Yehovanın xidmətçiləri həqiqi ümidə malikdirlər
“Yaqubun qalığı çox xalqların ortasında, Rəbb tərəfindən şeh kimi, insan üçün gecikməyən... ot üzərinə düşən yağmur kimi olacaq” (MİKA 5:7).
1. Ruhani İsrail hansı tərzdə təravət gətirir?
YAĞIŞ və şeh böyük Yaradan olan Yehovanın əlinin işidir. Şehin və ya yağışın insanlar tərəfindən veriləcəyinə ümid etmək əbəsdir. Mika peyğəmbər yazırdı: “Yaqubun qalığı çox xalqların ortasında, Rəbb tərəfindən şeh kimi, insan üçün gecikməyən və adəm oğulları üçün gözləməyən ot üzərinə düşən yağmur kimi olacaq” (Mika 5:7). Bu gün “Yaqubun qalığı” kimlərdir? Onlar ruhani israillilər, “Allahın İsraili”nin qalığıdır (Qalatiyalılara 6:16). Onlar yerin “çox xalqları” üçün “Rəbb tərəfindən şeh” və “ot üzərinə düşən yağmur” kimidirlər. Bəli, məsh edilmiş məsihçilər bu gün insanlar üçün Allahın xeyir-duasıdırlar. Yehova onları Padşahlığın təbliğçiləri kimi istifadə edərək insanlara həqiqi ümid xəbərini çatdırır.
2. Narahat dünyada yaşasaq da, nəyə görə həqiqi ümidə malikik?
2 Bugünkü dünyada yaşayan insanların həqiqi ümidlərinin olmaması bizi təəccübləndirməli deyil. Siyasi dəyişkənlik, əxlaq normalarının aşağı düşməsi, cinayətkarlıq, iqtisadi böhran, terrorizm, müharibələr — buna bənzər şeyləri Şeytan İblisin hökm sürdüyü dünyada gözləmək olar (1 Yəhya 5:19). Çoxları gələcəyə qorxu ilə baxırlar. Lakin Yehovanın xidmətçiləri olan bizlər qorxmuruq, çünki gələcəyə əsaslı ümidimiz var. Bu ümid Allahın Kəlamına əsaslandığı üçün həqiqidir. Yehovanın dedikləri hər zaman doğru çıxdığı üçün biz Ona və Onun Kəlamına iman gətiririk.
3. a) Yehova nəyə görə İsrailə və Yəhudaya qarşı çıxmaq niyyətində idi? b) Mikanın sözlərini nəyə görə bizim günlərə aid etmək olar?
3 Mikanın Allahdan ilham almış peyğəmbərliyi Yehovanın ismi ilə yerimək əzmimizi möhkəmləndirir və bizə həqiqi ümid üçün əsas verir. Eramızdan əvvəl VIII əsrdə, Mikanın peyğəmbərlik etdiyi dövrdə, Allahla əhdi olan xalq iki dövlətə — İsrail və Yəhuda dövlətlərinə ayrılmışdır və onlardan heç biri Allahla bağladıqları əhd barədə xatırlamırdı. Bunun nəticəsində isə, əxlaq normalarının aşağı düşməsi, dini dönüklük və hədsiz var-dövlət toplamaq yanğısı müşahidə olunurdu. Buna görə də Yehova xəbərdar etdi ki, onların əleyhinə çıxacaqdır. Allahın xəbərdarlığı Mikanın müasirlərinə ünvanlansa da, hazırkı vəziyyət Mikanın günlərini o qədər xatırladır ki, onun sözlərini bizim günlərə də aid etmək olar. “Mika” kitabının yeddi fəslindən bə’zi fikirlərə diqqət yetirdikdə bu aydın olacaqdır.
Mika kitabının qısa xülasəsi
4. “Mika” kitabının birinci üç fəslində hansı mə’lumat verilir?
