Yaxşılıq edərkən ruhdan düşməyin
“Yaxşılıq edərkən ruhdan düşməyək; çünki əgər zəif düşməsək, vaxtında biçərik” (QALATİYALILARA 6:9).
1, 2. a) Allaha xidmət etməkdə nə üçün səbir lazımdır? b) İbrahim necə səbir göstərdi və səbirli olmaqda ona nə kömək edirdi?
YEQOVANIN Şahidləri olaraq, biz, Onun iradəsini yerinə yetirməkdən sevinc tapırıq. Həmçinin şagirdlik “boyunduruğundan” da təravət alırıq (Matta 11:29). Lakin Məsihlə birlikdə Yeqovaya xidmət etmək həmişə asan olmur. Həvari Pavel həmimanlılarını təşviq edərək bunu aydın şəkildə göstərdi: “Sizin təhəmmülə ehtiyacınız var ki, Allahın iradəsini yerinə yetirib və’d olunmuş şeyə nail olasınız” (İbranilərə 10:36). Təhəmmül — səbir, Allaha xidmətin bə’zən çətinliklərlə bağlı olduğuna görə lazımdır.
2 İbrahimin həyatı buna sübutdur. O, dəfələrlə çətin seçimlər və qeyri-adi vəziyyətlərlə qarşılaşmışdır. Yaşayış üçün hər cür şəraiti olan Ur diyarından çıxmaq göstərişi yalnız başlanğıc idi. Çox keçməmiş İbrahim aclıqla, qonşu xalqın düşməncəsinə münasibətilə qarşılaşdı, arvadını itirmək üzrə idi, qohumları ilə ixtilafı başladı, müharibədə iştirak etməli oldu. Sınaqlar heç də bununla bitmədi. Amma İbrahim yaxşılıq edərkən heç vaxt ruhdan düşmürdü. Nəzərə alsaq ki, İbrahim, bu gün bizim kimi, Allahın bütöv Kəlamına malik deyildi, bu çox diqqətəlayiqdir. Şübhə yoxdur ki, İbrahim ilk peyğəmbərliyi bilirdi. Allah həmin peyğəmbərlikdə deyirdi: “Səninlə qadın arasına və sənin zürriyyətinlə onun zürriyyəti arasına düşmənçilik qoyacağam” (Təkvin 3:15). Bu Zürriyyət İbrahimin nəslindən çıxmalı idi. Buna görə də təbiidir ki, İbrahim, Şeytanın düşməncəsinə hücumlarına hədəf olmuşdur. Bunu anlamaq, bütün sınaqlara sevinclə tab gətirməkdə İbrahimə, sözsüz ki, kömək edirdi.
3. a) Yeqovanın müasir xalqı nə üçün iztirablarla qarşılaşır? b) Qalatiyalılara 6:9-cu ayəsi bizə hansı ruh yüksəkliyini verir?
3 Yeqovanın müasir xalqı da iztirablarla qarşılaşacağını bilir (1 Peter 1:6, 7). Axı Vəhy 12:17 ayəsində, Şeytanın müqəddəs ruhla məsh edilmişlərin qalığı ilə “vuruşduğu” barədə xəbərdarlıq yazılıb. Məsh edilmişlərlə çox yaxın olduqlarına görə, “başqa qoyunlar” da Şeytanın şiddətli hücumlarına hədəf olurlar (Yəhya 10:16). Məsihçilər yalnız təbliğ fəaliyyətlərinə qarşı müqavimətlə deyil, həmçinin şəxsi həyatlarında da çətinliklərlə toqquşa bilərlər. Pavel bizi də’vət edir: “Yaxşılıq edərkən ruhdan düşməyək; çünki əgər zəif düşməsək, vaxtında biçərik” (Qalatiyalılara 6:9). Şeytan var qüvvəsilə bizim imanımızı puç etməyə çalışsa da, möhkəm imanla ona müqavimət göstərməliyik (1 Peter 5:8, 9). Sadiqliyimiz hansı səmərələri gətirə bilər? Bu sualın cavabı Yaqub 1:2, 3 ayələrində yazılıb: “Ey qardaşlarım, müxtəlif imtahanlara düşəndə, bunu böyük bir sevinclə qəbul edin. Bilin ki, imanınızın sınanması təhəmmül hasil edir”.
