Bu gün Allahın xidmətçiləri kimlərdir?
“Qabiliyyətimiz Allahdandır. O bizi... Əhdi-Cədidin xidmətkarları olmağa qabil etdi” (2 KORİNFLİLƏRƏ 3:5, 6).
1, 2. Birinci əsrin bütün məsihçiləri üzərinə hansı vəzifə qoyulmuşdu, lakin vaxt keçdikcə hər şey necə dəyişdi?
ERAMIZIN birinci əsrində bütün məsihçilərin, xoş xəbəri təbliğ etmək kimi vacib vəzifələri vardı. Onların hamısı məshedilmişlər və yeni əhdin xidmətçiləri idilər. Bə’zilərinə yığıncaqda öyrətmək kimi əlavə tapşırıqlar həvalə edilmişdi (1 Korinflilərə 12:27—29; Efeslilərə 4:11). Valideynlər ailədə ağır vəzifələr daşıyırdılar (Koloslulara 3:18—21). Lakin bütün məsihçilər əsas və son dərəcə vacib olan təbliğ işində iştirak edirdilər. Yunanca Müqəddəs Yazıların orijinalında bu vəzifə, əsas e’tibarı ilə “xidməti” nəzərdə tutan diakonи́a sözü ilə ifadə edilir (Koloslulara 4:17).
2 Lakin vaxt keçdikcə hər şey dəyişdi. Təbliğ etmək hüququnu yalnız öz ixtiyarlarında saxlayan ruhanilər sinfi yarandı (Həvarilərin işləri 20:30). Həmin ruhanilər sinfi, özünü xristian adlandıranların kiçik hissəsini təşkil edirdi. Böyük əksəriyyət isə “dünyəvi” adını qazandı. Dünyəvilərə, onların müxtəlif - məsələn, ruhaniləri tə’min etmək üçün vəsait ayırmaq kimi - vəzifələrinin olması öyrədilsə də, onların əksəriyyəti artıq təbliğ etmir, lakin passiv dinləyicilərə çevrilmişdilər.
3, 4. a) Xristian aləmində din xadimləri rütbəni hansı yolla alırlar? b) Xristian aləmində kimlər din xadimi hesab olunur və nəyə görə Yeqovanın Şahidlərində hər şey başqa cürdür?
3 Ruhanilər sinfi, din xadimi (qədim Yunan dilində diа́konos, “xidmətçi” və ya “qulluqçu”) rütbəsini almaq iddiasındadırlara. Onlar din xadimi olmaq üçün, seminariyalar bitirir və ruhani rütbəyə keçirilirlər. Bir Müqəddəs Kitab ensiklopediyasında qeyd edilir: “Ruhani rütbəyə həsr olunma, bir qayda olaraq, müəyyən edilmiş ayinlərə riayət etdikdən sonra kimə isə din xadimi və ya keşiş statusunun verilməsini nəzərdə tutur; rütbəyə həsr edilən Allahın Kəlamını təbliğ etmək və ya dini mərasimləri icra etmək, yaxud da hər ikisini etmək hüququnu qazanır” (“The International Standard Bible Encyclopedia”). Bəs bu rütbəyə tə’yin edənlər kimlərdir? “Yeni Britaniya ensiklopediyası”nda deyilir: “Yepiskopluq mövcud olan kilsələrdə rütbələri həmişə yepiskop tə’yin edir. Presviterian kilsələrində isə bu iş keşişlər tərəfindən icra olunur”.
4 Beləliklə, Xristian aləminin kilsələrində çox az adam din xadimi ola bilər. Lakin Yeqovanın Şahidlərində vəziyyət tamamilə başqa cürdür. Nəyə görə? Ona görə ki, Xristian aləmində qəbul olunmuş qayda-qanun birinci əsrin məsihçi yığıncağında yox idi.
Əslində Allahın xidmətçiləri kimlərdir?
