FƏSİL 20
«Yehovanın sözü əzəmətlə yayılır və zəfər çalırdı»
Xoş xəbərin zəfər çalmasında Apollosla Bulusun rolu
Həvarilərin işləri 18:23—19:41
1, 2. a) Bulus və yoldaşları Efesdə hansı təhlükə ilə üzləşdilər? b) Bu fəsildə nəyi müzakirə edəcəyik?
EFESİN küçələrində qələbəlikdir. Hər yanı qışqırıq, ayaq səsləri bürüyüb. Şəhərdə əməlli-başlı iğtişaş baş qaldırıb! Camaat həvari Bulusun yol yoldaşlarından ikisini tutub aparır. Azğınlaşmış izdiham şəhərin böyük, iyirmi beş min nəfərlik amfiteatrına doğru axışdıqca dükanlarla dolu küçələr boşalır. İğtişaşın nəyin üstündə düşdüyündən camaatın çoxunun heç xəbəri də yoxdur. Onlar sadəcə məbədləri və sevimli ilahələri Artemida üçün təhlükə yarandığından şübhələnir, buna görə də bir ağızdan: «Efeslilərin böyük Artemidasına eşq olsun!» — deyə qışqırırlar (Həv. 19:34).
2 Şeytan Allahın Padşahlığı haqqında xoş xəbərin yayılmasına mane olmaq üçün yenə də camaatı məsihilərə qarşı qaldırır. Əlbəttə, zorakılıq Şeytanın yeganə üsulu deyil. Bu fəsildə birinci əsrdəki məsihilərin fəaliyyətini dayandırmaq və onların arasına parçalanma salmaq üçün Şeytanın əl atdığı fitnələrdən bəzilərini nəzərdən keçirəcəyik. Ən vacibi isə görəcəyik ki, onun işlətdiyi heç bir fənd uğurlu olmadı, çünki «Yehovanın sözü əzəmətlə yayılır və zəfər çalırdı» (Həv. 19:20). Nə üçün Şeytan birinci əsrdəki məsihilərə bata bilmədi? Bu gün bizə qalib gələ bilmədiyi səbəblərə görə. Əlbəttə, zəfər bizim yox, Yehovanındır. Bununla belə, birinci əsrdəki məsihilər kimi, biz də öz öhdəmizə düşəni etməliyik. Xidmətimizi uğurla icra etmək üçün Yehovanın ruhunun sayəsində özümüzdə lazımi keyfiyyətləri yetişdirə bilərik. Gəl əvvəlcə Apollosun nümunəsini nəzərdən keçirək.
«Müqəddəs Yazıları yaxşı bilirdi» (Həvarilərin işləri 18:24—28)
3, 4. Akvilas və Priskilla Apollosun biliyi ilə bağlı nəyi başa düşdülər və ona necə kömək etdilər?
3 Bulus üçüncü təbliğ səyahəti zamanı Efesə gedərkən Apollos adında bir yəhudi ora gəldi. O, Misirin məşhur İsgəndəriyyə şəhərindən idi. Apollos çox bacarıqlı adam idi. Bəlağətli natiq olmaqla yanaşı o, «Müqəddəs Yazıları yaxşı bilirdi». Bundan əlavə, o, şövqlə öyrədirdi. Apollos sinaqoqa gələn yəhudilər qarşısında cəsarətlə çıxış edirdi (Həv. 18:24, 25).
4 Bir dəfə Apollos sinaqoqda danışanda Akvilas ilə Priskilla onun nitqini eşitdi. «İsa haqqında» dəqiqliklə təlim verdiyini görəndə, təsəvvür et, onlar necə sevindilər. Apollosun İsa haqqında dediklərinin hamısı doğru idi. Lakin, çox keçməmiş, bu məsihi ər-arvad onun vacib bir şeyi bilmədiyini başa düşdülər. O, «yalnız Yəhyanın vəftizi ilə tanış idi». Adi çadır tikən olsalar da, bu sadə məsihilər Apollosun bəlağətindən və savadlı olmasından çəkinməyib «onu yanlarına aldılar və Allahın yolunu daha dəqiqliklə ona izah etdilər» (Həv. 18:25, 26). Apollos da, öz növbəsində, bilikli, qabiliyyətli olmasına baxmayaraq, təvazökarlıq göstərib onların köməyini qəbul etdi. Məsihinin özündə yetişdirməli olduğu vacib xüsusiyyətlərdən biri məhz təvazökarlıqdır.
