FƏSİL 2
Padşahlıq göydə qurulur
1, 2. Bəşər tarixini dəyişən ən möhtəşəm hadisə hansı olub və bunun insanlardan xəbərsiz baş verməsi nə üçün təəccüblü deyil?
HEÇ təsəvvür edirsiniz, əlamətdar tarixi hadisələr dövründə yaşamaq necə olardı? Çoxlarına belə bir anı xəyallarında canlandırmaq maraqlı gəlir. Ancaq bir anlıq düşünün: əgər siz belə bir vaxtda yaşasaydınız, dəyişikliklərə səbəb olan hadisələri öz gözlərinizlə görərdinizmi? Çox ehtimal ki, yox. Çünki köhnə rejimlərin devrilməsinə səbəb olan və tarix dərsliklərinin səhifələrində həkk olunan hadisələr, adətən, insanların xəbəri olmadan baş verir. Demək olar ki, tarix çox vaxt bağlı qapılar arxasında — taxt-tac və iclas zallarında, hökumət evlərində həll olunur. Bununla belə, bu dəyişikliklər milyonlarla insanın həyatına təsirsiz ötüşmür.
2 Bəs dünya tarixində baş vermiş ən vacib hadisə barədə nə demək olar? Həmin hadisə gözlə görünməsə də, milyonlarla insanın həyatına təsir edib. Əlbəttə ki, söhbət Allahın Padşahlığının, çoxdan vəd olunmuş hökumətin göydə qurulmasından gedir. Bu hökumət bizi indiki sistemdən qurtaracaq. (Dənyal 2:34, 35, 44, 45 ayələrini oxuyun.) Bəs insanların Padşahlığın necə qurulduğunu görməməsi o deməkdirmi ki, Yehova bu mühüm hadisəni bəşəriyyətdən gizlədib? Yoxsa O, sadiq xidmətçilərini olacaq şeylərə qabaqcadan hazırlayır? Gəlin baxaq.
Elçim «önümdə yol hazırlayacaq»
3—5. a) Məlaki 3:1 ayəsində xatırlanan «əhd elçisi» kim idi? b) «Əhd elçisi» məbədə gəlməzdən öncə nə baş verməli idi?
3 Ta qədimdə Yehova Allah qərar vermişdi ki, xalqını Padşahlığın qurulmasına hazırlayacaq. Misal üçün, Məlaki 3:1 ayəsində belə bir peyğəmbərlik qələmə alınıb: «Budur, elçimi göndərirəm, o, önümdə yol hazırlayacaq. Axtardığınız Rəbb qəflətən məbədinə gələcək. Yolunu sevinclə gözlədiyiniz əhd elçisi də gələcək».
4 Bəs bu peyğəmbərliyin müasir dövrdə yerinə yetməsinə gəldikdə Rəbb ruhani məbədin yerüzü həyətində xidmət edənləri yoxlamaq üçün nə vaxt gəlib? Peyğəmbərlikdə deyilirdi ki, Yehova Allah «əhd elçisi» ilə gəlməlidir. Bəs bu «əhd elçisi» kim idi? Həmin şəxs Padşahlığın Padşahı İsa Məsih idi (Luka 1:68—73). Yenicə təyin olunmuş Hökmdar kimi, o, Allahın xalqını yoxlayıb təmizləməli idi (1 But. 4:17).
5 Bəs onda Məlaki 3:1 ayəsində xatırlanan birinci «elçi» kim idi? Bu peyğəmbərlik obrazına müvafiq gələn şəxs Məsihin hüzurundan xeyli əvvəl gəlməli idi. Bəs Məsih 1914-cü ildə Padşah olmamışdan qabaq onilliklər ərzində onun yolunu hazırlayan olmuşdumu?
6. Allahın xalqını gələcək hadisələrə hazırlamaq üçün gəlməli olan «elçi» missiyasını kim yerinə yetirirdi?
6 Bu kitabı oxuduqca biz Yehovanın müasir xalqının həddən artıq maraqlı olan tarixinin bu suallara necə cavab verdiyini görəcəyik. Tarix göstərir ki, XIX əsrin sonlarında çoxlu sayda saxta məsihilərdən fərqlənən sadiq insanlardan ibarət kiçik bir qrup, yəni əsil məsihilər peyda oldu. Onlar Müqəddəs Kitab Tədqiqatçıları kimi tanınmağa başladılar. Bu qrupa rəhbərlik edən Çarlz Teyz Rassel və onun əməkdaşları Allahın xalqına ruhani rəhbərlik təqdim etməklə və gələcək hadisələrə hazırlamaqla peyğəmbərlikdəki «elçi» missiyasını yerinə yetirirdilər. Gəlin «elçi»nin bu işləri həyata keçirdiyi dörd sahəyə nəzər salaq.
Həqiqətə uyğun ibadət
7, 8. a) XIX əsrdə ölməz ruh təliminin yalan olduğunu kimlər ifşa etməyə başladı? b) Çarlz Rassel və onun əməkdaşları hansı təlimləri ifşa etdilər?