5. Müqəddəs Kitaba əsasən, kimləri Allahın xidmətçiləri adlandırmaq olar?
5 Müqəddəs Kitaba əsasən, göydə və ya yerdə Yeqovaya ibadət edən hər bir kəs Onun xidmətçisidir. Mələklər İsaya xidmət edirdilər (Matta 4:11; 26:53; Luka 22:43). Onlar həmçinin “qurtuluşu miras alacaq olanlara yardım etmək üçün” göndərilirlər (İbranilərə 1:14; Matta 18:10). İsa Allahın xidmətçisi idi. O dedi: “İnsan Oğlu Ona xidmət edilmək üçün deyil, xidmət etməyə... gəlmişdir” (Matta 20:28; Romalılara 15:8). İsanın davamçılarına “Onun izləri ilə” getmələri tapşırıldığı üçün, aydın məsələdir ki, onlar da xidmətçilər olmalıdırlar (1 Peter 2:21).
6. İsa necə göstərdi ki, onun şagirdləri Allahın xidmətçiləri olmalıdırlar?
6 Göylərə qaldırılmazdan bir qədər əvvəl İsa şagirdlərinə dedi: “Gedin, bütün xalqları şagirdim edin, onları Ata, Oğul və Müqəddəs Ruh naminə vəftiz edin; sizə əmr etdiyim hər şeyə riayət etməyi onlara öyrədin” (Matta 28:19, 20). İsanın şagirdlərindən, yeni şagirdlər hazırlamaq tələb olunurdu, deməli onlar Allahın xidmətçiləri olmalı idilər. Yeni şagirdlər İsanın dediyi hər şeyə, o cümlədən gedib şagirdlər hazırlamaq tapşırığına da riayət etməyi öyrənirdilər. Kişilər və qadınlar, böyüklər və uşaqlar - bir sözlə, İsa Məsihin bütün həqiqi şagirdləri, Allahın xidmətçiləri olurdular (Yoel 2:28, 29).
7, 8. a) Hansı ayələrdən görünür ki, bütün məsihçilər Allahın xidmətçiləridirlər? b) Allahın xidmətçisi vəzifəsinə tə’yin olunmaqla əlaqədar hansı suallar meydana çıxır?
7 Buna müvafiq olaraq, b. e. 33-cü ilinin Pentikost günündə yığılan İsanın bütün şagirdləri, kişilər və qadınlar “Allahın möhtəşəm işləri barədə” danışmağa başladılar (Həvarilərin işləri 2:1—11). Bundan əlavə, həvari Pavel yazmışdı: “Salehlik üçün ürəklə iman edilir, xilas olmaq üçün isə ağızla açıqca söylənir [“ümumxalq qarşısında təbliğ edilir”, YD]” (Romalılara 10:10, İ—93). Pavel bu sözlərlə azsaylı ruhanilər sinfinə deyil, “müqəddəsliyə də’vət olunmuş, Allahın Romada yaşayan sevgililəri”nə müraciət edirdi (Romalılara 1:1, 7, İ—93). “Efesdə olan və Məsih İsada iman edən müqəddəslər”in hamısı ayaqlarına “sülh Müjdəsini təbliğ etmək hazırlığını” geyməli idilər (Efeslilərə 1:1; 6:15). İbranilərə yazılan məktubu eşidənlərin hamısı isə “iqrar etdiyi ümidi tərəddüd etmədən möhkəm tutmağa” çağırılırdılar (İbranilərə 10:23).
8 Belə isə, insan nə zaman Allahın xidmətçisi olur? Başqa sözlərlə desək, o, Allahın xidmətçisi vəzifəsinə nə zaman tə’yin olunur? Və kim tərəfindən tə’yin olunur?
İnsan Allahın xidmətçisi vəzifəsinə nə zaman tə’yin olunur?
9. İsa, Allahın xidmətçisi vəzifəsinə nə zaman və kim tərəfindən tə’yin edildi?