5, 6. Apollos nəyin sayəsində xidmətdə daha yararlı oldu və biz onun nümunəsindən nə öyrənirik?
5 Apollos Akvilas ilə Priskillanın köməyini qəbul etdiyi üçün daha bacarıqlı təbliğçi oldu. O, Axayyaya gedib oradakı imanlılara «çox kömək etdi». Həmçinin, bu şövqlü məsihi həmin ərazidə yaşayan və İsanı vəd edilmiş Məsih kimi qəbul etməyən yəhudilərə əsaslı surətdə şahidlik edirdi. Luka yazır: «O, yəhudilərin yanıldığını hamının gözü qarşısında böyük şövqlə dəlillər gətirərək sübut edir, Müqəddəs Yazılara istinad edərək İsanın Məsih olduğunu göstərirdi» (Həv. 18:27, 28). Bəli, bu qardaşın yığıncağa çox böyük köməyi dəydi! «Yehovanın sözü»nün zəfər çalmasında Apollosun əhəmiyyətli rolu olub. Bəs biz Apollosun nümunəsindən nə öyrənə bilərik?
6 Təvazökar olmaq bütün məsihilər üçün olduqca vacibdir. Hər birimizin müxtəlif bacarığı var — kimisi fitri istedada malikdir, kimisi isə bilikli və ya təcrübəlidir. Lakin bizim təvazökarlığımız bacarığımızdan üstün olmalıdır. Əks təqdirdə, üstün cəhətlərimiz zəif cəhətə çevrilər və ürəyimizdə qürur baş qaldıra bilər (1 Kor. 4:7; Yaq. 4:6). Əgər biz, həqiqətən də, təvazökarıqsa, başqalarını özümüzdən üstün hesab etməyə çalışacağıq (Filip. 2:3). Kimsə bizə məsləhət verəndə inciməyəcək, yaxud nəyisə başa salanda dikbaşlıq etməyəcəyik. Görəndə ki, müqəddəs ruh təşkilatı başqa istiqamətə yönəldir, inadkarlıq göstərib şəxsi fikirlərimizin düzgün olduğunu israr etməyəcəyik. Nə qədər ki, təvazökarıq, həm Yehova üçün, həm də Onun Oğlu üçün yararlı xidmətçilər olacağıq (Luka 1:51, 52).
7. Bulus və Apollos təvazökarlığa dair hansı nümunəni vermişlər?
7 Həmçinin təvazökarlıq olan yerdə rəqabət də olmaz. Yəqin birinci əsrdəki məsihilər arasında parçalanma salmaq Şeytanın ürəyinin arzusu idi. Əgər Apollos və həvari Bulus kimi iki fəal məsihi bir-birinə rəqib gözü ilə baxsaydı, bir-birinin yığıncaqdakı nüfuzuna paxıllıq etsəydi, bu, Şeytanın ürəyinə yağ kimi yayılardı. Onlar asanlıqla bu tora düşə bilərdilər. Korinfdə bəzi məsihilər: «Mən Bulusun», digərləri: «Mən Apollosun» şagirdiyəm deyirdilər. Bəs Bulusla Apollos bacı-qardaşlarda yaranan bu cür hissləri dəstəkləyirdilərmi? Qətiyyən! Bulus təvazökarlıqla qəbul edirdi ki, təbliğ işinin irəliləməsində Apollosun əməyi böyükdür, buna görə də ona əlavə tapşırıqlar verirdi. Apollos da, öz növbəsində, Bulusun göstərişlərini canla-başla yerinə yetirirdi (1 Kor. 1:10—12; 3:6, 9; Tit. 3:12, 13). Bu, təvazökarlıqla əməkdaşlıq etməyə dair gözəl nümunədir, elə deyilmi?