Açıq hücum
4. Allahın xalqının nöqsansızlığını sındırmağa çalışaraq, Şeytan açıq hücumlara necə əl atır?
4 İbrahimin həyatı, bu gün məsihçinin qarşılaşa biləcəyi “müxtəlif imtahanların” əyani nümunəsidir. Məsələn, İbrahim Şinar torpağından gələn işğalçıların hücumunu dəf etməli oldu (Yaradılış 14:11—16, MKŞ). Təəccüblü deyil ki, Şeytan tə’qibləri qızışdıraraq, bugünə qədər də açıq hücumlara əl atır. İkinci dünya müharibəsindən sonra, Yeqovanın Şahidlərinin məsihçi maarifləndirmə fəaliyyətinə bir çox ölkələrdə hakimiyyət tərəfindən qadağa qoyulmuşdur. 2001-ci il üçün “Yeqovanın Şahidlərinin salnaməsi”ndə, düşmənlərin Anqolada məsihçilərlə amansız davranışından bəhs olunur. Yeqovaya güvənərək, iman qardaşlarımız bu cür ölkələrdə sarsılmazlığı qorudular. Onlar zorakılığa zorakılıq və müqavimətlə deyil, ehtiyatlı davranıb təbliği davam etməklə cavab verdilər (Matta 24:14).
5. Gənc məsihçilər məktəbdə tə’qiblərə necə mə’ruz qala bilərlər?
5 Amma tə’qiblər həmişə zorakılıqla bağlı olmur. İbrahimin nəhayətdə İsmail və İshaq adlı iki oğlu oldu. Yaradılış 21:8—12 ayələrində deyilir ki, bir dəfə İsmail İshaqa “güldü” (MKŞ). Pavel, Qalatiyalılara məktubunda göstərir ki, bu gülüş sadəcə uşaq dəcəlliyi deyildi. O, yazırdı ki, İsmail İshaqı “tə’qib etdi” (Qalatiyalılara 4:29). Deməli, sinif yoldaşları tərəfindən lağa qoyulmağı və əleyhdarlarımızın təhqirini haqlı olaraq tə’qib adlandırmaq olar. Rayan adlı gənc məsihçi, sinif yoldaşlarının onu necə masqaraya qoyduqlarını xatırlayır: “Məktəbə gedərkən və geri qayıdarkən avtobusdakı 15 dəqiqəlik yol mənə əbədiyyət kimi görünürdü, çünki məni təhqir edirdilər. Sinif yoldaşlarım dəftərxana sancaqlarını alışqanla qızdırıb, onlarla məni yandırırdılar”. Bunun səbəbi nə idi? Rayan deyir: “Mən, məsihçiyə xas olan əxlaq normalarına öyrədildiyim üçün, məktəbdə uşaqlardan fərqlənirdim”. Valideynlərinin köməkliyi sayəsində Rayan bütün bu sınaqlara tab gətirdi. Gənc məsihçilər, həmyaşıdlarınızın istehzaları sizi mə’yus edirmi? Ruhdan düşməyin! Sadiq qalın və İsanın sözlərinin sizin üzərinizdə necə yerinə yetdiyini görəcəksiniz. O deyirdi: “Mənə görə insanlar sizi təhqir və tə’qib edəcəkləri, yalan söyləyib sizə hər cür böhtan atacaqları zaman, siz nə bəxtiyarsınız!” (Matta 5:11).