9 İnsanın Allahın xidmətçisi vəzifəsinə nə zaman və kim tərəfindən tə’yin olunduğunu bilmək üçün, gəlin İsa Məsihin nümunəsini nəzərdən keçirək. Onun, Allahın xidmətçisi olduğunu sübut edən ruhani rütbəsi və ya seminariya bitirməsi haqqında sənədi yox idi və onu, Allahın xidmətçisi vəzifəsinə insan tə’yin etməmişdi. Onda nəyə görə təsdiq edə bilərik ki, İsa Allahın xidmətçisi idi? Ona görə ki, İşayanın ilhamlanmış sözləri onun üzərində yerinə yetdi: “Rəbbin Ruhu üzərimdədir, çünki... Müjdəni bildirmək üçün O Məni məsh etdi” (Luka 4:17—19; İşaya 61:1). Bu sözlər şübhəsiz olaraq sübut edir ki, İsaya, xoş xəbəri təbliğ etmək həvalə olunmuşdu. Kim tərəfindən? Bu işin icra olunması üçün İsa Yeqovanın ruhu ilə məsh edildiyinə görə, aydındır ki, xidmətçi vəzifəsinə onu Yeqova Allahın özü tə’yin etmişdi. Bu nə zaman baş verdi? İsa vəftiz olunarkən, Yeqovanın ruhu onun üzərinə endi (Luka 3:21, 22). Deməli, İsa vəftiz olunarkən Allahın xidmətçisi vəzifəsinə tə’yin edildi.
10. Məsihçi xidmətçisini xidmətə kim qabil edir?
10 Bəs İsanın birinci əsrdə yaşamış davamçıları? Onlar da Allahın xidmətçiləri statusunu Yeqovadan almışdılar. Pavel demişdi: “Qabiliyyətimiz Allahdandır. O bizi... Əhdi-Cədidin xidmətkarları olmağa qabil etdi” (2 Korinflilərə 3:5, 6). Yeqova, Ona pərəstiş edənləri hansı tərzdə xidmətə qabiliyyətli edir? Pavelin “Məsihin Müjdəsini yaymaqda Allahın qulu” adlandırdığı Timoteyin nümunəsinə diqqət yetirək (1 Saloniklilərə 3:2).
11, 12. Allahın xidmətçisi olmaq üçün müvəffəqiyyətlər əldə etməkdə Timoteyə nə kömək etdi?
11 Timoteyə ünvanlanmış növbəti sözlər, onun Allahın necə xidmətçisi olduğunu anlamaqda bizə kömək edir: “Amma sən, öyrəndiyin və əmin olduğun şeylərə əməl etməkdə davam et, çünki bunları kimdən öyrəndiyini bilirsən. Müqəddəs Yazıları da uşaqlıqdan e’tibarən bilirsən. Bu Yazılar, Məsih İsaya iman vasitəsilə xilas gətirən hikməti sənə verməyə qadirdirlər” (2 Timoteyə 3:14, 15, İ—93). Timoteyi “iqrar etməyə” və ya ümumxalq qarşısında təbliğ etməyə təşviq edən imanın təməli, Müqəddəs Yazılara əsaslanan biliyi idi. Bunun üçün Müqəddəs Kitabı şəxsən oxuması kifayət idimi? Xeyr. Oxuduqlarına dair dəqiq bilik və ruhani anlayış əldə etmək üçün, Timoteyin köməyə ehtiyacı vardı (Koloslulara 1:9). Beləliklə, Timoteyi öyrəndiyi şeylərə “əmin” etdilər. Müqəddəs Yazıları “uşaqlıqdan e’tibarən” bildiyinə görə, çox güman ki, onun ilk mürəbbiyələri anası və nənəsi olmuşdur, çünki Timoteyin atası, ehtimala görə imansız idi (2 Timoteyə 1:5).