4 Gəlin “Mika” kitabının qısa xülasəsini nəzərdən keçirək. 1-ci fəsildə Yehova İsrailin və Yəhudanın günahını ifşa edir. İsrail günahlarına görə məhv ediləcək, Yəhudanın çəkdiyi cəza isə Yerusəlimin darvazalarına kimi çatacaq. 2-ci fəsildə zənginlərin və güclülərin, zəiflərə və köməksizlərə zülm etmələrindən bəhs edilir. Lakin həmin fəsildə Allahın xalqının bir araya toplanacağına dair Allahın və’di də yazılıb. 3-cü fəsildə Yehovanın, xalqın rəhbərlərinə və qanunu pozan peyğəmbərlərinə qarşı söylədiyi sözlər yazılıb. Rəhbərlər ədaləti təhrif edir, peyğəmbərlər isə yalan söyləyirlər. Buna baxmayaraq, Yehovanın gələcək hökmü barədə bəyan etmək üçün müqəddəs ruh Mikaya güc verir.
5. “Mika” kitabının 4-cü və 5-ci fəsillərinin mahiyyəti nədən ibarətdir?
5 Növbəti 4-cü fəsildə qabaqcadan xəbər verilir ki, Yehovanın tərəfindən öyrədilmək üçün axır günlərdə bütün xalqlar Onun evinin yüksək dağına axışacaqlar. Ona kimi isə, Yəhuda xalqı Babil əsarətində olacaq, lakin Yehova onu azad edəcək. 5-ci fəsildə Məsihin Yəhuda şəhəri Beytlehemdə doğulacağından bəhs edilir. O, öz xalqını otaracaq və onu zalım xalqlardan azad edəcək.
6, 7. Mikanın peyğəmbərliyinin 6-cı və 7-ci fəsillərində hansı fikirlər nəzərdən keçirilir?
6 “Mika” kitabının 6-cı fəslində, Yehovanın Öz xalqını sanki məhkəmədəki kimi ittiham etməsi barədə yazılıb. Yehova nə edib ki, xalqı Onu dinləmir? Heç bir şey. Əslində Yehovanın tələbləri olduqca düzgündür. O istəyir ki, xidmətçiləri haqq olanı etsinlər və Onunla yeriyərək xeyirxah və təvazökar olsunlar. Bunun əvəzinə isə İsrail və Yəhuda Ona qarşı qiyam qaldırırlar. Onlar buna görə cavab verməli olacaqlar.
7 Peyğəmbərliyinin son fəslində Mika öz müasirlərinin günahlarını ifşa edir. Peyğəmbər Allahını gözləməyə qəti qərarlı olduğu üçün ruhdan düşmür (Mika 7:7). Kitabın sonunda Yehovanın Öz xalqına mərhəmət göstərəcəyinə əminlik ifadə edilir. Tarix şahidlik edir ki, bu ümid əbəs olmadı. Yehovanın Öz xalqı üçün müəyyən etdiyi cəza tədbiri b.e.ə. 537-ci ildə başa çatdı və O, mərhəmət göstərib qalığı öz vətəninə qaytardı.
8. “Mika” kitabının məzmununu qısa olaraq necə şərh edərdiniz?
8 Mikanın vasitəsilə Yehova necə də qiymətli mə’lumatlar təqdim edir! İlhamlanmış bu kitabda, özünü Yehovanın xidmətçiləri adlandıran, lakin Ona sadiq qalmayan insanlarla Yehovanın necə davrandığını göstərən saqındırıcı nümunələr var. Bu kitab bizim günlərdə baş verəcək hadisələri qabaqcadan söyləyir. Həm də bu kitab özünə, ümidimizin möhkəm olması üçün bu çətin anlarda necə davranmalı olduğumuza dair Allahdan gələn nəsihətləri daxil edir.
Rəbb Yehova danışır
9. Mika 1:2 ayəsinə əsasən, Yehova nə etmək niyyətində idi?
9 İndi isə, gəlin “Mika” kitabını daha ətraflı nəzərdən keçirək. Mika 1:2 ayəsində oxuyuruq: “Ey xalqlar, hamınız eşidin; ey dünya və bütün içindəkilər, yaxşı dinləyin; və Rəbb Yehova, Rəbb öz müqəddəs mə’bədindən, sizə qarşı şahid olsun”. Əgər sən Mikanın günlərində yaşasaydın, şübhəsiz ki, həmin sözlər sənin də diqqətini cəlb edərdi. Və onlar sənin diqqətini həqiqətən də cəlb edir, çünki Yehova Öz müqəddəs mə’bədindən yalnız İsrailə və Yəhudaya deyil, bütün insanlara müraciət edir. Mikanın günlərində xalq Rəbbləri Yehovanı unutmuşdu. Həmin vəziyyət tez bir zamanda dəyişməli idi. Yehova qəti addımlar atmağa hazır idi.