Gündəlik xoşagəlməz hadisələr
6. Bu gün məsihçilər arasındakı münasibəti nə poza bilər?
6 Qarşılaşdığımız sınaqların əksəriyyəti gündəlik xoşagəlməz hadisələrlə bağlıdır. İbrahim özünün və qardaşı oğlu Lutun çobanları arasındakı ixtilafa səbir etməli oldu (Təkvin 13:5—7). Həmçinin bu gün də fikir ayrılığı və əhəmiyyətsiz həsəd insanlar arasındakı münasibəti poza bilər, hətta yığıncaqdakı əmin-amanlığa təhlükə yaradar. “Həsəd və xudbin ehtiras harada varsa, orada qarışıqlıq və hər cür pis iş vardır” (Yaqub 3:16). Ruhdan düşməmək, İbrahim kimi, əmin-amanlığı məğrurluqdan üstün tutmaq və başqalarının mənafeyini düşünmək bizim üçün necə də vacibdir! (Yaqub 3:17; 1 Korinflilərə 13:5).
7. a) Həmimanlısı tərəfindən incidilən kəs nə etməlidir? b) Başqaları ilə yaxşı qarşılıqlı münasibəti qorumaqda İbrahim hansı gözəl nümunəni verdi?
7 Həmimanlımızın bizimlə haqsız davrandığını düşünürüksə, sülhsevər olmaq çətindir. Süleymanın məsəlləri 12:18 ayəsində deyilir: “Düşünmədən danışanın dili qılınc kimi yaralar” (MKŞ). Düşünülməmiş sözlər, hətta pis niyyətlə deyilməsə də, ağır yara vura bilər. Bizə böhtan atdıqlarını və ya adımızdan pis şaiyələr söylədiklərini zənn ediriksə, dərdimiz daha da artar (Məzmur 6:6, 7). Ancaq məsihçi yol verməli deyil ki, təhqir olunmuş hissləri onu ruhdan salsın! Belə vəziyyətə düşübsünüzsə, xətrinizə dəyən kəslə səmimi söhbət edib, hər şeyi öz yoluna qoymaqda təşəbbüs göstərin (Matta 5:23, 24; Efeslilərə 4:26). Bağışlamağa hazır olun (Koloslulara 3:13). Əgər özümüzdə kin saxlamarıqsa, rahatlaşar və qardaşımızla qarşılıqlı münasibətimizi qaydaya salarıq. İbrahim Luta qarşı kin saxlamadı. Əksinə, Lutu və ailəsini müdafiə etmək üçün mübarizə apardı! (Təkvin 14:12—16).
Təqsirkarı özümüz olan sınaqlar
8. a) Məsihçilər necə özlərinə bir çox əzabları çəkdirə bilərlər? b) İbrahim nəyə görə maddi firavanlığa qarşı tarazlığı qoruya bildi?
8 E’tiraf etmək lazımdır ki, bə’zi sınaqların təqsirkarı özümüz oluruq. Məsələn, İsa öz davamçılarına buyurdu: “Yer üzündə özünüzə xəzinələr yığmayın; orada güvə və pas onları məhv edər; və oraya oğrular girər və oğurlarlar” (Matta 6:19). Lakin qardaşlardan bə’ziləri əsas diqqəti Padşahlığın mənafeyinə deyil, maddi firavanlıqlarına yönəltməklə, “özlərinə bir çox əzablar çəkdirdilər” (1 Timoteyə 6:9, 10). Allahı razı salmaq üçün, İbrahim rahatlığını qurban verməyə hazır idi. “O, iman vasitəsilə və’d edilmiş ölkədə yad və qərib kimi məskən saldı və eyni və’din həmvarisləri olan İshaq və Yaqubla birlikdə çadırlarda yaşadı; çünki o, me’marı və banisi Allah olan, möhkəm təməllərə malik şəhəri gözləyirdi” (İbranilərə 11:9, 10). İbrahimin gələcək “şəhərə”, yə’ni Allahın hakimiyyətinə olan imanı, zənginliyə bel bağlamamaqda ona kömək edirdi. Məgər eyni tərzdə davranmaq bizim üçün də müdriklik olmazmı?
9, 10. a) Şöhrətə nail olmağa can atmaq problemə necə çevrilə bilər? b) Bizim günlərdə qardaşlar “kiçiklər” kimi necə davrana bilərlər?