7 Müqəddəs Kitab Tədqiqatçıları dua edərək araşdırmalar aparırdılar; müzakirə etdikləri məsələlərlə bağlı ortaq məxrəcə gəlir, məlumatları bir yerə toplayır və başa düşdükləri həqiqətləri dərc edirdilər. Əsrlər ərzində Xristian dünyası ruhani zülmətdə olub; onun bir çox təlimlərinin kökü bütpərəstliyə əsaslanıb. Bunun ən bariz nümunəsi ölməz ruh təlimidir. Lakin XIX əsrdə Müqəddəs Kitabın səmimi tədqiqatçıları bu təlimi dərindən araşdırdıqdan sonra onun Allahın Kəlamına əsaslanmadığını gördü. Henri Qru, Corc Stetson və Corc Storz məqalələr yazaraq və mühazirələrlə çıxış edərək Şeytanın bu yalanını cəsarətlə ifşa edirdiləra. Onların gördüyü iş Rassel və əməkdaşları üçün güclü təkan oldu.
8 Müqəddəs Kitabı tədqiq edən bu kiçik qrup gördü ki, ölməz ruh təlimi ilə bağlı olan digər təlimlər də dolaşıq və uydurmadır. Buna misal, bütün yaxşı insanların göyə getməsi, günahkarların ruhunun isə cəhənnəm odunda işgəncə çəkməsidir. Rassel və əməkdaşları çoxlu sayda məqalə, kitab, broşür, traktat və moizə dərc edərək bu yalanları çəkinmədən ifşa edirdi.
9. «Sion Gözətçi qülləsi»ndə Üç üqnum təlimi necə ifşa olunmuşdu?
9 Müqəddəs Kitab Tədqiqatçıları sübut etdilər ki, geniş yayılmış Üç üqnum təlimi də yalandır. 1887-ci ilin «Sion Gözətçi qülləsi» jurnalında qeyd olunmuşdu: «Müqəddəs Yazılar qabarıq şəkildə göstərir ki, Yehova Allah və Ağamız İsa müxtəlif mövqe tutan iki fərqli varlıqdır». Sonra məqalədə deyilirdi: «Təəccüblüdür, ümumiyyətlə, üçlük vəhdəti — üç Allahın bir Allahda, eyni zamanda bir Allahın üç Allahda olması anlayışı necə bu dərəcədə geniş vüsət alıb. Vəziyyətin bu yerə gəlib çatması bir daha sübut edir ki, düşmən onu səhv təlimlərlə zəncirləyərkən kilsə dərin yuxuda olub».
10. «Gözətçi qülləsi» jurnalı 1914-cü ilin əlamətdar il olacağını necə göstərirdi?
10 «Sion Gözətçi qülləsi və Məsihin hüzurunun carçısı» jurnalının tam adından göründüyü kimi, onu nəşr edənlər Məsihin hüzuru ilə bağlı peyğəmbərliklərlə çox maraqlanırdılar. Bu jurnal üçün məqalələr yazan məsh olunmuşlar müəyyən etdilər ki, Dənyalın peyğəmbərliyindəki «yeddi dövr» Allahın Padşahlıqla bağlı niyyətlərinin yerinə yetəcəyi dövrlə əlaqəlidir. Artıq 1870-ci illərdə onlar yeddi dövrün 1914-cü ildə tamamlanacağını demişdilər (Dən. 4:25; Luka 21:24). Qardaşlarımız həmin ilin nə ilə əlamətdar olacağını tam başa düşməsələr də, onlar öyrəndiklərini hər yerdə car çəkirdilər. Onların fəaliyyətinin nəticələri bu gün də göz qabağındadır.
11, 12. a) Rassel qardaş öyrətdikləri təlimləri kimin adına yazırdı? b) Rassel və əməkdaşlarının 1914-cü ilə qədər gördükləri iş nə dərəcədə vacib idi?
11 Nə Rassel qardaş, nə də ki onun sadiq əməkdaşları bu dəyərli ruhani həqiqətləri özlərinin aşkar etdiklərini iddia etmirdilər. Rassel bu işdə ondan öncə yaşayan insanların əməyi olduğunu etiraf edirdi. Üstəlik, Rassel izzəti Öz xalqını lazımi biliklərlə vaxtında təmin edən Yehova Allaha verirdi. Şübhəsiz, Yehova Rasselin və əməkdaşlarının həqiqi təlimləri yalanlardan təmizləmək cəhdlərinə xeyir-dua verdi. İllər ötdükcə onlar Xristian aləmindən get-gedə uzaqlaşır və daha çox fərqlənirdilər.