10. Mika 1:2 ayəsindəki sözlər nəyə görə bizim üçün böyük əhəmiyyət kəsb edir?
10 Bizim günlərdə də vəziyyət eynidir. Vəhy 14:18-20 ayələrinin göstərdiyi kimi, Yehova yenidən Öz müqəddəs mə’bədindən danışır. O tezliklə qətiyyətlə hərəkət etməyə başlayacaq, bəşəriyyəti isə olduqca mühüm hadisələr yenidən sarsıdacaq. Bu dəfə günahlı olan “yer üzündəki üzüm salxımları” Allahın qəzəbinin böyük üzümsıxanına atılacaq, Şeytanın pis sistemi isə tamamilə məhv ediləcək.
11. Mika 1:3, 4 ayələrində yazılan sözlər hansı mə’nanı daşıyır?
11 Yehovanın nə etmək istədiyinə qulaq asaq. Mika 1:3, 4 ayələrində deyilir: “Budur, Rəbb yerindən çıxır və enəcək və dünyanın yüksək yerləri üzərində yeriyəcək. Və onun altında dağlar və dərələr atəş qarşısında mum kimi, enişdə aşağı tökülmüş su kimi əriyəcəklər və yarılacaqlar”. Yehova səmavi məskənini ataraq, Və’d edilən diyarın düzənlikləri və dağlar üzərində həqiqi mə’nadamı yeriməyə başlayacaq? Yox. Buna ehtiyac yoxdur. Yehovanın yer üzünə sadəcə olaraq nəzər salması kifayətdir ki, Onun iradəsi yerinə yetsin. Bundan əlavə, fiziki landşaft deyil, yer üzündə sakin olan insanlar məhv ediləcəklər. Yehova hərəkət etməyə başlayanda, nəticə sadiq olmayan insanlar üçün fəlakətli olacaq. Elə təəssürat yaranacaq ki, sanki, dağlar mum təki əriyir, düzənliklər isə zəlzələdən imiş kimi yarılır.
12, 13. 2 Peter 3:10-12 ayələrinə əsasən ümidimizin möhkəmliyi nədən asılıdır?
12 Mika 1:3, 4 ayələrindəki peyğəmbərlik sözləri, ehtimal ki, sənə, yer üzündə baş verəcək fəlakəti qabaqcadan xəbər verən başqa peyğəmbərliyi xatırladır. 2 Peter 3:10 ayəsində həvari Peter yazırdı: “Rəbbin Günü isə, gecə gələn oğru kimi gələcəkdir. O Gündə göylər böyük gurultu ilə keçəcəklər, ünsürlər yanaraq əriyəcəklər, yer və orada olan bütün işlər tamamilə yandırılacaqdır”. Mikanın peyğəmbərliyinə bənzər tərzdə, Peterin də sözləri həqiqi göylərə və yerə aid deyil. Söhbət bu allahsız sistemin başına gələcək böyük fəlakətdən gedir.
13 Lakin qarşıda gözlənilən fəlakətə baxmayaraq məsihçilər, Mika kimi, gələcəyə əminliklə baxa bilərlər. Onlar bunun üçün nə etməlidirlər? Peterin məktubunun növbəti ayələrindəki çağırışa riayət etməlidirlər: “Siz necə insanlar olmalısınız? Allahın Gününün zühurunu gözləyib, onu sür’ətləndirərək müqəddəs və Allaha ixlaskar bir həyat yaşamalısınız” (2 Peter 3:11). Gələcəyə olan ümidimiz, ürəyimizi itaətkarlığa öyrədib-öyrətməməyimizdən və davranışımızın müqəddəs, həyatımızın isə Allaha ixlaskar əməllərlə dolu olduğuna diqqət yetirib-yetirməməyimizdən asılıdır. Ümidimiz möhkəm olsun deyə, Yehovanın gününün hökmən gələcəyini biz də yadda saxlamalıyıq.
14. İsrail və Yəhuda nəyə görə cəzaya layiqdir?