9 Başqa məqamı nəzərdən keçirək. Müqəddəs Kitabda aşkar surətdə belə sözlər yazılıb: “Əgər kimsə, heç olduğu halda, özünü əhəmiyyətli sanırsa, öz-özünü aldadır” (Qalatiyalılara 6:3). Eyni zamanda bizə məsləhət edilir: “Rəqabət və ya şöhrətpərəstliklə heç bir şey etməyin, amma təvazökarlıqla [edin]” (Filipililərə 2:3). Bə’ziləri bu məsləhətə riayət etmədiklərindən özlərinə problemlər yaradırlar. Onlar, “xeyirli bir iş” görməyə cəhd etmək əvəzinə, şöhrət qazanmağa can atır və yığıncaqda, xəyalında olduqları tə’yinatı almadıqda pərt olub, qəzəblənirlər (1 Timoteyə 3:1).
10 İbrahim özünə “lüzumundan çox əhəmiyyət” verməməkdə gözəl nümunə oldu (Romalılara 12:3). İbrahim, Məlkisedeqlə qarşılaşanda elə davranmadı ki, guya Allahın gözündə tapdığı lütf, ona özünü üstün tutmağa səlahiyyət verirdi. Əksinə, onda bir hissəni verməklə, Məlkisedeqin kahin kimi tutduğu daha yüksək mövqeyi qəbul etdi (İbranilərə 7:4—7). Bu gün məsihçilər də könüllü surətdə “kiçiklər” kimi davranmalı və hamının diqqətini özlərinə cəlb etməyə çalışmalı deyillər (Luka 9:48). Əgər yığıncaqda rəhbərlik tapşırılan kəslərin sizə müəyyən bir tə’yinatı verməkdən yan keçdiklərini zənn edirsinizsə, onda özünüzü vicdanla yoxlayın və hansı sahədə keyfiyyətiniz, yaxud davranışınız üzərində çalışmaq lazım olduğu barədə düşünün. Malik olmadığınız tə’yinatın həsrətini çəkmək əvəzinə, malik olduğunuz vəzifəni yerinə yetirmək üçün əlinizdən gələni edin — başqalarına Yeqova ilə tanış olmaqda kömək edin. “Allahın güclü əlinin himayəsi altında təvazökar olun ki, O Öz vaxtında sizi ucaltsın” (1 Peter 5:6).
Gözlə görünməyən şeylərə iman
11, 12. a) Nəyə görə yığıncaqda bə’ziləri sarsıla və tə’xirəsalınmazlıq hisslərini itirə bilərlər? b) Həyatını Allahın niyyətlərinə etdiyi iman əsasında quraraq, İbrahim bizə nədə gözəl nümunə verdi?
11 Digər sınaq isə, bu pis əşyalar sisteminin sona çatmasının ləngiyən kimi görünməsi ola bilər. 2 Peter 3:11 ayəsində yazılan sözlərdən aydın olduğu kimi, məsihçilər “Allahın zühurunu gözləməli və şiddətlə arzulamalıdırlar” (KM). Lakin bir çoxları həmin “günü” illərlə, digərləri isə onillərlə gözləyir. Bunun nəticəsində isə, bə’ziləri sarsıla və tə’xirəsalınmazlıq hisslərini itirə bilərlər.
12 Gəlin yenidən İbrahimin nümunəsinə diqqət yetirək. İbrahim, Allahın və’dlərinin onun yaşadığı dövrdə həyata keçməyəcəyini bilmiş olsa da, bütün həyatını həmin və’dlərə bəslədiyi iman əsasında qurmuşdu. Düzdür, İbrahim uzun ömür yaşadı və oğlu İshaqın yetkin yaşa çatdığını gördü. Ancaq İbrahimin nəslini “göydəki ulduzlar” və “dəniz kənarındakı qum” ilə müqayisə etmək üçün əsrlər keçməliydi (Yaradılış 22:17, MKŞ). Buna baxmayaraq, bu vəziyyət İbrahimi hirsləndirib, ruhdan salmadı. Buna görə də, həvari Pavel İbrahim və digər tayfa başçıları haqqında deyirdi: “Onların hamısı və’d edilmiş şeyləri almadan imanlı kimi öldü, amma bu şeyləri uzaqdan görüb qane olub, xoş qarşıladılar və e’tiraf etdilər ki, onlar yer üzündə yad və qəribdirlər” (İbranilərə 11:13).