12 Lakin Timoteyin Allahın xidmətçisi olmasına başqa səbəblər də var idi. Misal üçün, qonşu yığıncaqlardan olan məsihçilərlə ünsiyyətdə olmaq da onun imanını möhkəmləndirirdi. Bu haradan mə’lumdur? Məsələ ondadır ki, Pavel Timoteylə tanış olarkən o gənc idi və “Listra və Konyada olan qardaşlar Timotey haqda yaxşı fikirdə idilər” (Həvarilərin işləri 16:2). Bundan əlavə, o günlərdə bə’zi qardaşlar məktublarla müraciət edərək yığıncaqları möhkəmləndirirdilər. Həmçinin yığıncaqları, onlara baş çəkən nəzarətçilər də ruhlandırırdılar. Bütün bunlar, Timotey kimi gənc məsihçilərə ruhən inkişaf etməkdə kömək edirdi (Həvarilərin işləri 15:22—32; 1 Peter 1:1).
13. Timotey Allahın xidmətçisi vəzifəsinə nə zaman tə’yin olundu və nəyə görə demək olar ki, onun ruhani inkişafı bununla dayanmadı?
13 İsanın Matta 28:19, 20-ci ayələrdə yazılan tapşırığını nəzərə alaraq, biz əmin ola bilərik ki, bir zaman Timoteyin imanı onu, İsadan nümunə götürərək vəftiz olunmağa təşviq etdi (Matta 3:15—17; İbranilərə 10:5—9). Vəftiz, Timoteyin bütün ürəyi ilə Allaha həsr olunmasına işarə idi. Vəftiz olunaraq, Timotey xidmətçi oldu. O zamandan e’tibarən onun həyatı, qüvvəsi və ümumiyyətlə sahib olduğu hər şey Allaha məxsus idi. Bu, onun Allaha ibadətinin ayrılmaz hissəsi, “müqəddəs xidmət”i idi. Lakin Timotey bununla kifayətlənmədi. O, yetkin məsihçi xidmətçisi olaraq, ruhani inkişafını dayandırmadı. Bu, Timoteyin Pavel kimi yetkin məsihçilərlə sıx ünsiyyətdə olması, şəxsi öyrənməsi, həmçinin təbliğ fəaliyyətində çalışqan olması sayəsində baş verdi (1 Timoteyə 4:14; 2 Timoteyə 2:2; İbranilərə 6:1).
14. “Əbədi həyata meylli olan” insanlar, Allahın xidmətçiləri olmaq üçün müvəffəqiyyətlərə necə nail olurlar?
14 Bu gün də məsihçi xidmətçisi vəzifəsinə tə’yin olunma buna bənzər tərzdə baş verir. “Əbədi həyata meylli olan” insana, Müqəddəs Kitabın öyrənilməsi vasitəsilə, Allah və Onun niyyətləri haqqında bilik almağa kömək edirlər (Həvarilərin işləri 13:48, YD). İnsan Müqəddəs Kitabın prinsiplərini həyatında tətbiq etməyi öyrənir və şüurlu surətdə Allaha dua edir (Məzmur 1:1—3; Süleymanın məsəlləri 2:1—9; 1 Saloniklilərə 5:17, 18). O, iman qardaşları ilə ünsiyyətdə olur, “sadiq və ağıllı qul”un təşkil və təqdim etdiyi hər bir şeydən fayda əldə edir (Matta 24:45—47; Süleymanın məsəlləri 13:20; İbranilərə 10:23—25). Beləliklə, nizama salınmış tə’lim ruhən inkişaf etməkdə ona kömək edir.
15. İnsan vəftiz olunarkən nələr baş verir? (Həmçinin haşiyəyə baxın.)
