Fəsil 31
Ayrılığa necə tab gətirə bilərəm?
«Biz beş il idi ki, dostluq edirdik, sonra görüşməyə başladıq. Cəmi altı ay görüşdükdən sonra o, birdən-birə münasibətimizə son qoydu. Heç bir söz demədən ünsiyyəti kəsdi. Sanki, məni ürəyimdən vurdu. Durmadan özümdən soruşurdum: “Mən nəyi düz eləmədim, axı?”» Səma
AYRILIQ insanın sevincini bir anda kədər göz yaşlarına çevirə bilər. Gəl Cəmil ilə Nurayın nümunəsinə baxaq. Onlar iki il idi ki, görüşürdülər və bu müddət ərzində aralarında güclü bağlılıq yaranmışdı. Cəmil gün ərzində Nuraya sevgi mesajları yazır və vaxtaşırı hədiyyələr verirdi. Nuray deyir: «Cəmil həmişə məni dinləyir və başa düşməyə çalışırdı. Özümü dəyərli hiss edirdim».
Qısa bir müddətdən sonra onlar ailə quracaqlarından və toydan sonra harada yaşayacaqlarından danışırdılar. Cəmil hətta üzük almaq üçün Nurayın barmağının ölçüsünü də götürmüşdü. Sonra birdən-birə münasibətlərinə son qoydu. Nuray pərişan halda idi, sanki, bütün hissləri ölmüşdü: gündəlik işlərini sadəcə bir robot kimi yerinə yetirirdi. O deyir: «Artıq gücüm qalmamışdı, mənəvi cəhətdən tükənmişdim»a.
Niyə bu qədər əzab verir?
Əgər belə bir şey sənin də başına gəlibsə, yəqin: «Görəsən, nə vaxtsa normal həyata qayıda biləcəyəmmi?» — sualı səni də narahat edir. Belə hisslər keçirməyin təbii haldır. «Sevgi ölüm qədər qüvvətlidir», — deyə Süleyman padşah yazmışdır (Nəğmələr nəğməsi 8:6). Ola bilsin, ayrılıq sənin həyatda aldığın ən ağır zərbədir. Bəziləri ayrılığı hətta ölümə bənzədirlər. Hamıda olduğu kimi, sənin də hisslərin bir neçə mərhələdən keçə bilər:
İnkar. «Yox, bu, son deyil. Bir-iki gündən sonra fikrini dəyişəcək».
Qəzəb. «Bunu mənə necə edə bilər? Ona nifrət edirəm!»
Məyusluq. «Heç kimə lazım deyiləm. Artıq məni heç kim sevməyəcək».
Qəbul etmək. «Hər şey yaxşı olacaq. Bu ayrılıq mənə dərin yara vursa da, yavaş-yavaş özümə gəlirəm».
Əmin ola bilərsən ki, sonuncu mərhələyə mütləq çatacaqsan. Bunun nə vaxt baş verəcəyi müxtəlif amillərdən — münasibətinizin nə qədər davam etməsindən və bir-birinizə nə qədər bağlı olmağınızdan asılıdır. Bəs bu müddət ərzində sən nə edə bilərsən?
Həyat davam edir
Belə bir məsəl var: «Zaman hər dərdin dərmanıdır». Sevdiyin adamdan təzəcə ayrılanda bu sözlər sənə çox mənasız gələ bilər. Əlbəttə, hər şeyi zamanın öhdəsinə buraxmaq olmaz. Tutaq ki, sən yaralanmısan. Vaxt keçdikcə yaran sağalacaq, amma indi səni incidir. Əvvəlcə, qanı dayandırmaq və ağrını kəsmək lazımdır. Sonra diqqətli ol ki, yaraya infeksiya düşməsin. Ayrılıq əzabı barədə də eyni şeyi demək olar. İndi özünü çox pis hiss edirsən. Ancaq sən ağrını yüngülləşdirə və ürəyinin «qəzəbə» yoluxmasının qarşısını ala bilərsən. Vaxt öz işini görəcək, bəs sən öz tərəfindən nə edə bilərsən? Növbəti addımları atmağa çalış:
● Göz yaşlarını boğma. Ağlamaqda pis bir şey yoxdur. Müqəddəs Kitabda deyilir ki, «ağlamağın», hətta «yas tutmağın» vaxtı var (Vaiz 3:1, 4). Ağlamaq zəifliyin əlaməti deyil. Cəsur döyüşçü olan Davud belə sarsıntı keçirdiyi anlarda demişdi: «Hər gecə ağlamaqdan döşəyim islanır, göz yaşlarımdan yatağım yaş olur» (Məzmur 6:6).
● Sağlamlığının qeydinə qal. İdmanla məşğul olmaq və düzgün qidalanmaq gücünü bərpa etməyə kömək edəcək. Müqəddəs Kitabda deyilir: «Fiziki məşqin faydası» var (1 Timoteyə 4:8).
Sağlamlıqla bağlı nəyə diqqət yetirə bilərsən?
․․․․․
● Fikrini yayındırmağa çalış. Sənin üçün maraqlı olan işlərlə məşğul ol. Ən vacibi, özünü insanlardan təcrid etmə (Süleymanın məsəlləri 18:1). Sənə dəyər verən insanlarla ünsiyyət diqqətini müsbət şeylərə cəmləməyə kömək edəcək.