«Allahın Padşahlığı haqqında inandırıcı dəlillər gətirir»di (Həvarilərin işləri 18:23; 19:1—10)
8. Bulus Efesə hansı yolla qayıtdı və niyə o, məhz bu yolu seçdi?
8 Bulus efeslilərə söz vermişdi ki, onların yanına qayıdacaq, verdiyi sözün üstündə də durdua (Həv. 18:20, 21). Amma fikir ver o, necə qayıtdı. Axırıncı dəfə biz onun Suriya Antakyasında olduğunu oxumuşduq. Efesə getmək üçün o, Antakyanın yaxınlığında yerləşən Selevkiyaya gedib, oradan gəmi ilə birbaşa lazım olan yerə üzə bilərdi. O isə yolunu «daxili bölgələrdən» saldı. Bir hesablamaya görə, Həvarilərin işləri 18:23 və 19:1 ayələrində təsvir olunan səyahəti zamanı Bulus təxminən 1600 kilometrlik məsafəni qət etmişdi. Nə üçün asan yol ola-ola, Bulus belə çətin yolla getmişdi? Çünki o, şagirdləri möhkəmləndirmək istəyirdi (Həv. 18:23). Bulus bilirdi ki, üçüncü təbliğ səyahəti də əvvəlki iki səyahəti kimi asan başa gəlməyəcək. Amma onun fikrincə, bunun üçün hər şey etməyə dəyərdi. Bu gün də rayon nəzarətçiləri və onların həyat yoldaşları eyni əhval-ruhiyyə təzahür etdirirlər. Biz onların fədakar məhəbbətini çox yüksək qiymətləndiririk.
9. Nə üçün bir neçə şagirdə yenidən vəftiz olunmaq lazım gəldi və biz onlardan hansı nümunəni götürə bilərik?
9 Efesə çatanda Bulus Vəftizçi Yəhyanın təxminən 12 şagirdi ilə rastlaşdı. Onlar Yəhyanın vəftizi ilə vəftiz olunmuşdular, bu vəftiz isə artıq qüvvədə deyildi. Üstəlik, müqəddəs ruh haqqında onlar demək olar ki, heç nə bilmirdilər. Bulus bu şagirdlərə İsanın adı ilə vəftiz olunmağın vacibliyini açıqladı. Onlar da Apollos kimi təvazökarlıq göstərib, öyrəndikləri yeni şeyləri qəbul etdilər. İsanın adı naminə vəftiz olunduqdan sonra onlar müqəddəs ruh və bəzi ənamlar aldılar. Bu hadisə bir daha göstərir ki, Yehovanın daim irəli gedən teokratik təşkilatı ilə bir addımlamaq insana nemətlər gətirir (Həv. 19:1—7).
10. Nə üçün Bulus sinaqoqdan çıxıb Tiranın məktəbində təbliğ etməyə başladı və bununla bizim üçün hansı nümunəni qoydu?
10 Tezliklə təbliğ işinin irəlilədiyini göstərən başqa bir hadisə baş verdi. Bulus üç ay sinaqoqda cəsarətlə təbliğ etdi. «Allahın Padşahlığı haqqında inandırıcı dəlillər» gətirsə də, bəziləri inadkarlıq göstərib, əməlli-başlı əleyhdara çevrildilər. Bulus «bu yolu təhqir» edənlərlə boş yerə vaxt itirmədi, hər gün Tiranın məktəbində məruzələrlə çıxış etməyə başladı (Həv. 19:8, 9). Ruhani cəhətdən inkişaf etmək istəyən hər kəs artıq sinaqoqa yox, məktəbə gəlməli idi. Bulus kimi, biz də görəndə ki, insan bizə qulaq asmaq istəmir, yaxud fikri sadəcə mübahisə etməkdir, söhbəti dayandırırıq. Xoş xəbəri çatdırmalı olduğumuz çoxlu həlim insan ola-ola, nə üçün belələrinə vaxt itirək?!
11, 12. a) Bulus çalışqan olmağa və vəziyyətə uyğunlaşmağa dair hansı nümunəni qoyub? b) Yehovanın Şahidləri Bulusun nümunəsini necə izləyirlər?
