. Nəyə görə deyə bilərik ki, Yehovanın yolları xoşbəxtlik gətirir?
2. Məsihçilərlə hərdən pis davranmalarına baxmayaraq, onlar nəyə görə xoşbəxt ola bilərlər?
3. Yehovaya ibadət insanın həyatına necə tə’sir göstərməlidir?
4. Nəyə görə Allahın yollarına müvafiq yaşamaq üçün dəyişikliklər etmək faydalıdır?
5. Müqəddəs Kitabda yalan və oğurluq haqqında nə deyilir?
6. İnsanların Allaha məqbul düzgünlüyü Yehovaya necə izzət gətirə bilər?
7. Qumar oyunlarında pis olan nədir?
8. İsa əliaçıqlığın hansı gözəl nümunəsini verdi və biz necə əliaçıq ola bilərik?
9. Spirtli içkilərdən sui-istifadə etməkdə pis olan nədir?
10. a) Məsihçilər nəyə görə tütündən istifadə etmirlər? b) Natəmiz vərdişlərə son qoymaqla hansı faydanı əldə etmək olar?
11. Nikahın qanuni, möhkəm və hörmət içində olması üçün nə tələb olunur?
12. Əxlaqsızlıq hansı acınacaqlı nəticələrə gətirib çıxarır?
13. Zina daha hansı problemlərə gətirib çıxarır və zinakar və əxlaqsız olaraq qalan insanları nə gözləyir?
14. a) Allahdan qorxan kəsin qaçındığı bütpərəstliyin bə’zi növləri hansılardır? b) Yəhya 17:14 və İşaya 2:4 ayələrində bizə hansı rəhbərlik verilir?
15. Böyük Babil nədir və Müqəddəs Kitabı yeni öyrənməyə başlayanların bir çoxu onu tərk etmək üçün nə edirlər?
16. İsanın həqiqi davamçıları nəyə görə Milad gününü qeyd etmirlər?
17. Allah qorxusuna malik olan insanlar ad günlərini nəyə görə qeyd etmirlər və bununla belə onların uşaqları nə üçün xoşbəxtdirlər?
18. İsa öz davamçılarına hansı illik bayramı qeyd etməyi buyurdu və bu bayram bizə nəyi xatırladır?
19. Məsihçilər çörək pulu qazanarkən hansı çətinliklərlə qarşılaşırlar?
20. Əyləncə növlərini seçərkən nəyə görə diqqətli olmalıyıq?
21. Həyata hörmət bizim aborta, həmçinin adət və davranışlarımıza necə tə’sir göstərməlidir?
22. a) Qana və onun istifadə edilməsinə dair Allaha məqbul nöqteyi-nəzər nədə əks olunur? b) Yalnız kimin qanı həqiqətən həyatı xilas edə bilər?
23. Allaha məqbul həyat tərzinin gətirdiyi bə’zi mükafatlar hansılardır?
[124-125-ci səhifələrdəki şəkil]
İstirahətlə tarazlaşdırılmış ruhani işlər Allaha məqbul həyat tərzi sürən kəslərin xoşbəxtliyinə səbəb olur.