12 Bu sadiq kişilərin 1914-cü ildən öncə onilliklər ərzində həqiqəti necə müdafiə etmələri heyrətamizdir! «Sion Gözətçi qülləsi və Məsihin hüzurunun carçısı» jurnalının 1917-ci il 1 noyabr sayında görülmüş işlər barədə yazılmışdı: «Bu gün milyonlarla insanlar cəhənnəm odu və digər yalan təlimlərin nəticəsində yaranan qorxunun əsarətindən azad olurlar... Qırx il əvvəl yayılmağa başlayan Həqiqət, okean qabarmaları kimi, bütün yer üzünü bürüyənə qədər yayılacaq. Qabarmaların qarşısını süpürgə ilə almaq mümkün olmadığı kimi, düşmənlər də Həqiqət dalğalarının qarşısını ala bilməzlər».
13, 14. a) «Elçi» Padşahın yolunu hazırlamağa necə kömək etmişdi? b) Bizdən bir əsr əvvəl yaşamış qardaşlardan nə öyrənə bilərik?
13 Gəlin bir az düşünək: əgər Allahın xalqı İsa ilə Atası Yehova arasındakı fərqi aydın görməsəydi, Məsihin hüzurunun başlanğıcına hazır ola bilərdimi? Sözsüz ki, yox! Həmçinin əgər onlar ölməzliyi qiymətli hədiyyə kimi Məsihin yalnız az sayda davamçısının yox, hamının avtomatik olaraq aldığını və ya Allahın insanlara əbədiyyən cəhənnəmdə işgəncə verdiyini fikirləşsəydilər, onda onlar Məsihin hüzuruna, çətin ki, hazır olardılar. Şübhəsiz, «elçi» Padşah olan Məsih üçün yol hazırlamışdı!
14 Bəs bizdən bir əsr əvvəl yaşamış qardaşlardan nə öyrənə bilərik? Biz də Allahın Kəlamını acgözlüklə oxuyub öyrənməliyik (Yəh. 17:3). Gəlin ruhani cəhətdən ac və var-dövlətə həris olan bu dünyada ruhani qidaya olan iştahamızı artıraq. (1 Timutiyə 4:15 ayəsini oxuyun.)
«Ey xalqım, ondan çıxın»
15. Müqəddəs Kitab Tədqiqatçıları tədricən nəyi anladılar? (Həmçinin haşiyəyə baxın.)
15 Müqəddəs Kitab Tədqiqatçıları bu dünyanın kilsələri ilə əlaqəni kəsməyin vacib olduğunu öyrədirdilər. 1879-cu ildə «Gözətçi qülləsi» jurnalında «Babil kilsəsi» ifadəsi istifadə olunmağa başlandı. Burada söhbət papa hakimiyyətindən gedirdi? Bəlkə, Roma-katolik kilsəsi nəzərdə tutulurdu? Protestantlar əsrlər ərzində Müqəddəs Kitab peyğəmbərliyində qeyd olunan Babilin katolik kilsəsinə aid olduğunu deyirdilər. Ancaq Müqəddəs Kitab Tədqiqatçıları tədricən başa düşdülər ki, müasir Babilə bütün Xristian məzhəbləri daxildir. Buna səbəb odur ki, bütün bu məzhəblər yuxarıda gətirilən təlimlərə bənzər yalan təlimlər öyrədirdib. Vaxt keçdikcə nəşrlərimizdə Babil kilsələrinə mənsub olan səmimi insanların nə etməli olduqları barədə aydın göstərişlər verilirdi.
16, 17. a) «Minilliyin şəfəqi» kitabının III cildi və «Gözətçi qülləsi» jurnalı insanları yalan dindən çıxmağa necə təşviq edirdi? b) İlk xəbərdarlıqların lazımınca təsirli olmamasına səbəb nə idi? (Haşiyəyə baxın.)
16 Misal üçün, 1891-ci ildə «Minilliyin şəfəqi» kitabının III cildində Allahın müasir Babili rədd etməsindən bəhs olunurdu: «Bütün sistem — sistemlərin sistemi rədd edildi». Orada həmçinin deyilirdi ki, «Babilin təlim və əməlləri ilə barışmayan [hər kəs] oradan çıxmağa dəvət olunur».
17 «Gözətçi qülləsi» jurnalının 1900-cü il yanvar sayında adları hələ də Xristian kilsələrinin siyahısında olan və: «Mən həqiqəti tam dəstəkləyirəm və hərdən başqa yığıncaqlara da gedirəm», — deyərək özlərinə haqq qazandıran insanlara müraciət olunurdu. Buna görə də onlara belə bir sual verilirdi: «Bir ayağın Babildə, bir ayağın çöldə olması nə dərəcədə düzgündür? Məgər bunu itaətkarlıq adlandırmaq olar?.. Bu, Allaha məqbuldur? Təbii ki, yox. Kilsəyə daxil olanda o, [kilsə üzvü] onunla rəsmi şəkildə müqavilə bağlayır və rəsmi şəkildə öz kilsəsindən imtina edənə və ya oradan çıxana qədər onun şərtlərinə uyğun yaşamalıdır». İllər ötdükcə daha qəti çağırışlar edilməyə başlanıldıc. Yehovanın xidmətçiləri yalan dinlə bütün əlaqələrini kəsməli idilər.