11 Ola bilsin, Bulus hər gün səhər saat 11-dən günorta saat 4-ə kimi həmin məktəbdə məruzə edirdi (Həv. 19:9). Bu saatlar günün ən isti və ən sakit vaxtı idi. Çoxları bu vaxt işini dayandırıb nahar edir və dincəlirdi. Əgər Bulus iki ilin hər gününü bu cür qrafiklə təbliğ etmişdisə, deməli, təbliğə 3000 saatdan çox vaxt sərf etmişdib. Yehovanın sözünün yayılıb zəfər çalmasının digər səbəbi də bu idi. Bulus çalışqan idi və vəziyyətə uyğunlaşmağı bacarırdı. O, xidmətini planlaşdıranda təbliğ etdiyi ərazidəki insanları nəzərə alırdı. Bunun faydası nə oldu? «Asiya əyalətinin bütün sakinləri — həm yəhudilər, həm də yunanlar Rəbbin sözünü eşitdi» (Həv. 19:10). Gör Bulus necə də əsaslı şahidlik etmişdi!
12 Müasir dövrdə Yehovanın Şahidləri də çalışqanlıqla təbliğ edir və vəziyyətə uyğunlaşırlar. Adətən, biz insanları tapa biləcəyimiz vaxtda və yerdə təbliğ etməyə çalışırıq. Məsələn, küçədə, bazarda və dayanacaqda şahidlik edirik. Adamlarla telefon və ya məktub vasitəsilə əlaqə yaradırıq. Həmçinin çalışırıq ki, ev-ev təbliği çoxlarının evdə olduğu vaxta salaq.
Pis ruhların müqavimətinə baxmayaraq, «Yehovanın sözü əzəmətlə yayılır və zəfər çalırdı» (Həvarilərin işləri 19:11—22)
13, 14. a) Bulus Yehovanın gücü ilə hansı işləri görürdü? b) Skevanın oğulları hansı səhvə yol verdilər və bu gün özlərini məsihi adlandıran bir çoxları eyni səhvi necə təkrarlayırlar?
13 Lukanın sözlərinə görə, sonra Bulusun xidmətində xüsusi dövr başlandı. Yehovanın gücü ilə o, «möhtəşəm, qeyri-adi işlər görürdü». Hətta Bulusun yaylığını və önlüyünü hansı xəstəyə gətirirdilərsə, o sağalırdı. Onlarla hətta şər ruhları da qovurdularc (Həv. 19:11, 12). Şər qüvvələr üzərində çalınan bu cür qələbə çoxlarının diqqətini çəkirdi, amma onların arasında bundan öz məqsədi üçün istifadə etmək istəyənlər də var idi.
14 «Cin qovan yəhudilərdən bəziləri» Bulusun möcüzələrini təkrarlamağa çalışırdılar. Onlar İsanın və Bulusun adını çağıraraq cinləri qovmağa cəhd göstərirdilər. Luka yazır ki, Skeva adlı böyük kahinin yeddi oğlu belə etmək istəyəndə cin onlara demişdi: «İsanı tanıyıram, Bulusla da tanışam, bəs siz kimsiniz?» İçinə cin girmiş kişi vəhşi heyvan kimi həmin fırıldaqçıların üstünə cummuşdu. Onlar yaralı və çılpaq halda güclə qaçıb canlarını qurtarmışdılar (Həv. 19:13—16). Bu, «Yehovanın sözü» üçün möhtəşəm qələbə idi, belə ki, Bulusa verilən qüvvənin gücü ilə yalan dinə etiqad edənlərin gücsüzlüyü arasındakı fərqi bundan aydın heç nə göstərə bilməzdi. Bu gün milyonlarla insan düşünür ki, sadəcə İsanın adını çağırmaqla və ya özünü məsihi adlandırmaqla iş bitir. Ancaq onlar yanılırlar. İsanın söylədiyi kimi, yalnız Allahın iradəsini yerinə yetirənlər əbədi yaşayacaqlarına ümid edə bilərlər (Mət. 7:21—23).
