Rəhbərlik Şurasının məktubu
Əziz müjdəçilər!
Biz çox xoşbəxt insanlarıq! Bizə vahid Allah olan Yehovaya çiyin-çiyinə ibadət etmək şərəfi nəsib olub! Allahın əməkdaşı olan bizlərə müqəddəs və həyatları xilas edən iş tapşırılıb: biz Padşahlıq haqda xoş xəbəri insanlara çatdırmalı və şagird hazırlamalıyıq (1 Kor. 3:9; Mət. 28:19, 20). Dünya miqyasında görülən bu işi sülh və əmin-amanlıq içində başa çatdırmaq üçün yaxşı təşkilatçılıq gərəkdir (1 Kor. 14:40).
Bu kitabda məsihi yığıncağının necə fəaliyyət göstərdiyi təsvir olunur, Yehovanın Şahidi kimi üzərinizə düşən məsuliyyətlər və şərəfli tapşırıqlar barədə söz açılır. Əgər aldığınız şərəfli tapşırığı qiymətləndirir və məsuliyyətlərinizi yerinə yetirirsinizsə, imanda möhkəm olacaqsınız (Həv. 16:4, 5; Qal. 6:5).
Odur ki bu kitabı yaxşı-yaxşı oxumağı tövsiyə edirik. Oxuduqlarınızı həyatınızda necə tətbiq edə biləcəyiniz barədə düşünün. Məsələn, əgər bu yaxınlarda təbliğçi olmusunuzsa, vəftiz olub Yehovanın Şahidi olmaq üçün hansı addımları atmalısınız? Yaxud, artıq vəftiz olmusunuzsa, ruhani cəhətdən inkişaf etmək və Yehovaya xidmətinizi genişləndirmək üçün nə edə bilərsiniz? (1 Tim. 4:15). Yığıncaqda sülhü və mehribançılığı qorumaq üçün şəxsən sizdən nə asılıdır? (2 Kor. 13:11). Cavabları bu kitabdan tapmaq olar.
Əgər siz vəftiz olunmuş qardaşsınızsa, yığıncaq xidmətçisi və ağsaqqal kimi xidmət etməyə yararlı olmaq üçün nə edə bilərsiniz? Minlərlə yeni-yeni insan Allahın xalqına qoşulur. Buna görə də məsul qardaşlara böyük ehtiyac var. Bu məqsədlərə can atmaq üçün siz nə etməlisiniz? Cavabı bu kitabdan öyrənə bilərsiniz (1 Tim. 3:1).
Biz ürəkdən dua edirik ki, bu kitab sizə Yehovanın quruluşunda öz yerinizi tapmağa və onu qiymətləndirməyə kömək etsin. Biz hər birinizi çox sevirik və həmişə dua edirik ki, siz əbədiyyən Atamız Yehovaya cani-dildən ibadət edən insanların arasında olasınız (Zəb. 37:10, 11; Əşy. 65:21—25).
Qardaşlarınız,
Yehovanın Şahidlərinin Rəhbərlik Şurası