18. Nəyə görə Allahın xalqı Böyük Babildən çıxmalı idi?
18 Əgər Böyük Babildən çıxmaqla bağlı xəbərdarlıq müntəzəm şəkildə səslənməsəydi, Padşah təyin olunmuş Məsihin yer üzündə məsh olunmuşlardan ibarət bir qrup hazırlıqlı xidmətçiləri olmazdı. Çünki yalnız Babilin caynağından canını qurtaran məsihilər Yehovaya «ruha və həqiqətə uyğun» ibadət edə bilər (Yəh. 4:24). Bəs biz bundan sonra da yalan dinlə heç bir əlaqəmizin olmamasına qətiyyətliyik? Gəlin hər birimiz: «Ey xalqım, ondan çıxın!» — çağırışına hay verək. (Vəhy 18:4 ayəsini oxuyun.)
Müştərək ibadət görüşləri
19, 20. «Gözətçi qülləsi» jurnalında Allahın xalqı ibadət etmək üçün bir yerə toplaşmağa necə təşviq olunurdu?
19 Müqəddəs Kitab Tədqiqatçıları eyni imana şərik olan insanların imkan daxilində ibadət üçün birgə toplaşmalı olduqlarını öyrədirdilər. Həqiqi məsihilərin yalan dindən çıxmaları kifayət deyil, eyni zamanda onlar həqiqi ibadətdə iştirak etməlidirlər. «Gözətçi qülləsi» jurnalının elə ilk saylarından oxucular ibadət etmək üçün birgə toplaşmağa təşviq olunurdular. Məsələn, 1880-ci ilin iyul sayında Rassel qardaş məruzələr söyləmək məqsədilə səyahət edəndə bir çox yığıncaq görüşlərinin necə ruhlandırıcı keçdiyi barədə danışmışdı. Sonra o, oxucuları əldə etdikləri nailiyyətlər barədə açıqcalar yazıb göndərməyə təşviq etdi; onlardan bəziləri jurnalda çap olunacaqdı. Bunun hansı məqsədlə edildiyi jurnalda izah olunurdu: «Ağamızın sizə hansı nailiyyətləri bəxş etdiyini və dəyərli imanınıza şərik olanlarla toplaşıb-toplaşmadığınızı bilmək bizim üçün maraqlıdır».
20 1882-ci ildə «Gözətçi qülləsi» jurnalında «Birgə toplaşmaq» adlı məqalə dərc olunmuşdu. Bu məqalədə məsihilər «bir-birlərinə nəsihət vermək, ruhlandırmaq və möhkəmləndirmək» üçün toplaşmağa təşviq olunurdular. Orada deyilirdi: «Aranızda ali təhsilli və fitri istedada malik insanların olub-olmamasının heç bir fərqi yoxdur. Hər biriniz özünüzlə Müqəddəs Kitab, kağız və karandaş gətirin, eləcə də “Müqəddəs Kitab sözlərinin əlifba göstəricisi” kimi vəsaitlərdən faydalanın. Müzakirə üçün mövzu seçin; anlamaq üçün müqəddəs ruh diləyin; daha sonra oxuyun, üzərində düşünün, ayələri bir-biri ilə müqayisə edin və mütləq həqiqəti dərk edəcəksiniz».
21. Alleqani şəhərindəki yığıncaq birgə toplaşmaqla və ağsaqqalların hər bir kəsə diqqət göstərməsi ilə bağlı necə nümunə qoydu?
21 Müqəddəs Kitab Tədqiqatçılarının mərkəzi idarəsi Pensilvaniya ştatının (ABŞ) Alleqani şəhərində yerləşirdi. Onlar Allahın İbranilərə 10:24, 25 ayələrində birgə toplaşmaqla bağlı verdiyi məsləhətə tabe olmaqla gözəl nümunə qoymuşlar. (Ayələri oxuyun.) Balaca olanda həmin görüşlərə gedən Çarlz Keypen adlı yaşlı bir qardaş üstündən uzun illər keçəndən sonra yazmışdı: «Cəmiyyətin toplantı zalının divarında yazılmış ayələrdən biri hələ də yadımdadır: “Bir Ustadınız var, siz isə bir-birinizə qardaşsınız”. Bu ayə mənə həmişə xatırladıb ki, Yehovanın xalqı arasında parçalanma yoxdur, onlar ruhanilərə və dünyəvilərə bölünmürlər» (Mət. 23:8). Keypen qardaş həmçinin yığıncaqların onu necə ruhlandırdığını və xidmətə təşviq etdiyini, eləcə də Rassel qardaşın yığıncağın hər bir üzvünə ayrı-ayrılıqda diqqət göstərdiyini xatırlayır.