13. a) Bu gün məsihçilər nədə “qəriblərə” bənzəyirlər? b) Yeqova indiki əşyalar sistemini nəyə görə məhv edəcəkdir?
13 Əgər İbrahim öz həyatını, yerinə yetməsini yalnız “uzaqdan” gördüyü və’dlər əsasında qurmağı bacardısa, həmin və’dlərin həyata keçməsi zəmanəmizə belə yaxın olduğu bir halda, biz onlara daha çox diqqət yetirməliyik! İbrahim kimi, biz də özümüzü Şeytanın əşyalar sistemində “qəriblər” sanmalı və rahat həyat şəraitinə alışmağı rədd etməliyik. Əlbəttə, biz istəyərdik ki, “hər şeyin axırı” yalnız bu günlərdə deyil, elə indi olsun (1 Peter 4:7). Ola bilsin, sağlamlıq cəhətdən ciddi problemlərimiz var. Yaxud, iqtisadi çətinliklərin ağır yükünü daşıyırıq. Lakin yadda saxlamalıyıq ki, Yeqova yalnız bizi belə acınacaqlı vəziyyətdən qurtarmaq üçün yox, həmçinin öz ismini müqəddəs etmək üçün pisliklərə son qoyacaqdır (Hezekiel 36:23; Matta 6:9, 10). Son, bizə münasib olan vaxtda deyil, Yeqovanın niyyətlərinin yerinə yetməsinə daha münasib olan vaxtda gələcəkdir.
14. Allahın səbir etməsi müasir məsihçilərə nədə faydalıdır?
14 Həmçinin yaddan çıxarmayaq: “Rəbb bə’zilərinin zənn etdiyi kimi Öz və’dini yerinə yetirməkdə gecikmir. Əksinə, O bizə səbir edir və istəyir ki, hamı tövbəyə gəlsin və kimsə həlak olmasın” (2 Peter 3:9). Qeyd edək ki, Allah “bizə” — məsihçi yığıncağının üzvlərinə “səbir edir”. Görünür, “Onun hüzurunda nöqsansız, ləkəsiz və sülh içində tapılmaq” üçün, bizlərdən bə’zilərinə öz üzərlərində çalışmağa daha çox vaxt lazımdır (2 Peter 3:14). Beləliklə, səbir etdiyi üçün Allaha minnətdar olmalı deyilikmi?
Çətinliklərə baxmayaraq sevinmək
15. Nə üçün İsa sınaqlarda öz sevincini itirmirdi və onu təqlid etmək bu gün məsihçilərə necə fayda gətirər?
15 İbrahimin həyatı müasir məsihçilərə çox şey öyrədir. O, yalnız imanı deyil, həmçinin səbir, fərasət, cəsarət və təmənnasız məhəbbəti təzahür etdirirdi. Yeqovaya ibadət onun həyatında ən vacib yeri tuturdu. Buna baxmayaraq yadda saxlamalıyıq ki, təqlid etmək üçün bizə ən böyük nümunəni İsa Məsih qoyub. O da bir çox çətinlik və sınaqlarla qarşılaşırdı, amma bununla yanaşı, heç zaman sevincini itirmirdi. Nə üçün? Çünki öz ümidini yadında möhkəm saxlayırdı (İbranilərə 12:2, 3). Məhz buna görə də Pavel dua edirdi: “Qoy sarsılmazlıq və təsəlli verən Allahın sayəsində, İsa Məsihin malik olduğu eyni düşüncə tərzi sizdə də olsun” (Romalılara 15:5, YD). Əgər bizdə düzgün “düşüncə tərzi” varsa, Şeytanın qarşımızda törətdiyi bütün çətinliklərə baxmayaraq, sevinə biləcəyik.