15 Nəticədə, Müqəddəs Kitabı öyrənən, Yeqovanı sevib, fidiyə qurbanlığına möhkəm iman inkişaf etdirən insanda, özünü bütünlüklə səmavi Atasına həsr etmək arzusu yaranır (Yəhya 14:1). O, əvvəlcə duada özünü Allaha həsr edir və sonra həsr edilməsinə işarə olaraq vəftiz olunur ki, onun şəxsi qərarı haqqında hamı bilsin. Vəftiz - onun Allahın xidmətçisi vəzifəsinə tə’yin olunması mərasimidir, çünki o, məhz vəftiz olunduğu andan e’tibarən Allahın bütünlüklə həsr olunmuş xidmətçisi - «diа́konos»u kimi tanınır. O, dünyadan ayrı qalmağa davam etməlidir (Yəhya 17:16; Yaqub 4:4). O, heç bir şərt kəsmədən, özünü “diri, müqəddəs, Allaha məqbul qurban kimi təqdim” etmişdir (Romalılara 12:1)b. İndi o, Allahın - Məsihi təqlid edən xidmətçisidir.
Məsihçi xidməti nədir?
16. Allahın xidmətçisi kimi Timoteyin vəzifələrinə nələr daxil idi?
16 Timoteyin xidməti özünə nəyi daxil edirdi? Onun xüsusi vəzifələri vardı: o, səyahət zamanı Paveli müşaiyət edirdi. Ağsaqqal olanda isə Timotey iman qardaşlarını sə’ylə öyrədir və möhkəmləndirirdi. Lakin İsanın və Pavelin xidmətində olduğu kimi, onun da xidmətində əsas yeri, xoş xəbəri təbliğ etmək və şagirdlər hazırlamaq tuturdu (Matta 4:23; 1 Korinflilərə 3:5). Pavel Timoteyə yazırdı: “Amma sən hər vəziyyətdə ayıq dur, əziyyətə qatlaş, müjdəçi işini yerinə yetir, öz xidmətini tam şəkildə icra et” (2 Timoteyə 4:5).
17, 18. a) Məsihçilər hansı xidmətdə iştirak edirlər? b) Məsihçi xidmətçisi üçün təbliğ işi nə dərəcədə vacibdir?
17 Müasir məsihçi xidmətçiləri ilə də vəziyyət buna bənzərdir. Onlar diqqəti, İsanın qurbanlığı sayəsində mümkün olan xilasa yönəldərək və həlimlərə Yeqovanın adını çəkməyi öyrədərək xoş xəbərin təbliğində - insanlar üçün xidmətdə iştirak edirlər (Həvarilərin işləri 2:21; 4:10—12; Romalılara 10:13). Onlar, iztirab çəkən bəşəriyyət üçün yeganə ümid yerinin Padşahlıq olduğunu Müqəddəs Kitab əsasında sübut edirlər və göstərirlər ki, əgər Allahın prinsipləri əsasında yaşasaq, həyatımızı artıq indidən yaxşılaşdıra bilərik (Məzmur 15:1—5; Mark 13:10). Lakin məsihçi xidmətçisi “ictimai müjdəni” təbliğ etmir. Əksinə, öyrədir ki, “Allaha pərəstiş... indiki və gələcək həyat üçün ümid verir” (1 Timoteyə 4:8, İ—93).
18 Əlbəttə, Allahın xidmətçilərinin əksəriyyəti şəraitdən asılı olaraq başqa xidmətləri də icra edirlər. Bir çoxlarının ailə ilə bağlı vəzifələri var (Efeslilərə 5:21—6:4). Ağsaqqalların və xidməti köməkçilərin yığıncaqda vəzifələri var (1 Timoteyə 3:1, 12, 13; Titusa 1:5; İbranilərə 13:7). Bir çox məsihçilər Padşahlıq Zallarının tikilməsində iştirak edirlər. Bə’ziləri, Gözətçi Qülləsi Cəmiyyətinin filiallarından birində, könüllü olaraq işləmək şərəfinə layiq görülüblər. Buna baxmayaraq, bütün məsihçi xidmətçiləri xoş xəbərin təbliği işində iştirak edirlər. Bu halda istisna yoxdur. İnsanı məsihçi xidmətçisi kimi tanıdan məhz bu fəaliyyət olmalıdır.