15. Spiritizmə və onunla bağlı əşyalara gəldikdə biz efeslilərin nümunəsini necə örnək götürə bilərik?
15 Skevanın oğullarının bu cür alçaldılmasını eşidən bir çoxları Allahdan qorxmağa başladı. Onlar sehrbazlıqdan əl çəkib məsihiliyi qəbul etdilər. Efes mədəniyyəti başdan-ayağa sehrbazlıqla bağlı idi. Cadu etmək, həmail gəzdirmək, eləcə də dua yazdırmaq efeslilər üçün adi hal idi. İndi isə bir çox efeslilər sehrbazlığa aid kitablarını gətirib hamının gözü qarşısında yandırdılar. Kitabların qiyməti müasir pulla ölçsək, on minlərlə dollara bərabər idid. Luka deyir: «Beləcə, Yehovanın sözü əzəmətlə yayılır və zəfər çalırdı» (Həv. 19:17—20). Bəli, bu, həqiqətin yalan və demonizm üzərində möhtəşəm qələbəsi idi! Bu imanlı insanlar bizim üçün gözəl nümunədirlər. Belə ki, bizim də yaşadığımız dünyada spiritizm geniş yayılmışdır. Əgər biz də özümüzdə spiritizmlə bağlı nəyə isə rast gəlsək, nə qədər bahalı olursa olsun, efeslilər kimi davranaraq onu dərhal atmalıyıq. Gəlin həmişə bu cür iyrənc şeylərdən uzaq duraq.
«Böyük çaxnaşma düşdü» (Həvarilərin işləri 19:23—41)
16, 17. a) Demetri şəhərə necə çaxnaşma saldı? b) Efeslilərin fanatizmi özünü necə büruzə verdi?
16 İndi biz Şeytanın başqa bir fəndi haqda oxuyacağıq. Luka yazır ki, «bu yola görə böyük çaxnaşma düşdü». Bu, həqiqətən də, belə idi, o, heç nəyi şişirtmirdie (Həv. 19:23). Çaxnaşmanı salan Demetri adında gümüş ustası idi. Məsələnin nə dərəcədə ciddi olduğunu əməkdaşlarına göstərmək üçün o, əvvəlcə qeyd etdi ki, onların pulu büt satmaqdan çıxır. Sonra dedi ki, Bulusun təbliğ etdiyi xəbər onların işinə əngəl törədəcək, çünki məsihilər bütlərə ibadət etmirlər. Axırda isə bu adamların öz şəhərləri və milliyyətləri ilə qürur duymasından öz məqsədi üçün istifadə etdi: onlara xəbərdarlıq etdi ki, ilahələri Artemidanın, həmçinin onun bütün dünyada məşhur olan məbədi «öz əzəmətini itirəcək» (Həv. 19:24—27).
17 Demetri öz məqsədinə çatdı. Gümüş ustaları: «Efeslilərin böyük Artemidasına eşq olsun!» — deyə çığırmağa başladılar. Şəhərdə həngamə qopdu. Nəticədə fəslin əvvəlində təsvir olunan vəziyyət yarandıf. Fədakar Bulus camaatla danışmaq üçün amfiteatra getmək istədi, lakin şagirdlər onu özünü təhlükəyə atmağa qoymadılar. Aleksandr adlı biri camaatın qarşısında dayanıb danışmağa cəhd etdi. O, yəhudi olduğundan yəqin yəhudilərlə məsihilərin bir-birindən fərqləndiyini göstərmək istəyirdi. Amma bu izahat camaata qətiyyən lazım deyildi. Onlar Aleksandrın yəhudi olduğunu başa düşəndə çığır-bağır salıb, iki saat dayanmadan: «Efeslilərin böyük Artemidasına eşq olsun!» — deyə qışqırdılar. O vaxtdan bu yana heç nə dəyişməyib. Dini fanatizm hələ də insanların gözünü kor edir (Həv. 19:28—34).
18, 19. a) Şəhər katibi camaatı necə sakitləşdirdi? b) Bəzən səlahiyyətli şəxslər Yehovanın xalqını necə müdafiə etmişlər və müdafiə olunmağımız üçün biz öz tərəfimizdən nə edə bilərik?
18 Axırda şəhər katibi kütləni sakitləşdirə bildi. Bu düşüncəli insan camaatı əmin etdi ki, məsihilərdən nə onların məbədinə, nə də ilahilərinə zərər gələn deyil, Bulus və onun yoldaşları Artemidanın məbədinə qarşı heç bir cinayət törətməyiblər. Bir də ki bu cür məsələləri müəyyən qayda-qanun üzrə qaldırmaq lazımdır. Amma, görünür, kütləyə daha çox təsir edən başqa şey oldu. Şəhər katibi camaata xatırlatdı ki, bu cür qanunsuz şəkildə yığışdıqlarına və hay-küy saldıqlarına görə Roma hökuməti onları cəzalandıra bilər. Bu sözlərlə o, izdihamı dağıtdı. Camaat necə birdən-birə qəzəblənmişdisə, bu ağıllı sözlərdən sonra hirsi eləcə dərhal yatdı (Həv. 19:35—41).