22. Mömin insanlar ibadət görüşlərində iştirak etmək çağırışına necə hay verdilər və onlar bizə hansı nümunəni qoyublar?
22 Mömin insanlar bu nümunəni izləyərək aldıqları göstərişlərə hay verdilər. Ohayo və Miçiqan kimi digər ştatlarda, sonra isə bütün Şimali Amerikada və başqa ölkələrdə yığıncaqlar təşkil olundu. Sizcə, əgər mömin insanlar Allahdan ilham almış birgə yığışmaq məsləhətinə riayət etməsəydilər, onlar Məsihin hüzuruna hazır olardılarmı? Əlbəttə, yox. Bəs bizim haqqımızda nə demək olar? Onlar kimi, biz də müntəzəm olaraq ibadət görüşlərində iştirak etməyə qətiyyətli olmalı, birlikdə ibadət etmək və bir-birimizi ruhlandırmaq üçün hər bir fürsətdən istifadə etməliyik.
Müjdəçilik işində canla-başla iştirak etmək
23. «Gözətçi qülləsi» jurnalında hər bir məsh olunmuşun həqiqəti təbliğ etməli olduğu necə vurğulanmışdı?
23 Müqəddəs Kitab Tədqiqatçıları bütün məsh olunmuşların həqiqəti təbliğ etməli olduqlarını öyrədirdi. 1885-ci ildə «Gözətçi qülləsi»ndə yazılmışdı: «Unutmamalıyıq ki, hər bir məsh olunmuş təbliğ etmək üçün məsh olunub (Əşy. 61:1), o, xidmət etməyə dəvət olunub». 1888-ci ildə jurnalda belə sözlər deyilmişdi: «Bizə tapşırılan iş aydındır... Əgər biz bu işi yerinə yetirmiriksə və özümüzə bəraət qazandırırıqsa, tənbəl qullarıq və bizə həvalə olunan şərəfli işə layiq deyilik».
24, 25. a) Rassel və onun əməkdaşları insanları təbliğə təşviq etməklə yanaşı nə edirdilər? b) Bir kitabpaylayan o dövrdəki xidmətini necə təsvir edir?
24 Rassel qardaş və onun əməkdaşları insanları təbliğə təşviq etməklə yanaşı, «Müqəddəs Kitab Tədqiqatçılarının traktatları» adlı traktatlar buraxmağa başladılar. Sonradan bu silsilə traktatlar «Köhnə ilahiyyatçılıq üzrə rüblük traktat» adlandırıldı. Bu traktatlar «Gözətçi qülləsi» oxucularına pulsuz şəkildə paylamaq üçün verilirdi.
Özünüzdən soruşun: «Həyatım təbliğ xidmətinin ətrafında dövr edirmi?»
25 Bütün vaxtlarını xidmətə həsr edən təbliğçiləri kitabpaylayanlar adlandırırdılar. Onların sırasında yuxarıda adı çəkilən Çarlz Keypen də var idi. O, həmin illər barədə xatırlayaraq bölüşür: «Pensilvaniyadakı sahəmi işləmək üçün ABŞ-ın Geoloji Xidmət mərkəzinin xəritələrindən istifadə edirdim. Bu xəritələrdə bütün yollar qeyd olunduğu üçün hər bir mahalın bütün yaşayış məntəqələrinə piyada getmək mümkün idi. Hərdən mən üç gün ərzində kəndləri gəzərək “Müqəddəs Yazıların tədqiqi” kitabı üçün sifarişlər yığırdım, sonra isə at və at arabası icarəyə götürərək sifarişləri çatdırırdım. Mən tez-tez fermerlərlə bir yerdə gecələyirdim. O vaxtlar maşınlara tək-tük hallarda rast gəlmək olardı».
26. a) Nəyə görə Allahın xalqı Məsihin hakimiyyətinə hazır olmaq üçün təbliğ işində iştirak etməli idi? b) Özümüzə hansı sualları verməliyik?
26 Sözsüz ki, həmin ilk təbliğçilərdən cəsarət və səy tələb olunurdu. Əgər həqiqi məsihilərə təbliğ etməyin nə qədər vacib olduğunu izah etməsəydilər, onlar Məsihin hakimiyyətinə hazır olardılarmı? Əlbəttə ki, yox. Çünki təbliğ işi Məsihin hüzurunun ən vacib əlamətlərindən biri olmalı idi (Mət. 24:14). Allahın xalqı həyati vacib olan bu işi birinci yerə qoymalı idi. Özünüzdən soruşun: «Həyatım təbliğ xidmətinin ətrafında dövr edirmi? Bu işdə tam iştirak etmək üçün nələrisə qurban verməyə hazırammı?»
Allahın Padşahlığının qurulması
27, 28. Həvari Yəhya aldığı vəhydə nə görmüşdü və Padşahlığın qurulmasına Şeytan və onun cinləri necə münasibət göstərdilər?
