FƏSİL 70
İsa peyğəmbər kor adamı sağaldır
ANADANGƏLMƏ KOR OLAN DİLƏNÇİ ŞƏFA TAPIR
İsa peyğəmbər hələ də Yerusəlimdədir. Şənbə günü o, şagirdləri ilə şəhərdə anadangəlmə kor bir adamla rastlaşır. Şagirdlər peyğəmbərdən soruşurlar: «Rabbi, bu adam niyə kor doğulub? Bu, onun öz günahına görədir, yoxsa valideynlərinin?» (Yəhya 9:2).
Şagirdlər bilirlər ki, bu adamın ruhu anadan olmamışdan əvvəl mövcud olmayıb. Buna baxmayaraq, onlar fikirləşirlər ki, bəlkə də, o, ana bətnində olarkən günah işlədib. İsa peyğəmbər onlara cavab verir: «Nə öz günahına görədir, nə də valideynlərinin. Bu ondan ötrüdür ki, onun bu halında insanlar Allahın işlərinin şahidi olsunlar» (Yəhya 9:3). Bu adamın korluğu nə özünün, nə də valideynlərinin etdiyi hansısa konkret səhv və ya günah ucbatından deyil. İlk insan olan Adəmin günahı ucbatından bütün insanlar qeyri-kamil doğulur və beləcə, insanlar müxtəlif fiziki çatışmamazlıqlara, o cümlədən korluğa məruz qalırlar. Lakin İsa peyğəmbərin əvvəllər də xəstə insanları sağaltdığı kimi, bu kor adamı da sağaltması Allahın işlərini əyan etməyə imkan yaradacaq.
İsa peyğəmbər bu işlərin təxirəsalınmaz olduğunu belə vurğulayır: «Hələ ki, gündüzdür, məni göndərənin işlərini görməliyik. Gecə yaxınlaşır. Gecə heç kəs iş görə bilməz. Nə qədər ki dünyadayam, mən dünya üçün nuram» (Yəhya 9:4, 5). Tezliklə İsa Məsih ölüb qaranlıq məzara düşəcək, orada o, heç nə edə bilməyəcək. Hələlik isə o, dünya üçün nurdur.
Bəs İsa peyğəmbər həmin kor adamın gözünü açacaq? Əgər açacaqsa, bunu necə edəcək? O, yerə tüpürür, torpağı qarışdırıb palçıq düzəldir və kor adamın gözlərinə yaxıb deyir: «Get Şilam hovuzunda üzünü yu» (Yəhya 9:7). Kişi qulaq asıb gedir. Üzünü yuyur və budur, gözləri açılır! O, sevincindən yerə-göyə sığmır, ömründə ilk dəfədir ki, o görür!
Qonşuların və onu tanıyanların heyrətdən ağızları açıla qalır. Onlar bir-birindən soruşurlar: «Bu, əvvəllər oturub dilənçilik edən adam deyil?» Bəziləri deyir: «Hə, bu həmin dilənçidir». Ancaq başqaları buna inanmayaraq deyirlər: «Yox, bu o deyil, sadəcə ona oxşayır». Həmin adam isə deyir: «Bu, mənəm» (Yəhya 9:8, 9).
Onlar soruşurlar: «Bəs gözlərin necə açıldı?» O cavab verir: «İsa adında bir adam palçıq düzəldib gözlərimə yaxdı, sonra da dedi ki, gedib Şilamda üz-gözümü yuyum. Mən gedib orada üzümü yudum və gözlərim açıldı». Onlar soruşurlar: «O dediyin adam haradadır?» Dilənçi cavab verir: «Nə bilim» (Yəhya 9:10—12).
Onda adamlar onu fərisilərin yanına aparırlar. Onun gözünün necə açıldığını bilmək fərisilərə də maraqlıdır. Gözləri açılmış adam onlara deyir: «O adam gözlərimə palçıq yaxdı, mən gözlərimi yudum və görməyə başladım». Fərisilər bu dilənçiyə görə sevinməkdənsə, İsa peyğəmbəri ittiham edirlər: «O adam Allahdan deyil, çünki o, şənbəni pozur». Bəziləri isə deyir: «Günahlı adam bu cür möcüzələri necə göstərə bilər?» (Yəhya 9:15, 16). Beləcə, onların arasında ixtilaf yaranır.
Fikirayrılığının yarandığını görən fərisilər həmin adamın özündən soruşurlar: «İndi ki o, sənin gözlərini açıb, onun barəsində nə deyə bilərsən?» O isə bir qram belə şübhə etmədən deyir: «O adam peyğəmbərdir» (Yəhya 9:17).
Fərisilər qətiyyən buna inanmaq istəmirlər. Onlar düşünürlər ki, İsa peyğəmbər ilə bu adam camaatı aldatmaq üçün sözləşiblər. Beləliklə, bu məsələni həll etmək üçün fərisilər dilənçinin ata-anasını çağırıb onun həqiqətən də kor olub-olmadığını aydınlaşdırmaq istəyirlər.