19 Bu nə birinci, nə də axırıncı dəfə deyildi ki, təmkinli, ağıllı dövlət məmuru İsanın davamçılarını müdafiə edirdi. Həvari Yəhya görüntüdə görmüşdü ki, bu dünyanın yer kimi təsvir olunan sabit ünsürləri İsanın davamçılarına qarşı Şeytanın yönəltdiyi təqib selini udur (Vəhy 12:15, 16). Bu, həqiqətən də belədir. Bir çox hallarda ədalətli hakimlər Yehovanın Şahidlərinin ibadət üçün yığışmaq və xoş xəbəri başqaları ilə bölüşmək hüquqlarını müdafiə etmişlər. Sözsüz ki, bu cür qələbələrdə bizim davranışımız da böyük rol oynayır. Görünür, gözəl davranışına görə Efesin bəzi dövlət məmurları Bulusa dərin hörmət bəsləyirdilər, buna görə də istəmirdilər ki, onun başından bir tük əskik olsun (Həv. 19:31). Qoy bizim də vicdanlı və hörmətcil davranışımız ətrafımızdakı insanlarda xoş təəssürat oyatsın. Nə bilmək olar, bəlkə nə vaxtsa bunun bəhrəsini biçəcəyik.
20. a) Yehovanın sözünün birinci əsrdə və bizim günlərdə zəfər çalması səndə hansı hissləri doğurur? b) Yehovanın bizim günlərdə çaldığı qələbələrdə sənin də payının olması üçün nə etmək əzmindəsən?
20 Birinci əsrdə Yehovanın sözünün əzəmətlə yayılıb zəfər çalması üzərində düşünmək məgər bizi ruhlandırmır? Müasir dövrdə də bu qələbələrin arxasında Yehovanın durduğunu görmək bizi ruhlandırır. İstəməzdinmi ki, bu cür qələbələrdə, kiçik də olsa, sənin də payın olsun? Belə isə yuxarıdakı nümunələr üzərində ciddi düşün. Təvazökar və çalışqan ol. Yehovanın daima tərəqqi edən təşkilatı ilə ayaqlaş. Spiritizmdən uzaq dur. Vicdanlı və hörmətcil davranışınla yaxşı şəhadət vermək üçün əlindən gələni et.
a «Asiyanın paytaxtı Efes» adlı çərçivəyə bax.
b Bulus Efesdə olanda həmçinin korinflilərə birinci məktubunu da yazmışdı.
c Ola bilsin, Bulus gözlərinə tər düşməsin deyə, alnına yaylıq bağlayırdı. Bulusun Efesdə olanda önlük taxmasından belə nəticəyə gəlmək olar ki, o, boş saatlarında, yəni, səhər tezdən çadır tikməklə məşğul olurdu (Həv. 20:34, 35).
d Luka kitabların qiymətinin 50 000 gümüş pul olduğunu deyir. Əgər o, dinarı nəzərdə tuturdusa, onda bu qədər pulu qazanmaq üçün bir adam həftənin yeddi gününü işləmək şərtilə 50 000 gün, yəni təxminən 137 il işləməli idi.
e Bəzilərinin fikrincə, Bulus korinflilərə: «Sağ qalacağımıza da ümid etmirdik»,— deyəndə bu hadisəyə istinad edirdi (2 Kor. 1:8). Amma ola bilsin, o, daha böyük təhlükəni nəzərdə tuturdu. Bulus Efesdə vəhşi heyvanlarla qarpışdığını yazanda ya sözün əsl mənasında arenada heyvanlarla qarpışdığına, ya da əleyhdarları ilə mübarizəsinə işarə edə bilərdi (1 Kor. 15:32). Bulusun sözlərini həm hərfi, həm də məcazi mənada başa düşmək olar.
f Sənətkarlar gildiyası və ya ittifaqı çox böyük gücə malik idi. Məsələn, təxminən bir əsr sonra çörəkçilərin gildiyası Efesdə buna bənzər iğtişaş salmışdı.