27 Nəhayət, əlamətdar tarix — 1914-cü il yetişdi. Bu fəslin əvvəlində müzakirə etdiyimiz kimi, göydə baş verən möhtəşəm hadisələri heç bir insan görməmişdi. Ancaq həvari Yəhyaya nələrin baş verəcəyi vəhydə rəmzlərlə göstərilmişdi. Bir təsəvvür edin, Yəhya «göydə böyük bir əlamət» görür. Ruhani varlıqlardan ibarət Allahın səmavi təşkilatını təmsil edən «qadın» bir oğul doğur. Bu simvolik uşaq «bütün xalqlara dəmir çomaqla çobanlıq edəcək»di. Doğulan kimi həmin uşaq «Allahın yanına, Onun taxtına aparıldı». Göydən gur bir səs eşidildi: «İndi Allahımızın qüdrəti, xilası, Padşahlığı və Məsihinin hakimiyyəti yetişdi» (Vəhy 12:1, 5, 10).
28 Yəhyanın vəhydə gördüklərinin Padşahlığın göydə qurulması olduğuna heç bir şübhə yoxdur. Bu hadisənin möhtəşəm olmasına baxmayaraq, buna hamı sevinmədi. Şeytan və onun cinləri baş mələk Mikayılın, yəni Məsihin rəhbərliyi altında olan mələklərə qarşı müharibə etdilər. Bu nəyə gətirib çıxardı? Müqəddəs Kitabda deyilir: «İblis və Şeytan adlanan böyük əjdaha, bütün dünyanı aldadan qədim ilan yerə atıldı, mələkləri də onunla birlikdə atıldı» (Vəhy 12:7, 9).
29, 30. Səmavi Padşahlıq qurulduqdan sonra a) yerdə və b) göydə vəziyyət necə dəyişdi?
29 1914-cü ildən xeyli əvvəl Müqəddəs Kitab Tədqiqatçıları həmin əlamətdar ildə çox çətin anlar gələcəyini deyirdilər. Ancaq hətta onlar belə bu sözlərin necə dəqiqliklə yerinə yetəcəyini təsəvvür etmirdilər. Yəhyanın aldığı vəhyə əsasən Şeytan insanlara daha böyük qəzəblə hücum etməli idi. Həvari Yəhya eşitmişdi: «Yerə və dənizə... vay olsun! Çünki İblis, vaxtının az olduğunu bilərək, böyük qəzəblə yanınıza endi» (Vəhy 12:12). 1914-cü ildə Birinci Dünya müharibəsi başladı və bununla Məsihin Padşah kimi hüzurunun əlamətinin qlobal miqyasda yerinə yetməsinə təkan verdi. Və bu sistemin son günləri başladı (2 Tim. 3:1).
30 Ancaq göylər sevinc içində idi. Şeytan və onun cinləri göydən birdəfəlik qovulmuşdular. Yəhya yazır: «Buna görə də ey göylər və göylərin sakinləri, sevinin!» (Vəhy 12:12). Və nəhayət, göylər təmizləndikdən və İsa Padşah olduqdan sonra Padşahlıq Allahın yer üzündəki xalqının rifahı naminə hərəkətə keçməyə hazır idi. Bu fəslin əvvəlində gördüyümüz kimi, «əhd elçisi» olan Məsih, ilk növbədə, Allahın xalqını təmizləməkdən başlamalı idi. Necə?
Sınaqlar zamanı
31. Məlaki peyğəmbər təmizlənmə vaxtı barədə nə demişdi və onun sözləri necə yerinə yetdi? (Həmçinin haşiyəyə baxın.)
31 Məlaki peyğəmbər demişdi ki, təmizlənmə vaxtı elə də asan iş olmayacaq. O yazmışdı: «Onun gələcəyi günə kim tab gətirər? Zühur edəndə kim davam gətirər? Çünki o, əridicinin odu, camaşırçının gilabısı kimi olacaq» (Məl. 3:2). Peyğəmbərin bu sözləri necə də dəqiqliklə yerinə yetdi! 1914-cü ildən başlayaraq Allahın xalqı ardı-arası kəsilməyən çətinliklərlə üzləşirdi. Birinci Dünya müharibəsi başlayanda bir çox Müqəddəs Kitab Tədqiqatçıları amansız təqiblərə məruz qalmış və həbs olunmuşdulard.
32. 1916-cı ildən sonra Allahın xalqı hansı daxili problemlərlə üzləşmişdi?
32 Təşkilatın içində də çaxnaşma düşmüşdü. Rassel qardaş 1916-cı ildə 64 yaşında vəfat etdi və onun ölümü Allahın xalqını sarsıtdı. Çünki aydın oldu ki, bəziləri Allahın sevimli bəndəsi olan bu insana həddindən artıq rəğbət bəsləyirdi. Rassel qardaş özünə qarşı bu cür münasibətin göstərilməsini istəməsə də, çoxları onu, demək olar ki, ilahiləşdirmişdilər. Elə bir fikir yayılmışdı ki, Rasselin ölümündən sonra yeni həqiqətlər açıqlanmayacaq və bəziləri irəliyə doğru addımlamaq cəhdlərinə qarşı çıxırdılar. Bu cür münasibət təşkilatı parçalayan dönüklüyə gətirib çıxartdı.