16. Çətinliklərlə mübarizə aparmaq üçün qüvvəmizin tükəndiyini zənn etdikdə nə edə bilərik?
16 Çətinliklərlə mübarizə aparmaqda qüvvənizin tükəndiyini zənn edən zaman, Yeqovanın İbrahimi sevdiyi kimi, sizi də sevdiyini xatırlayın. Yeqova bütün işlərinizin müvəffəqiyyətli olmasını istəyir (Filipililərə 1:6). Büsbütün Yeqovaya güvənin və əmin olun ki, “O, gücünüzdən artıq imtahan olunmanıza razılıq verməz, lakin imtahan ilə yanaşı, qurtuluşu da tə’min edəcəkdir ki, tab gətirə biləsiniz” (1 Korinflilərə 10:13). Özünüzə Allahın Kəlamını hər gün oxumaq vərdişini aşılayın (Məzmur 1:2). Hər şeyə tab gətirməkdə Yeqovadan həmişə dua vasitəsilə kömək diləyin (Filipililərə 4:6). Yeqova “Ondan diləyənlərə Müqəddəs Ruhu” verəcəkdir (Luka 11:13). Ruhən möhkəm olmanız üçün Yeqovanın sizə təqdim etdiyi hər vəsaitdən, məsələn, Müqəddəs Kitaba əsaslanan nəşrlərdən istifadə edin. Kömək üçün qardaşlara müraciət edin (1 Peter 2:17). Məsihçi görüşlərində müntəzəm iştirak edin, çünki hər şeyə tab gətirmək üçün lazım olan ruh yüksəkliyini məhz orada alacaqsınız (İbranilərə 10:24, 25). Əminliklə sevinin ki, təhəmmülünüz Allahın gözündə yaxşı ad qazanmağınıza kömək edir, sadiqliyiniz isə Onun qəlbini sevindirir (Süleymanın məsəlləri 27:11; Romalılara 5:3—5).
17. Məsihçilər nəyə görə ruhdan düşmürlər?
17 Allah İbrahimi “dostu” kimi sevirdi (Yaqub 2:23). Buna baxmayaraq, İbrahimin həyatı çətinlik və sınaqla dolu idi. Buna görə də məsihçilər bilirlər ki, bu pis “axır günlərdə” yaxşı bir şey gözləməyə dəyməz. Axı Müqəddəs Kitab bizi xəbərdar edir ki, “pis adamlar və saxtakarlar... aldadıb aldanaraq, pislikdə inkişaf edəcəklər” (2 Timoteyə 3:1, 13). Ruhdan düşmək əvəzinə, fikirləşin ki, qarşılaşdığımız çətinliklər, Şeytanın pis sisteminin sonunun artıq yaxın olduğunu sübut edir. İsa dedi: “Axıra qədər səbir edən xilas olacaqdır” (Matta 24:13). Elə buna görə də, yaxşılıq edərkən ruhdan düşməyin! İbrahimdən nümunə götürün və “və’d olunanları iman və səbrliliklə miras alanlar” sırasında olun (İbranilərə 6:12).
Diqqət yetirdinizmi?
• Nə üçün Yeqovanın müasir xalqı əzablar və sınaqlarla qarşılaşır?
• Şeytan açıq hücumlara necə əl ata bilər?
• Məsihçilər arasındakı şəxsi fikir ayrılığını öz yoluna necə qoymaq olar?
• Məğrurluq və eqoizm necə problem yarada bilər?
• Allahın və’dlərinin yerinə yetməsini gözləməkdə, İbrahim necə gözəl nümunə oldu?
[18-ci səhifədəki şəkil]
Gənc məsihçilərin bir çoxu həmyaşıdlarının təhqirinə mə’ruz qalaraq, tə’qiblərlə qarşılaşırlar.
[21-ci səhifədəki şəkil]
İbrahim Allahın və’dlərinin yerinə yetməsini yalnız “uzaqdan” gördü, buna baxmayaraq həyatı həmin və’dlərlə bağlı idi.