Qarşına hansı məqsədləri qoya bilərsən?
․․․․․
● Hisslərin barədə Allaha dua et. Bunu etmək elə də asan olmaya bilər. Ayrıldıqdan sonra bəzilərinə elə gələ bilər ki, Allah onlara xəyanət edib. Onlar fikirləşirlər: «Kimisə tapmaq üçün o qədər dua etmişdim. İndi başıma gələnlərə bax!» (Məzmur 10:1). Məgər Allahın aradüzəldən olduğunu düşünmək düzgün olardımı? Əlbəttə ki, yox! Əgər oğlan münasibətə son qoymaq istəyirsə, bunda Allahın nə günahı var? Üstəlik, yadda saxla ki, Yehova sənin qeydinə qalır (1 Peter 5:7). Buna görə də duada bütün hisslərini Onunla bölüş. Allahın Kəlamında deyilir: «Hər diləyinizi dua, yalvarış və şükranla Allaha bildirin. Allahın verdiyi qəlb rahatlığı bütün insan fikirlərini üstələyir; o, ürəyinizi və zehninizi Məsih İsa vasitəsilə qoruyacaq» (Filipililərə 4:6, 7).
Ayrılığın verdiyi əzabın öhdəsindən gəlməyə çalışarkən konkret nə barədə dua edə bilərsən?
․․․․․
İrəliyə bax
Yaraların sağaldıqdan sonra baş verənləri diqqətlə nəzərdən keçirməyin faydalı olardı. Özünü buna hazır hiss etdikdə 224-cü səhifədəki «Bu ayrılıqdan nə öyrənə bilərəm?» adlı çərçivədə gətirilən suallara cavab yaz. Bunun sənə köməyi dəyə bilər.
Ola bilsin, bütün ümidlərin puç olub. Yadda saxla ki, tufan qopanda insanın gözünə görünən yalnız qara buludlar və leysan yağış olur. Amma yağış mütləq kəsəcək və göyün üzü açılacaq. Bu fəslin əvvəlində sözləri gətirilən gənclərin həyatında bir müddətdən sonra hər şey öz qaydasına düşdü. Əmin ol ki, səndə də hər şey yaxşı olacaq!
Cinsi təcavüzdən özünü necə qoruya bilərsən?
[Haşiyə]
a Bu fəsildəki məlumat qızlara ünvanlansa da, eyni məsləhətlər oğlanlar üçün də faydalıdır.
AÇAR AYƏ
“[Yehova] sınıq qəlblərə şəfa verər, yaralarını sarıyar” Məzmur 147:3
MƏSLƏHƏT
Fəslin əvvəlində adı çəkilən Nuray özü üçün Müqəddəs Kitab ayələrinin siyahısını tutmuşdu və özünü çarəsiz hiss edən anlarda bu ayələri oxuyurdu. Onun kimi sən də bu fəsildəki ayələrdən yararlana bilərsən.
BİLİRSƏN... ?
Yeniyetməlik dövründə başlayan münasibətlər nadir hallarda evliliklə nəticələnir, evlənənlərin isə boşanmaq ehtimalı yüksəkdir.
HƏRƏKƏT PLANI!
Ayrıldıqdan sonra normal həyata qayıtmaq üçün mən... ․․․․․
Bundan sonra quracağım münasibətin uğurlu olması üçün üzərində işləməli olduğum sahə: ․․․․․
Bu mövzu ilə bağlı valideynlərimə vermək istədiyim suallar: ․․․․․
NECƏ DÜŞÜNÜRSƏN?
● Başına gələnlərdən özün barədə nə öyrəndin?
● Əks cins haqqında nə öyrəndin?
[227–ci səhifədəki yazı]
“Vaxt keçdikcə hər şey sənə aydın olur. Yavaş-yavaş sakitləşməyə başladıqdan sonra isə vəziyyətə obyektiv yanaşacaq və stressin keçib getdiyini hiss edəcəksən. Üstəlik, özünü daha yaxşı tanıyacaq və sənə necə insan lazım olduğunu anlayacaqsan, bir də həmin vəziyyətlə üzləşməməyə çalışacaqsan” Təranə
[224–cü səhifədəki çərçivə]
Çərçivə
Bu ayrılıqdan nə öyrənə bilərəm?
Bəlkə, ayrılmanıza sən səbəb olmusan? Əgər belədirsə, ayrılmanız üçün əsaslı səbəb hesab edib-etməməyindən asılı olmayaraq, həmin səbəbi aşağıda yaz. ․․․․․
Səncə, başqa hansı səbəblər ola bilərdi? ․․․․․
Mümkün olsaydı, nəyi dəyişdirərdin? ․․․․․
Bu təcrübə sənə ruhani və emosional cəhətdən hansısa dəyişikliklər etməli olduğunu göstərdimi? ․․․․․
Bundan sonra kiminləsə münasibət qurarkən davranışında hansı dəyişiklikləri edəcəksən? ․․․․․
[223–cü səhifədəki şəkil]
Ayrılıq bir yara kimidir: indi incidir, amma bir vaxtdan sonra sağalacaq