33. Boşa çıxmış ümidlər Allahın xalqının imanını necə sınağa çəkdi?
33 Digər bir sınaq isə ümidlərin puça çıxması idi. «Gözətçi qülləsi» jurnalı 1914-cü ildə digər xalqların vaxtının sona çatacağını vurğulasa da, qardaşlar həmin ildə nələrin baş verəcəyini tam anlamırdılar (Luka 21:24). Onların fikrincə 1914-cü ildə Məsih məsh olunmuşlardan ibarət «gəlin» sinfini onunla birlikdə idarə etmək üçün göyə aparacaqdı. Ancaq onların ümidləri doğrulmadı. 1917-ci ilin sonunda «Gözətçi qülləsi»ndə elan olunmuşdu ki, 1918-ci ilin yazında 40 illik biçin sona çatacaq. 1918-ci ilin yazı sona yetdi, təbliğ işi isə hələ də davam edirdi. Jurnalda belə bir ehtimal irəli sürüldü ki, əslində biçin işi qurtarıb, ancaq məhsulun qalığının yığılması dövrü davam edir. Buna baxmayaraq, ümidləri boşa çıxan bir çoxları Yehovaya xidmətlərini dayandırdılar.
34. 1918-ci ildə hansı dəhşətli vəziyyət yarandı və nəyə görə Xristian aləmi Allahın xalqının «öldüyünü» düşünürdü?
34 1918-ci ildə Allahın xalqı daha ağır bir sınaqla üzləşdi. Rasseldən sonra təşkilata rəhbərlik edən Cozef Ruterford yeddi məsul qardaşla birgə həbs olundu. Onlara haqsız yerə uzunmüddətli həbs cəzası kəsərək Atlantadakı (Corciya, ABŞ) federal həbsxanaya göndərdilər. Həmin vaxt, sanki, təşkilatın işi dayandı. Xristian aləminin ruhaniləri sevincdən yerə-göyə sığmırdılar. Onlar düşünürdülər ki, həmin zəhlətökən Müqəddəs Kitab Tədqiqatçıları «öldü» və təhlükə sovuşdu, çünki onların «rəhbərləri» həbs olunmuş, Bruklindəki mərkəzi idarələri bağlanmış, təbliğ fəaliyyətləri isə Amerika və Avropada hücumlara məruz qalmağa başlamışdı (Vəhy 11:3, 7—10). Ancaq onların arzusu ürəyində qaldı!
Dirçəliş!
35. Nəyə görə İsa davamçılarının çətinliklərlə üzləşməsinə yol verdi və onlara necə kömək etdi?
35 Həqiqətin düşmənlərinin xəbəri yox idi ki, Allahın xalqı İsa yol verdiyi üçün bu cür çətinliklərlə üzləşir, çünki Yehova artıq «gümüşü əridib təmizləyən adam kimi» oturmuşdu (Məl. 3:3). Yehova Allah və Onun Oğlu sadiq məsihilərin bu qızğın sınaqlardan təmiz çıxacağına və Padşaha xidmət etmək üçün daha yararlı olacağına əmin idi. 1919-cu ilin əvvəlində aydın oldu ki, Allahın ruhu düşmənlərin mümkün hesab etmədikləri bir şeyi etdi. Allahın sadiq xidmətçiləri dirçəldi! (Vəhy 11:11). O zaman Məsih son günlərin ən əlamətdar hadisəsini həyata keçirdi. O, «sadiq və ağıllı nökər», yəni məsh olunmuş kişilərdən ibarət kiçik bir qrup təyin etdi ki, vaxtlı-vaxtında ruhani qida verərək Allahın xalqına rəhbərlik etsin (Mət. 24:45—47).
36. Allahın xalqının ruhani cəhətdən dirçəlməsi nədən görünürdü?
36 Ruterford qardaş və əməkdaşları 1919-cu ilin martın 26-da həbsdən buraxıldılar. Bundan sonra elə həmin ilin sentyabr ayında toplantı keçiriləcəyi barədə elan edildi. Üstəlik, «Qızıl əsr» adlı ikinci jurnal dərc etmək qərarı qəbul olundu. «Gözətçi qülləsi» ilə paralel çıxan bu jurnal xidmətdə istifadə edilmək üçün nəzərdə tutulmuşdue. Həmçinin 1919-cu ildə «Bülleten»in (hal-hazırda «Məsihi həyatı və ibadəti. İş dəftəri» adlanır) ilk sayı işıq üzü gördü. Bu nəşr elə ilk saydan təbliğə təşviq edirdi. Göründüyü kimi, 1919-cu ildən etibarən ev-ev xidmət növünə xüsusi önəm verilirdi.
37. 1919-cu ildən sonra bəzilərinin itaətsizliyi nədə özünü büruzə verdi?