Məsihçi xidmətçisinin düşüncə tərzi
19, 20. Məsihçi xidmətçiləri özlərində hansı düşüncə tərzini inkişaf etdirməlidirlər?
19 Xristian aləminin din rəhbərlərinin əksəriyyəti, özlərinə xüsusi hörmət göstəriləcəyini gözləyir və “cənab”, “ata” və ya “keşiş baba” kimi titullar daşıyırlar. Lakin məsihçi xidmətçisi bilir ki, ehtiram göstərilməyə yalnız Yeqova layiqdir (1 Timoteyə 2:9, 10). Məsihçi xidmətçilərindən heç biri belə yüksək ehtiram iddiasında deyillər və xüsusi titullar almağa can atmırlar (Matta 23:8—12). Məsihçi bilir ki, diakonи́a sözünün əsas mə’nası “xidmət” deməkdir. Bu sözlə əlaqəli olan fe’l, bə’zən Müqəddəs Kitabda ayrı-ayrı insanlara göstərilən xidmətə, misal üçün, süfrə arxasında qulluq etmək mə’nasında işlənilir (Luka 4:39; 17:8; Yəhya 2:5). Bu fe’l, məsihçi xidməti ilə əlaqədar daha böyük mə’nada tətbiq edilsə də, diа́konos yenə də xidmətçi olaraq qalır.
20 Buna görə də məsihçi xidmətçisinin lovğalanmağa heç bir əsası yoxdur. Məsihçi xidmətçiləri - hətta yığıncaqda xüsusi vəzifələri icra etsələr də, sadəcə olaraq “qullar”dırlar. İsa dedi: “Aranızda böyük olmaq istəyən, digərlərinin nökəri olsun. Və aranızda birinci olmaq istəyən, digərlərinin qulu olsun” (Matta 20:26, 27). İsa adi qulun işini yerinə yetirərək, yə’ni şagirdlərinin ayaqlarını yuyaraq, onlara özlərində hansı düşüncə tərzini inkişaf etdirməli olduqlarını göstərdi (Yəhya 13:1—15). Necə də təvazökar xidmətdir! Buna görə də, məsihçilər Yeqova Allaha və İsa Məsihə təvazökarlıqla xidmət edirlər (2 Korinflilərə 6:4; 11:23). Onlar bir-birlərinə xidmət edərək təvazökarlıq göstərirlər. Xoş xəbəri təbliğ edəndə isə, onlar imanda olmayan qonşularına təmənnasız xidmət edirlər (Romalılara 1:14, 15; Efeslilərə 3:1—7).
Xidmətdə sarsılmazlıq
21. Xidmətdə göstərdiyi sarsılmazlığa görə Pavel hansı mükafatı aldı?
21 Xidmətçi olmaq üçün Pavelə sarsılmazlıq gərək idi. O, Kolos şəhərindən olan məsihçilərə xoş xəbəri təbliğ etmək üçün çox sıxıntılar çəkdiyini söylədi (Koloslulara 1:24, 25). Lakin onun sarsılmazlığı sayəsində bir çoxları xoş xəbəri qəbul edib, Allahın xidmətçiləri oldular. Onlar, Allahın oğulları və İsa Məsihin qardaşları olaraq, nəticədə Məsihlə bərabər göydə ruhani məxluqlar olmaq ümidini aldılar. Sarsılmazlıq göstərdikləri üçün necə də böyük mükafatdır!
22, 23. a) Nəyə görə bugünkü məsihçi xidmətçilərinə sarsılmaz olmaq lazımdır? b) Məsihçi sarsılmazlığı hansı gözəl bəhrələri verir?