14 Yehova, Onun qədim xalqının nəyə görə cəzaya layiq olduğunu izah edir. Mika 1:5 ayəsində bildirilir: “Bütün bu şey Yaqubun günahından ötrüdür və İsrail evinin suçlarından ötrüdür. Yaqubun günahı nə? Samiriyə [Samariya] deyilmi? və Yəhudanın yüksək yerləri nə? Yerusəlim deyilmi?” Mövcudiyyətləri ilə İsrail və Yəhuda Yehovaya borcludur. Lakin onlar Ona qarşı qiyam qaldıraraq günah işlədir və onların günahı paytaxtları olan Samariya və Yerusəlimə qədər çatır.
Günah artdı
15, 16. Mikanın müasirləri hansı günahlarda təqsirlənirlər?
15 Mikanın müasirlərinin günahı, misal üçün, Mika 2:1, 2 ayələrində aydın təsvir olunur: “Yataqları üzərində fəsad düzənlərin və pislik planlaşdıranların vay başına! Sabah ağarınca onu edərlər, çünki onların əlindən gəlir. Və tarlalara göz dikirlər və onları zorla alırlar; evlərə də göz dikirlər, onları da alırlar; və bir kimsə ilə evinə, bir adama və mirasına zərər yetirirlər”.
16 Tamahkar insanlar, yaxınlarının tarlalarını və evlərini ələ keçirməyi planlaşdıraraq gecəni yatmırlar. Səhər isə, planlarını həyata keçirməyə tələsirlər. Onlar Yehova ilə bağladıqları əhdi xatırlasaydılar, bütün bu günah işləri görməzdilər. Musanın qanununda kasıbları müdafiə edən quruluş var. Qanun, hər hansı bir ailənin malik olduğu mirasdan əbədiyyən məhrum edilməsinə yol vermirdi. Lakin bu məsələ tamahkar insanları narahat etmir. Onlar, Levililər 19:18 ayəsində yazılan, “Qonşunu özün kimi sevəcəksən” — sözlərinə diqqət yetirmirlər.
17. Özlərini Allahın xidmətçiləri adlandıran insanlar ilk növbədə var-dövlət dalınca qaçanda nə baş verə bilər?
17 Bu, özlərini Allahın xidmətçiləri adlandıran insanların ruhani məqsədləri nəzərdən qaçıranda və ilk növbədə var-dövlət dalınca qaçanda nə baş verdiyini göstərir. Pavel öz dövrünün məsihçilərini xəbərdar edirdi: “Varlanmaq istəyənlər isə yoldan çıxır və tora düşürlər və insanları fəlakətə və həlaka aparan bir çox mə’nasız və ziyanverici ehtiraslara qapılırlar” (1 Timoteyə 6:9). İnsan var-dövlət toplamağı həyatında əsas yerə qoyanda, yalançı allaha — Mammona, yə’ni Sərvətə ibadət etməyə başlayır. Bu yalançı allah gələcək üçün heç bir ümid vermir (Matta 6:24).
18. Mikanın günlərindəki var-dövlət güdən insanları hansı təhlükə gözləyirdi?
18 Mikanın müasirlərinin çoxu, var-dövlətə güvənməyin əbəs olduğuna özlərinin acı təcrübələrində əmin olurlar. Mika 2:4 ayəsinə əsasən, Yehova deyir: “O gündə sizə qarşı məsəl söyləyəcəklər və həzin mərsiyə oxuyacaqlar və deyəcəklər: Tamamilə xarab olduq; xalqımın payını başqa ələ verir; onu necə əlimdən alır! tarlalarımızı xainlərə pay olaraq dağıdır”. Bəli, başqalarının evlərini və tarlalarını əllərindən alanların özləri onlara məxsus olan ailə mirasından məhrum olacaqlar. Onları başqa ölkəyə sürgün edəcəklər, mülkləri isə başqa xalqdan olan “xainlərə” çatacaq. Xoş gələcəyə heç bir ümid qalmayacaq.
19, 20. Yehovaya bel bağlayan yəhudilərlə nə baş verdi?
19 Lakin Yehovaya bel bağlayanların ümidi əbəs deyil. Yehova İbrahim və Davudla bağladığı əhdinə sadiqdir, həm də Onu sevən və Allahdan uzaqlaşan həmyerlilərinə acıyan Mika kimi insanlara mərhəmət göstərir. Saleh insanların xatirinə Allahın müəyyən etdiyi vaxtda bərpa işləri başlanacaq.