37 Təbliğ işi Məsihin xidmətçilərinin daha sonra da təmizlənməsinə öz təsirini göstərdi; özündənrazı və dikbaş insanlar bu aşağısəviyyəli işi özlərinə sığışdırmırdılar. Bu tapşırığı yerinə yetirmək istəməyənlər sadiq insanlarla əlaqələrini kəsdilər. 1919-cu ildən sonra onlardan bəziləri qəddarlaşaraq böhtana əl atdılar və hətta Yehovanın sadiq xidmətçilərini təqib edənlərə qoşuldular.
38. Məsihin yer üzündəki davamçılarının qazandığı uğur və qələbələr bizi nəyə əmin edir?
38 Bu cür hücumlara baxmayaraq, Məsihin davamçıları günü-gündən inkişaf edir və ruhani nailiyyətlər əldə edirdilər. Onların qazandıqları hər bir uğur və qələbə bizi Allahın Padşahlığının hökmranlıq etdiyinə əmin edir! Yalnız Allahın Öz Oğlu və səmavi Padşahlığı vasitəsilə dayaq olması və xeyir-dualar verməsi sayəsində qeyri-kamil insanlardan ibarət kiçik bir qrup Şeytan və onun sistemi üzərində dönə-dönə qələbə çaldı! (Əşiya 54:17 ayəsini oxuyun.)
39, 40. a) Bu kitabın bəzi xüsusiyyətləri hansılardır? b) Bu kitabı öyrənmək sizə hansı faydanı gətirəcək?
39 Növbəti fəsillərdə Allahın Padşahlığının göydə qurulandan bəri yüz il ərzində yer üzündə hansı işləri həyata keçirdiyini araşdıracağıq. Bu kitabın hər bölməsi Padşahlığın yer üzündəki fəaliyyətinin ayrı-ayrı sahələrini işıqlandırır. Hər fəsildə Padşahlığın bizim üçün nə dərəcədə real olduğunu müəyyən etməyə kömək edən təkrar üçün suallar çərçivəsi var. Son fəsillərdə isə biz Allahın Padşahlığının yaxın gələcəkdə pisləri məhv etmək və yer üzünü cənnətə çevirmək üçün gələndə hansı hadisələrin baş verəcəyini öyrənəcəyik. Bu kitabı öyrənməyin sizə hansı xeyri dəyəcək?
40 Şeytan Allahın Padşahlığına olan imanınızı məhv etmək istəyir. Yehova isə sizin imanınızı elə möhkəmləndirmək istəyir ki, o sizi qorusun və sarsılmaz etsin (Efes. 6:16). Buna görə də biz sizi bu kitabı dua edərək araşdırmağa təşviq edirik. Öyrənmə zamanı özünüzdən soruşun: «Allahın Padşahlığı mənim üçün realdırmı?» Bu gün Padşahlıq sizin üçün nə dərəcədə real olarsa, bir o qədər də ehtimal var ki, bütün canlı varlıqlar Allahın Padşahlığının real olduğunu və hökmranlıq etdiyini gördükləri gün siz onu sədaqətlə dəstəkləyəcəksiniz!
a Qru, Stetson və Storz haqda daha çox öyrənmək üçün «Yehovanın Şahidləri — Allahın Padşahlığının müjdəçiləri» adlı kitabın 45 və 46-cı səhifələrinə (rus.) baxın.
b Müqəddəs Kitab Tədqiqatçıları dünya ilə dostluq edən dini təşkilatlarla əlaqələrini kəsməli olduqlarını anlayırdılar. Buna baxmayaraq, onlar fidyəyə iman gətirib Allaha həsr olunduqlarını deyən, ancaq Müqəddəs Kitab Tədqiqatçısı olmayan kəsləri uzun illər öz həmimanlıları hesab etmişlər.
c Həmin ilk xəbərdarlıqları təsirsiz edən faktorlardan biri də o idi ki, onlar əsas etibarilə Məsihin 144 000-dən ibarət kiçik sürüsünə şamil edilirdi. Bu kitabın 5-ci fəslindən öyrənəcəyik ki, 1935-ci ilə qədər onlar Vəhy 7:9, 10 ayələrində yazılan «böyük izdiham»a Xristian aləminin bir çox üzvlərinin də daxil olacağını və sonda Məsihin tərəfini tutduqlarına görə mükafat olaraq səmavi sinfin ikincidərəcəli hissəsi olacağını düşünürdülər.
d «Qızıl əsr» (hal-hazırda «Oyanın!» adlanır) jurnalının 1920-ci il sentyabr sayının xüsusi buraxılışında müharibə vaxtı Kanadada, İngiltərədə, Almaniyada və Birləşmiş Ştatlarda Allahın xalqına edilən çoxsaylı hücumlar haqqında bəhs edilirdi. Bəzən bu təqiblərin nə dərəcədə amansız olması insanı şoka salırdı. Halbuki Birinci Dünya müharibəsindən öncə onilliklər ərzində buna bənzər sınaqlar, demək olar ki, olmamışdı.
e Uzun illər ərzində «Gözətçi qülləsi» jurnalı əsasən kiçik sürünün üzvləri üçün dərc olunurdu ki, ondan öyüd-nəsihət əldə etsinlər.