22 Bu gün Allahın həqiqi xidmətçilərinə də sarsılmazlıq gərəkdir. Bir çoxları gündəlik olaraq xəstəliklərdən və qocalığın gətirdiyi nasazlıqlardan əziyyət çəkirlər. Valideynlər - çox vaxt da tənha valideynlər - uşaqların tərbiyəsinə çox qüvvə sərf edirlər. Uşaqlar məktəbdə pis tə’sirlərə cəsarətlə müqavimət göstərirlər. Çox məsihçilər ciddi iqtisadi çətinliklər içində yaşayırlar. Başqa əksəriyyəti də tə’qiblərə mə’ruz qalır və ya bugünkü “çətin anlar”ın ağırlıqları ilə qarşılaşırlar (2 Timoteyə 3:1). Bəli, bu gün Yeqovanın altı milyondan artıq xidmətçisi həvari Pavel kimi deyə bilərlər: “Hər şeydə özümüzü Allahın xidmətçiləri kimi təqdim edirik: böyük dözümlülükdə” (2 Korinflilərə 6:4). Məsihçi xidmətçiləri təslim olmurlar. Onların sarsılmazlığı tə’rifə layiqdir.
23 Bundan əlavə, həvari Pavelin öz təcrübəsində əmin olduğu kimi, sarsılmazlıq gözəl bəhrələr gətirir. Biz, sarsılmazlıq göstərərək, Yeqova ilə sıx münasibəti qoruyur və Onun ürəyini sevindiririk (Süleymanın məsəlləri 27:11). İmanda möhkəmlənir və şagirdlər hazırlayaraq, məsihçi qardaşlığının sayını artırırıq (1 Timoteyə 4:16). Yeqova xidmətçilərinə kömək edir və bu son günlərdə onların xidmətini xeyir-dualandırır. Bunun sayəsində 144 000-nin qalığı toplanıb, milyonlarla başqa insanlar isə yer üzü cənnətdə əbədiyyən yaşamaq üçün möhkəm ümid əldə ediblər (Luka 23:43; Vəhy 14:1). Məsihçi xidmətində həqiqətən də Yeqovanın mərhəməti əks olunur (2 Korinflilərə 4:1). Buna görə də, gəlin bu xidmətin qədrini bilək və onun bəhrələrinin əbədi olacağı üçün minnətdar olaq! (1 Yəhya 2:17).
[Haşiyələr]
a Yunanca diа́konos sözündən “dyakon” - kilsə xidmətçisi sözü yaranıb. Bə’zi kilsələrdə dyakon vəzifəsini qadınlar da icra edə bilərlər; onları diakon qadın adlandırırlar.
b Romalılara 12:1 ayəsi ilk növbədə məshedilmiş məsihçilərə aid edilsə də, ondakı prinsip “başqa qoyunlara” da tətbiq ediləndir (Yəhya 10:16). Onlar, “RƏBBƏ xidmət etmək və RƏBBİN ismini sevmək, ona qul olmaq üçün RƏBBƏ bağlanan” insanlardır (İşaya 56:6).
İzah edə bilərsinizmi?
• Birinci əsrin bütün məsihçiləri üzərinə hansı vəzifə qoyulmuşdu?
• İnsan məsihçi xidmətçisi vəzifəsinə nə zaman və kim tərəfindən tə’yin olunur?
• Məsihçi xidmətçisi hansı düşüncə tərzini inkişaf etdirməlidir?
• Nəyə görə məsihçi xidmətçisi çətinliklərə sarsılmazlıqla tab gətirməlidir?
[14 və 15-ci səhifələrdəki şəkillər]
Allahın Kəlamını Timoteyə “uşaqlıqdan e’tibarən” öyrətmişdilər. O, vəftiz olunarkən, Allahın xidmətçisi vəzifəsinə tə’yin olundu.
[16-cı səhifədəki şəkil]
Vəftiz - Allaha həsr olunmağa və Allahın xidmətçisi vəzifəsinə tə’yin edilməyə işarədir.
[18-ci səhifədəki şəkil]
Məsihçi xidmətçiləri xidmət etməyə hazırdırlar.