20 Bu bərpa işləri b.e.ə. 537-ci ildə, Babilin süqutundan sonra yəhudilərin qalığı vətənə qayıdanda başlanır. O zaman Mika 2:12 ayəsindəki sözlər ilk dəfə yerinə yetir. Yehova deyir: “Ey Yaqub, hamınızı əlbəttə bir araya gətirəcəyəm; İsrailin qalığını əlbəttə toplayacağam; onları Botsra qoyunları kimi, özlərinin otlağı ortasında olan bir sürü kimi bir araya qoyacağam; insan çoxluğundan böyük gurultu edəcəklər”. Yehova nə qədər böyük məhəbbətə malikdir! Xalqını cəzalandırdıqdan sonra, qalığa əsarətdən qayıtmağa və onların əcdadlarına verdiyi torpaqda Ona qulluq etməyə imkan verir.
Bizim günlərimizlə heyrətdoğuran oxşarlıq
21. Bugünkü vəziyyət Mikanın dövrü ilə nədə oxşardır?
21 “Mika” kitabının ilk iki fəslini müzakirə edərkən o dövrlə bizim günlərin heyrətdoğuran oxşarlığına diqqət yetirdinmi? Mikanın günlərində olduğu kimi, bu gün də çoxları özünü Allahın xidmətçisi adlandırır. Lakin onlar, Yəhuda və İsrailə bənzər tərzdə bölünmüş və hətta aralarında döyüşürlər. Xristian dünyasına məxsus olan varlılar çox vaxt kasıbları sıxışdırırlar. Din rəhbərləri, Müqəddəs Kitabda birbaşa ittiham edilən işlərə getdikcə daha çox göz yumurlar. Xristian dünyasının və ümumiyyətlə yalan dinin dünya imperiyası sayılan “Böyük Babilin” həlakının tezliklə yaxınlaşması təəccüblü deyil! (Vəhy 18:1-5). Buna baxmayaraq, Mikanın günlərində olduğu kimi, Yehovanın yer üzündə sadiq xidmətçiləri olacaqdır.
22. Hansı iki qrup Allahın Padşahlığına ümid bəsləyir?
22 Məsh edilmiş sadiq məsihçilər 1919-cu ildə Xristian dünyasının kilsələri ilə bütün əlaqələrini kəsdilər və Padşahlıq haqqındakı xoş xəbəri bütün xalqlara bəyan etməyə başladılar (Matta 24:14). Onlar ilk növbədə ruhani İsrailin qalan üzvlərini axtarırdılar. Sonra “başqa qoyunları” toplamağa başladılar və bu qrupun hər ikisi “tək Çoban”ı olan “tək sürü” oldu (Yəhya 10:16). Onlar Allaha 234 ölkədə xidmət etsələr də, Allahın bu sadiq xidmətçilərinin hamısı ‘bir araya’ və ya birliyə gətiriliblər. Və indi qoyun ağılı “insan çoxluğundan”, kişilərin, qadınların və uşaqların çoxluğundan ‘böyük gurultu edir’. Onlar bu sistemə deyil, tezliklə yer üzündə Cənnəti bərpa edəcək Allahın Padşahlığına ümid edirlər.
23. Ümidinizin həqiqi olduğuna nəyə görə əminsiniz?
23 “Mika” kitabının 2-ci fəslinin sonuncu ayəsində Yehovanın sadiq xidmətçiləri haqqında deyilir: “Onların padşahı önlərində və Rəbb onların başında gedir”. Yehovanın başçılığı altında olan bu təntənəli zəfər yürüşündə özünü görürsənmi? Padşahın olan İsa Məsihin ardınca gedirsənmi? Əgər belədirsə, onda qələbəyə və ümidinin həqiqi olduğuna əmin ola bilərsən. Bu, Mikanın peyğəmbərliyində olan növbəti parlaq fikirləri nəzərdən keçirəndə daha aydın olacaq.
Siz necə cavab verərdiniz?
• Mikanın günlərində Yehova nəyə görə Yəhudaya və İsrailə qarşı qalxmaq qərarına gəldi?
• Özünü Allahın xidmətçisi adlandıran kəslər ilk növbədə var-dövlət dalınca qaçanda nə baş verə bilər?
• “Mika” kitabının ilk iki fəslini nəzərdən keçirəndən sonra ümidinizin həqiqi olduğuna nəyə görə əminsiniz?
[7-ci səhifədəki şəkil]
Mikanın peyğəmbərliyi bizi ruhən gücləndirə bilər.