FƏSİL 103
Məbədin yenidən təmizlənməsi
MƏTTA 21:12, 13, 18, 19 MARK 11:12—18 LUKA 19:45—48 YƏHYA 12:20—27
İSA PEYĞƏMBƏR ƏNCİR AĞACINI LƏNƏTLƏYİR VƏ MƏBƏDİ TƏMİZLƏYİR
İSA PEYĞƏMBƏR ÖLMƏLİDİR Kİ, ÇOXLARI HƏYATA QOVUŞSUN
İsa peyğəmbər və şagirdləri artıq üç gündür ki, Ərihadan Beytaniyyəyə gəliblər. Nisanın 10-u bazar ertəsi onlar səhər tezdən durub Yerusəlimə yollanırlar. Peyğəmbər acdır. Bu dəm o, əncir ağacını görür və üzərində əncir olub-olmadığını yoxlamaq üçün ona yaxınlaşır.
İndi martın axırıdır. Əncir mövsümü isə iyun ayından sonra başlayır. Amma bu ağacın yarpaqları tez zoğ atıb. Buna görə də İsa peyğəmbər bunun yelənciri olduğunu düşünür. Lakin yaxınlaşanda görür ki, üzərində bir dənə də olsun əncir yoxdur. Yarpaqlar ağaca aldadıcı görkəm verib. Onda İsa peyğəmbər deyir: «Qoy bundan sonra heç kəs səndən meyvə yeməsin» (Mark 11:14). Ağac o andaca quruyur və bunun mənası səhərisi gün aydın olur.
Bir az sonra yolçular Yerusəlimə çatırlar. Peyğəmbər məbədə gedir. O, dünən burada olanda vəziyyəti gözdən keçirmişdi. Bu gün isə bütün alverçiləri və müştəriləri məbəddən qovur, pul dəyişənlərin masalarını, göyərçin satanların kətillərini çevirir (Mark 11:15). Şəhərin o biri tərəfinə bir şey aparmaq üçün məbəddən kəsə yol kimi istifadə edənləri oradan keçməyə qadağan edir. Yadınızdadırsa, İsa Məsih 3 il əvvəl də 30-cu ilin Pasxa bayramına gələndə belə etmişdi (Yəhya 2:14—16).
Nəyə görə İsa peyğəmbər məbəddə pul dəyişənlərə və heyvan satanlara qarşı qəti tədbir görür? O deyir: «Məgər yazılmayıb ki: “Mənim evim bütün xalqlar üçün dua evi adlanacaq”? Siz isə onu quldur yuvasına döndərmisiniz» (Mark 11:17). Onlar qurbanlıq heyvanların qiymətini birə-beş qaldıraraq bu heyvanları almağa məcbur olan adamları soyurlar. Məhz buna görə peyğəmbər onları quldur hesab edir.
Əlbəttə ki, onun hərəkəti böyük kahinlərin, mirzələrin və nüfuzlu adamların qulağına gedib çatır və buna görə də onlar onu öldürmək üçün yol axtarmağa başlayırlar. Amma bilmirlər onu necə aradan götürsünlər, çünki İsa peyğəmbəri dinləmək istəyən camaat ondan ayrılmır.
Pasxa bayramına yəhudilərdən savayı prozelitlər də gəliblər. Prozelitlər yəhudi dinini qəbul etmiş qeyri-yəhudi xalqlardan olan insanlardır. Allaha ibadət etmək üçün bayrama gələnlərin arasında yunanlar da var. Onlar Filipə yaxınlaşıb İsa peyğəmbəri görmək istədiklərini deyirlər. Görünür, Filipin adı yunan adı olduğu üçün ona yaxınlaşırlar. Filip bu xahişlə əlaqədar gedib Andreasla məsləhətləşir. Onların hər ikisi bu məsələ ilə bağlı peyğəmbərə müraciət edirlər. Görünür, İsa peyğəmbər hələ məbəddədir.
İsa peyğəmbər bilir ki, onun ölümünə cəmi bir neçə gün qalıb. Buna görə indi camaatın marağını təmin etmək və ya məşhurlaşmağa can atmaq vaxtı deyil. O deyir: «İnsan Oğlunun şərəflənmək vaxtı gəldi. Eşidin və agah olun, buğda dəni torpağa düşüb ölməyincə necə var elə qalır. Öləndə isə çoxlu bar verir» (Yəhya 12:23, 24).
Bir buğda dənəsinin, demək olar ki, heç bir dəyəri yoxdur. Amma o, torpağa düşüb «öləndə» cücərir, boy atır və sünbül olub çoxlu dən gətirir. Eynilə, İsa peyğəmbər kamil insan kimi təkdir. Ancaq peyğəmbərin son nəfəsinədək Allaha sadiq qalıb ölməsi sayəsində onun kimi fədakar insanlar əbədi həyata qovuşacaqlar. Buna görə də o deyir: «Öz canını sevən onu məhv edəcək, bu dünyada canına nifrət edən isə onu əbədi həyat üçün qoruyacaq» (Yəhya 12:25).
İsa peyğəmbərin növbəti sözlərindən görürük ki, o, yalnız özünü düşünmür: «Kim mənə xidmət etmək istəyirsə, ardımca gəlsin. Mən harada olsam, xidmətçim də orada olacaq. Mənə xidmət edən adamı Allah şərəfləndirəcək» (Yəhya 12:26). Necə də böyük mükafatdır! Allahın şərəfləndirdiyi insanlar Məsihlə birgə Padşahlıqda olacaqlar.
İsa peyğəmbər onu gözləyən əzabları və məşəqqətli ölümünü nəzərdə tutaraq deyir: «Ürəyim sıxılır. Nə deyim? Ata, məni bu sınaqdan qurtar». Ancaq İsa peyğəmbər Allahın iradəsinə zidd getmək istəmir. O deyir: «Hərçənd mən elə bu gün üçün gəlmişəm» (Yəhya 12:27). İsa Məsih, fidyə qurbanlığı qismində veriləcək həyatı da daxil olmaqla, Allahın niyyətini bütövlüklə dəstəkləyir.